İsraildə Netanyahu, ABŞ da respublikaçılar uduzsa, dünyada nələr olacaq?.. Heydər Oğuzdan şərh
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Hər iki ölkədə hakimiyyət dəyişikliyi labüddür, amma...”
*** *** ***
“İsraildə sabahkı parlament və ABŞ-da 3 noyabrdakı aralıq seçkilərindən hansı nəticələri gözləyirsiz? Əgər İsraildə Netanyahu da, ABŞ-da respublikaçılar da uduzsa, bu, dünyada, xüsusən, Yaxın Şərq, İran, Ukrayna ətrafındakı hadisə və proseslərə necə təsir göstərəcək? Bəs əksi baş versə?..”
Bu sualları ünvanladığımız siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, İsraildə və ABŞ-da hakimiyyət dəyişikliyi labüddür, amma bunun həmin dövlətlərin xarici siyasətinə təsir etmək imkanı uzaq ehtimaldır:
“Məsələ burasındadır ki, ABŞ-da da, İsraildə də xarici siyasəti iqtidarlar yox, partiyaüstü qurumlar formalaşdırırlar. Bəzən elə olur ki, hakimiyyətə gəlməmişdən əvvəl başqa vədlər verən partiyalar iqtidarları dövründə tamamilə fərqli siyasətlər həyata keçirirlər. Necə ki, Tramp hakimiyyətə gəlməmişdən əvvəl dünyada bütün müharibələri dayandıracağına söz vermişdi. Amma hakimiyyətə gələndən sonra dünyanın hər yerinə gərginlik, savaş yaymaqla məşğul oldu. Eyni sözləri digər ABŞ prezidentləri barədə də söyləmək mümkündür. Məsələn, Barak Obama da 2008-cu ildə “Dəyişim və Qlobal sülh” vədləriylə hakimiyyətə gəlmişdi. Hətta 2009-cu ildə o, “Nobel Sülh mükafatı” almışdı. Hakimiyyətə gəldikdən 1 neçə il sonra isə etdiyi yeganə iş isə Yaxın Şərqdə “Ərəb baharı” inqilablarını dəstəkləmək oldu. Nəticədə Liviyadan tutmuş Misirə qədər əksər ərəb ölkələrində qan su yerinə axdı. Suriyada və İraqda ötən ilə qədər davam edən vətəndaş müharibəsində 100 minlərlə insan öldü, şəhərlər yerlə yeksan oldu, milyonlarla insan öz yurd-yuvalarından didərgin düşdü. Eyni zamanda Əfqanıstana ən çox ABŞ əsgərinin göndərilməsi də Obamanın hakimiyyəti dövrünə təsadüf edirdi.
ABŞ prezidentlərinin vədləri ilə uzlaşmayan siyasətlər yürütməsinin əsas səbəbi bəzilərinin “dərin dövlət” adlandırdıqları güc mərkəzlərinin ölkə hakimiyyətinə təzyiqləri ilə izah olunur. Bu versiyaya görə, Pentaqondan və ya MKİ-dən bəzi yüksək rütbəlilər siyasi hakimiyyətlərlə görüşüb onları öz planlarının vacibliyinə inandırırlar. Prezidentlərin isə bu direktivlərdən kənara çıxması mümkün olmur. Əks halda ya sui-qəsdlərə məruz qalır, ya da ortaya çıxan skandallarla hakimiyyətdən uzaqlaşdırılırlar. Odur ki, Konqres seçkilərindən sonra Demokratların hakimiyyətə gəlməsi ilə ABŞ-ın Yaxın Şərq və ya Rusiya ilə bağlı siyasətinin dəyişməsi inandırıcı deyil. Əksinə, yeni Konqres təsis olunana qədər ortada olan aralıq müddəti, ki, bu hardasa 30-40 gün çəkir, Trampa İrana hücuma keçməsi üçün tam sərbəst vaxt qazandıracaq. Zatən ABŞ-ın planında da növbəti hücum zamanını çox tutmaq sərf etmir. Hətta bəzi hakimiyyətə yaxın generallar İrana qarşı növbəti hücumun cəmi 3-4 gün və ya bir həftə çəkəcəyini bildirirlər. Bu aralıq müddətində İranın ağır şəkildə bombalanması, iqtisadi infrastrukturunun tamamilə məhv edilməsi, lojistik imkanlarının sıradan çıxarılması gözlənilir. Daha sonra isə İran bir neçə illiyinə içdən çöküşə buraxılacaq, əsasən iqtisadi-finansal təzyiqlərlə yaşanmaz hala gətiriləcək. Buna paralel olaraq, İranın daxilindəki etnik qruplar və narazı kütlə rejimə qarşı ayaqlandırılacaq. Ardınca, yəqin ki, Trampdan sonra hakimiyyətə gələn bir başqa iqtidar tərəfindən son zərbə vurulacaq. Necə ki, İraqda buna bənzər siyasət həyata keçirildi. 1990-91-ci illərdə I Körfəz savaşı başladı, ardınca iqtisadi sanksiyalar və 37-ci paralelə uçuş qadağası tətbiq olundu. Beləcə, İraq tamamilə zəiflədildi və kürd separatçılarının gücləndirilməsinə şərait yaradıldı. 2003-cü ildə isə bu vəziyyətdən istifadə edən ABŞ ordusu daha az itki ilə İraqı işğal etdi”.
O ki qaldı İsrailə, Heydər Oğuzun fikrincə, İsraildə partiyalar arasındakı proqram fərqləri əsasən daxili siyasətlə bağlı olur: “Xarici siyasət və “vədedilmiş torpaqlar” məsələsində demək olar ki, bütün partiyalar yekdillik nümayiş etdirirlər. Yəni Netanyahunun hakimiyyətdən uzaqlaşması ilə bu siyasətin dəyişəcəyinə inanmıram. Sadəcə, hədəfə götürülmüş ərazilərə hücumların xarakterində azalma və ya artma müşahidə oluna bilər. Üstəlik, Netanyahunun hakimiyyətdən uzaqlaşması ehtimalı da böyük deyil. O, daha geniş tərkibli koalisiya hökuməti qurmaqla hakimiyyətini davam etdirə bilər və fikrimcə, bunu da edəcək.
Ukrayna müharibəsinin bitəcəyi ehtimalı da azdır. Əksinə, seçkilərdən sonra Trampın da itirəcəyi heç nə qalmayacaq və o, istər Ukrayna, istərsə də İran məsələsində daha aqressiv siyasət yürüdəcək. Hakimiyyətdə olacağı 2 il müddətində biz daha zalım Trampla qarşılaşacağıq. Ondan sonra da biz başqasını tapıb yerinə gətirəcəklər. Sadəcə, Tramp hakimiyyəti dövründə Avropada başlayan daxili hesablaşmalar ABŞ-a da sıçraya bilər. Amma bu belə, ABŞ adminstrasiyasını nəinki sakitləşdirəcək, əksinə, daha da aqressivləşdirəcək. ABŞ hazırda imperializmin varoluş mübarizəsini aparır və əldə etdiyi avantajlarını itirməmək üçün hər cür riskə gedə bilər. Hətta taktiki nüvə savaşına belə”.
Təqdim etdi:
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Oktyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















