“Kazino fəaliyyəti Azərbaycana ancaq əlavə gəlir gətirəcək”
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pərvanə SULTANOVA
[email protected]
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları keçirilə bilər. Bununla bağlı artıq qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Prezident İlham Əliyev iyulun 29-da Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarında dəyişiklikləri təsdiqləyib. Sənəd süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.
Bundan əlavə, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Kazino biznesi hazırda dünyada geniş yayılıb. Bu biznes həm ölkələrin iqtisadiyyatı, o cümlədən turizm sahəsi üçün əhəmiyyət daşıyır. Turistlər səfər etdikləri ölkələri seçərkən həm də əylənə biləcəkləri məkanlara üstünlük verirlər. Buna görə də son illər turizmin inkişafının prioritetləri sırasına daxil edən ölkələrin daha çox turist cəlbi üçün əyləncə imkanlarını genişləndirmələri müşahidə olunur ki, bunların arasında kazinolar da var. Bəzi ölkələrlə bağlı statistikaya nəzər saldıqda görürük ki, kazino biznesinin leqallaşdırılması turizm gəlirlərini yüksəldir. Onların arasında həm artıq məşhur olan istiqamətlər, həm də turizmi son illərdə inkişaf edən ölkələr də var. Məsələn, qonşu Gürcüstanın nümunəsinə diqqət yetirək. Bu gün Gürcüstan turizm gəlirlərinə görə öndə gedir ki, bunun da əsas səbəblərindən biri məhz kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib, ötən il isə kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, xüsusilə də Azərbaycandan gəlir.
Qazaxıstanda da kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.
Özbəkistan da artıq 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır.
Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə ilk kazinonun açılması gözlənilir.
Onu da qeyd edək ki, qlobal kazino biznesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunur ki, bu da bu rəqəmin ilbəil artmasını deməyə əsas verir. 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır.
Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsi ölkənin otel sənayesinin, restoran və digər xidmət sahələrinin, vergi daxilolmalarının, infrastrukturun inkişafına müsbət təsir göstərəcək, eyni zamanda məşğulluğun artmasına gətirib çıxaracaq. Yəni nəzərə almaq lazımdır ki, bu proses zəncirvari olaraq gedir və bir sahənin deyil, bir çox sahələrin paralel gəlir əldə etməsinə, inkişafına gətirib çıxarır.
Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Çünki qanuni olaraq kazinoların olmaması bir çox insanları qanunsuz oyunlara yönəldir ki, bu da fırıldaqçılıq və kiberdələduzluq hallarının artmasına səbəb olur. Ekspertlər də o qənaətdədirlər ki, bu sahənin tənzimlənməsi Azərbaycanın “premium turist” bazarında mövqeyini gücləndirəcək, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçiləri cəlb edə biləcək.
Azərbaycan da artıq neçə illərdir ki, turizm sahəsinin inkişafı üçün tədbirlər həyata keçirir, viza əldə edilməsini asanlaşdırır, bir sıra ölkələrlə qarşılıqlı viza rejimini aradan qaldırır. Eyni zamanda, infrastrukturun təmin edilməsi sahəsində ciddi addımlar atılır. Ən əsası isə Azərbaycan tam təhlükəsiz ölkədir, burada əcnəbilər günün istənilən saatında rahat, sərbəst şəkildə hərəkət edə bilirlər. Turist üçün getdiyi ölkənin məhz təhlükəsiz olması böyük önəm daşıyır. Deməli, Azərbaycanın heç də bütün ölkələrin təmin edə bilmədiyi bu üstünlüyü, eyni zamanda, gəzməli-görməli yerləri, üstəgəl, kazino oyunları böyük avantaj deməkdir. Bir çox turizm ölkələri kimi, Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi sözsüz ki, turist sayını artıracaq, həmçinin bu, ölkəyə valyuta axınına da təsir göstərəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov mövzu ilə bağlı “525”ə deyib ki, qloballaşan dünyada hansı ölkələr dövrün çağırışlarına daha tez reaksiya verib uyğunlaşırsa, o ölkələr də daha çox qazanc əldə edir və digərlərindən bir addım öndə olurlar. Qlobal turizm bazarının çağırışları çox ciddidir və neftdən sonra ölkələrə ən çox gəlir gətirən bu sektorun inkişaf etməsi ölkənin inkişaf templərinə yeni impuls verir.
Deputat söyləyib ki, turizm sektoru çox sahəli olmaqla ölkələrin iqtisadi və sosial həyatının inkişafına töhfə verir. Belə ki, turizm sektorunun inkişafı restoran, ticarət, otelçilik, kənd təsərrüfatı, məşğulluq, sosial rifah və digər sahələrin inkişafına dolayısı ilə müsbət təsir göstərməklə iqtisadiyyatın kompleks inkişafını təmin edir. Bu baxımdan ölkələr dünya turizm bazarından daha çox pay almağa çalışır və bu sektoru ölkələrin əsas gəlir mənbəyinə çevrilir.
Deputat əlavə edib ki, turizm sektorunun özü müxtəlif sahələrə bölünür: “Yay turizmi, dəniz turizmi, sağlamlıq turizmi, təhsil turizmi, dağ turizmi, qış turizmi və s. qeyd etmək olar. Dünya turizm bazarının ən gəlirli sahələrindən biri də kazinodur. Bunun bir neçə ölkəyə gətirdiyi gəlirləri təhlil etsək görərik ki, 2023-cü ildə ABŞ-ın Las Veqasında kazino sənayesinin gəlirləri 60 milyard dollar, Çinin Makao bölgəsində 22,7 milyard dollar, Rusiyada 2,1 milyard avro, Gürcüstanda 28 milyard dollar, Qazaxıstanda 3 milyard dollar olub. Buradan bir nəticə çıxartmaq olar ki, kazino sənayesi inkişaf etmiş ölkələr iqtisadiyyatları dinamik inkişafda olan ölkələrdir və onların dövlət büdcəsinə bu sektordan milyardlarla dollar gəlir daxil olur. Bunu da dövlətlərin büdcələrinin möhkəmlənməsinə verilən töhfə kimi qeyd etmək olar. Kazino sektorunun inkişaf etdiyi ölkələrin təcrübəsi onu göstərir ki, həmin dövlətlər kazinoların fəaliyyətinə məhdud ərazilərdə icazə verir. Məsələn, Rusiya 4 şəhərdə, Qazaxıstanda bir neçə yerdə, Çində Makaoda və s. qeyd etmək olar. Azərbaycan da kazino sektorunu inkişaf etdirmək üçün müəyyən addımlar atır. İlk növbədə kazinoların fəaliyyəti ilə bağlı hüquqi baza yaradıldı. Bəli, ölkəmizdə kazinolara dənizdə yaradılmış süni torpaq sahələrdə icazə verilir. Bu, çox doğru yanaşmadır. Çünki kazinolar ümumi ictimai həyatdan uzaq ərazilərdə yerləşməlidir. Qanunvericilikdə kazino fəaliyyəti üçün lisenziyanın qiyməti hər il üçün 340 min manat müəyyənləşdi. Bu da dövlət büdcəsinə hər il stabil öldəniləcək böyük məbləğ olacaq. Bundan əlavə, kazino fəaliyyətində böyük gəlirlər gözlənilir ki, bu da dövlət büdcəsinə əlavə vergi gəlirlərinin gəlməsinə yol açacaq”.
A.Badamov söyləyib ki, kazino sənayesinin inkişafı yeni iş yerlərin yaranmasına töhfə verəcək: “Kazino bahalı biznes olduğundan bu sahə ilə məşğul olanlar da yüksək əməkhaqqı alacaqlar. Bu da həmin insanların əmək və sosial vəziyyətinə müsbət təsir göstərəcəkdir. Kazino sənayesinin inkişafı digər sahələrin inkişafına da müsbət təsir edəck. Belə ki, otelçilik, restoran şəbəkəsinin inkişafına yeni bir impuls qatılacaqdır. Ümumi götürəndə, kazino müştəriləri imkanlı təbəqədir. Bu baxımdan kazino sənayesinin yüksək imkanlı şəxslərin əyləndiyi bahalı sektor olduğunu deyə bilərik. Ölkəmizdə yaradılacaq kazino sektoru əhalinin əyləncəsi üçün yox, regionun və böyük bir coğrafiyanın imkanlı turistlərinin cəlb ediləcəyi yer kimi nəzərdə tutulub. Bu sahə fəaliyyətə başlayandan sonra yaxın və uzaq ölkələrdən kazino oynamaq üçün ölkəmizə gələn imkanlı şəxslərin sayının artacağını hesab edirəm. Təbii ki, bu da xarici valyutanın ölkəmizə gəlməsi üçün yeni imkanların açılması deməkdir. Təəssüf ki, cəmiyyətdə kazino adı eşidilən kimi düşünmədən və onun verəcəyi xeyirləri bilmədən qeyri-adekvat reaksiya verənlər də vardır. Amma birmənalı şəkildə qeyd edə bilərəm ki, Xəzər dənizində süni torpaq sahəsində yaradılacaq kazino sənayesi ölkəmizə ancaq əlavə gəlirlər gətirəcək və hansısa mənfi tərəfləri olmayacaqdır”.
Deputat onu da vurğulayıb ki, kazino da turizmin bir sektorudur: “Bu sektor turizmin ən bahalı sahəsi hesab olunur. İnkişaf etmiş ölkələr dünya turizminin bu sektorundan daha çox pay almağa çalışır. Azərbaycanın yerləşdiyi coğrafiya, ölkəmizin inkişaf səviyyəsi, təhlükəsizlik, ictimai-siyasi sabitlik və kazino fəaliyyəti üçün yaradılmış hüquqi baza dünya kazino turizm bazarından müəyyən qədər pay almağımıza imkan verir. Bu imkanımızı müsbət dəyərləndirərək Azərbaycanı dünyada inkişaf etmiş ölkə və təhlükəsizlik adası olduğunu bu sahəni də inkişaf etdirməklə nümayiş etdirməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 31 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















