Icma.az
close
up
RU
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans ikinci günündə işini panel və plenar iclaslarla davam etdirib.

Maore Komitəsinin baş katibi Səid Məhəmməd Səid Əhmədin moderatorluğu ilə keçirilən panel iclasda “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusu müzakirə olunub.

Əl-Həkimə Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlman Ağsaqqalları Şurasının İcraiyyə Ofisinin üzvü Samir Boudinar müasir dövrdə, xüsusilə süni intellekt və texnologiyanın inkişafı ilə birlikdə islamofobiyanın daha təhlükəli bir hal aldığını deyib. O qeyd edib ki, alqoritmlər vasitəsilə yayılan yanlış məlumatlar, sosial şəbəkələrdə sürətlə yayılan stereotiplər, müsəlmanlara qarşı mənfi imicin geniş yayılmasına səbəb olur. Bu isə yalnız bir dini icmaya deyil, ümumilikdə cəmiyyətin həmrəyliyinə zərbə vurur. Bəzi siyasi qüvvələr islamofob ritorikanı alətə çevirərək, ictimai narazılıqları və sosial problemləri müsəlmanların üzərinə yükləyir. Bu manipulyativ yanaşma, həm ictimai ədaləti, həm də vətəndaş harmoniyasını sarsıdır.

Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti və baş icraçı direktoru Martine Miller vurğulayıb ki, islamofobiya təkcə dini kimliyə qarşı yönəlmiş qərəzli münasibət deyil, o, həm də gənc nəslin psixologiyasına, cəmiyyətə inteqrasiyasına və gələcəyinə birbaşa təsir göstərən ciddi sosial problemdir. Gənclər bu nifrət atmosferində böyüyür, bəzən öz kimliklərindən utanmaq, gizlətmək, ya da cəmiyyətin qəbul etdiyi “uyğun” forma almaq məcburiyyətində qalırlar.

Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Jammal islamofobiyanın ən çox cəhalətin mövcud olduğu yerlərdə kök saldığını deyib. O qeyd edib ki, bəzi dairələr bu cəhaləti qəsdən qidalandırır, yanlış məlumatlarla kütlələri çaşdırır və gəncləri təhlükəli ritorikalarla həssas hala gətirirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi Lalə Xəlilzadə islamofobiya ilə mübarizədə öz şəxsi təcrübəsini bölüşərək, qeyd edib ki, islamofobiya ilə mübarizə gənclərin əlindədir. Bu nifrətə qarşı çıxmaq təkcə müsəlman gənclərin yox, bütün ədalətli insanların borcudur.

Savadlılıq və Təhsil İnstitutunun rəhbəri, Müsəlman Gənclər Forumunun icraçı direktoru Mohamad Antoni qeyd edib ki, gənclər bir araya gələrək stereotipləri dağıda, birgə təşəbbüslər, maarifləndirici kampaniyalar, layihələr və platformalar vasitəsilə sülh, qarşılıqlı hörmət və birgəyaşayış mesajını gücləndirə bilərlər.

Emerson Kollecinin Marketinq və Kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara isə hazırkı Fransa hökumətinin qəbul etdiyi bəzi qərarların, cəmiyyətin mühüm hissəsi olan fransız müsəlmanlarının həyatını çətinləşdirdiyinə diqqət çəkib. O bildirib ki, “Respublika prinsipləri” adı altında tətbiq olunan bu siyasət nəticəsində müsəlman məktəblərinə dövlət dəstəyi dayandırılıb, müsəlman təhsil müəssisələri zəiflədilib və bu da bərabərhüquqlu cəmiyyət anlayışı üçün təhlükə yaradıb.

İclas müzakirələrlə davam edib.

***

İordaniya Universitetinin Strateji Tədqiqatlar Mərkəzinin direktoru Həsən Əl Momaninin moderatorluğu ilə keçirilən panel iclasda “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusu müzakirə edilib.

İclasda çıxış edən Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muhetdinovun sözlərinə görə, Qarabağın azad edilməsi və bərpası tarixi göstərir ki, hər bir cəmiyyətdə yaddaşın qorunmasında dini memarlıq abidələri mühüm rol oynayır. “VII əsrə aid olan Dərbənd Cümə məscidi, Dağıstandakı məscidlər və s. İslam ümmətinin müasir Rusiya torpağında təşəkkül tapdığı dövrlərin mühüm tarixi yadigarıdır. Bu və digər abidələr yalnız Rusiyadakı müsəlman xalqların tarixi yaddaşının qorunması baxımından deyil, eyni zamanda, Rusiyanın çoxdinli və çoxmillətli mədəniyyətinin simvolu olaraq da əhəmiyyətlidir”, - deyə D.Muhetdinov qeyd edib.

Dünya Müsəlman İcması Şurasının baş katibi (BƏƏ) Məhəmməd Beçəri Beynəlxalq və Avropa qanunvericiliyində dini, dil və mədəni azlıqların hüquqlarını qoruyan maddələrin olduğunu bildirərək deyib: “Lakin biz bu keçici layihədən çıxaraq, bu cəmiyyətlərin yaşadığı çoxmədəniyyətli reallığın ədalətli və yetkin bir layihəsinə keçməliyik. Qərb dövlətlərinin hamısına bu vəziyyəti aid etmək olmaz, çünki vəziyyət ölkədən ölkəyə dəyişir”.

Milli Məclisin deputatı Qaya Məmmədov təxminən bir əsr əvvəl Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində azərbaycanlıların etnik çoxluq təşkil etdiyini deyib. O qeyd edib ki, bu insanların hamısı Ermənistandan deportasiya olunub. Onların torpaqlarında yeni bir dövlət yaradılıb və həmin dövlət BMT-yə üzv qəbul edilib.

İslam işləri üzrə Ali şuranın Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi isə çıxışında bildirib ki, hər kəs öz dini irsini qorumağa çalışır və bu irs yalnız maddi deyil, eyni zamanda, məlumat və dəyərlər toplusudur.

“Biz reallıqda bəzi təhriflərlə üz-üzəyik – bunlar praktikada müşahidə olunan yanlış davranışlar və fikir axınlarıdır. Təəssüf ki, bu təhriflərin kökü çox zaman məsələyə şüursuz, səthi və metodsuz yanaşmalardan qaynaqlanır,” - deyə o diqqətə çatdırıb.

Beynəlxalq Əlaqələr üzrə Sumer Fondunun direktoru Məhəmməd Şumməri bildirib ki, beynəlxalq sistem hazırda öz təməl prinsipləri olan qloballaşma, çoxtərəflilik və açıq bazar dəyərləri baxımından ciddi bir aşınma dövrü yaşayır.

Onun sözlərinə görə, bu prinsiplərin yerini getdikcə millilik və xalqçı axınlar tutur. Bu isə “mədəni kimliyin saflığı” kimi anlayışların yenidən gündəmə gəlməsinə səbəb olur. Nəticədə “biz və digərləri” mübahisəsi güclənir və dini-sivilizasiya simvollarının, irsi dəyərlərin yenidən ortaya atılması baş verir - amma bu dəfə tolerantlığın deyil, fərqləndirmənin bir aləti kimi. İslamofobiyaya ağıllı və şüurlu yanaşma, İslam mədəni irsini bu çağırışlara cavab verən strateji bir vasitəyə çevirməklə mümkündür.

İclas müzakirələrlə davam edib.

***

Kordoba Sülh İnstitutunun məsləhətçisi Alistair Davisonun moderatorluğu ilə keçirilən plenar iclasda “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusu müzakirə olunub.

Strasburq Böyük Məscidinin Prezidenti Said Aalla qeyd edib ki, yaxın keçmişə qədər islamofobiya müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik edən sağçı radikal partiyalara məxsus xüsusiyyət idi. Bu gün isə bu, dərin bir dəyişikliyə məruz qalaraq əvvəllər nifrət dolu ritorikanın təsirinə düşməyən sahələrə də sirayət edib.

Beynəlxalq Müsəlman Alimləri İttifaqının vitse-prezidenti Abdelmacid Najar bütün cəhdlərə, beynəlxalq çağırışlara və maarifləndirmə işlərinə baxmayaraq, islamofobiyanın daha da dərinləşdiyinə diqqət çəkib. O qeyd edib ki, bunun nəticələri təkcə müsəlman cəmiyyətləri üçün deyil, ümumilikdə dünya üçün olduqca təhlükəlidir. Əsas problem İslama qarşı qərəzli şəkildə yayılan məlumatsızlıqdır. İslam dininə dair düzgün və obyektiv bilgilərin olmaması, onu tanımayan insanlar arasında qorxu və nifrət yaradır. Bu boşluqdan isə bəzi dairələr məqsədli şəkildə istifadə edərək cəmiyyətdə İslama qarşı mənfi obraz formalaşdırmağa çalışırlar.

COREIS-in vitse-prezidenti, EULEMA-nın sədri Yahya Pallaviçini islamofobiya fenomeninin, sadəcə, dini inanca qarşı yönələn ayrı-seçkilik deyil, daha dərin və sistematik problem olduğunu deyib. İslamofobiyanın cəmiyyətdə qütbləşməni dərinləşdirdiyinə diqqət çəkən Yahya Pallaviçini bildirib ki, bu, mədəni plüralizmə, inanc müxtəlifliyinə qarşı maneə rolunu oynayır. Bu gün Qərb cəmiyyətlərində artan islamofobiya təkcə şəxsi nifrət və ya ayrı-ayrı hadisələrlə məhdudlaşmır. Əksinə, burada bir ideoloji mühərrikin, bir strukturun işlədiyi görünür. Yəni, islamofobiya müəyyən dairələr üçün vasitədir, siyasi maraqlara, kimlik siyasətinə və mədəni üstünlük anlayışına xidmət edən alətdir.

Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri Abdasaamad El Yazidi qeyd edib ki, islamofobiya bəziləri tərəfindən yalnız müsəlmanlara qarşı yönəlmiş bir məsələ kimi qəbul edilə bilər. Bəziləri isə bu problemin yalnız qeyri-İslam cəmiyyətlərində yaşayan müsəlmanlara aid olduğunu düşünə bilər. Amma bu hadisə bundan daha geniş və çox dərin xarakter daşıyır. “İslamofobiya Qərb ölkələrinin uzun illər təbliğ etdiyi bir sıra dəyərlərə – dözümlülük, dinlərə hörmət, vətəndaşlıq hüquqları kimi dəyərlərə qarşı yönəlmiş bir hücuma çevrilməkdədir. Bu, cəmiyyətləri bir-birinə qarşı duran, parçalanmış qruplara bölmək və bir-biri ilə toqquşduran hala gətirmək təhlükəsi daşıyır”, - deyə Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın Azərbaycan tərəfindən keçirilməsini olduqca vacib addım olaraq qiymətləndirərək deyib: “Azərbaycan tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin, dillərin və etnik qrupların sülh içində birgə yaşadığı ölkə olub”.

İclas müzakirələrlə davam edib.

***

Konfransın sonuncu sessiyası “EULEMA-nın xüsusi fokus mövzusu: Avropada İslamofobiya” mövzusuna həsr olunub.

COREIS-in vitse-prezidenti, EULEMA sədri Yahya Pallavicinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Avstriya Müsəlman Təşəbbüsünün sədri Tarafa Bağaçatı təəssüflə bildirib ki, bəzi siyasi partiyalar və qurumlar İslamı Avropa dəyərlərinə zidd göstərərək onu bu qitədən uzaqlaşdırmağa çalışırlar. Bu, yalnız İslamı deyil, bu dinə inanan milyonlarla avropalını da hədəfə alır. Halbuki İslamı və müsəlmanları Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha düzgün və ədalətlidir.

Sarayevo İstiqlal Məscidinin imamı Edin Hamzakadiçin sözlərinə görə, Bosniya və Herseqovinada islamofobiya haqqında danışarkən, təcrübə göstərir ki, bu anlayış iki əsas sahəyə bölünür. Birincisi, zehni yanaşma, yəni insanlar arasında mövcud olan stereotiplər, ikincisi isə İslama münasibəti əks etdirən təqdimat və təbliğatdır. Ölkəmdə islamofobiya ilə bağlı əsas problem məhz bu anlayışın özü, onun təqdim olunma və anlaşılma formasıdır.

“İslamofobiyanın ilk və ən mühüm aspekti bosniyalılıqla əlaqələndirilir. Bu təqdimat vasitəsilə biz islamofobiya və digər ayrı-seçkilik formaları ilə qarşılaşmışıq”, - deyə E.Hamzakadiç qeyd edib.

Lissabon Mərkəzi Məscidinin imamı David Munir əvvəllər, xüsusən 1990-cı illərə qədər, Lissabonda islamofobiyanın demək olar ki, olmadığına diqqət çəkib. Onun sözlərinə görə, müsəlmanlar bu cəmiyyətin sakit, hörmətli və əməksevər üzvləri kimi tanınırdılar. Məscidlərə gələnlər az idi, ancaq insanlar arasında qarşılıqlı hörmət və anlayış daha güclü hiss olunurdu.

Rumıniya Müsəlman icması müftisinin müşaviri Geicun Mustafa vurğulayıb ki, dinlərarası dialoqun əsas məqsədi başa düşmək, dəyişmək, reallığı daha yaxşı dərk etmək və bu anlayışa uyğun şəkildə hərəkət etməkdir. Belə dialoqlar yalnız qarşılıqlı etimada əsaslanaraq həyata keçirilə bilər və bu, müxtəlif qanun layihələri çərçivəsində müsəlmanların ortodoks və katolik xristianlar, yəhudi icmaları ilə birgə yaşaması modelində özünü göstərir.

Sonda Birgə Kommünike qəbul edilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri