Icma.az
close
up
RU
İsveçrənin “neytral” siyasəti...

İsveçrənin “neytral” siyasəti...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qızılın kölgəsi”ndə nasizm “sevgisi”

Beynəlxalq hüquq dövlətlərarası münasibətlərin tənzimlənməsində əsas normativ çərçivə kimi çıxış edir və müharibə ilə sülh, əməkdaşlıq ilə qarşıdurma, ədalət ilə güc siyasəti arasında incə balansın qorunmasına xidmət göstərir. Bu sistemin əsas məqsədi yalnız dövlətlərin suverenliyini tanımaq deyil, eyni zamanda qlobal təhlükəsizliyi, insan hüquqlarını və beynəlxalq sabitliyi təmin etməkdir. Lakin tarix göstərir ki, bəzi hallarda dövlətlər beynəlxalq hüququn yaratdığı imkanlardan selektiv və praqmatik şəkildə istifadə edərək onu öz milli maraqlarının örtüyünə çevirirlər. Belə yanaşma formal olaraq hüquqi çərçivəyə uyğun görünsə də, mahiyyət etibarilə qlobal ədalət prinsipinə zidd nəticələr doğura bilir.

Xüsusilə neytrallıq statusu daşıyan dövlətlərin davranışı beynəlxalq hüququn praktik tətbiqi baxımından daim müzakirə mövzusu olub. Neytrallıq anlayışı klassik mənada münaqişəyə qoşulmamaq, hərbi bloklarda yer almamaq və tərəflərdən heç birinə birbaşa hərbi dəstək göstərməmək deməkdir. Dövlət hərbi əməliyyatlarda iştirak etməməklə yanaşı, maliyyə və iqtisadi fəaliyyəti ilə müharibə aparan tərəflərdən birinin davamlılığına real təsir göstərməməlidir. XX əsrin ən faciəvi hadisəsi olan İkinci Dünya müharibəsi dövründə neytral statusunu qoruyan İsveçrənin fəaliyyəti bu kontekstdə geniş araşdırılma tələb edir...

İsveçrə nasist Almaniyasını necə dəstəklədi?

Qeyd edildiyi kimi, İsveçrə uzun müddət beynəlxalq ictimaiyyətdə neytral, sabit və humanitar ənənələrə malik dövlət kimi qəbul edilib. Lakin II Dünya müharibəsinə dair arxiv sənədləri və sonrakı araşdırmalar göstərir ki, bu ölkənin neytrallıq siyasəti hər zaman tam mənəvi neytrallıq anlamını kəsb etməyib - dövlətin bank sektoru, sənaye müəssisələri və ticarət strukturları II Dünya müharibəsi zamanı nasist Almaniyası ilə intensiv iqtisadi əlaqədə olublar. Bu faktlar beynəlxalq hüququn yalnız formal öhdəliklər toplusu olmadığını, eyni zamanda etik məsuliyyət sistemi olduğunu da xatırladır. Əgər beynəlxalq hüquq dünənin faciələrindən dərs çıxararaq bu günün və sabahın təhlükəsizliyini təmin etməlidirsə, onda tarixi təcrübələr obyektiv şəkildə qiymətləndirilməlidir. Dövlətlərin müharibə dövründə qazandıqları iqtisadi üstünlüklər, xüsusilə insanlıq əleyhinə cinayətlər fonunda əldə olunmuş mənfəətlər, yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət məsələsi doğurur.

Qaranlıq “qızıl əməliyyatları”...

Bəli, İsveçrə neytrallıq statusuna rəğmən İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası ilə geniş maliyyə əlaqələri saxlayıb. Xüsusilə İsveçrənin mərkəzi bankı olan Swiss National Bank Almaniya ilə iri həcmli qızıl əməliyyatları həyata keçirib. Tarixi sənədlər göstərir ki, bu qızılın mühüm hissəsi Almaniya tərəfindən işğal olunmuş Avropa ölkələrinin mərkəzi banklarından müsadirə edilib, bir qismi isə Holokost qurbanlarından talan olunmuş aktivlərdən ibarət olub.

Müharibə şəraitində Almaniya beynəlxalq maliyyə sistemində ciddi təcrid vəziyyətinə düşmüşdü. Bir çox dövlətlər və banklar Almaniya ilə birbaşa maliyyə əməliyyatlarını məhdudlaşdırmışdı. Bu şəraitdə İsveçrə bank sistemi Almaniya üçün mühüm tranzit və konversiya mərkəzinə çevrildi. Qızılın İsveçrə bankları vasitəsilə sərt valyutaya çevrilməsi Almaniyanın xaricdən strateji xammal və resurslar almasına imkan yaratdı. Beləliklə, formal olaraq neytral mövqe saxlayan dövlət faktiki olaraq Almaniya iqtisadiyyatının davamlılığına dolayı dəstək verdi.

Bu proses yalnız texniki maliyyə əməliyyatı deyildi. Müharibə dövründə qızılın mənşəyi barədə məlumatların tam məlum olmadığı iddia edilsə də, sonrakı araşdırmalar göstərmişdi ki, İsveçrə maliyyə institutları qızılın mənşəyi ilə bağlı risklərdən xəbərdar idilər və buna baxmayaraq, əməliyyatları davam etdirirdilər. Bu isə insanlıq əleyhinə cinayətlərdən əldə olunan vəsaitlərin dövriyyəsinə şərait yaratmaq kimi ağır mənəvi məsuliyyət doğururdu.

Hitler Almaniyası ilə ticarət və sənaye əməkdaşlığı...

İsveçrə müharibə illərində nasist Almaniyası ilə əhəmiyyətli ticarət və sənaye əməkdaşlığını da davam etdirib. İsveçrə şirkətləri Almaniyaya maşınqayırma avadanlıqları, yüksək dəqiqlikli optik və mexaniki alətlər, kimyəvi məhsullar və hərbi istehsalda istifadə oluna bilən ikili təyinatlı mallar ixrac edib. Bu məhsullar Almaniyanın sənaye və hərbi kompleksinin texnoloji səviyyəsinin qorunmasında mühüm rol oynayıb. Digər tərəfdən, İsveçrə Almaniyadan kömür və digər strateji xammal idxal edirdi. İsveçrənin enerji ehtiyatlarının məhdudluğu onu Almaniya ilə iqtisadi əməkdaşlığa müəyyən mənada məcbur edirdi. Bu qarşılıqlı asılılıq modeli hər iki tərəf üçün faydalı görünürdü: Almaniya texnoloji məhsullar əldə edir, İsveçrə isə sənayesini işlək saxlamaq üçün zəruri resursları təmin edirdi.

Lakin burada əsas məsələ ticarətin həcmi və xarakteridir. Müharibə dövründə ixrac olunan məhsulların bir qismi birbaşa hərbi istehsalda istifadə olunurdu. Bu isə İsveçrənin formal olaraq hərbi əməliyyatlarda iştirak etməməsinə baxmayaraq, Almaniyanın hərbi potensialının qorunmasına əsaslı töhfə verdiyini göstərir. Neytrallıq hüquqi status kimi qorunmuşdu - lakin iqtisadi reallıq Almaniyanın müharibə imkanlarını daha da gücləndirirdi.

İsveçrə yəhudi qaçqınlara “qapı” açmayıb...

İsveçrə o dövrün ən mühüm problemlərindən sayılan qaçqın məsələsində də özünəməxsus “neytrallıq” nümayiş etdirmişdi. Belə ki, 1942-ci ildən etibarən İsveçrə yəhudi qaçqınların ölkəyə girişinə kəskin məhdudiyyətlər tətbiq etmişdi. Bu dövrdə Almaniya tərəfindən tətbiq olunan ayrı-seçkilik xarakterli pasport nişanələri - xüsusilə yəhudilərin sənədlərində “J” işarəsinin vurulması - İsveçrə sərhəd orqanları tərəfindən tanınmış və tətbiq olunmuşdu. Nəticədə, minlərlə insan sığınacaq əldə etmək imkanından məhrum edilmişdi.

İsveçrə rəhbərliyi bu siyasəti ölkənin resurslarının məhdudluğu və təhlükəsizlik riskləri ilə əsaslandırırdı - amma sonrakı araşdırmalar göstərmişdi ki, qəbul edilə biləcək qaçqın kvotasının daha yüksək olması mümkün idi və tətbiq olunan məhdudiyyətlər bir çox hallarda siyasi seçim xarakteri daşıyırdı.

Bu siyasət İsveçrənin humanitar imici ilə ziddiyyət təşkil edirdi. Sonrakı illərdə dövlət səviyyəsində bəzi qərarların səhv olduğu etiraf edildi və müəyyən mənəvi məsuliyyət qəbul olundu. Qaçqınların geri qaytarılması bir çox hallarda onların ölüm düşərgələrinə göndərilməsi ilə nəticələndi ki, bu da neytral dövlətin etik mövqeyini ciddi sual altına aldı.

Bergier Komissiyasının hesabatı - nasizm dəstəklənib...

1996-cı ildə İsveçrə hökumətinin təşəbbüsü ilə yaradılmış Bergier Komissiyası müharibə dövründə ölkənin iqtisadi və maliyyə fəaliyyətini geniş şəkildə araşdırdı. Komissiyanın yekun hesabatları təsdiq etdi ki, İsveçrənin müharibə illərindəki davranışı əksər hallarda nasist cinayətlərindən qaynaqlanan iqtisadi fayda əldə olunması ilə müşayiət edilib.

Araşdırmalar göstərmişdi ki, İsveçrə birbaşa hərbi əməkdaşlıqdan yayınsa da, maliyyə və ticarət sahəsindəki fəallığı Almaniyanın iqtisadi dayanıqlığının daha uzun müddət qorunmasına imkan yaradıb. Qızıl əməliyyatları, bank hesablarının taleyi və qaçqın siyasəti kimi məsələlər obyektiv sənədlərlə təhlil edilmişdi.

Komissiyanın fəaliyyəti İsveçrədə ictimai müzakirələrə səbəb olmuş, bank sektorunun və dövlət qurumlarının tarixi məsuliyyəti geniş debatlara yol açmışdı. Bu proses beynəlxalq hüquqda tarixi ədalətin bərpası və keçmişlə üzləşmə mexanizmlərinin əhəmiyyətini bir daha göstərmişdi. Dövlətlərin keçmiş fəaliyyətlərinin araşdırılması və ictimaiyyətə açıqlanması beynəlxalq etimadın bərpası baxımından mühüm rol oynayır.

İsveçrənin “neytrallıq” təcrübəsi...

Beləliklə, İkinci Dünya müharibəsi dövründə İsveçrənin fəaliyyəti beynəlxalq hüquq və neytrallıq anlayışlarının praktik tətbiqinin mürəkkəbliyini nümayiş etdirir. Formal olaraq neytral status saxlanılsa da, maliyyə və iqtisadi münasibətlər müharibə aparan tərəfin dəstəklənməsi beynəlxalq hüququn yalnız hüquqi çərçivə deyil, həm də mənəvi məsuliyyət sistemi olduğunu göstərir. İsveçrənin təcrübəsi sübut edir ki, neytrallıq yalnız hərbi iştirakdan imtina deyil, həm də insanlıq əleyhinə cinayətlərdən məsafə saxlamaq deməkdir. Əks halda, formal hüquqi mövqe real nəticələr fonunda öz legitimliyini itirə bilər. Bergier Komissiyasının araşdırmaları və sonrakı ictimai müzakirələr göstərdi ki, tarixi məsuliyyətlə üzləşmək qaçılmazdır - tarix isə həm də bu qiymətləndirmə üçün ən ciddi və obyektiv meyardır.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Mart 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri