İtaliya şirkətləri Azərbaycanda istehsala başlamalıdır İqtisadçı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan - İtaliya Biznes Forumu keçirilib. Biznes forumda iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı, investisiya imkanları və yeni tərəfdaşlıq istiqamətləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb və mübadilə edilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialı vurğulayıb. Ölkəmizin əlverişli biznes və investisiya mühiti, strateji mövqeyi, sənaye və infrastruktur imkanları barədə məlumat verilib, İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinin və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Yüksək texnologiyalar, nəqliyyat-logistika və digər prioritet istiqamətlərdə əməkdaşlıq, birgə investisiya təşəbbüslərinin reallaşdırılması, istehsal və ixrac potensialının artırılması imkanlarına diqqət çəkilib.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani çıxışında Azərbaycanın İtaliya üçün strateji və etibarlı tərəfdaş olduğunu vurğulayıb. İki ölkə arasında enerji sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və birgə müəssisələrin yaradılması üçün əlverişli şəraitin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Azərbaycanın Orta Dəhlizin inkişafında strateji roluna diqqət çəkib, həmçinin kritik xammal sahəsində üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sənaye istehsalının rəqabətqabiliyyətliliyinin artırılması perspektivlərini diqqətə çatdırıb.
Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və sənaye əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi, İtaliya şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakı, eləcə də birgə layihələrin regional və beynəlxalq bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Azərbaycan-İtaliya Biznes Forumunun keçirilməsi iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Lakin iqtisadi əməkdaşlığın əsasən enerji sektoru ilə məhdudlaşması mövcud potensialdan tam istifadə edilmədiyini göstərir. Bu baxımdan forumun əsas əhəmiyyəti əməkdaşlığın neft-qaz sahəsindən kənara çıxarılması, qeyri-neft sektorunda yeni investisiya layihələrinin reallaşdırılması və birgə istehsal müəssisələrinin yaradılması ilə bağlıdır.
İtaliya şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu artırması ilk növbədə sənaye, kənd təsərrüfatı, qida emalı, maşınqayırma, tikinti materialları, logistika və infrastruktur sahələrinin inkişafına təkan verə bilər. İtaliya bu sahələrdə böyük texnoloji və istehsal təcrübəsinə malikdir. Həmin təcrübənin Azərbaycana gətirilməsi yerli müəssisələrin modernləşdirilməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və rəqabət qabiliyyətinin artmasına şərait yarada bilər".
İqtisadçının fikrincə, digər mühüm məsələ birgə müəssisələrin yaradılmasıdır:
"İtaliya şirkətlərinin Azərbaycanı yalnız satış bazarı kimi deyil, həm də istehsal və ixrac platforması kimi qiymətləndirməsi daha böyük iqtisadi səmərə verə bilər. Çünki Azərbaycanda istehsal olunan məhsulların Türkiyə, Mərkəzi Asiya, Yaxın Şərq və digər regional bazarlara çıxarılması üçün əlverişli coğrafi və logistika imkanları mövcuddur. Bu, həm yerli istehsalın genişlənməsinə, həm də qeyri-neft ixracının artmasına kömək edə bilər.
Ancaq biznes forumların nəticəsini yalnız imzalanan sənədlərin və keçirilən görüşlərin sayı ilə qiymətləndirmək düzgün olmaz. Əsas məsələ müzakirə olunan təşəbbüslərin konkret investisiya müqavilələrinə, real istehsal layihələrinə və uzunmüddətli tərəfdaşlıqlara çevrilməsidir. Bunun üçün investorlara əlverişli biznes mühiti, hüquqi təminatlar, maliyyə əlçatanlığı və yerli sahibkarlarla əməkdaşlıq imkanları yaradılmalıdır. Əgər forum çərçivəsində əldə olunan razılaşmalar praktik müstəviyə keçərsə, İtaliya ilə iqtisadi əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















