Icma.az
close
up
RU
Keçmişdə doğuş rahat olurdu mifi, ana olmaq istəyənlərin qorxduğu məqamlar Ginekoloqla müsahibə VİDEO

Keçmişdə doğuş rahat olurdu mifi, ana olmaq istəyənlərin qorxduğu məqamlar Ginekoloqla müsahibə VİDEO

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mama ginekoloq Aytən Allahverdiyeva vaxtından əvvəl doğuş, hamilələrin rastlaşdığı problemlər, qeysəriyyə əməliyyatları, hamiləlik dövründə qidalanma və s. mövzularda qadınları ən çox maraqlandıran mövzularda Ölkə.Az-a müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

- Son illərdə erkən doğuşların artdığı müşahidə olunur. Bunun əsas səbəbləri nələrdir?

 - Hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər olan doğuşlar vaxtından əvvəl sayılır. Bunun baş verməsinin səbəbləri ana və döl tərəfindən göstərişlər ola bilər. Məsələn, ananın elə bir ekstragenital xəstəliyi ola bilər ki, mütləq hamiləlik sonlanmalıdır. Hamiləlik sonlanmazsa, o zaman ananın həyatı üçün təhlükə yarana bilər. Həmçinin hamiləliyin ağırlaşması olan preeklamsiya, eklampsiya baş verərsə və yaxud da cift vaxtından əvvəl ayrılarsa, qanaxma olarsa, hamiləliyi sonlandırmağa məcbur oluruq. Eyni zamanda döl tərəfdən də göstərişlər ola bilər. Məsələn, dölün bədəndaxili hipoksiyası baş verdikdə, inkişaf ləngiməsi, inkişaf qüsuru olduqda hamiləliyi vaxtından əvvəl sonlandırmaq lazım gəlir.
Erkən doğuşların səbəbi eyni zamanda sosial faktorlar da ola bilər. Məsələn, 16 yaşına çatmamış ana olan qadınlarda vaxtından əvvəl doğuşlara tez-tez rast gəlirik. Bundan əlavə, zərərli vərdişlərin olması, xüsusən də indiki dövrdə qızlarımız, qadınlarımız arasında çox yayılmış tütündən istifadə vaxtından əvvəl doğuşlara gətirib çıxardır. Eyni zamanda sosial-iqtisadi durumun aşağı olması da erkən doğuşlara səbəb ola bilər.

Körpə vaxtından əvvəl doğulmuş olduğuna görə, onun bir çox orqanları hələ tam yetişməmiş olur. Onun ağciyər yetişkənlik dərəcəsi istədiyimiz səviyyədə olmadığına görə uşağın əlavə oksigen ehtiyacı yaranır və küvəzə qoyulur.

Eyni zamanda onda fizioloji reflekslər və dölün udma qabiliyyəti olmadığına görə biz onu zondla qidalandırmağa məcbur oluruq və s. Bununla yanaşı, bir çox narahatlıq və ağrılaşmalara rast gəlirik. 

Erkən doğuşların qarşısını almaq üçün yaxşı olar ki, bütün qadınlar hamilə qalmamışdan öncə həkimə müraciət etsinlər və laborator, ultrasəs müayinələrdən keçsinlər və onlarda hər hansı bir patologiya varsa, vaxtında aşkarlansın. Qızlarımız arasında daha çox yayılan anemiya, zob, şəkər, infeksiyalar və s. vaxtında aşkarlanmalı, müalicə olunmalı və onlar sonra hamilə qalmalıdırlar.

Hər bir qadın hamilə olduğunu bildiyi gündən həkimə müraciət eləməlidir. Bəzən xəstələr deyir ki, doktor hamiləyəm, amma gözləyirəm, 12-ci həftə olsun, sonra yanınıza gəlim. Gələndə bir də görürük ki, hamiləlik inkişafdan qalıb. Bu, düzgün deyil. Qadın hamilə olduğunu bildiyi gündən həkimə müraciət etməlidir. 
Çünki çoxu elə bilir ki, ancaq uşaqlıq hamiləliyi olur. Yox, ilkin başlanğıcda biz mütləq müayinə edirik ki, görək bu hamiləlik uşaqlıq hamiləliyidir, yoxsa uşaqlıqdan kənar hamiləlikdir. Boru, yumurtalıq, abdominal hamiləlik də ola bilər. Bütün bunlar da qadının həyatı üçün böyük təhlükə yarada bilər. 
Başlanğıcda biz hamiləliyin uşaqlıqda olduğunu bildikdən sonra müayinələrimizə başlayırıq. Hamilənin antenatal qulluğu (hamiləliyin ilk günlərindən doğuşa qədər davam edən tibbi nəzarət) həkim tərəfindən düzgün aparılmalıdır. 

Antenatal qulluqda hamilə qadının ailə vəziyyəti də böyük rol oynayır. Hamiləyə ailəsi, yaxınları fiziki, həm emosional-psixi cəhətdən, həm də sosial cəhətdən ona dəstək olmalıdırlar. 

 - Erkən doğuşdan danışmışkən yaxın günlərdə bir qadın metroda uşaq dünyaya gətirdi. Uşağın 36-37 həftəlik olduğu bildirilirdi. Sosial şəbəkələrdə yazırdılar ki, doğuşa az qalmış qadın nə üçün tək buraxılır? Ümumiyyətlə, hamilələri hansı müddətdən sonra tək buraxmaq olmaz?

- Erkən doğuş riski 22-ci həftədən sonra başlayır. Bu müddətdən sonra biz hər an doğuşu gözləyə bilərik. 22-ci həftəyə kimi baş verəcək hamiləliyin sonlanması isə düşükdür. 
Bütün hamilələrə məsləhət verirəm ki, ilk gündən sona kimi evdə tək qalmayın. Məsələn, əri işə gedir, özü evdə tək qalır deyə tənbəllik edirlər, vaxtında yeməyi bişirə bilmirlər, qidalanmaları düzgün olmur. Bunlar hamısı fəsadlara yol açır. 

 - Hamiləliyin erkən mərhələlərində bu riski azaltmaq üçün hansı tədbirlər görülə bilər?

-  Erkən doğuşun səbəblərindən biri də dediyim kimi, preeklampsiyadır. Bura yüksək təzyiq, ciftin ayrılması və s. daxildir. Bütün bunların qarşısını almaq üçün vaxtlı-vaxtında həkimə getmək və müayinələrdən keçmək lazımdır. 

- Son zamanlar hamilələr arasında ən çox rast gəlinən tibbi problemlər hansılardır?

 - Məncə, hamilələrin antenatal qulluğu son vaxtlarda daha ciddi hal alıb. Hamilələr əvvəlki dövrlərlə müqayisədə daha çox həkimə müraciət edir, analizlər verirlər. Yəni özlərinə qarşı daha həssas və diqqətcildirlər. Adətən problemlər artmır. Səhiyyə, tibb inkişaf elədikcə biz problemləri problemləri aradan götürməyə çalışırıq. 

- Orta yaşlı qadınlar deyir ki, indiki hamilələr hər gün həkimdədir. Deyirlər ki, biz o vaxt bu qədər həkimə getmirdik, uşaqlar da problemsiz doğulurdu. Bir həkim kimi sizin buna münasibətiniz necədir?

- Kimsə belə deyəndə soruşuram ki, nənənizin neçə uşağı olub? Deyir 8-9. Deyirəm, neçəsi ölüb, bildirir ki, 3-4-ü. Əvvəlki nəsillərə baxsaq, deyə bilərik ki, onların neçə uşaqları tələf olub. 

Doğulublar, tələf olublar, bətndaxili tələf olublar və yaxud da doğulandan 1-2 il sonra öüblər. İndi bu müayinələr, həkim qəbulları, analizlərin sayının artması bunların qarşısını almaq üçündür. 

Amma indi bir dölün belə tələf olmasını həm ailə, həm həkim, həm də səhiyyə sistemi böyük bir narahatlıqla qarşılayır. İstəyirik ki, heç bir qadının uşağı tələf olmasın. Bunun üçün bu qədər müayinələr var, həkim qəbullarının sayı artıb.

 - Nadir hallarda da olsa 7-8-ci ayına qədər hamilə olduğunu bilməyən qadınlar olur. Yəqin ki, həyatlarında ciddi diskomfort hiss etmirlər. Bunda qidalanma, həyat tərzinin təsiri nə qədərdir? 

- Çünki o vaxtlar fiziki aktivlik çox idi. Bu da sağlam hamiləliyin aparılmasının əsas səbəblərindən biri idi. Sağlam, düzgün qidalanma var idi. Eyni zamanda texnologiyadan da uzaq idilər. Ona görə də onların hamiləlikləri daha sağlam keçirdi. 

- Ümumiyyətlə, qidalanma və həyat tərzi bu problemlərin yaranmasında hansı rolu oynayır?

- Bəli, qidalanmanın çox böyük rolu var. Hamilə qadınlar müraciət edəndə ilk növbədə onlara necə qidalanmaq lazım olduqlarını başa salıram. Bütün hamilə qadınlara məsləhət görərəm ki, hər gün mütləq 2 litr su qəbul eləsinlər, kalsiumla zəngin qidalardan - qatıq, süd məhsullarından daha çox istifadə etsinlər. Ət məhsulları yesinlər. Daha çox mal, toyuq və balıq əti yesinlər, qoyun ətindən, şirniyyatlardan, duzdan uzaq dursunlar. Bunlardan qida rasionunda çox az miqdarda istifadə etsinlər. Onlar nə qədər düzgün qidalansalar, hamiləlik dövründə problemləri o qədər az olacaq, daha az dərmanlardan istifadə edəcəklər.

-  Bu gün hamilələrin ən çox şikayət etdikləri məsələ zülaldır. Bu nədən qaynaqlanır?

- Çoxlu maye qəbul etməməkdən, bu düzgün qidalanmamaqdan qaynaqlanır. Bir də olur ki, hamilənin özünün böyrək patologiyası olur. Qadın hamiləlikdən əvvəl həkimə müraciət etmir, vaxtında müalicə olunmur. Bu da hamiləlikdə ağırlaşmaya gətirib çıxardır. 
Bəzən də olur ki, hamilənin böyrək patologiyası olmasa da, ağırlaşma baş verir, zülal artır, təzyiq qalxır, ayaqlar şişir və s. Bu da vaxtından əvvəl doğuşa gətirib çıxardır. Bunun birinci səbəbi düzgün qidalanmamaqdır. Əgər o düzgün qidalansa, yüksək təzyiqi olmasa, sidikdə zülal da çox çıxmaz. Eyni zamanda düzgün həkim nəzarəti olmalıdır. 

- Stresin və sosial-psixoloji faktorların hamiləlik gedişatına təsiri barədə nə deyə bilərsiniz?

- Bəzi hamilələr var ki, müayinə zamanı hansısa problemi görünməsə də, baxıram ki, çox gərgindir, gecələri yata bilmir. Söhbət elədikdə başa düşürsən ki, ailə vəziyyəti qaydasında deyil, evdən daimi təzyiqlər var, şiddət görür və s.
Hamiləyə mümkün qədər həm psixoloji, həm sosioloji baxımdan ailə dəstəyi lazımdır. O, emosional baxımdan da dəstəklənməlidir ki, hamiləliyi başa çatdıra bilsin. Çünki insanın bədənində ikinci bir canı daşımaq çox çətindir. 
Ana olmağa hazırlaşan qadınların halsız, kefsiz olmaqlarını başa düşürəm. Həmişə də yoldaşlarına deyirəm ki, insan öz canını daşıya bilmir, bu insan bədənində ikinci bir can var, onu başa düşmək, nazıyla oynamaq lazımdır.

- Bu gün xeyli sayda işləyən qadınlar var və analıq məzuniyyətinə qədər bu davam edir. İşləmək də stressiz ötüşmür. Belə olan halda nə etməlidirlər?

- İşləyən qadınlar üçün ilk həftələrdən zərərsiz işdən uzaq olmaq üçün və işdən bir saat tez çıxmaları üçün arayış verilir. Bu arayışı iş yerinə təqdim edirlər. Əgər qadın hamilədirsə, onun müdiriyyətinin heç bir ixtiyarı yoxdur ki, ona daha ağır işlər tapşırsın və ya gec saatlarda işləməyə məcbur etsin.
Hətta onun 1-2 saat işdən tez çıxmaq hüququ var. Bütün bu qaydalar hamiləni ağır yükdən azad etmək üçün nəzərdə tutulub.
30-cu həftədən sonra isə qadın analıq məzuniyyətində çıxa bilər. Çox vaxt da hamilə qadınlarımız özləri 30 həftəyə kimi gedib-gəlmək istəyirlər. Yəni normal, yüngül işləri varsa, o iş onlara o qədər də pis təsir eləmir. 

- Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı nə dərəcədə artıb və bu nəyə bağlıdır?

- Statistikanı deyə bilmərəm, amma bəli, hamiləliyin qeysəriyyə üsulu ilə sonlandırılması artıq get-gedə artır. 
Bunun da əsas səbəbi pasiyentlərdir. Çünki qızlarımız ağrıdan qorxurlar. Elə bilirlər ki, ağrılara dözə bilməyəcəklər. Həmişə onları başa salıram ki, 2-3 dəqiqə sancı çəkirsiniz, sonra elə hiss edirsiniz ki, sanki heç ağrı yoxdur. Deyirəm ki, fasilələr olur, narahat olmayın, o ağrıdan heç kəsin başına bir iş gəlmir, doğuş sancıları sizdə heç bir fəsad törətməyəcək. Amma bu gün qızlarımız fiziki, bir az da psixoloji cəhətdən də zəif olduqlarına görə, ağrılara hazır olmadıqlarına görə, fikirləşir ki, dözə bilməyəcəklər. Ona görə də rahat olacağını düşünərək daha çox qeysəriyyə əməliyyatına üstünlük verirlər.

- Adətən ana olmağa hazırlaşan şəxslər xeyli öncədən doğuşun təbii, yoxsa qeysəriyyə üsulu ilə olacağını öyrənirlər. Lakin bəzi hallarda hamiləlikdə hər şey qaydasında olsa belə, son anda ana əməliyyata götürülür. Bunun səbəbi nədir?

- Qeysəriyyə əməliyyatına döl və ana tərəfindən göstərişlər olmalıdır. Ümumiyyətlə, əgər qadında birinci hamiləlik qeysəriyyə ilə sonlanıbsa, yəni uşaqlıqda çapıq varsa, gərək ikinci hamiləlik də əməliyyatla olsun. Çünki uşaqlıqda çapıq olan ananı biz normal doğuşa alsaq, sancılar müddətində uşaqlıq çapığı aralana və həm ana, həm də döl üçün həyati təhlükə yarana bilər. 

Bundan əlavə, anada preeklampsiya - sidikdə zülalın olması, təzyiq, ödəm və s. hamiləliyin qeysəriyyə üsulu ilə aparılmasına səbəb olacaq həyati göstərişdir.
Eyni zamanda ciftin vaxtdan əvvəl ayrılması, anada qanaxmaların baş verməsi, ananın çanağı ilə dölün başı arasında uyğunsuzluğun yaranması (anatomik və ya kliniki dar çanağın olması) da əməliyyat üçün göstəriş ola bilər.
Bunlarla yanaşı, əgər döldə hipoksiya baş verirsə ola bilər. Döldə inkişaf ləngiməsi olduqda, doğuş yolları hazır olmadıqda, sancı zəiflikləri olduqda biz ananı əməliyyata götürməyə məcbur oluruq.

- Qeysəriyyə əməliyyatının ana və uşaq üçün riskləri varmı? 

- Təbii ki, əməliyyata daxil olmaq, anesteziya almağın da öz riskləri var. Əməliyyatdan sonra atoniyanın, trombemboliyanın qanaxmanın olması ana üçün risklərdir. Əməliyyatdan sonra ana xəstəxanada qalır, intensiv terapiya otağında tibbi heyətin (anestezioloq, reanimatoloq, anestezioloq, mama-ginekoloq, mamaça) nəzarətində olur və bu risklərin qarşısı alınır.

 - Deyirlər ki, keçmişdə təbii doğuş zamanı çox sayda uşaq travma alıb. İndi qeysəriyyə bunun qarşısını alır. Bu nə dərəcə doğrudur?

- Məsələn, sarğı gəlişi (dölün başı doğuş kanalına çarpaz və ya yan tərəfdən daxil olur). Keçmişdə qeysəriyyə əməliyyatı olmadığına görə, sarğı gəlişi olan bütün hamilələr doğuşu ötürürdürlər. Doğuşu da ötürəndə uşağın başı düz gəlməyəndə bir çox travmalar ala bilirdi. Amma indiki dövrdə bizim protokollarımızda sarğı gəlişi qeysəriyyə əməliyyatı üçün göstərişdir. Sarğı gəlişində olan dölü biz əməliyyatla rahat şəkildə çıxardırıq və o heç bir travma almır. 

 - Son vaxtlar Daun sindromu və autizm diaqnozu qoyulan uşaqların sayında artım müşahidə olunur. Bunun səbəbləri nələrdir?

 - Ən çox yayılmış genetik xəstəliklərdən biri də Daun sindromudur. Daun sindromunu aşkarlamaq üçün 12-ci həftədə bütün hamilələri ultrasəs müayinəsindən keçiririk və eyni zamanda ikili testi məsləhət görürük. Ultrasəs müayinəsində burun sümüyünə, boyun, ənsə qalınlığına baxılır. Əgər burada heç bir problem yoxdursa, ikili testin cavabı da normal gəlibsə, 70% düşünürük ki, bu uşaqda Daun xəstəliyi olmayacaq. 
Amma onu deyim ki, ikili testin cavabları 70%  dəqiqdir. İkili testin analizində problem varsa, anaya 16-cı həftədə üçlü testi, 18-20-ci həftələrdə dördlü testi təkrar olaraq etməyi məsləhət görürük. Hazırda daha geniş və daha dəqiq informativ olan NİPT testi var. Bu test təkcə Daun xəstəliyini deyil, həmçinin bir çox genetik xəstəlikləri aşkarlaya bilər. Lakin bahalı olduğu üçün hər kəs etdirə bilmir. 

Evində, ailəsində Daun xəstəliyi uşağı olduqda, nəsildə kimdəsə genetik xəstə uşaq varsa, ailə mütləq şəkildə NİPT testini verməyə məcbur olur.
Autizm xəstəliyinə gəldikdə isə bütün dünyada səbəbi bilinmir və bunu hamiləlik zamanı aşkarlamaq üçün elə bir analiz, metod yoxdur. Bu, qlobal problemdir. 
Son vaxtlarda bu məsələ araşdırılsa da, dəqiq olaraq səbəbi bilinmir. Bunu daha çox texnologiyanın inkişafına - mobil telefonlarla, hamilələrin daha çox şüaya məruz qalması ilə əlaqələndirirlər, amma bunu təsdiq edən bir məlumat yoxdur.

- Hamiləliyin sağlam keçməsi üçün qadınlara əsas hansı tövsiyələri verirsiniz?

- İlk növbədə bütün qadınlar hamiləlikdən əvvəl həkimə müraciət etsinlər ki, onların xroniki xəstəlikləri varsa, vaxtında aşkar olunsun, müalicə alsınlar sonra planlı şəkildə hamilə qalsınlar. Hamilə qalan ilk gündən də həkimə müraciət etmələri məsləhətdir. Düzgün həyat tərzi, sağlam qidalanmaq və həkim nəzarəti ilə hamiləliyi normal şəkildə başa gəlib çatdırmaq mümkündür. 
Hər gün bir saat açıq havada oksigen qəbul etsinlər, çox da iti olmayan normal addımlarla yerisinlər.

- Hansı əlamətlər hamiləlik zamanı təcili tibbi müdaxilə tələb edir?

- Hamilə qadında qanaxma, yüksək təzyiq, güclü sancılar olarsa, dölyanı mayelər axarsa, təcili tibbi yardım çağırılmalı, ən yaxın xəstəxanaya müraciət edilməlidir. Bu hallar baş verdikdə, hamilə qadın özü avtomobilə əyləşib getməməlidir, təcili yardım çağırılmalıdır.

 - Bəzi hamilə qadınlarda ürəkbulanma sonuncu aylara qədər davam edir. Bunun səbəbləri nələrdir?

- Hamiləliyin erkən və gecikmiş toksikozları var. Bu da yüngül və ya ağırlaşmış dərəcədə ola bilər. Başlanğıcda yüngül formada toksikozlar olur və bunun qarşısını almaq üçün dərmanlar yazırıq. Hamilələrə məsləhət görürəm ki, yuxudan oyananda qidalanmağa sadə suxari ilə başlasınlar. Bu mədə turşuluğunu öldürür və nisbətən bulantının qarşısını alır. Eyni zamanda mineral sular içmək məsləhətlidir. Bəzi analarda isə nə etsə də, daha ağır toksikoz olur. Onda mütləq hamiləliyi sonlandırmağı məsləhət görürük. Çünki daha ağır nəticələrə gətirib çıxara bilər. 9 ay müddətində ara-sıra qusmalar olur. Hamiləlik böyüdükcə mədəni, diafraqmanı sıxır, bu da analara yüngül formada narahatlıq yaradır. Həmin dövrlərdə qaraciyərin göstəricilərini mütləq yoxlatdırmaq lazımdır. 

 - Bəzən hamiləliyin sonuncu günlərini yaşayan qadınlarda ürəkbulanma, qaytarmalar olur. Bu nə ilə əlaqədardır? 

- Bu, sadə bulantı deyil. Hamiləlik yuxarı həftələrə getdikcə yaşanan bulantılar qaraciyər, böyrək problemindən qaynaqlana bilər. Nəticədə hamiləliyin ağırlaşması ola bilər. Yəni bu sadə toksikoz deyil. 

- Gənc analar arasında məlumat azlığı hansı risklərə yol açır? 

- Vallah, gənc analar o qədər məlumatlıdırlar ki... İndiki dövrdə o qədər hər şey sürətlə inkişaf edir ki, hər şeyi bilirlər. İnternetə “hamiləliyin başlanğıcında nə etmək lazımdır?” yazırlar və bilirlər. 
Bir şey olan kimi, hamısı “ChatGPT”yə müraciət edir. Zəng vururlar ki, doktor, “ChatGPT”dən soruşdum, bunları dedi. Deyirəm ki, onları beynindən sil getsin. Süni intellekt sizə ümumi şəkildə danışır.
 

- İndiki dövrdə insanlar demək olar ki, hər şeyi, o cümlədən səhhətlərində olan narahatlıqları süni intellektdən soruşurlar. Belə desək, kor-koranə süni intellektə güvənirlər və həkimə getmirlər. Bu barədə nə deyə bilərsiniz? 

- Qəti şəkildə hamilə qadınlar bundan istifadə etməsinlər. Süni intellekt ümumi xəstəliklərin gedişatından danışır. Məsələn, bir xəstə vardı. Uşaqlıq boynundan skrininq pap test analizi vermişdi. O analizin nəticəsinə əsasən, biz pasiyentə xərçəng, uşaqlıq boynu xərçəngi varmı və yaxud da gələcəkdə ola bilərmi deyə məlumat verə bilirik. Onda analizin nəticəsində atipik hüceyrələr aşkarlanmışdı. Bəli, bu hansısa bir xərçəng hüceyrələri də ola bilər, amma o demək deyil ki, atipik hüceyrələr aşkarlanarsa, o, xərçəng olacaq. Bu hüceyrələr hansısa iltihab proses nəticəsində də yarana bilər. İnanırsınız, o qadın müalicə alıb nəticəni görənə qədər süni intellekt onu bir vəziyyətə qoymuşdu, bütün gün ağlayırdı. Ora “pap testi atipik hüceyrələr” yazanda ancaq xərçəngdən danışır. Pasiyent də elə bilirdi ki, o ancaq xərçəngdir. Ona görə deyirəm ki, süni intellekt ancaq ümumi məlumatlar verir. Bu xəstəlikləri hər bir fərdə aid etmək olmaz. Mütləq həkim müayinə etməlidir ki, diaqnozu nədir.

- Bəzi mütəxəssislər deyir ki, süni intellektdən xəstələr yox, həkimlər, tibbi bilən adamlar istifadə etməlidir. Siz bir mütəxəssis kimi süni intellektdən yararlanırsınızmı?

- Heç müraciət eləməmişəm. Yəni mən özümə, ağlıma güvənirəm. Düşünmürəm ki, süni intellekt həkimləri əvəz edəcək qədər ağıllı olsun.

 - Hamilə qadınların ən çox narahat olduğu suallar hansılardır?

- Ana olmağa hazırlaşan qadınlar daha çox soruşurlar ki, tərpənişləri nə vaxt hiss edəcəyəm. Bu, 20-ci həftədən sonra baş verir. Ya da ana bətnindəki körpənin hərəkətliliyi azalan kimi narahat olurlar. Deyirəm qorxmayın, artıq doğuma yaxın hərəkətləri az hiss edə bilərsiniz. Bu, normaldır. 

 - Arzuolunmaz hamiləliklərin sonlandırılması, yəni dəfələrlə abort etdirməyin qadın sağlamlığına zərərləri nələrdir?

- Məsləhət görürəm ki, birinci olaraq qoruyuculardan istifadə etsinlər, arzuolunmaz hamiləlikdən uzaq olsunlar. Hamiləliyi sonlandırmaq orqanizmə çox böyük zərbə vurur. Çünki əgər qadın hamilədirsə, onun bütün orqanizmi, hormonları və s. hamiləliyi başa çatdırmaq üçün hazırlaşır. Bu yarıda dayandıqda artıq o hormonların yenidən geriyə oturması zaman alır. Abort qadına həm fiziki, həm də psixoloji cəhətdən zərbə vurur.

Təbii ki, hamiləliyə müdaxilə olunursa, uşaqlığın daxili endometriya qatları zədələnir. Bu, təkrar hamiləliklərdə problemlər yaradır. Həmçinin abortdan sonra uşaqlıqda infeksiya baş verə bilər ki, bu da sağlamlıq üçün zərərlidir.

Sağlam hamiləlik üçün qadınlara həkim nəzarəti və ailə dəstəyi vacibdir. Nəsil artırmaq kimi böyük bir məsuliyyət qadınların üzərindədir. Həyat yoldaşları, qayınanalar, baldızları onlara dəstək olsunlar. 

Hamiləliyində ən çox problem yarananlar kimsəsiz, ailə dəstəyi görməyənlər, sosial təminatı aşağı olanlardır. İmkanları çatmır, dərman ala bilmirlər, vaxtında yoxlanışlardan keçə bilmirlər. Ana olmağa hazırlaşan şəxs zorakılıq görürsə, söyülürsə, pis vəziyyətdədirsə təbii ki, o hamiləlik ağrılaşacaq, vaxtından əvvəl doğuş olacaq. Arzu edirəm ki, bütün qadınlarımızı qorusunlar, onların qədrini bilsinlər.

Billurə Yunus
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see224

“Tramp Putini dayandıra biləcək yeganə şəxsdir” Zelenski

22 Avqust 2025 20:24see130

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see129

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see125

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see124

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see123

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see122

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see121

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see120

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

22 Avqust 2025 05:01see119

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see119

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see119

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see118

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see118

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see116

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see115

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see115

Ali Baş Komandanın Kolatağ və Vəngliyə səfəri Böyük Qayıdışın sevinc anları

22 Avqust 2025 18:27see115

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see114

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri