ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Valideynlərin boşanması və ya ayrı yaşaması uşağın maddi təminat hüququnu aradan qaldırmır. Qanunvericiliyə əsasən, valideynlər övladlarının saxlanılması və tərbiyəsi üçün məsuliyyət daşıyırlar. Lakin praktikada aliment öhdəliyindən yayınma, ödənişlərin gecikdirilməsi və yığılan borclar uşaqların sosial və maddi vəziyyətinə mənfi təsir göstərir.Bəzən aliment ödəməli olan valideyn müxtəlif səbəblərlə bu öhdəlikdən yayınır və nəticədə uşağın təminatı ilə bağlı problemlər yaranır. Bəs aliment ödənilmədikdə uşağın hüquqları hansı mexanizmlərlə qorunur? Borclu valideyni hansı hüquqi məsuliyyət gözləyir və alimentin məcburi qaydada tutulması üçün hansı addımlar atıla bilər?Mövzu ilə bağlı "AzPolitika"ya danışan vəkil Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar,Onun sözlərinə görə, Ailə Məcəlləsinin76 və 78-ci maddələr isə alimentin gəlirdən pay şəklində və ya sabit pul məbləğində tutulmasına imkan verir: "Aliment ödənilmədikdə borc Ailə Məcəlləsinin 106-cı maddəsinə əsasən icra məmuru tərəfindən hesablanır. Borclu işləmirsə və ya gəlirini təsdiq edən sənəd təqdim etmirsə, 106.4-cü maddəyə görə borc Azərbaycan üzrə orta əməkhaqqı göstəricisi əsasında hesablana bilər. Əgər aliment məhz borclunun təqsiri üzündən ödənilməyibsə, 106.2-ci maddə imkan verir ki, borc adi üçillik dövrlə məhdudlaşmadan bütün ödənilməyən dövr üçün tutulsun. “İcra haqqında” Qanunun 43-cü və sonrakı maddələri əsasında borclunun pul vəsaitlərinə, bank hesablarına, əməkhaqqına, digər gəlirlərinə və əmlakına tutma yönəldilə bilər. Qanunda nəzərdə tutulan hallarda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsi də qaldırıla bilər".

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin aliment mübahisələrinə dair Plenum qərarında da uşağın mənafeyinin üstün tutulması, sabit məbləğdə alimentin minimum əməkhaqqının artımına uyğun indeksasiyası və alimentin formal deyil, uşağın real saxlanmasını təmin edən məbləğdə müəyyən olunmasının vacibliyi vurğulanır: "Beynəlxalq səviyyədə də eyni yanaşma mövcuddur. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsi uşağın üstün mənafeyini əsas prinsip kimi müəyyən edir, 27-ci maddə isə valideynlərin uşağın inkişafı üçün zəruri yaşayış səviyyəsinin təmin edilməsində əsas məsuliyyət daşıdığını və dövlətin alimentin real tutulmasını təmin edən tədbirlər görməli olduğunu təsbitləyir.Alimentdən qəsdən yayınma isə təkcə mülki icra məsələsi olaraq qalmaya bilər. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmirsə və məhkəmə aktının icrasından yayınırsa, əvvəlcə İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyət məsələsi yarana bilər. Bundan sonra icra sənədi yenidən qərəzli şəkildə icra edilməzsə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyəti gündəmə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında xüsusi olaraq göstərilib ki, “qərəzlilik” sadəcə borcun mövcudluğu ilə müəyyənləşmir. Şəxsin real ödəmə imkanının olması, ona dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, inzibati məsuliyyətə cəlb olunması, buna baxmayaraq ödənişdən yayınması, əmlakını və gəlirlərini gizlətməsi və ya icranı mümkünsüz etməyə yönəlmiş hərəkətlər etməsi birlikdə qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi həmçinin vurğulayıb ki, məhkəmə qərarlarının icra olunması hüquqi dövlət prinsipinin tərkib hissəsidir və dövlət orqanları icranın təmin edilməsi üçün real və vaxtında tədbirlər görməlidirlər. Buna görə uşağın hüquqlarının müdafiəsi yalnız aliment barədə qərarın çıxarılması ilə bitmir. Əsas məqsəd həmin qərarın faktiki icrasını təmin etmək, yaranmış borcu hesablamaq, borclunun gəlir və əmlakına real tutma yönəltmək və qəsdən yayınma hallarında inzibati və cinayət məsuliyyəti mexanizmlərini işə salmaqdır".Müşviq Tofiqoğlu
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















