İsraildə siyasi zəlzələ: Netanyahu taxtını itirmək üzrədir ANALİZ
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsraildə yeni hökumətin formalaşdırılması istiqamətində koalisiya danışıqları həlledici mərhələyə qədəm qoyub. Müxalifət blokunun namizədi, Yaşar Partiyasının lideri Qadi Eyzenkot gələn həftənin sonunadək yeni hökuməti formalaşdırmağı və andiçmə mərasimini keçirməyi hədəfləyir.
Oktyabrın 27-də keçirilən seçkilərdən sonra İsraildə hakimiyyətin formalaşdırılması prosesi davam edir. Eyzenkot “İsrail Evimiz” Partiyasının lideri Aviqdor Libermanla görüşdən sonra koalisiya sazişinin imzalanması barədə razılığa gəlib. Bu razılaşma yeni hökumətin qurulması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bununla belə, müxalifət daxilində də fikir ayrılıqları yaranıb. Yair Qolanın rəhbərlik etdiyi Demokratlar Partiyası Eyzenkotun Binyamin Netanyahunun “Likud” Partiyası ilə milli birlik hökuməti yaratmaq barədə danışıqlar aparmasına etiraz edərək Yaşar Partiyası ilə koalisiya müzakirələrini dayandırıb.
İsrailin “i24 News” telekanalına danışan Eyzenkotun blokuna yaxın mənbə yeni hökumətin gələn həftənin sonunadək fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib. Mənbənin sözlərinə görə, andiçmə mərasimi üçün son tarix çərşənbə günü müəyyənləşdirilib. Lakin siyasi blok qanunvericiliyin nəzərdə tutduğu bir həftəlik müddəti gözləmək niyyətində deyil. Razılaşma əldə olunduqdan sonra andiçmə mərasiminin 24 saat ərzində keçirilməsi də mümkündür.
Xatırladaq ki, İsrail Prezidenti İsxak Hersoq hökuməti formalaşdırmaq mandatını Netanyahuya deyil, birləşmiş müxalifət blokunun namizədi Qadi Eyzenkota verib.
Liberman Netanyahunu və müdafiə nazirini sərt tənqid edib
Koalisiya sazişi üzrə razılığa gələn Aviqdor Liberman sosial şəbəkədəki paylaşımında müvəqqəti Baş nazir Binyamin Netanyahunu və müdafiə naziri İsrael Katsı kəskin tənqid edib.
O, hər iki siyasətçinin hakimiyyət ehtirasının onları idarəolunmaz vəziyyətə gətirdiyini iddia edib. Libermanın fikrincə, məsuliyyət və sağlam düşüncə Netanyahu ilə Katsın güclü tərəfləri deyil.
“İsrail Evimiz” Partiyasının lideri İranla bağlı məsələlərə də münasibət bildirib. İranın kimyəvi silahlara malik olması barədə açıqlamaları ciddi hesab etsə də, yaxın perspektivdə İsrailin müstəqil hərbi hücumu üçün kəşfiyyat və əməliyyat baxımından əsas görmədiyini söyləyib.
Liberman İsrailin kəşfiyyat qurumlarının müxalifətə qarşı istifadə oluna biləcəyini də iddia edib. O, “Mossad” və “Şin Bet” kimi qurumların müxalifət liderlərinə qarşı yönəldilməsinin mümkünlüyünə dair narahatlığını ifadə edib.
Koalisiya danışıqlarında əsas maneə hərbi xidmət məsələsidir
İsrailin ictimai yayım qurumu KAN-ın məlumatına görə, Eyzenkotun rəhbərlik etdiyi Yaşar Partiyası ilə “Birləşmiş Tövrat Yəhudiliyi” Partiyası arasında koalisiya danışıqlarında irəliləyiş əldə olunub. Razılaşmanın təfərrüatlarının gələn həftə ictimaiyyətə açıqlana biləcəyi bildirilir.
Tərəflər arasında əsas fikir ayrılığı ultraortodoks yəhudilərin məcburi hərbi xidmətdən yayınması ilə bağlıdır. “Birləşmiş Tövrat Yəhudiliyi” Partiyası yeni hökumət fəaliyyətə başlamazdan əvvəl bu şəxslərin həbsinin qarşısını alan qanunun qəbul edilməsini istəyir. Eyzenkot isə müvafiq qərarın hökumət qurulduqdan sonra kabinet səviyyəsində verilməsini təklif edir.
“Maariv” qəzetinin yazdığına görə, partiyanın lideri Yaakov Aşer danışıqların gedişi barədə ravvinləri məlumatlandırıb və müzakirələrin davam etdirilməsi üçün onların razılığını alıb.
Azlıq hökuməti variantı da müzakirə olunur
Eyzenkotun rəhbərlik etdiyi blokun gündəmində azlıq hökuməti yaratmaq variantı da var. Bu ssenariyə əsasən, “Birləşmiş Tövrat Yəhudiliyi” Partiyası və iki ərəb partiyası etimad səsverməsində bitərəf qalarsa, Eyzenkot “Şas” Partiyasının əleyhinə səs verməsinə baxmayaraq, səsvermədə iştirak edən deputatların əksəriyyətinin dəstəyini qazana bilər.
Lakin bu variantla bağlı siyasi qüvvələr arasında hələlik yekun razılıq əldə olunmayıb.
Qeyd edək ki, Qadi Eyzenkotun yeni hökuməti formalaşdırmaq üçün dekabrın 6-dək vaxtı var. O, zərurət yaranarsa, əlavə 14 günlük müddət də istəyə bilər. Beləliklə, İsraildə qarşıdakı günlər həm koalisiya danışıqlarının taleyi, həm də Netanyahunun siyasi gələcəyi baxımından həlledici olacaq.
Baxış sayı:45
Bu xəbər 25 Noyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















