İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan “Siyasi repressiya qurbanları” muzeyi
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov “Siyasi repressiya qurbanları” muzeyində gördükləri və ictimaiyyətdən gizlədilmiş arxiv materialları barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”, sovet dönəmində “vətən xaini” damğası vurulan minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və amansızca güllələndiyi bir məkandır.
“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abasovun təşəbbüsu ilə bir qrup müharibə veteranı “Siyasi Repressiya Qurbanları Muzeyi” ilə tanış olublar.
Repressiyaya məruz qalmış insanlar barədə ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz xidmətləri olan Mirabbas Məmmədov DSX-nın “Siyasi repressiya qurbanları” muzeyinin girişində qrupu qarşılayır və ardınca general-leytenant Fərhad Tağızadə muzeyə gələrək veteranlarla səmimi görüşür.
1920-ci ildə dövlətin balansına keçən bu bina, 1925-ci ildən başlayaraq müxtəlif vaxtlarda SSRİ-nin əsas repressiv qurumları olan AzÇK - Azərbaycan Fövqəladə Komissiyası, NKVD - Dövlət Təhlükəsizlik Nazirliyi, KQB - Dövlət Təhlükəsizlik Komitəsi fəaliyyət göstərib. Xalq arasında “KQB-nin podvalı” kimi tanınan bu binanın zirzəmisi həmin dövrdə həbs olunanların istintaq kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılmışdı.
Bu gün muzeyə çevrilən bu binanın zirzəmisində qanunsuz həbslərə etiraz və azadlığı simvolizə edən kompozisiyalar yer almış, saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı bərpa edilib. “Siyasi repressiya qurbanları” muzeyinin kiçik otaqları – karserlərdə insanlar dəhşətli işgəncələrlə məruz qalmış, günlərlə divarlarda quraşdırılan zəncirlərdən asılı vəziyyətdə saxlanılırdılar.

Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti sərgilənir.
Bakı şəhər komendantının 26 may 1920-ci il tarixli əmrində qeyd olunurdu: “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək...”.
Bu kimi sənədlərlə tanış olanda adamın tükləri biz-biz olur.

Muzeyin lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərb xadimlərinə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski, Qambay Vəzirov və başqaları haqqında məlumat və fotoşəkillər yer alıb.
1920-ci ildən başlayan repressiyadan ilk təqib olunanlar Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olub. Onların bir “təqsiri” olub – “Musavat” və ya “İttihad” partiyarına üzvlüyü. “Musavat” partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin həbsi, səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin, sabiq dəmir yol naziri Teymur bəy Məlik-Aslanovun və digərlərinin güllələnməsi, bir çox musavatçıların və ittihadçıların sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqiblərinə qarşı nə qədər qəddar olduğundan xəbər verir.
Mən, DTK-nın arxiv materialına istinadən, 1920-1922-ci illərdə Azərbaycanda bolşevik işğalına qarşı gizli müqavimət hərəkatı və dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxan Musavat partiyasının fəaliyyəti bəhs edən məqaləmdə bolşevik təqibləri barədə ictimaiyyətə ətraflı məlumat vermişəm.
Muzeydə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin diqqətiçəkən sənədlərindən biri - 1934-cü il 1 dekabr tarixli qərarıdır. Bu qərara əsasən, terror təşkilatları və sovet hakimiyyəti işçilərinə qarşı terror aktlarına aid işlərin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dinləmələr tərəflərin iştirakı olmadan aparılmalı, bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərinə yol verilmir və ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilir.
Digər bir lövhədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1920-ci ilin yanvarında təhsil almaq üçün Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları təqiblərə həsr edilib. Vətənə dönmüş 56 ali təhsilli mütəxəssislərdən güllələnib və sürgün edilmiş 38 gənc barədə məlumatlar, onların şəkilləri və qısa tərcümeyi-halları burada yer alıb.
Daha bir lövhə Azərbaycan Fövqəladə Komissiyasının (AzÇK) insanlıq əleyhinə olan fəaliyyətinə həsr olunub. Təqdim olunan sənəd surətlərinin içində SSRİ Ədliyyə Xalq Komissarlığının təlimatçısı İvanovun 1934-1937-ci illərdə əsassız məhkum olunmuş insanların işlərinə yenidən baxılması təklifi ilə bağlı Azərbaycan rəhbərliyinə müraciəti böyük maraq kəsb edir. Müraciətdə göstərilir ki, ilkin hesablamalara görə, həmin dövrdə Azərbaycanda 32 min şəxsin məhkumluğu ilə nəticələnmiş 11 min cinayət işinə yenidən baxılmalıdır.
Muzeydəki zirzəminin lap dərinliyində iç-içə otaqlardan ibarət, nisbətən geniş bir kamera da var. Bələdçimiz Mirabbas Məmmədov bu kameranı muzey üçün hazırlayanda döşəmədə qan izlərinin aşkarlandığını və buranın güllələnmə yeri olduğunu bildirdi. Bu kameraya gələn hər bir məhkum buradan sağ çıxmayacağını bilirdi. Kameraya gətirilən hər bir məhkum barəsində ölüm hökmü yerinə yetirildikdən sonra meyit xüsusi xərək vasitəsilə çıxarılaraq ya birbaşa dənizə atılırdı, ya da naməlum bir ərazidə basdırılırdı.
Muzey ilə tanışlıq mənə bir daha müstəqilliyimizin bərpasından sonra, 1996-cı ildə Prezident Heydər Əli¬yevin imzaladığı "Siyasi repressiya qur-ban¬larının reabilitasiyası haq¬qında" qanununda bu hadisələrə hü¬quqi qiymət verilməsini xatırlatdı. O zaman repressiyaya məruz qalmış insanların reabilitasiyası üçün onların KQB arxivində saxlanılan dosyelərindəki sənədləri araşdırarkən insanı dəhşət bürüyürdü. Bu insanların hansı məşəqqətlərə məruz qalması ağılasığmaz idi. İndi geriyə dönüb baxanda düşünürsən ki, İlahi, gör bu “KQB podvalı” nə qədər insan fəryadlarının, atəş səslərinin, əbədi yumulan gözlərin, boğulan ədəbiyyatın və mədəniyyətin şahidi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















