Keçmişdən bu günə, dəyişən xidmət və keyfiyyət: Qastronomlardan super marketlərə
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxud, şəbəkə marketlərinin qısa ərzaq tədarükü zəncirinin yaradılmasında rolu
Yaxın tariximizdə ictimai iaşə, ticarət sahələri xeyli inkişaf, tərəqqi yolu keçib. Uşaqlıq dövrümüzə təsadüf edən sovetlərin qastronomları zaman keçdikcə öz yerini şəbəkə marketlərinə verib. Təbii ki, bu keçid mərhələsi heç də asan olmayıb. Lakin qastronomlardan şəbəkə marketlərinə keçid həm uğurlu, həm də bütün parametrlər baxımından səmərəli olub.
Qastronomlardan günümüzün şəbəkə marketlərini fərqləndirən əlamətlərdən biri ondan ibarət idi ki, birinci də səliqə, gigiyena qaydalarına o qədər də əməl edilmirdi. Sovet dövrünün köhnə, uçuq, sökük mağazalarının piştaxtaları aylarla təmizlənmir, müxtəlif həşəratların yuvasına çevrilirdi. Şəkər tozu, müxtəlif şirniyat məhsullarının üzəri bir qayda olaraq milçəklə dolu olurdu. Həmin qidaları ətrafın yan təsirlərdən qorumaq üçünsə yeganə yol onların üzərini əski ilə örtmək idi. Ona görə də bir qayda olaraq qastronomlarda satılan qidalar insan orqanizmi üçün fəsadlar yaradırdı. Bir sözlə bu kimi ticarət obyektlərində ərzaq təhlükəsizliyindən danışmaq mənasız idi.

Qastronomları günümüzün şəbəkə marketlərindən fərqləndirən bir digər xüsus isə ondan ibarət idi ki, birinci də əsasən ittifaq ölkələrindən göndərilən mal və məhsullar satılırdısa, bu gün şəbəkə marketlərində istehlakçıya təqdim edilən məhsulların 80-90 faizi yerli istehsaldır. Hətta şəbəkə marketlərində istehlakçıya təqdim ediləm məhsulların əksəriyyəti bu gün dünya bazarlarında özünə yer tutub.
Qastronomları şəbəkə marketlərindən müqayisələndirən məqamlardan biri də qida, ərzaq tədarükü zəncirinin düzgün qurulmamasıdır. Bu gün ölkədə fəaliyyət göstərən şəbəkə marketlərinin əksəriyyətində ərzaq tədarükü zənciri düzgün istiqamətdə qurulub deyə bilərik. Bütün bu müsbət tendensiyalar səbəbindən şəbəkə marketləri getdikcə inkişaf edir, özünə geniş müştəri toplaya bilir.
Şəbəkə marketləri demək olar ki, dünyanın bütün iqtisadiyyatları üçün vacib bir mövqedədir. Bu biznes strukturları olduqca əhəmiyyəti, xüsusən də gəlir bölgüsü və məşğulluq problemi ilə üzləşən inkişaf etməkdə olan ölkələr üçün artmaqdadır. Şəbəkə marketləri həm istehsala, həm də qənaət və investisiyaların artırılmasına və biznes fəaliyyətlərinin genişlənməsinə kömək edirlər.
Şəbəkə marketləri ticarət sahəsində inqilabı gediş olmaqla yanaşı, artan tələbat səbəbindən mənfəəti artırmaq üçün təşviq və böyümək istəyindən irəli gələrək əsaslı dərəcədə inkişaf yolu keçib.

Ərzaq bazarlarındakı bu dəyişiklik öz növbəsində müəssisələrin strukturunda da dəyişikliklər yaratmağa başladı.
Şəbəkə marketləri təsis və kapital quruluşlarına, eləcə də əhatə dairəsinə görə kiçik, yerli və regional strukturlar olaraq xarakterizə edilir. Forma və xarakerindən asılı olmayaraq şəbəkə marketləri məşğulluğun artırılması, sosial rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərir.
Bununla paralel olaraq bu tip xidmət sahələri istehlakçı ehtiyaclarını ödəmək, rəqabət mühiti yaratmaq baxımından dövlətdə, cəmiyyətlərdə mühüm funksiyalardan birini icra edir. Şəbəkə marketlərinin mövcudluğu istər-istəməz istehsal prosesinə, ümumi daxili məhsula və ixracata da təsirsiz ötüşmür. Şəbəkə marketləri lokal istehsal və tərəfdaşlıq baxımından böyük şirkətlərə köməkçi olmaqla bərabər, milli iqtisadiyyatın inkişafında da yüksək potensiala malikdirlər. Xüsusilə, işsizliyin azaldılması üçün dövlət siyasətinə sürətlə inteqrasiya etmək iqtidarındadırlar.
Şəbəkə marketlərinin ərzaq tədarükü zəncirinin yaradılmasında rolu da mühüm faktorlardan biridir.
Bu bir danılmaz faktdır ki, kənd təsərrüfatının və qida zəncirinin hər mərhələsində risk var. Bu risk həm qida təhlükəsizliyi, həm də itkilər baxımından mövcuddur. Davamlı olaraq temperaturun dəyişməsi və qeyri-gigiyenik şərait mikroorqanizmlərin çoxalmasına və məhsulların fiziki, duyğu və kimyəvi strukturlarının pisləşməsinə səbəb olur. Bu səbəbdən istehsaldan istehlaka qədər bütün mərhələlər zəncir qırılmamalı və bütün əməliyyat gigiyenik şəraitdə həyata keçirilməlidir. Bunun üçünsə qablaşdırma, anbar, nəqliyyat vasitəsi, gigiyena və ətraf mühit şəraiti ilə bağlı personalın təlimi, onların məlumatlılığının artırılması son dərəcə vacibdir.

Şəbəkə marketlərinin qısa ərzaq tədarükü zəncirinin yaradılmasın mərhələsində ən böyük problem təzə meyvə-tərəvəz məhsullarındadır. Bir qayda olaraq tarlalardan, yaxud istixanalardan götürülmüş məhsullar istehlak bazarlarında, şəbəkə marketlərində satışa çıxarılır. Məhsullar topdansatış bazarlarında yerli bazar satıcılarına, tərəvəzçilərə, qida bizneslərinə, şəbəkə marketlərə satılır və nəticədə bu müəssisələr vasitəsilə istehlakçılara çatdırılır. Məhzulun tarladan şəbəkə marketləri vasitəsilə istehlakçıya çatdırılmasına qədər uzun bir yol qət edilir. Bu uzun paylama kanalı “istehsalçı – kollektor – broker– daşıyıcı – topdansatış broker – anbar – şəbəkə marketi – istehlakçı mərhələlərini keçir. Proses kifayət qədər uzun və mərhələli olduğu üçün bu, itkiləri və xərcləri artırır, məhsulun keyfiyyətini aşağı salır.
Statistik məlumatlara görə, Azərbaycanda ildə təxminən 30-35 min ton təzə meyvə-tərəvəz istehsal olunur. Lakin istehsal edilən təzə tərəvəz və meyvələr tarladan şəbəkə marketlərdən keçməklə süfrəyə gəlib çatana qədər xeyli itkilərə məruz qalır. Araşdırmalar göstərir ki, itkilər orta hesabla 15-40 faiz təşkil edir. Meyvə-tərəvəz məhsulları kənd təsərrüfatı ixracında təxminən 15% paya malikdir və kənd təsərrüfatına əsaslanan sənaye istehsalının (konservlər, tomat pastası, meyvə şirəsi, dondurulmuş qida və s.) mühüm daxilolmalarından biridir. Nəticədə qida istehsalı və paylanması geniş təchizat zəncirinə malikdir. Zəncirin hər mərhələsində qida təhlükəsizliyi və itkilərinin qarşısı alınmalıdır. Bunun əsas həlli yolu isə Qısa Təchizat Zəncirinin yaradılmasından keçir.
Bu danılmaz bir gerçəklikdir ki, qida tədarük zəncirində insan sağlamlığına birbaşa təsir edən ən mühüm amillərdən biri də “Soyuq Zəncir Logistikası”dır. Təchizat zəncirinin istənilən mərhələsində soyuq zənciri pozulmuş qida təhlükəsiz qida hesab edilmir. Birmənalı olaraq soyuq zəncirlə daşımalarda qəbul edilən məhsulların temperaturu ölçülməli və qeydə alınmalı, mallar nəqliyyat vasitəsinə yüklənməzdən əvvəl əvvəlcədən soyudulmalı, nəqliyyat vasitəsinə yüklənmiş məhsul standart temperaturda daşınmalı, məhsullar ətraflarında hava sirkulyasiyasına imkan verəcək şəkildə yerləşdirilməli, məhsullar sandıq və ya altlıqlarla avtomobilin döşəməsindən çıxarılmalı, nəqliyyat vasitəsinin içərisində nəzarətsiz hərəkətin qarşısını alan seperatorlardan istifadə edilməlidir. Bir qayda olaraq isə tələblər bu qaydada yerinə yetirilməlidir. -18/-25 dərəcə, şaxtalı, 0/+4 dərəcə soyuq, +8/+18 dərəcə sərin temperaturda. Logistika, daşımalar zamanı tələbə uyğun və lazım olduqda avtomobilin içərisinə termal pərdələr də quraşdırılmalıdır. Malların hündürlüyü üfürülən havanın qarşısını kəsməməli və buxarlandırıcının eniş hissəsi məhsulla örtülməməli, məhsullar satış məntəqəsinə daşınarkən çox qısa müddətdə boşaldılmalıdır. Bu zaman avtomobilin arxasına quraşdırılmış arxa qaldırıcılar (hidravlik qaldırıcılar) və diyircəkli qəfəslər (təkər qəfəsləri) tövsiyə oluna bilər. Avtonəqliyyat vasitələrinin soyuducularına müntəzəm texniki qulluq və kalibrləmə aparılmalı, avtomobildaxili qızdırıcı qurğu və kabellər düzgün yerə qoyulmalı və çəkilməlidir. Anbarların və nəqliyyat vasitələrinin təmizliyi və zərərvericilərə qarşı mübarizə təmin edilməlidir. Maşının kuzovu və soyuducu bütöv olmalıdır. Biri yaxşı, digəri zəifdirsə, istilik itkisi baş verəcək. Avtomobilin gövdələrinin izolyasiyası vacibdir və vaxtaşırı termal kameralarla yoxlanılmalı, istilik itkisinə səbəb olan amillər aradan qaldırılmalıdır. Nəqliyyat vasitələrindəki temperatur davamlı olaraq ölçülməli, uzaqdan izlənilməli, lazım gəldikdə müdaxilə edilməli və qeydə alınmalıdır. Soyuducu anbarlar istilik izolyasiyası və buxar diffuziyası (keçiricilik) izolyasiya standartlarına uyğun olaraq idarə olunan atmosferdə, xarici temperaturun dəyişməsindən asılı olaraq tikilməlidir. Temperatur itkisinin qarşısını almaq üçün malların qəbulu və hazırlanması sahələrində və panduslarda sərin otaqlar və üfleyicilər olmalıdır. İş prosesinə uyğun qapı tiplərindən, flap zərbəli qapılar, avtomatik sürüşmə qapılar, sürətli keçid qapıları və s. istifadə edilməlidir. Vahid sahəyə yığıla bilən qida yükü (ton/m2) standartlarına əməl edilməlidir. Dünyanın ozon təbəqəsi üçün zərərli olan freon mənşəli mayelərin soyutma sistemində istifadəsindən imtina edilməlidir. Soyuducu anbar və otaqlarda temperatur və rütubətə nəzarət avtomatik (elektron) olmalı və qida məhsullarının növünə uyğun tənzimlənməlidir. Ehtiyaca görə bir-birindən müstəqil istifadə edilə bilən soyutma və dondurma otaqları olmalı, istiliyin homojen paylanması təmin edilməlidir. Soyuducu anbarlar tez və asanlıqla təmizlənə bilən infrastruktura malik tikilməlidir.

Onu da qeyd etmək lazımdır ki, ərzaq tədarükü zəncirində tez xarab olan qida məhsullarının beynəlxalq daşınması və bu nəqliyyat fəaliyyətində istifadə olunacaq xüsusi avadanlıq haqqında Saziş də mövcuddur. Sözügedən sazişdə qida tədarükü zənciri prosesində daşınması lazım olan qida məhsulları sadalanır. Sənəd həmin məhsulların daşına biləcəyi temperaturları və standartlara uyğun olmaq üçün müvafiq avadanlıqda aparılmalı olan sınaqları müəyyənləşdirir, eyni zamanda həmin standartlara uyğun olan avadanlıq üçün sertifikatlaşdırma təmin edən bir sistemin qurulmasını təmin edir. Etiraf etmək lazımdır ki, qida tədarükü zənciri prosesində mövcud olan bəzi çatışmamazlıqlar ölkəmizi sözügedən Konvensiyasına əməl edəcək səviyyədə göstərmir. Ən başlıca çatışmamazlıq qida tədarükü zəncirində vasitə rolu oynayan avtomobil gövdələrinin qeyri-standart və nəzarətsizliyidir. Ekspertlərin qənaətincə, mövcud vəziyyətlə bağlı yoxlama aparılsa, normaya uyğun olmayan çoxlu nəqliyyat vasitələrinin olduğu üzə çıxacaq. Bir başqa məsələ ondan ibarətdir ki, “Tərəvəz və meyvələrin topdan və pərakəndə ticarətində riayət edilməli olan Standart Təcrübələrə Dair Prosedur və Prinsiplər haqqında Kommunike”nin tələbləri də bir sıra hallarda pozulur. Bunun bir səbəbi də qida tədürükü zənciri prosesində şəbəkə marketlərin, bu sektorun istənilən dəstək əldə edə bilməməsidir. Çünki sektorun mövcud reallıqları çərçivəsində şəbəkə marketlərinə dəstək və stimullar verilmədikcə, bu standartların qısa müddətdə həyata keçirilməsi mümkün görünmür. Bundan əlavə, məhsul və istehsal standartlarını dəqiqləşdirmədən qablaşdırma və daşıma standartlarının müəyyən edilməsi arzu olunan nəticəni vermir.
Göründüyü kimi, ölkəmizdə qida logistikası, tədarük zəncirində birbaşa iştirak edən kifayət qədər səlahiyyətli şirkətlərin olmaması da sektordakı çatışmamazlıqlar sırasındadır. Problemin yeganə çıxış yolu milli əsasda saxlama və daşıma standartlarını tətbiq etmək və onlara effektiv nəzarət etməkdir.
Süleyman İsmayılbəyli
Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Keçmişdən gələcəyə gedən yol
17 Yanvar 2025 10:35
Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib FOTOLAR
20 Fevral 2025 16:53
Ramazan ənənələri keçmişdən bu günə Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
28 Fevral 2025 10:39
“Azərbaycan Atabəyləri” Keçmişdən gələcəyə vizual avanqard
24 Dekabr 2024 10:35
Keçmişdən gələn musiqi insanların xatirələrini canlandırır…
03 Aprel 2025 21:05

