Icma.az
close
up
RU
Keçmişi indiyə çağırmaq

Keçmişi indiyə çağırmaq

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında

Gəncliyimin ucsuz-bucaqsız kainatda özümə bir istinad nöqtəsi tapmaq üçün həqiqət sorağına çıxdığım illərində yollar, cığırlar, izlər məni tez-tez hansısa filosofun qapısına aparırdı. Onların arasında antik filosoflar da vardı, qədim Şərq müdrikləri də, orta çağ mütəfəkkirləri, klassik alman fəlsəfəsi nümayəndələri də, yeni dövrün fikir cərəyanlarını yaratmış düşüncə azmanları da. Onda elə bilirdim həqiqət haradasa bəzəkli-düzəkli gəlin kimi hazırca oturub məni gözləyir, sadəcə, onun yerini-yurdunu tapmaq lazımdır; ola bilməz ki, bunca dahilər yetirmiş dünyada haqqın ünvanı, mütləq həqiqətin düsturu hələ də gizli qalsın.

Ruhuma çox yaxın dini-fəlsəfi təlimlə tanış olanda bir müddət özümü sonsuz kosmik okeanın sirrini qarmağa keçirmiş balıqçı kimi xoşbəxt sanırdım, günlərlə, həftələrlə yeni kəşfimin zövqünü sinirlərimdə, yeni həqiqətimin dadını damağımda gəzdirirdim, düşünürdüm, aha, bax bu nədirsə, əsl mən axtardığımdır, xalis mənə lazım olandır. Çox keçməmiş pəjmürdəlik dönəmi başlayırdı, bağçasında dolaşdığım təlimin dadı canıma yatan, qoxusu doğma gələn meyvələrindən, çiçəklərindən sonra dadından-qoxusundan zövq almadığım, könlümü dalayan bar-bəhərinə də toxunanda öz-özümə deyirdim: yox, bu da mən deyən deyil, bu da o deyil. Ardınca haqqın tikanlı gülüstanına yeni ayaqyalın yürüşlər başlanırdı, həqiqət çiçəyini qoxulamaq üçün mütləq o tikanlığı ayaqlayıb keçməliydin.

Sonralar anladım ki, mən axtardığım hazır resept dünyanın heç harasında yoxdur, heç bir vaxt da olmayıb, nə qədər soraqlasam da, o düstur heç kimin sandığından çıxmayacaq. Onu yarada bilsən, özün yaratmalısan...

***

Həmin illərdə özümə çox doğma sandığım fikir adamlarından biri də yəhudi əsilli fransız filosofu Anri Berqson (1859-1941) idi. Maarifçi babaların hələ ondan yüz il qabaq taxta çıxardıqları rasional düşüncənin, pozitivizmin hökmranlıq elədiyi epoxada Berqsonun intuitivizmə önəm verməsi, ruhani fəhmi əqli-gerçəkçi təfəkkürdən, intellektdən uca tutması dediyim doğmalığa rəvac verən başlıca səbəb olmuşdu.

Əslində, Berqsonun nəzəriyyəsi o qədər də yeni deyildi, Platondan, Plotindən, Avqustindən, Dekartdan, Spinozadan, Kantdan, Şellinqdən üzübəri gələn böyük fəlsəfi məktəbin, oturuşmuş mistik-idealist düşüncə sisteminin yeni dil-üslubla, yeni metodlarla, həm də ən “uyğunsuz” vaxtda ehya olunmasıydı. Klassik müsəlman Şərqinin sufiləri, mistikləri özlərindən əvvəlki oxşar təcrübələri Quranın başlıca müddəalarının bazası üzərində sintez eləməklə, onları islam fəlsəfəsinin ətrafına yığıb toplayıb calaşdırmaqla bu düşüncəni misli görünməmiş zirvələrə qaldırmışdılar.

Şopenhauerin, Nitsşenin təkan verdiyi (onlardan fərqli olaraq Berqson vahid ilahi başlanğıca inanırdı), sonradan “həyat fəlsəfəsi” adlandırılan irrasional fəlsəfi dünyagörüş Berqsonun yaradıcılığında pik nöqtəsinə çatdı, özündən sonra gələn, hətta özüylə təxminən eyni vaxtda yaranmış fenomenologiya, ekzistensializm kimi nəhəng düşüncə məktəblərinə böyük təsir göstərdi. Üstəlik, onun təsiri fəlsəfəylə çəpərlənmir, Berqsonun yaradıcılığı iyirminci əsrin ədəbiyyatına, incəsənətinə, elminə, hətta siyasi dünyagörüşünə bu günəcən silinməmiş izlər salıb. “Yaradıcı təkamül” adlı traktatına görə o, 1927-ci ildə Nobel mükafatına layiq görülmüşdü - bu, Nobelin verilmə tarixində yeganə belə haldır, Rassel, Kamü, Sartr kimi filosoflar ən yüksək mükafatı sırf fəlsəfi yox, məhz ədəbi-bədii, yaxud bədii-publisistik əsərlərinə görə almışdılar.

***

Öz traktatlarını ədəbi üsluba yaxın bir tərzdə, obrazlı dillə yazdığına baxmayaraq Anri Berqsonun fəlsəfəsini şərh eləmək asan deyil. Onun sisteminin mərkəzində “həyat coşqusu” (“həyat eşqi”, “həyat püskürtüsü”, “yaşamaq impulsu”, “olum arzusu” kimi də tərcümə oluna bilər) adlandırdığı kosmik proses yer alıb. Bu, təxminən Tanrıdan vəhy olunan ilahi ilhama bənzər aramsız yaradıcılıq aktıdır, onun əvvəli-sonu yoxdur, onu ağılla qavramaq mümkün deyil, yalnız intuisiya vasitəsilə o nəhəng kosmik prosesə qoşulmaq, metafizik axınla təmasa girmək olar.

Berqson intellekti həyatın ayrı-ayrı epizodlarını qeydə alan fotoqrafiyaya bənzədir, həyatı bütöv şəkildə qavramaq üçünsə intuisiya ilə silahlanmaq lazımdır, bu da qırıq-qırıq kadrları bütöv bir fasiləsiz proses kimi gözümüz önündə canlandıran kino lentinə bənzəyir. İntellekt gözlə görünən məkan reallıqlarını, cismlər, hadisələr arasında praktiki əhəmiyyətli zəruri əlaqələri qeydə alır, ancaq onların mahiyyətinə dala bilmir. Həyatın mahiyyətinə yalnız intuisiya vasitəsilə nüfuz eləmək olar, insan özünü də yalnız intuitiv olaraq tanıya bilər. Varlığın nüvəsinə belə bir müdaxilə isə ancaq simpatiya, sevgi sayəsində baş tutur. Bunlar elə sufilərin eşq, fəhm, vəcd kimi təməl anlayışlarının firəng dilində versiyalarıdır.

İntellekt məkana, intuisiya zamana bağlıdır. Berqsonun zaman haqqında təsəvvürü də maraqlıdır. Bizim illərə, aylara, saatlara, dəqiqələrə böldüyümüz vaxt ondan ötrü maddi-fiziki aləmə uyğunlaşdırılmış elmi-statistik zamandır - bu, “kəmiyyət zamanı”dır. Gerçək zaman bir bütöv, bölünməz, parçalanmaz əbədi prosesdir, Berqson bu metafizik prosesi “müddət” (aramsız sürəc, davamlı proses, bitməyən dövran anlamında) adlandırır - bu isə “keyfiyyət zamanı”dır. Sadələşdirib desək, zaman ruha, məkan materiyaya xas anlayışdır. Zaman ələgəlməzdir, onun nə keçmişi var, nə gələcəyi, keçmiş də, gələcək də daim indiki halda cərəyan eləyən “müddət”in içindədir. Kainatı vücuda gətirmiş kosmik həyat coşqusu fasiləsiz təkamül prosesidir - Berqson Darvinin təkamül nəzəriyyəsini mexaniki xarakter daşıdığına görə tənqid eləyirdi, onun fikrincə, təkamül mexaniki yox, yaradıcı prosesdir, həm də bu proses səbəb-nəticə (determinizm) qanunlarına qətiyyən tabe deyil, azad yaradıcılıq aktıdır.

“Müddət” bütün keçmişi yumağına sarıyıb indiki zaman boyunca gələcəyə doğru öz ətrafında fırlanır. Bölünməz zaman (“müddət”) müdam indiki zamanda axır, keçmiş də, gələcək də onun içindən indiki zamanda çıxıb vücuda gəlir. Ali Şüurdan, Mütləq Varlıqdan törəmiş bu nəhəng axın elə əbədiyyətin özüdür. Bu prosesin başında duran Allah, Paskalın dediyi kimi, fəlsəfi tanrı, filosofların allahıdır. Tanrıdan qaynaqlanıb hüdudsuz “müddət” ərzində, sonsuz zaman uzunu axan “həyat coşqusu” adlı işıqlı, hərarətli yaradılış dalğası tutqun, durğun, bərk materiyanın, soyuq, qaranlıq şər yuvasının müqavimətini qıra-qıra daim yeni formalar yaradır, təkamül prosesi boyunca özünü ideal şəkildə ifadə eləməyə can atır.

“Müddət” həm də psixoloji, subyektiv zaman sayılır, onu elmi-statistik zamanla ölçmək olmaz, yəni “müddət” həmişə eyni sürətlə axmır - uşaqlıqda ləng gedir, qocalıqda yeyin axır, xoş günlərdə şütüyür, pis günlərdə ağır axır. Bütün bunlar “müddət”in fərdin subyektiv həyatının aparıcı ünsürünə, daxili yaşamın melodiyasına çevrilməsi nəticəsində baş verir. Modernist nəsrin baş istilahı sayılan “şüur axını” (“şüur seli”, “düşüncə seli” də demək olar) anlayışını da Anri Berqson yaradıb. “Şüur axını” dalğaları məhz “müddət”lə kontakta girmək, “həyat seli”nə baş vurmaq sayəsində hərəkətə gəlir. Bu baxımdan yüz neçə il bundan qabaq ədəbiyyatda, incəsənətdə modernləşmə prosesinin başlanmasında Berqsonun birbaşa əli, əvəzsiz xidməti var.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see289

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see241

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see241

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see235

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see222

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see208

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see194

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see186

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see183

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see172

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see172

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see172

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see167

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see164

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see158

“Nokia” süni intellekt funksiyasına malik düyməli telefonlar buraxıb

05 İyul 2026 17:29see157

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see156

Usman Nurməhəmmədov Mahaçevin şanslarını dəyərləndirdi

05 İyul 2026 17:24see149

Enerji içkisi sevənlər oxusun

05 İyul 2026 04:05see149

Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir

05 İyul 2026 05:39see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri