Icma.az
close
up
RU
İrəvan Müəllimlər Seminariyasının məzunu

İrəvan Müəllimlər Seminariyasının məzunu

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanın qədim mədəniyyətə və zəngin ədəbi irsə malik olan şəhərlərindən olan İrəvan ədəbi-estetik fikrimizin inkişafında da böyük rola malikdir. Qeyd edək ki, çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular.

Bu gün İrəvan Müəllimlər Seminariyasının məzunlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski haqqında söhbət açacağıq.

Kimdir Həmid bəy Şahtaxtinski? O, 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuş və ilk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. 1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədris dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir.

PEDAQOJİ FƏALİYYƏTİ

Təhsilini davam etdirmək məqsədi ilə 1907-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olan H. Şahtaxtinski ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıdır. O, bir il burada qalaraq Bakı Alekseyevsk Ali Hazırlıq məktəbində müəllim işləyir və bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirir. 1912-ci ildə universiteti bitirir və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülür. Onunla bağlı olan mənbələrdə qeyd olunur ki, H. Şahtaxtinski ali təhsilini başa vurduqdan sonra Bakıya – burada yaşayan ailəsinin yanına qayıtdıqdan sonra 1913-cü ildən Bakı quberniyası Xalq məktəbləri direktorunun icazəsi ilə müəllimləri hazırlamaq üçün şəxsi kurslar açır və eyni zamanda əvvəl Ramanada, sonra isə 1916-cı ilə qədər Alekseyevsk peşə məktəbində müəllim olaraq çalışır. H.Şahtaxtinski 1916-cı ilin əvvəlində Qafqaz Təhsil dairəsi müdiri Rudolfun əmri ilə Yelizavetpol şəhərindəki Yelizavetpol Müəllimlər Seminariyasına riyaziyyat müəllimi təyin olunaraq, bir il sonra isə keçmiş Yelizavetpol quberniyasının Qazax və Nuxa qəzaları üzrə Xalq məktəblərinin təlimatçısı işləyir.

AXC QURUCULARINDAN BİRİ KİMİ TARİXƏ İMZASINI ATIR

O, Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlayır. 1917-ci ildən "İttihad" partiyasının üzvü olur. 1917-ci ildə Rusiyada baş verən inqilabından sonra H.Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər Qurultayında Müvəqqəti Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil dairəsi komissarlığının üzvlüyünə seçilir. H. Şahtaxtinski 1918-ci ildə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya Hökumətinin Xalq Təhsil naziri vəzifəsində çalışır. 1919-cu ilin iyul ayından rəsmi olaraq İttihad Partiyasınin üzvü olur.

Maraqlı bir ömür yaşayan H.Şahtaxtinski AXC qurucularından biri kimi tarixə imzasının atır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra H.Şahtaxtinski Hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi Qafqaz Tədris Arxivinin Gürcüstan, Azərbaycan, Ermənistan arasında bölünməsi ilə bağlı bir müddət orada qaldı. 1918-ci ilin iyunun 6-da F.X. Xoyskinin Gəncədə formalaşdırdığı ikinci Hökumət kabinetində H.Şahtaxtinski Xalq Maarifi və Dini Etiqad nazirinin (nazir N. Yusifbəyli idi) müavini oldu[3] və 1918-ci ilin oktyabrına qədər orada qalaraq xalq müəllimlərinin təkmilləşdirilməsi üzrə kurslara rəhbərlik etdi. O, bu işləri başa çatdırdıqdan sonra 1918-ci ilin noyabrında Bakıya gəldi. 1918-ci ilin dekabrın 26-da F.X.Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində də o, Maarif və Dini Etiqad nazirinin müavini olaraq çalışır.

1919-cu ilin martın 14-də N. Yusifbəylinin yaratdığı 1-ci (sayca 4-cü) Hökumət kabinetində H.Şahtaxtinski Maarif və Dini Etiqad Nazirliyinin idarəedicisi kimi fəaliyyətə başlayır. Lakin sonradan onun Baş nazir N.Yusifbəyli ilə münasibətlərində fikir ayrılığı yarandığından özü və müavinləri vəzifələrindən istefa verirlər, 7 ay yarım işsiz qalır. 1919-cu ilin dekabrın 24-də N.Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad naziri təyin olundu. O, bu vəzifəni 1920-ci ilin martın 5-nə qədər icra etdi. 1920-ci ilin martın 5-dən sonra isə bu vəzifə İttihad Partiyasının üzvü Mirzəməhəmməd Şahsuvarova tapşırılır.

Qeyd edək ki, H.Şahtaxtinski Azərbaycan Cümhuriyyəti dövründə maarif sisteminin inkişafına böyük əmək sərf edir. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, Bakı Dövlət Universitetinin açılışının təşkilində önəmli rol oynayır, orada müəllim, prorektor (1919–25) kimi çalışır. O, eyni zamanda Azərbaycan Cümhuriyyəti Hökumətinin tapşırığı ilə xalq təhsilinin yaxşı mütəxəssisi kimi Ali Pedaqoji İnstitutun yaradılması layihəsini tərtib etməyə başlayır, bu işi Azərbaycan sovetləşəndən sonra axıra çatdıraraq, Xalq Komissarları Sovetinin Sədri N.Nərimanova təhvil verir. Həmçinin, Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930–1940) işləyir.

H.Şahtaxtinski məktəb islahatlarının aparılması ilə bağlı müəyyən təkliflər hazırlayıb Hökumətə təqdim etmək üçün Nazirlər Şurasının qərarı ilə 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III Qurultayına rəhbərlik edir. Onun həmin Qurultayda geniş məruzəsi dinlənilir. Qurultayın təklifləri əsasında məktəb islahatlarının aparılması, ümumi təhsilin məzmunca milliləşdirilməsi ilə bağlı proqram, dərslik üzrə Dövlət Proqramı hazırlanması üçün 1919-cu ilin noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında H. Şahtaxtinskinin sədrliyi ilə Hökumət komissiyası yaradılır.

REPRESSİYA İLLƏRİNİN QURBANLARINDAN BİRİ

Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir. Belə bir ömür yaşayan Şahtaxtinski repressiyaya məruz qalır və 1941-ci ildə həbs və sürgün edilir. 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olur.

Bəli, qədim tarixi olan İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixində yer alıb. Tarixi qədim olan İrəvanda 1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışının olması burada təhsilə verilən önəmin bir nümunəsidir. Birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilib. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Beləliklə, Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət olmuşdur. Sənədlərdə qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.

1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. İrəvan Müəllimlər Seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatda göstərilir ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Belə bir elm, təhsil və mədəniyyət mərkəzi olan İrəvan tarixi dövründə bir çox ziyalılar nəsli yetirmişdir. Bu nəslin yetişməsində İrəvan Müəllimlər Seminariyasının rolu müstəsnadır. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.

Əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçası olan İrəvan Müəllimlər Seminariyası böyük simaların yetişdirilməsində əvəzsiz rol oynamışdır. İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərlinin İrəvanı üləmalar, fazillər və şairlər şəhəri adlandırması təsadüfi deyildi. Bura həqiqətən böyük ədiblərin, mütəfəkkirlərin yetişdiyi bir məkan olaraq tariximizdə iz salıb.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see195

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see138

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see137

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see136

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see136

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see136

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see131

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see129

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see127

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see122

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see121

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see117

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri