Uşaqlarda boy inkişafının ləngiməsi nə zaman valideyn üçün ciddi siqnala çevrilməlidir ? PEDİATR DANIŞDI
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Uşağın boyunun yaşıdlarından qısa olması valideynlərdə tez-tez narahatlıq yaradır. Ancaq unutmaq olmaz ki, hər uşaq eyni sürətlə böyümür". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.
Onun sözlərinə görə, bəzi uşaqlar erkən, bəziləri isə daha gec boy atılımı yaşayır: "Əsas məsələ bunun normal inkişaf variantı, yoxsa araşdırılmalı tibbi vəziyyət olduğunu ayırd edə bilməkdir.
Boy artımı yaşa görə dəyişir. 0–1 yaş dövrü ən sürətli mərhələdir və bu müddətdə ayda təxminən 2–3 sm artım müşahidə olunur. 1–3 yaş arasında illik boy artımı orta hesabla 8–10 sm təşkil edir. 3 yaşdan pubertata qədər uşaqlar adətən ildə 5–7 sm böyüyürlər. Pubertat dövründə isə sürətli boy atılımı baş verir və bunun vaxtı hər uşağa görə fərqli ola bilər. Bu rəqəmlər orta göstəricidir və kiçik fərqlər adətən normal sayılır. Bəzi hallarda boy artımının ləngiməsi daha diqqətli yanaşma tələb edir. Əgər uşaq ildə 4 sm-dən az boy atırsa, boy göstəricisi persentil cədvəlində getdikcə aşağı düşürsə, əvvəllər normal böyüyən uşaqda artım dayanıbsa və ya xeyli zəifləyibsə, bu artıq qiymətləndirilməli haldır. Eyni zamanda pubertat yaşı çatdığı halda yetkinlik əlamətləri başlamayıbsa, məsələ daha ciddi yanaşma tələb edə bilər.
Boy ləngiməsi ilə yanaşı iştahasızlıq, tez yorulma, xroniki ishal və ya tez-tez xəstələnmə müşahidə olunursa, bu vəziyyətin sadəcə genetik səbəblə izah olunmaması mümkündür və tibbi araşdırma vacibdir.
Boy artımının yavaş olmasının müxtəlif səbəbləri ola bilər. Bunlara ailəvi qısaboyluluq və konstitusional gec inkişaf kimi normal inkişaf variantları, qidalanma pozğunluqları, dəmir, D vitamini və digər vitamin-mineral çatışmazlıqları, qalxanabənzər vəzin problemləri, böyümə hormonu çatışmazlığı və müxtəlif xroniki xəstəliklər daxildir. Bu səbəblərin əksəriyyəti vaxtında aşkar edildikdə uğurla nəzarət altına alına bilir.
Valideynlər üçün praktik yanaşma çox önəmlidir. Uşağın boyu 6 ayda bir, eyni ölçmə üsulu ilə ölçülməli, təkcə boy rəqəminə deyil, artım sürətinə diqqət yetirilməlidir. Uşağı yaşıdları ilə müqayisə etməkdən çəkinmək, balanslı və müxtəlif qidalanmaya önəm vermək lazımdır. Həkim məsləhəti olmadan dərman və ya vitamin vermək tövsiyə edilmir.
Boy artımı nəzərəçarpacaq dərəcədə yavaşıdıqda, pediatr persentil cədvəldə geriləmə müşahidə etdikdə və ya valideyn olaraq “nəsə yolunda deyil” hissi yarandıqda həkimə müraciət etmək vacibdir. İlkin mərhələdə pediatr, ehtiyac olduqda isə uşaq endokrinoloqu tərəfindən dəyərləndirmə aparılır.
Yekun olaraq qeyd etmək lazımdır ki, uşaqlarda boy artımının ləngiməsi hər zaman xəstəlik demək deyil. Əsas olan bu vəziyyəti vaxtında fərq etmək, düzgün şəkildə izləmək və lazım olduqda uyğun mütəxəssisə müraciət etməkdir. Erkən qiymətləndirmə həm valideyn rahatlığı, həm də uşağın sağlam inkişafı üçün son dərəcə önəmlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















