Icma.az
close
up
RU
İş ki belə düşdü... Niyazilik silsiləsindən

İş ki belə düşdü... Niyazilik silsiləsindən

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əlisəfdər HÜSEYNOV

Maestro yaradıcılıq tədbirlərinə, məsələn, Bəstəkarlar İttifaqında, konservatoriyada keçirilən yığıncaqlara dəvət alanda, ilk növbədə tədbirin proqramı, məramı, reqlamenti ilə maraqlanır, yalnız bundan sonra gedib-getməyəcəyi barədə qəti qərar verirdi. Sadəcə gözə kül üfürməyə, görk yaratmağa yönəli yığıncaqlarla, tutuquşu kimi hamının eyni sözü təkrarladığı tədbirlərlə arası yox idi. Belə yerlərdə özünü rahatsız hiss edir, darıxır, nəfəsi daralır, çox vaxt qalxıb yavaşca məclisi tərk edirdi. Onunku problem xarakterli müzakirələr, müxtəlif fikirlərin toqquşduğu, sonda hansısa vacib bir məsələ ətrafında ortaq məxrəcə gətirən yaradıcı bəhsləşmələr idi. Belə tədbirlərə həvəslə gedir, ilk sırada əyləşir, yeri gələndə replikalarla söhbətə müdaxilə edir, lazım gəlsə, söz alıb danışırdı.

Üç gün bundan əvvəl Bəstəkarlar İttifaqından zəng vurub, onu elmi konfrans tipli tədbirə dəvət edəndə də dərhal proqramla maraqlandı. Elə həmin gün proqramı Filarmoniyaya - onun işlədiyi yerə göndərdilər. Xalq musiqisinin peşəkar musiqi ilə qarşılıqlı əlaqələrinə həsr olunmuş tədbir idi. Maestro konfransın məhz belə həssas mövzuya həsr olunmasına sevindi və qərara aldı ki, mütləq iştirak etməlidir.

Musiqi foıkloru ilə dialoq, onu peşəkar musiqinin ayrı-ayrı janrlarında yazılan əsərlərdə inkişaf etdirmək problemi Azərbaycan bəstəkarlarının bütöv bir nəslinin, lap elə bir bəstəkar kimi onun özünün də sənət  taleyində, yaradıcılığında dönüş nöqtəsi olsa da, bu məsələyə yanaşmalar birmənalı deyildi. Bəzı ağzıgöyçəklər orda-burda ağızlarını yastı qoyub bunu xalq musiqisindən sui-istifadə, oğurluq kimi qələmə verir, "xalis" musiqi yazmağın vacibliyindən dəm vururdular. Əslində isə bu, Üzeyir bəyin vəsiyyətlərinə arxa çevirmək, ümumiyyətlə, Üzeyir məktəbinin bünövrəsini baltalamaq kimi bir şey idi. Əmisi kimi o da yaxşı başa düşürdü ki, xalq musiqisini yaşatmağın, onun, necə deyərlər, boynu uzatmağın, dünya orbitinə çıxarmağın ən kəsə yolu bu xəzinəni müasir musiqi növlərinə, janrlarına sintez etməkdən keçir. Necə ki, Üzeyir bəyin özü, Qara, Fikrət, Arif, Soltan və digər bəstəkarlar yazdıqları əsərlərlə bunu uğurla nümayiş etdirmişdilər. O, bir şeyin əleyhinə idi - xalq musiqisi incilərini - qədim rəqsləri, təsnifləri, muğam hissələrini olduğu kimi nota salıb öz adına çıxmağın, öz əsəri kimi qələmə verməyin. İllah da ki, o melodiyalar nisbətən unudulmuş, yaddan çıxmış ola. Xalq musiqisindən sui-istifadə etmək bu idi.

Təxminən 5 il əvvəl bəstəkarlardan biri üstünə iri hərflərlə öz adı və soyadı yazılmış partituranı gətirib, şəstlə onun stolunun üstünə qoymuşdu ki, "Vətən torpağı" adlı təzə rəqs suitası yazmışam. Maestro partituranı vərəqləyib, son səhifəni çevirəndən sonra həmin bəstəkarın düz gözlərinin içinə demişdi: "Əzizim, bu, hardan sənin əsərin oldu ki? Bu, qədim rəqs havalarımızdan biridir. İstəyirsən, lap adını da deyim".

Bəstəkar qulaqlarının dibinə qədər qızarıb karıxmış halda, səsi əsə-əsə "Maestro, mən onun üzərində işləmişəm, əyər-əskikliyini düzəldib, mövzunu inkişaf etdirmişəm, zənginləşdirmişəm" - deyəndə maestro partituranı onun üstünə atmaqdan özünü zorla saxlayaraq, baltanı lap dibindən vurmuşdu: "Əvvəla, xalqın yaratdığı əsərdə əyər-əskiklik olmur. O ki qaldı sənin zəhmətinə, yazıçılar demişkən, bir-iki "dır"-"dür"ü "mış"-"müş"lə əvəz etmək yaradıcılıq deyil, plagiatlıqdır". Sonra partituranı bəstəkarın qoltuğuna verib qapını göstərmişdi. Kabinetin ortasında donub qalmış bəstəkar maestronun yaralı yerini bildiyindən getməzdən əvvəl onu incə bir üsulla sancmaq şansına göz yummamışdı: "Elə buna görədir yan-yörəmizdəkilər başımıza fırlana-fırlana musiqimizə sahib çıxırlar da". Maestronun "Onlar yadlardır, it kimi əldən qapırlar. Sən isə ailənin öz xəzinəsindən çırpışdırırsan. Səncə, kimin günahı daha büyükdür?" - sözlərindən sonra daha heç nə deməmiş, dabanı üstə çevirilib otaqdan çıxmışdı.

Onun "yan-yörəmizdəkilər" dediyi qonşularımızın xalq musiqimizə olan təcavüzü doğrudan da maestronun yaralı, ağrılı yeri idi. Hələ gənc yaşlarından əvvəlcədən planlı şəkildə qurulmuş bu təcavüzün ayrı-ayrı epizodlarına dəfələrlə şahidlik etmiş, həmişə də səsini qaldırmış, öz kəskin sözünü demişdi. Əvvəllər bu təcavüz  paxıllıq, qısqanclıq hisslərindən qaynaqlanırdısa, sonralar göz görəsi, mənimsəmə, oğurluq xarakteri almağa başladı. 1948-ci ildə Fikrət ilk simfonik muğamlarını yazandan sonra başlayan antimuğam kampaniyası bəlkə də muğamın simfonik musiqi dilində bütün dünyaya zəfər yürüyüşündən yaranan qısqanclığın, paxıllığın ifadəsiydi və o vaxt həm müəllifin, həm də  bir dirijor kimi özünün başı buna görə xeyli ağrımışdı. Amma paxıllıq, qısqanclıq göz görəsi oğurluqdan daha "humanist" cinayət imiş. Tədricən xalq mahnılarımız, rəqs melodiyalarımız, diringələrimiz  erməni bəstəkarlarının əsərlərinə proyeksiya olunmağa, Azərbaycan musiqi folkloru erməni musiqi irsi kimi təbliğ edilməyə başladı. Və maestro başa düşdü ki, bir vaxtlar erməni musiqiçilərini tara, kamançaya, balabana, tütəyə bu qədər yaxın buraxmaqda necə böyük səhv ediblər.

Bundan sonra baş dirijoru olduğu Dövlət Simfonik Orkestrinin erməni əsilli üzvlərinə də başqa gözlə baxmağa başladı. Onların süni təbəssümləri, gülüşləri arxasındaki zəhərli ilan-çayırların kölgəsini yaxından gördü. 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan İncəsənəti ongünlüyü ərəfəsində maestro fikirləşdi ki, rəhbərlik etdiyi kollektivi bu zəhərdən sığortalamaq üçün əməli işə keçməyin məqamıdır. Yığıncaq çağırıb açıq-aşkar elan elədi: "Orkestrin erməni millətindən olan üzvləri Moskvaya getməyəcəklər. Çünki bu, Azərbaycan Respublikasının incəsənəti ongünlüyüdür, Ermənistanın yox". Bundan sonra nəinki Bakı erməniləri, hətta onların Ermənistandaki havadarları, başbilənləri də bir müddət tarı, kamançanı, balabanı rahat buraxıb düşdülər maestronun üstünə. Bakının yuxarı sovet və partiya orqanlarına, Moskvaya "qatı millətçi", "xalqlar dostluğunun amansız düşməni", "Hitlerdən də qatı şovinist, despot" Niyazinin qanunsuz əməlləri barədə yazılan məktubların ardı-arası kəsilmədi. Hətta bu məsələni araşdırmaq üçün sonralar Moskvadan xüsusi komissiya da gəldi. Maestro isə ayağını bir addım da geri atmadı və elə Moskvanın təşəbbüsü ilə onu Azərbaycandan Kirov adına Leninqrad Opera və Balet teatrının yeni baş dirijoru kimi "mədəni" şəkildə Leninqrada "sürgün" etdilər.

Bunları xatırlayan maestro acı-acı gülümsəyərək proqramı qatlayıb cibinə qoymaq istəyəndə qəfildən nəzərləri məruzəçilərin siyahısında yad bir familiyanın üstündə ilişib qaldı. Erməni musiqişünası idi, erməni muğamlarının metro-ritmik xüsusiyyətləri barədə məruzə edəcəkdi.

Ustadı elə bir ildırım vurdu, içindən soyuq bir gizilti keçdi və başa düşdü ki, ən böyük "zıppıltı" hələ qabaqdadır.

lll

...Məruzələr, çıxışlar bir-birini əvəz etdikcə konservatoriyanın aspirantları, gənc musiqişünaslar tərəfindən maraqlı fikirlər səslənsə də, səbri getdikcə daralan maestronun içində hadisələrin sonrakı gedişi sarıdan qəribə bir nigarançılıq vardı. Ürəyinə danmışdı ki, bu gün bu geniş salonda əvvəlcədən proqnozlaşdırılmayan nə isə bir hadisə olacaq, emosiyalar vulkan kimi püskürəcək. Gah əlindəki proqramı Allah bilir neçənci dəfə vərəqləyir, gah pəncərədən çölə baxır, gah da nəzərlərini kürsüyə yönəldib, diqqətini məruzəçilərin sözləri, fikirləri üzərində cəmləşdirməyə çalışırdı. Əyləşdiyi yerdən çıxış edənlərin üzü, gözləri yaxşı görünürdü və bu, maestronun ürəyindən idi - erməni musiqişünas çıxış edəndə düz onun gözlərinin içinə baxmaq istəyirdi.

Nəhayət, gözlədiyi məqam yetişdi və orta yaşlı erməni xanım kürsünün arxasına keçib, təbəssümlə salona nəzər saldı, baxışları lap qabaq sırada əyləşmiş maestronun qartal baxışları ilə toqquşanda xanım musiqişinas nəyə görəsə diksinən kimi oldu, bir az karıxdı. Amma tez də özünü düzəldib, təbii ki, rus dilində düdüləməyə başladı.

- Hörmətli konfrans iştirakçıları! Zaqafqaziyanın qədim xalqlarından biri kimi erməni xalqının da qədim muğam sənəti var... - və sonra Üzeyr bəyin "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental əsərində özəlliklərini, lad sistemlərini bütün parametrlərdə geniş təhlil etdiyi Azərbaycan muğamlarının adlarını eybəcər şəkildə erməniləşdirərək, onları erməni xalq musiqisinin nümunələri kimi guya şərh etməyə başladı.

Zaldan qəfil əsən zəif küləyin ağac budaqlarını yelləyərək çıxardığı səsi yada salan bir hənir dalğası keçdi. Amma bu hənirti maestronun içində baş qaldırmış fırtınanın, gözlərində çaxan şimşəyin yanında heç nə idi.

Musiqişünas isə öz işində idi. Erməni tarçalanı Soqomon Seyranovun, kamançaçı Nefton Qriqoryanın erməni muğamlarının inkişafı, təkmilləşdirilməsi sahəsindəki xidmətlərindən danışırdı.

"Lənət sənə kor şeytan", - maestro öz-özünə dedi. - "Bu danışır, biz də qulaq asırıq. Bura bunun üçünmü yığışmışıq? Bu dərəcədə də miskinlik olar?"

Və anladı ki, elə bu dəqiqə danışmasa, müdaxilə etməsə, bu zaldan evə hörmətlə onun adına yaraşdırılmış "maestro" kimi yox, bu hörməti, imici kürsüdəki natiqin ayaqları altında dəfn edən yazıq bir adam kimi dönəcək.

- Bircə dəqiqə, xanım. Xahiş edirəm, ara verin...

Məruzəçi dayanıb, səs gələn tərəfə nəzər saldı. Yenə də nəzərləri toqquşdu. Amma bu dəfə xanım alışıb yanan o gözlərin təzyiqinə heç üçcə saniyə də tab gətirmədi. Nəzərlərini dərhal yayındırıb, qarşısındakı kağızlara baxmağa başladı.

- Siz məgər bilmirsiniz ki, dediyiniz Sagomon Seyranov da, Nefton Qriqoryan da muğamları burada, Bakıda Azərbaycan tarçılarından, kamança ustalarından öyrəniblər və çaldıqları da elə Azərbaycan muğamlarıdır? Bu erməni muğamları dediyiniz şey hardan çıxdı?

Xanım musiqişünas yalandan bir müddət boğazını arıtladı - çox güman ki, nəsə ağlabatan bir cavab vermək üçün vaxt qazanmaq istəyirdi. Sonra eynəyini çıxarıb sildi və üzünü sual verən Niyaziyə yox, salona tutaraq dedi:   

- Erməni xalqının çalğı alətlər arasında tar da, kamança da, hələ desəniz, balaban da aparıcı yer tutur. Bu alətlər sonralar başqa  xalqlar arasında da yayılıb.

-  Əksini desək, daha düzgün olar. Sizinkilərin çaldığı bizim, Sadıqcanın təkmilləşdirdiyi Azərbaycan tarıdır. Bu, birincisi. - Maestro ucadan, amma təmkinlə danışırdı. - İkincisi, məgər sizin çalğıçıların ifa etdikləri elə bizim Qurban Pirimovun, Bəhrəm Mansurovun, Hacı Məmmədovun, Əhsən Dadaşovun çaldıqları muğamlar deyil? Bəli, bilirik ki, fars, hind, özbək, tacik, İraq muğamları da var. Amma erməni muğamı yoxdur axı.

Məruzəçi qızarıb pörtmüştü. Görünür, hadisələrin belə məcraya yönələ biləcəyi ağlına gəlməmişdi.

- Hind, özbək, fars, ərəb muğamları varsa, niyə erməni muğamları olmasın ki? - xanımın səsi elə bil dərin quyunun dibindən gəlirdi.

Salondan gülüş dalğası keçdi və maestro da özünü saxlaya bilməyib gülə-gülə dedi:

- Sözünüzdən belə çıxır ki, dünyada yaxşı nə varsa, ondan mütləq sizdə də olub, yaxud olmalıdır? - Sonra gülüşünə ara verib qəti səslə əlavə elədi - Sizin məruzənizin adı belə olmalı idi: "Erməni musiqiçilərinin ifasında Azərbaycan muğamlarının xüsusiyyətləri".

Qadın özünü itirmişdi və  dediklərinin ağlı çaşan adamın hədərən-pədərən danışığına bənzədiyinin fərqinə varmırdı.

- Muğam bəşəri sənətdir. Heç kimin onu özəlləşdirməyə ixtiyarı yoxdur.

Niyazi səbrini cilovlaya bilmədi.

- Özəlləşdirən biz deyilik, sizsiniz. Çıxıb burada ağlınıza nə gəldi danışırsınız. Bəli, muğam bəşəridir. Amma hər xalq öz ruhuna, istedadına, ürəyinin səsinə uyğun olaraq onun öz milli variantını yaradır. İkincisi, muğam melodiyalarının yaranıb formalaşmasında əruz vəzninin mühüm rolu olub. Deyin görüm, erməni poeziyasında əruz vəznində yazılmış bircə sətir varmı? Yoxdur. Elə isə niyə demirsiniz ki, muğam sənəti sizə hansı yolla, kimin vasitəsi ilə çatıb?

Xanım təbii ki, cavab vermədi, çünki Bakiya bu sualın cavabını vermək üçün yox, başqa missiya ilə gəlmişdi. Özünü toparlayıb yenə də nə isə demək istədi. Amma zalda ab-havanın bu cür kəskin dəyişməsindən sonra danışmağın mənasız olduğunu anlayıb qarşısındakı kağızları yığışdırdı və öz dilində nə isə mızıldaya-mızıldaya kürsünü tərk etdi.

Zalın havası ağırlaşmışdı. Kimsə qalxıb küçəyə baxan pəncərələrdən birini taybatay açdı və elə o andaca maestronun "Rast" simfonik  muğamının yaxınlıqdakı evlərin birindən küçəyə yayılan möhtəşəm sədaları sərin yaz mehi kimi zala doldu...

Maestronun ruhu sanki bədənindən ayrılıb neçə il əvvəl böyük simfonik orkestrlə o ifa yazılan studiyaya tərəf uçdu...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see156

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see118

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see117

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see111

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see109

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see109

Polis təbiətin də keşiyindədir

14 İyul 2025 17:33see109

Rəşad Məmmədov 2 ci səlahiyyət müddətinə Xaçmaz rayon prokuroru vəzifəsinə təyin olunub FOTO KONKRET

14 İyul 2025 14:03see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri