İtkinlərimizlə bağlı ABŞ nin dəstəyini almışıq Zahid Oruc
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda noyabrın 19-20-də əsir və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək. Məhz bu, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, azad edilmiş ərazilərdə aşkarlanan məzarlıqlar və Ermənistanın bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yenidən gündəmə gətirir.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, əvvəlki illərdə İrəvan belə məsələlərdə aktivlik göstərməyib:
"Ermənistanın itkinlərinin sayı Azərbaycanla müqayisə oluna bilməz. Vətən müharibəsində qələbəmiz Birinci Qarabağ savaşının ən ağır səhifələrindən biri olan əsir və itkin düşmüş şəxslər məsələsinə də aydınlıq gətirməyə imkan verir. Hazırda azad edilmiş ərazilərdə həmin dövrün cinayətləri həm fərdi, həm də qrup halında üzə çıxır. Məzarlıqlarda tapılan insanların nəşləri ciddi DNT analizindən keçirilir, komissiya tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Ailə üzvlərindən götürülən nümunələr əsasında qohumluq və doğmalıq əlaqələri sübuta yetirilir, bundan sonra nəşlər ailələrə təqdim olunur".
Z.Oruc bildirib ki, həmin insanların İslam qayda və ənənələrinə uyğun dəfn edilməsi ailələrə mənəvi rahatlıq gətirməklə yanaşı, onların apardığı mübarizəyə verilən dəyərin göstəricisidir:
“Onların idealları yarımçıq qalmayıb. Demək ki, qalibiyyət həm də Birinci Qarabağ savaşında həyatını itirən insanlarımızın hesabına əldə olunur. Bu vahid bir müharibədir. Çünki hər zaman biz belə düşünməliyik ki, ulu öndərin 70-ci illərdə xalqımıza rəhbərliyi, liderliyi imkan verdi ki, o cür qeyrətli övladlar formalaşdı. Onlar SSRİ-nin dağılmasından sonra millətimizin üzərinə gələn təcavüzkarlıq siyasətinə, səhra komandirlərinin apardıqları separatizm və aqressiyaya qarşı sinələrini verdilər və böyük bir qismi şəhid oldular”.
Komitə sədri Ermənistanın hazırkı tədbirinin Azərbaycanda indiyədək keçirilmiş dörd beynəlxalq konfransın fonunda müəyyən suallara cavab axtarışı kimi də qiymətləndirilə biləcəyini vurğulayıb. O, İrəvanın 200-ə qədər məzarlığın yerini göstərən xəritəni təqdim etmək öhdəliyini götürdüyünü xatırladıb:
"Bu, bir tərəfdən Azərbaycanın qətiyyətinin və qələbəsinin nəticəsidirsə, digər tərəfdən Paşinyan hakimiyyəti sülh müqaviləsinin imzalanmasının avtomatik olaraq barışıq gətirməyəcəyini anlayır. Bunun üçün xalqları anlaşmaya hazırlamaq və humanitar ağrıların azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirmək lazımdır. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların sayı 4 mindən artıqdır. Onların bir neçə yüzünün nəşi tapılsa da, hələ çoxlu sayda ailə doğmalarının yolunu gözləyir. Qeyri-müəyyənlik həmin ailələri üzür, illərdir övladlarını, bacı və qardaşlarını axtaran insanlar var. Fotojurnalist Rza Deqatinin bu yaxınlarda hazırladığı kitaba da diqqət çəkmək istərdim. Həmin nəşrdə hər bir ailə ilə bağlı xüsusi salnamə əksini tapır: “Onlar millətimizin övladlarıdır”".
Z.Oruc qeyd edib ki, digər mühüm məsələ 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında üç dövlət rəhbəri arasında əldə olunan razılaşma ilə bağlıdır. Onun sözlərinə görə, həmin razılaşmanın mühüm müddəalarından biri Ermənistanın itkin düşmüş şəxslərlə bağlı müvafiq addımlar atmaq öhdəliyini üzərinə götürməsidir:
“Bu bir vəzifədir. Və xüsusi xatırlatmaq istəyirəm ki, 90-cı illərdə həm nizami ordunun olmaması, nə qədər ki, mərd övladlarımızın savaşına rəğmən ali baş komandanlığın tapılmaması müqabilində bu qədər sayda insanımız itkin düşdülər. Müqayisə üçün deyə bilərik ki, İkinci Qarabağ savaşında rəqəmlər 5-6-dır və onlarla da əlaqədar dövlətimiz müvafiq tədbirləri yenə də həyata keçirir. Azərbaycan artıq bu istiqamətdə beynəlxalq miqyasda ABŞ kimi güclü dövlətin dəstəyini qazanıb. Avropa Parlamenti qarşısında keçirilən aksiya da bunun nəticəsidir. Bu, prosesin beynəlxalq müstəviyə çıxarıldığını göstərir. İnformasiya vasitələri də həmin tədbirə diqqət göstərib. Prosesdə ən mühüm məsələlərdən biri etimad tədbirlərinin gücləndirilməsidir".
Z.Oruc Ermənistan tərəfinin 200 məzarlığın açılmasının qəddarlıq və bəşəri cinayət kimi qiymətləndirilməsindən, bunun hüquqi və siyasi nəticələrindən narahat ola biləcəyini istisna etməyib. Deputat xəritənin təqdim edilməməsinin əsas səbəbinin də məhz bu ehtimalla bağlı ola biləcəyini deyib:
“Belə olan təqdirdə biz nəhayət başa düşməliyik ki, burada yenə də təzyiq, güclü təzyiq öz rolunu oynayacaqdır”.
O, dövlət başçısının mövqeyini, dövlət təhlükəsizlik orqanlarının bu sahədə həyata keçirdiyi işləri, etimad telefonunu, eləcə də xarici qurumların fəaliyyətini xüsusi qeyd edib: Deputat əvvəlki illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin, sonrakı dövrdə isə bu istiqamətdə ixtisaslaşan digər qurumların prosesdə iştirak etdiyini bildirib. Həmçinin itkin və əsir həyatı yaşayan vətəndaşları olan ölkələrin, o cümlədən keçmiş Yuqoslaviya dövlətlərindən Monteneqro və Serbiyanın nümayəndələrinin bu məsələyə diqqət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, həmin ölkələrin nümayəndələri bu yaxınlarda Bakıda keçirilən dördüncü beynəlxalq tədbirdə mühüm çağırışlarla çıxış ediblər.
Z.Oruc Azərbaycanın iradəsinin qarşıdakı dövrdə bu istiqamətdə daha geniş səviyyədə nəticələr əldə etməyə, həmin acı və ağır səhifənin nəhayət cavablandırılmasına və bağlanmasına imkan verəcəyini düşünür. Bunun itkin ailələrinə təsəlli gətirəcəyini, eyni zamanda Bakı və İrəvan arasında etimad mühitinin formalaşmasına şərait yaradacağını bildirib:
“Biz ona inanmaq istəyirik və bilirsiniz ki, bu yöndə dövlət rəsmilərimiz də öz mövqelərini söyləyiblər. Çox əminik ki, qarşı tərəfin məsələlər ətrafında həm də öz keçmişi ilə üzləşməsi lazımdır. Məsələn, faşist Almaniyasının tarixini, məsuliyyətini üzərinə götürən sonrakı hökumətlər çox cəsarətli addımlar atdılar. O cəhətdən Prezident İlham Əliyevin çağırışı ondan ibarətdir ki, bu istiqamətdə İrəvan xalqımızın tələblərinə cavab verməlidir və həyata keçirdiyi qəddar əməlin hüquqi məsuliyyətini bir kənara qoysaq, amma ən azı bu insanların mütləq tapılmasına yardımçı olmalıdır”.
Deputat bildirib ki, bu istiqamətdə sülh görüşləri çərçivəsində daimi danışıqlar davam edəcək. O, yaxın günlərdə İrəvanın yeni konstitusiya layihəsini irəli sürəcəyini xatırladaraq, bunun fonunda cəmiyyətlərdə qeyd olunan istiqamətdə təsirli addımların atılacağını düşündüyünü deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Noyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















