İrəvanın delimitasiya gözləntisi
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ermənistan prosesi Zəngəzur dəhlizində sürətləndirmək istəyir
Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə işlərin yaxın vaxtlarda davam etdiriləcəyinə ümid edir. Ölkənin baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın qarşı tərəfdən sədri Mher Qriqoryan noyabrın 2-də parlamentdə jurnalistlərin suallarını cavablandırarkən rəsmi İrəvanın bu istiqamətdə gözləntilərini açıqlayıb.
Onun sözlərinə görə, növbəti mərhələnin başlanması və işlərin qrafiki ilə bağlı hələlik tərəflər arasında razılıq yoxdur. Bununla belə, Ermənistan yaxın vaxtlarda müzakirələrin aparılacağına və razılaşma əldə olunacağına ümid edir.
Qeyd edək ki, 2 ölkənin müvafiq komissiyaları indiyədək 13 dəfə görüşərək delimitasiya işlərinin təşkili, ardıcıllığı və texniki məsələləri ətrafında müzakirələr aparıblar. Komissiyaların 2025-ci ilin yanvarında əldə etdiyi razılaşmaya əsasən, sərhədin müəyyənləşdirilməsi üzrə növbəti işlərin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovuşduğu nöqtədən cənub istiqamətində davam etdirilməsi nəzərdə tutulurdu. Sonuncu – 13-cü iclas 2026-cı il aprelin 29-da Ermənistanın Kotayk mərzində – Ağverəndə keçirilib. Həmin görüşdən sonra delimitasiya prosesinin növbəti mərhələsinin başlanması üçün tərəflərin razılaşdıracağı iş qrafiki və görüləcək tədbirlərin ardıcıllığı məsələsi gündəmdə qalıb.
İrəvanın diqqəti Zəngəzura yönəlib
M.Qriqoryanın açıqlamasında diqqətçəkən məqam delimitasiyanın növbəti mərhələsinin hansı ərazilərdə aparıla biləcəyi ilə bağlıdır. O, TRIPP infrastrukturu ilə əlaqəli sahələrdə sərhədin müəyyənləşdirilməsi işlərinin növbədənkənar qaydada aparılması ehtimalının yüksək olduğunu bildirib. Başqa sözlə, Ermənistan tərəfi bütün sərhəd xətti üzrə işlərin eyni vaxtda və eyni ardıcıllıqla davam etdirilməsindən daha çox, konkret infrastruktur layihələrinin yerləşəcəyi ərazilərə üstünlük verilməsini mümkün hesab edir.
Baş nazirin müavini bunun səbəbini həmin ərazilərdə tikinti və hazırlıq işlərinin vaxtında təşkil edilməsi zərurəti ilə əlaqələndirib. Onun sözlərinə görə, Ermənistan layihə şirkətinin yaradılmasını gözləmədən elektrik ötürücü xətləri, avtomobil və dəmir yolları üzrə layihələndirmə işlərinə başlamaq, sonradan hazırlanmış sənədləri müvafiq şirkətə təhvil vermək niyyətindədir. Qriqoryan qeyd edib ki, hər 3 infrastruktur obyekti Zəngəzur vilayətində tikilməlidir. Hazırda müxtəlif sxemlər və mümkün variantlar nəzərdən keçirilir.
Əsas məqsəd elə optimal həll tapmaqdır ki, bir tərəfdən investisiyalardan səmərəli istifadə olunsun, digər tərəfdən yaradılacaq infrastruktur regionda rəqabətədavamlı olsun.
Bu açıqlama Ermənistanın delimitasiya məsələsinə yanaşmasında yeni praktiki məqamı üzə çıxarır. İrəvan sərhədin müəyyənləşdirilməsi üzrə növbəti mərhələdə infrastruktur layihələrinin həyata keçiriləcəyi ərazilərə üstünlük verilməsini istəyir. Belə yanaşma, ilk növbədə, tikinti işlərinin hüquqi və texniki baxımdan dəqiq müəyyənləşdirilmiş ərazilərdə aparılmasına şərait yaratmaq məqsədi daşıyır. Çünki sərhədin keçdiyi xətt dəqiqləşdirilmədən həmin ərazilərdə iri infrastruktur obyektlərinin yerləşdirilməsi və tikintisinin təşkili əlavə suallar doğura bilər. Lakin burada bir məqamı nəzərdən qaçırmaq olmaz: Qriqoryanın dedikləri delimitasiya üzrə növbəti mərhələnin artıq həmin ərazilərdən başlanması barədə Azərbaycanla razılığın əldə olunduğu anlamına gəlmir. O, belə bir yanaşmanın mümkünlüyünü və ehtimalın yüksək olduğunu bildirib.
Hüquqi baza varsa, bəs proses niyə ləngiyir?
Qriqoryanın açıqlamasında digər mühüm məqam delimitasiya işlərinin əvvəlki mərhələlərlə müqayisədə daha çox texniki xarakter daşımalı olduğu barədə fikridir. O, prosesin müəyyən qədər ləngidiyini etiraf etsə də, bunun davamlı maneəyə çevrilməməli olduğunu düşünür. Baş nazirin müavininin sözlərinə görə, zəruri qaydalar və hüquqi əsas artıq mövcuddur. Buna görə də qarşıdakı mərhələdə əsas diqqət texniki və topoqrafik məsələlərə yönəldilməlidir. Əslində, bu yanaşma Ermənistan tərəfinin delimitasiyanın davam etdirilməsinə dair gözləntilərini də izah edir.
Hüquqi çərçivənin mövcudluğu işlərin aparılması üçün əsas yaratsa da, bu, bütün praktiki məsələlərin avtomatik həll edildiyi demək deyil. Sərhəd xəttinin ayrı-ayrı hissələrinin dəqiqləşdirilməsi, ərazidə ölçmə işlərinin aparılması, xəritə və koordinatların tutuşdurulması, eləcə də texniki məsələlər üzrə razılığın əldə edilməsi tələb olunur.
Burada Ermənistanın özünün də marağı var. Zəngəzurda planlaşdırılan infrastrukturun layihələndirilməsi və gələcək tikintisi üçün ərazi məsələlərinin aydınlaşdırılması İrəvanın qarşısında duran praktiki vəzifələrdəndir. Sərhədin müvafiq hissələrində delimitasiya işlərinin gecikməsi isə layihələrin hazırlanmasına və icrasına təsir göstərə bilər. Qriqoryanın növbədənkənar delimitasiya ehtimalını gündəmə gətirməsi də bu baxımdan təsadüfi deyil. Ermənistan hökuməti, görünür, infrastrukturun qurulacağı ərazilərdə sərhəd məsələsinin mümkün qədər tez dəqiqləşdirilməsini vacib sayır.
Qarşılıqlı iradə amili
Bununla belə, delimitasiyanın yalnız Ermənistanın planlaşdırdığı infrastruktur ehtiyaclarına uyğun şəkildə aparılması mümkün deyil. Sərhədin müəyyənləşdirilməsi iki ölkənin komissiyaları arasında razılaşdırılmış prinsiplər və qarşılıqlı qərarlar əsasında həyata keçirilməlidir. Bu prosesdə hər 2 tərəfin mövqeyi, sərhəd xəttinin hüquqi əsasları və texniki göstəricilər nəzərə alınmalıdır. Konkret ərazilərin prioritet seçilməsi də yalnız qarşılıqlı razılıqla mümkündür.
Azərbaycan üçün delimitasiyanın ardıcıl və aydın prinsiplər əsasında davam etdirilməsi, dövlət sərhədinin dəqiqləşdirilməsi və suverenliyin təmin olunması əsas məsələlərdir. Bu baxımdan, Ermənistan tərəfinin işlərin tezliklə bərpa olunacağına dair açıqlamaları müsbət gözlənti yaratsa da, onların real nəticəyə çevrilməsi vacibdir. Siyasi bəyanatlar komissiyaların razılaşdırılmış qərarları və sahədə görülən konkret işlərlə möhkəmləndirilməlidir.
Qriqoryanın son açıqlaması bir tərəfdən Ermənistanın delimitasiya prosesini davam etdirmək niyyətini, digər tərəfdən isə bu prosesin qarşısında hələ həllini gözləyən məsələlərin qaldığını göstərir. Növbəti mərhələnin qrafiki razılaşdırılmayıb, işlərin hansı ərazilərdə başlanacağı barədə yekun qərar yoxdur. Bununla belə, İrəvanın yaxın vaxtlarda razılıq əldə ediləcəyinə dair gözləntisi danışıqların yenidən intensivləşməsi üçün zəmin yarada bilər. İndi əsas məsələ bu gözləntinin konkret razılaşmaya çevrilməsidir.
Komissiyaların növbəti görüşünün keçirilməsi, iş qrafikinin müəyyənləşdirilməsi və sərhədin hansı hissələrində fəaliyyətin başlanacağının razılaşdırılması prosesin gələcək istiqamətini müəyyən edəcək. Ermənistanın infrastruktur planları delimitasiyanın sürətləndirilməsinə əlavə təkan verə bilər, lakin dayanıqlı nəticə yalnız Azərbaycanla razılaşdırılmış, qarşılıqlı maraqları və suverenlik prinsiplərini nəzərə alan qərarlar əsasında əldə oluna bilər.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Noyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















