İsa Həbibbəylinin ŞOK STENOQRAMI KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Dünən sosial mediada İsa Həbibbəylinin Ramiz Mehdiyev haqqında dediyi fikirlərin videosu yayımlandı. Həmin çıxış cəmiyyətdə çox güclü ironiya ilə qarşılandı. Gəlin bu barədə danışmazdan əvvəl Həbibbəyli həzrətlərinin həmin çıxışının stenoqramını oxuyaq. Çıxışdan “feyziyyab” olduqdan sonra İsa Həbibbəylinin göylərdən endirilmiş təriflər ensiklopediyası haqqında öz fikirlərimizi bölüşək. Beləliklə, stenoqramı təqdim edirik:
“Akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətinin və elmi-ideoloji fəaliyyətinin əsas mahiyyətində Heydər Əliyev dövlətçilik ideyalarının ölkəmizdə uğurla həyata keçirməsindən ibarətdir. Ramiz müəllim möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirtdiyi sosial-iqtisadi islahatların və modernləşmə siyasətinin ideoloji əsaslarını hazırlayan və onun uğurla tətbiq olunmasına rəhbərlik eləyən bir ideoloji xadimdir. (Göyə baxır)/ Ramiz müəllimin siyasi-ideoloji baxışlarında azərbaycançılıq, müstəqil dövlətçilik və heydərəliyevçilik bir-birini üzvi surətdə tamamlayır. Akademik Ramiz Mehdiyevin ümummilli lider haqqında, bu format haqqındakı siyasi düşüncələrinin elmi şərhi həm bu böyük fenomenin əsl obyektiv qiymətinin verilməsinə, həm də eyni zamanda bu faktın azərbaycançılıqla, müstəqil dövlətçiliklə əlaqələndirilməsinə tam şərait yaradır. (Yenə göyə baxır, gözlərini sağa və sola yön’ldir) Ramiz müəllimin bu cəhətdən istinad elədiyi, görkəmli, dünyada qəbul olunmuş böyük filosof Aristotelin aşağıdakı fikirləri məhz həmin məntiqi (gözü göyə zillənir) tam mənzərəsi ilə açır. Aristotel vaxtilə yazmışdı ki, ümummilli lider o şəxsə deyillər ki, o, dövlətin gələcəyini əvvəlcədən görə bilir, onun həyata keçməsinə uğurla xidmət edir. Məhz xalqımızın tarixində və taleyində böyük yer tutan Heydər Əliyev xalqımızın tarixini həqiqətən əvvəlcədən görə bildi və onun uğurla həyata keçirtdi. Bu gün də ölkəmizdə Heydər Əliyev idealları müstəqil dövlətimizin gələcəyinə işıq salır, möhtərəm prezidentimiz bu yolu uğurla davam etdirir. (Yenə göyə baxır, sanki bu sözləri göydəki pərilərdən qəbul edərək deyir) Ramiz müəllim bir dövlət xadimi kimi də, elm adamı kimi də azərbaycançıdır. Azərbaycançılıq Ramiz müəllimin elmi fəaliyyətinin və ictimai-siyasi fəaliyyətinin, dövlətçilik işinin ana xəttini müəyyən eləyir. Ramiz müəllim, eyni zamanda, ölkəmizdə ulu öndər tərəfindən müəyyən olunmuş azərbaycançılıq dövlət ideologiyasının siyasi-ideoloji və elmi konsepsiyasını hazırlayan və bu konsepsiyanın həyata keçirilməsinin metodikasını müəyyən eləyən, onun reallaşdırılmasına rəhbərlik eləyən bir dövlət adamıdır.
(“Yenə göylərə zillənir o “məsum” gözlər) Ramiz müəllimin azərbaycançılıq fəlsəfəsi həm ölkəmizdəki çoxəsirlik tarixi prosesləri, həm də, eyni zamanda, müasir dövrdə qloballaşan dünya ilə üzvi əlaqədə inkişaf eləyən Azərbaycanın meydana qoyduğu reallıqları bir yerdə ifadə eləyir. (Artıq gözlərini göyə zilləsə də qıymağa başlayır). Bu, sözün əsl mənasında, elmi baxımdan yanaşanda azərbaycançılığın siyasi-ideoloji və elmi-nəzəri konsepsiyasının çox dolğun, mükəmməl bir təqdimatıdır. Məncə, bu elmə də, ideoloji mühitə də akademik Ramiz Mehdiyevin böyük xidmətidiir.
(Göylən onu çağırır yenə) Ramiz müəllim Azərbaycanda siyasət işinin asan olmadığını və bunun da elmi prinsiplərə əsaslandığını meydana qoyan, meydana qoymuşdur. Əgər belə demək daha doğru olar ki, Ramiz müəllim Azərbaycanın müstəqil dövrü siyasətşünaslıq nəzəriyyəsini yaratmışdır. Ramiz müəllimə məxsus olan siyasətşünaslıq təlimi Azərbaycan reallıqları ilə, dünyada baş verən proseslərlə üzvi əlaqədə olub ölkəmkizdə müstəqil dövlətin inkişafına xidmət eləyən bir siyasi təlimin meydana qoyulması ilə nəticələnmişdir. Ümumiyyətlə, Ramiz müəllimin əsaslandığı ideologiya və fəlsəfə mütləq Azərbaycan, onun taleyi, onun inkişafı, Heydər Əliyev yolunun inkişafı və hərtərəfli inkişafımızla üzvi surətdə bağlıdır. (Nədənsə üzvi surətdə sözünü deyərkən yenə göylərə baxır, nəyin səhv, nəyin düz olduğunu müəyyən etməyə çalışır. Ümumiyyətlə, cümlənin məntiqinin elmi izahını göylərə tapşırır). Ramiz müəllim Azərbaycan fəlsəfi elmində öz məktəbini yaratmışdır. Ramiz müəllimə məxsus olan Azərbaycan fəlsəfə elmi məktəbi cəmiyyətşünaclığı, siyasətşünaslığı və Azərbaycanşünaslığı özündə üzvi surətdə birləşdirir. (Göylər yenə yaddan çıxmır).
Azərbaycan elmi ictimaiyyəti Ramiz müəllimi cəmiyyətşünaslığın fəlsəfi dərkini öz elmi əsasları ilə öz elmi əsərlərində əsaslandırmış şəkildə yaratmış bir görkəmli elm xadimi kimi qəbul eləyir. Ramiz müəllimin müstəqil Azərbaycan dövlətində cəmiyyətin inkişafında baş verən ən mühüm hadisələrin mahiyyətini dərindən açan, onu proqnozlaşdıran, ona hərtərəfli baxışları ifadə eləyən elmi əsərləri Azərbaycan fəlsəfi fikrinin tarixində yeni bir mərhələdir. Və Ramiz müəllim Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasətinin, Azərbaycan xalqının, və dövlətinin taleyi ilə, tarixi ilə, inkişafı ilə bir yerdə siyasətini, fəlsəfəsini yaratmaq ideyasının müəllifidir. Məncə bu, tamam yeni baxışdır, müstəqil dövlətin meydana qoyduğu baxışdır və bu elmi istiqamət inkişaf eləməyə nə qədər dövlətimiz var və bu var olacaqdır həmişə, tamamilə layiqdir. Ramiz müəllimin əgər diqqətlə fikir versək, cəmiyyətə aid olan əsərlərində də, siyasi əsərlərində də bir tarixi aspekt həmişə vardır. Ramiz müəllim ara-sıra tarix elmi ilə də ciddi şəkildə də məşöul olmuşdur. Son illərdə Ramiz müəllimin Şah İsmayıl Xətaiyə və Nadir şaha həsr elədiyi fundamental əsərlər Azərbaycan tarixşünaslığında tamamilə yeni hadisələrdir. Əvvəla, Ramiz müəllim Şah İsmayıl Xətai dövrünə, Səfəvilər hakimiyyətinə və Nadir Şah Əfşar dövrünə və onun hakimiyyətinə aid olan çoxsaylı yeni sənədləri, məktubları, dövlət fərmanlarını ilk dəfə Azərbaycanın elmi dövriyyəsinə gətirmişdir. İkincisi isə Ramiz müəllim Şah İsmayıl Xətaidən və Nadir şahdan Azərbaycan dövlətçiliyinin, tarixinin möhtəşəm mərhələlərini təmsil edən möhtəşəm şəxsiyyətlər kimi danışmışdır. Üçüncüsü isə Ramiz müəllimin Şah İsmayıl Xətaidən və Səfəvilər dövlətindən, Nadir şahdan və Əfşarlar hakimiyyətindən danışmaqda ən böyük, əsas məqsədi isə məhz onların adı ilə bağlı olan, tariximizdən bü günə qədər keçib-gələn ənənələrin müstəqil cəmiyyətimizə transformasiya olunmasını təmin etməkdən ibarətdir. Hörmətli Ramiz müəllimin bu mənada fəlsəfi və tarixi axtarışlarının mahiyyətində tarixçilik, azərbaycançılıq, bu kimi keyfiyyətlər, dövlətçilik kimi xüsusiyyətlər dayanırsa, onun hədəfində, onun ana xəttində və yekununda Heydər əliyev siyasəti, onun möhtəşəm şəxsiyyəti dayanır. Unudulmaz dövlət xadimi Heydər Əliuev haqqında da ən mükəmməl, siyasi, ideoloji portreti yaradanların içərisində Ramiz müəllimin əsərlərinin xüsusi yeri və böyük əhəmiyyəti vardır.
Ramiz müəllimin son illərdə azərbaycançılıq təliminə gətirdiyi yeni məzmun Azərbaycan milli ideyasının araşdırılması ilə əlaqədardır. Azərbaycan milli ideyasının araşdırılması indiyə qədər daha çox dil, adət-ənənə faktoru ilə əsaslı şəkildə öyrənilmişdir. Ramiz müəllimin isə ilk dəfə olaraq Azərbaycan elmi tarixində Azərbaycan milli ideyasının genetik kodlarının açılması, Azərbaycan milli ideyasının Azərbaycanın milli mentaliteti ilə, hətta Azərbaycanın antropoloji keyfiyyətləri ilə bağlı olduğunu elmi şəkildə əsaslandırmaqla yenidən meydana qoymuşdur. Azərbaycan cəmiyyətində akademik Ramiz Mehdiyev böyük siyasətin, müstəqil dövlətçilik ideologiyasının, azərbaycançılıq fəlsəfəsinin və böyük elmin görkəmli yaradıcısıdır və müstəqil Azərbaycan dövlətinin bundan sonrakı inkişafında, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların düşünülmüş məntiqi, məqsədyönlü elmi ideoloji təminatını hazırlayıb həyata keçirmək onun həyatının baş məqsədidir. Biz Ramiz müəllimə möhkəm cansağlığı və uğurlar arzu edirik”.
Göründüyü kimi, İsa Həbibbəylinin çıxışının stenoqramını oxuyanda insanın gözünün önündə çox qəribə kadrlar yaranır. Akademiki hər 5 cümlədən birində göyə baxan, artıq boyun fəqərələrini “ideologiya eşqinə qurban verən” bir natiq kimi də xarakterizə etmək olar. Çıxışın ən dözülməz hissəsi isə AMEA prezidentinin Aristoteli “Heydər Əliyev siyasətinin PR meneceri” kimi təqdim etməsidir. Onun “Üzvi surətdə” ifadəsi hər oxucuda haqlı sual doğurur: bu çıxış biologiya dərsidir, yoxsa siyasi tərifin ifadəsi?
Çıxış elə təsir bağışlayır ki, sanki natiq nə danışdığını bilmir – sadəcə göydən gələn görünməz “pərilər” ona cümlələri pıçıldayır və o da təkrar edir. Cümlələr uzandıqca uzanır, fikirlər şişdikcə şişir, amma məna göyə baxıb qayıtmır. Mətnə görə, Ramiz müəllim həm Aristotel, həm də Şah İsmayıl Xətai, həm də Nadir şahla bir yerdə, özü də üzvi surətdə, həm fəlsəfə, həm dövlətçilik, həm də kainat nəzəriyyəsinin müəllifi kimi tanınır. Çıxışın ironik tərəfi odur ki, bu “tərif yağışı” o qədər şişirdilib ki, artıq məddahlıq formasından çıxaraq sanki parodiyaya çevrilir. Elə bil müəllif özü də bilmədən Ramiz Mehdiyevin kultunu satirik şəkildə ifşa edir.
Bəli, cənablar, bu, biabırçılıqdır. Ramiz Mehdiyev haqqında çıxışdakı detalların heç bir elmi məzmunu yoxdur, əksinə burada gülünc doğuran bir ideoloji pafos var. Elmi çıxışın əsas xüsusiyyəti arqument, fakt və məntiqdir. Burada isə yalnız emosional şişirtmə, mədhiyyə, kultlaşdırma, eləcə də tarix və fəlsəfənin siyasiləşdirilməsi dayanır. Çıxışda nəinki elmi analiz yoxdur, eləcə də Mehdiyev haqqında, onun əsərləri ilə bağlı faktiki əsaslar da heç səviyyəsindədir. Mətn boyunca bir dənə də olsun alternativ fikir, müqayisə, məntiqi təhlil yoxdur. Hər cümlə təriflə başlayır, təriflə bitir. Bu isə elmi janra yox, sovet dövrünün “qramota oxuyan partiya katibi” üslubuna daha çox bənzəyir.
Yeri gəlmişkən, Aristotelin heç bir əsərində “ümummilli lider” termininə yaxın konsept bu formada yoxdur. Burada Aristotel “ideoloji sitat fabrikinə” çevrilir. Bu isə həm elmi etikaya, həm də məntiqə ziddir. Bu, qısaca desək, elmi tərbiyəsislikdir. Həbibbəyli dilində “şişirdilmiş rəsmi ideoloji” ton ürək bulandırır. Burada sovet ideoloji çıxışlarının mətnlərinə xas olan sonsuz tərif cümlələri, abstrakt terminlər (“böyük fenomen”, “mükəmməl konsepsiya”, “ideoloji əsaslar”), təkrarlar mətni həm yorucu, həm də keyfiyyətsiz edir. Onun çıxış zamanı göyə baxması, gözlərini akademiyanın tavanına zilləməsi mədhiyyənin məntiqini tam dağıdır, onu satirik monoloqa çevirir. Çıxış, ümumiyyətlə, normativ dil qaydalarına uyğun deyil. Burada həddindən artıq uzun və dolaşıq cümlələr İsanın üzündə təcəlla edir. Bir çox cümlə 6–8 sətr davam edir. Bütün bunlar isə bir akademik kimi onun bulanıq fikirlərini daha da eybəcərləşdirir, natiqin diqqətsizliyini qabardır. Fikir verdinizsə, “üzvi surətdə” sözü təxminən 10 dəfədən çox işlədilir. Bu, artıq məna yox, komik effekt yaradır. Həmçinin “mükəmməl”, “möhtəşəm” “böyük”, “ideoloji”, “mahiyyət” kimi şişirdici sözlər də Həbibbəylinin nə qədər dərin məddahçı-ekspert olduğunu göstərir.
Gəlin semantik uyğunsuzluqlardan heç danışmayaq. Bir sıra cümlələrdə sözlər, ümumiyyətlə, düzgün seçilməyib, fikir öz-özünü yeyir: “Azərbaycanın antropoloji keyfiyyətləri ilə milli ideyanın əlaqəsi”. Cənab Həbibbəyli, siz hansı Afrika qəbiləsindən bu “elmi əsasları” əxz eləmisiniz. Başqa bir cümlə: “Tarixi prosesi üzvi surətdə tamamlayan fəlsəfə”. Bu sözlərin hansı elmi mənası var?! Mən çıxışın stenoqramında sintaktik səhvlərin üzərində dayanmaq istəmirəm. Çünki cümlələr bir-birinə mexaniki qoşulub, nitq axını qarışıqdır. Üslub isə janra heç uyğun gəlmir. Bu çıxış nə elmi dildir, nə siyasi təhlil, nə publisistika.
İsanın bu çıxışı elmimizdə daha bir rüsvayçılığın ən bariz nümunəsi kimi tarixə düşdü.
Fadil Paşayev,
əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















