İspaniyalı professor: Çox xoşbəxtəm ki, Xankəndidə Cənubi Qafqazın sabitliyinə şahidlik edirəm
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Nəhayət, biz beynəlxalq hüquqa və beynəlxalq sərhədlərə uyğun olaraq buradayıq.
Bu fikirləri Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumunun iştirakçısı, Ramon Llull Universitetinin Beynəlxalq əlaqələr üzrə professoru Jordi Xucla jurnalistlərə açıqlamasında bildirib.
O, ilk dəfə Xankəndi şəhərində olmaqdan məmnunluğunu ifadə edib.
İspaniyalı professor Avropanın gələcək təhlükəsizlik siyasətinə də toxunub: “Biz nəzərə almalıyıq ki, gələcək üçün Avropa xalqı təhlükəsizlik, digər sahələrdə və ya siyasi baxımdan öz qərarlarını verməlidir. Çünki ABŞ administrasiyası avropalılara aydın mesaj göndərib. Ona görə də avropalılar öz təhlükəsizliklərinin qayğısına qalmalı və bəzi geosiyasi qərarlar barədə düşünməlidirlər. Bu siyasi qərar nümunəsində biz Avropa İttifaqının qonşuluq siyasətinin sabitliyinə öz töhfəmizi verməliyik”.
Xucla əlavə edib ki, bu bölgələrin əsas nöqtələrindən biri Cənubi Qafqazdır: “Ona görə də mən çox xoşbəxtəm ki, bu torpaqda Cənubi Qafqazın sabitliyinə şahidlik edirəm”.
Professor Qarabağ münaqişəsinin həllindən də məmnunluğunu dilə gətirib: “Əvvəla mən çox məmnunam ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında və beynəlxalq sərhədlərə tam hörmətlə həll olunur. İkincisi, hesab edirəm ki, bu münaqişənin həlli bizə göstərdi ki, ikitərəfli saziş bəzi çoxtərəfli forumlardan daha çox işləyir.
Mən həyatımın 11 ilini beynəlxalq təşkilatda, yəni Avropa Şurasında keçirmişəm. Biz bunu qeyd etməliyik ki, bəzən beynəlxalq təşkilatlar nəticə vermək üçün o qədər də səmərəli və məhsuldar olmurlar”.


