Icma.az
close
up
RU
Keçmişin əşyasından gələcəyin sənətinə

Keçmişin əşyasından gələcəyin sənətinə

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İsgəndər SƏRDARLI
Tətbiqi sənət ustası, araşdırmaçı

Bəzən bir xalqın mədəni irsini yalnız artıq tanınmış, qorunmuş və dünyaya təqdim edilmiş sənət nümunələri ilə ölçürük. Halbuki milli mədəniyyətin böyük bir hissəsi gündəlik həyatın içində formalaşmış, nəsillərin yaddaşında yaşamış, lakin zaman dəyişdikcə görünməz olmağa başlayan sənətlərdə qorunur.

Sandıq və mücrü sənəti də belə irs sahələrindəndir.

Bir vaxtlar demək olar ki, hər evdə olan sandıq bu gün əvvəlki məişət funksiyasını böyük ölçüdə itirib. Müasir mebel, seyf və yeni texnologiyalar onun ənənəvi funksiyalarının əksəriyyətini öz üzərinə götürüb. Onda haqlı bir sual yaranır: Əgər sandığa əvvəlki kimi ehtiyac yoxdursa, onu niyə yaşatmalıyıq? Məncə, cavab məhz onun ilkin funksiyasını itirməsində gizlənir. Çünki bir sənətin yaşaması onun ilkin funksiyasının əbədi qalmasından asılı deyil. Xalça yalnız döşənən əşya olaraq qalmadı. Kəlağayı yalnız geyim elementi kimi yaşamadı. Onlar zaman keçdikcə sənət əsərinə, milli kimlik göstəricisinə və yaddaş daşıyıcısına çevrildilər.

Bəs sandıq niyə belə ikinci həyat qazanmasın?

Sandığı keçmişdə saxlamaq yox, gələcəyə aparmaq

Sandığın əsas mahiyyəti tarix boyu bir şeyi qorumaq olub. Əvvəlcə qida, geyim, alət və digər gündəlik əşyalar, sonralar isə zinət əşyaları, cehiz, sənədlər, məktublar və ailə yadigarları onun içində saxlanılıb. Beləliklə, sandıq təkcə əşya saxlamayıb - əmanət saxlayıb, yaddaş saxlayıb, ailə tarixini qoruyub.

"Urud abidələri" kolleksiyasına aid sandıqça. Sərdarlı ailəsi.

Bu gün həmin "saxlanc" anlayışını daha da genişləndirmək mümkündür. Müasir sandığın üzərində və içərisində tarix, milli yaddaş, ideya, maarifləndirici mesaj və bədii düşüncə ifadə oluna bilər. Deməli, söhbət köhnə sandığı olduğu kimi qoruyub muzey vitrininə yerləşdirməkdən getmir. Söhbət yeni sandıq yaratmaqdan gedir.

XXI əsrin Azərbaycan sandığı ənənəvi formasını saxlaya bilər, amma müasir texnologiyalar, dizayn və sənət düşüncəsi ilə yeni məzmun qazana bilər. Rəqəmsal modelləşdirmə, CNC texnologiyaları, müasir ağac emalı, yeni materiallar, işıq və digər texniki imkanlar ənənəvi formanı yeni bədii müstəviyə çıxara bilər. Burada məqsəd keçmişi təkrarlamaq deyil. Ənənədən çıxış edərək gələcəyin sandığını yaratmaqdır.

Sandıq bizim yeni "kitabəmiz" ola bilərmi?

Biz haqlı olaraq deyirik ki, Azərbaycan xalçaları həm də bizim kitabələrimizdir. Çünki xalçanın naxışlarında yalnız estetik gözəllik deyil, yaddaş, simvol, inanc, həyat tərzi və dünyagörüşü yaşayır. Bəs bu imkan sandıq və mücrüdə niyə olmasın?

Sandığın səthi Azərbaycan ornamentlərinin, damğalarının, simvollarının, tarixi işarələrinin və müasir qrafik həllərin təqdimatı üçün geniş imkan yaradır. Bir sandığın üzərində qədim bir şəhərin tarixi danışa bilər. Başqa birində milli damğaların mənası açıla bilər. Bir mücrü Azərbaycan musiqisinə, digəri ədəbiyyatımıza, tariximizə, təbiətimizə və ya milli mətbəximizə həsr oluna bilər. Belə olduqda sandıq sadəcə bəzədilmiş əşya olmayacaq. O, oxunan əşya olacaq. İnsan ona baxacaq, üzərindəki işarələri araşdıracaq, həmin işarələrin mənasını öyrənəcək və bir sənət nümunəsi vasitəsilə müəyyən məlumat əldə edəcək.

Beləliklə, sandıq müasir dövrdə həm sənət əsərinə, həm də maarifləndirmə vasitəsinə çevrilə bilər.

Sandıqçılıq yeni yaradıcı imkanlar aça bilər

Sandıqçılığın yaşadılması yalnız keçmişi qorumaq məsələsi deyil. Bu sahə müasir yaradıcı sənaye üçün də yeni imkanlar yarada bilər.

Sənətkar dizaynerlə, memarla, rəssamla və texnoloqla əməkdaşlıq edə bilər. Muzeylər xüsusi kolleksiyalar sifariş edə, turizm sektoru milli mədəniyyətin simvolik məhsullarından istifadə edə bilər.

Müasir sandıq interyer və eksteryer dizaynının elementi, sərgi obyekti, xüsusi kolleksiya nümunəsi, müəllif işi və ya məhdud tirajlı sənət məhsulu kimi meydana çıxa bilər.

"Vəhdət" sandıqça. Sərdarlı ailəsi.

Beləliklə, sandıqçılıq ağac emalı, dekorativ sənət, dizayn, tarix, muzey işi, turizm və təhsili birləşdirən çoxşaxəli yaradıcı fəaliyyət sahəsinə çevrilə bilər.

Sandığın gələcəyi yalnız muzey vitrini deyil. Onun gələcəyi emalatxanada, dizayn studiyasında, sərgi salonunda, məktəbdə, muzeydə və beynəlxalq mədəniyyət platformalarında da ola bilər.

Bəs niyə bu sənətə münasibət zəif olub? Bu sualdan yan keçmək olmaz. Niyə xalçaçılıq və kəlağayı ilə bağlı elmi araşdırmalar, məktəblər, muzeylər və müxtəlif institutlar formalaşıb, amma sandıq və mücrü sənətinə münasibətdə belə sistemli yanaşma yaranmayıb? Səbəblərdən biri sandığın uzun müddət yalnız məişət əşyası kimi qəbul edilməsidir. Onun üzərindəki ornamentlərin mənası, hazırlanma texnologiyası, regional fərqləri, ustaları, sənətkarlıq məktəbləri və sosial funksiyaları sistemli şəkildə araşdırılmadıqda, zaman keçdikcə sənətin özü də görünməzləşir. Burada yalnız sənətkarların deyil, elm və sənətşünaslığın da məsuliyyəti var. Əgər bir sənət haqqında yazılmırsa, onun texnologiyası sənədləşdirilmir, ustaları qeydə alınmır, nümunələri inventarlaşdırılmır və yeni nəslə öyrədilmirsə, həmin sənətin gələcəyi təhlükə qarşısında qalır.

Bu problem yalnız Azərbaycana aid deyil. Dünyanın müxtəlif yerlərində urbanizasiya, kütləvi istehsal və yeni texnologiyalar ənənəvi sənətlərin əvvəlki məişət mühitini zəiflədib. Deməli, məsələ yalnız sandığı xilas etmək deyil. Məsələ dəyişən dünyada ənənəvi sənətlərin necə yaşadılacağına cavab tapmaqdır.

"İpək Yolu" Mücrü. Toğrul Sərdarlı.

Bu işi kim görməlidir? Bu sualın cavabı yalnız "sənətkarlar" ola bilməz. Sənətkar yarada bilər. Amma sənəti yaşatmaq üçün sistem lazımdır.

İlk növbədə sandıq və mücrü sənətinin ölkə üzrə inventarlaşdırılması və sənədləşdirilməsi vacibdir. Mövcud nümunələr müəyyənləşdirilməli, onların coğrafiyası, yaşı, materialı, texnikası, ornament sistemi və funksiyası araşdırılmalıdır. Ustad sənətkarların bilikləri müasir üsullarla sənədləşdirilməli, elmi nəşrlər hazırlanmalı, tədris proqramları yaradılmalıdır. Peşə məktəblərində və ali təhsil müəssisələrində bu istiqamətin imkanları araşdırılmalıdır. Muzeylərdə kolleksiyalar formalaşdırılmalı, müasir sənətkarların yeni interpretasiyalarına şərait yaradılmalıdır. Ən əsası isə sənətkarla alim, sənətşünas, dizayner, texnoloq, muzeyşünas və sahibkar arasında əməkdaşlıq qurulmalıdır. Çünki XXI əsrin sandığını yalnız dünənin üsulları ilə yaratmaq mümkün deyil.

Ən böyük təhlükə: vaxt

Sandıqçılıq qarşısında duran ən böyük təhlükə onun pis sənət olması deyil. Təhlükə ondadır ki, onu bilənlərin sayı azalır. Ustadların yaddaşında qalan texnologiyalar yazıya alınmaya bilər. Köhnə nümunələr itə bilər. Ornamentlərin mənası unudula bilər. Ağac işləmə üsulları, birləşdirmə texnikaları və regional xüsusiyyətlər yeni nəslə ötürülmədən tarixə çevrilə bilər. Bir sənətin itirilməsi yalnız onun məhsulunun yox olması deyil. Onun haqqında düşünmək və yaratmaq qabiliyyətinin də itirilməsidir. Buna görə bu gün atılan hər addım gələcəyə yönəlmiş addımdır.

Sandıq yalnız keçmiş deyil, gələcək məsələsidir

Mədəniyyət yalnız böyük abidələrdə yaşamır. O, xalçanın ilməsində, kəlağayının naxışında, mis qabın üzərində və bəzən də bir sandığın səssiz varlığında yaşayır. Sandıq əsrlər boyu insanların ən qiymətli hesab etdiklərini qoruyub.

Bu gün isə sual artıq başqadır: Biz sandığın özünü qoruya biləcəyikmi? Əgər hər bir xalq öz mədəniyyətini yaşadan sütunları qorumalıdırsa, sandıq və mücrü sənəti də həmin sütunlardan biridir. Çünki bu sənət yalnız keçmişin xatirəsi deyil. O, ağac emalıdır, ornament mədəniyyətidir, simvol dilidir, tətbiqi sənətdir, dizayndır, yaradıcı sənayedir və maarifləndirmə vasitəsidir.

"Dərələyəzim" Mücrü. Sərdarlı ailəsi.

Bu gün sandıqçılığın taleyini yalnız ayrı-ayrı sənətkarların şəxsi təşəbbüslərinə buraxmaq olmaz. Bu, artıq yalnız bir peşənin deyil, mədəni yaddaşın məsələsidir. Alimlərin də bu məsələdə sözü olmalıdır, sənətşünasların da. Muzeylərin, təhsil müəssisələrinin, dövlət qurumlarının, medianın və ictimaiyyətin də. Çünki mədəni irs yalnız qorunduqda deyil, öyrənildikdə, yaşadıldıqda və gələcəyə ötürüldükdə həqiqətən yaşayır. Azərbaycan xalçanı dünyaya tanıtdı. Kəlağayını yaşatdı.

İndi milli mədəniyyətimizin daha bir səssiz daşıyıcısı haqqında düşünməyin vaxtıdır: sandıq və mücrü sənəti haqqında. Əgər biz bu gün onun haqqında düşünməsək, araşdırmasaq, öyrətməsək və ona yeni nəfəs verməsək, sabah itirdiyimiz bir sənət haqqında danışmalı ola bilərik.

Amma onu yaşada bilsək, sandıq yenə öz qədim missiyasını davam etdirəcək: İnsanın ən qiymətli hesab etdiyi dəyərləri zamanın içindən keçirərək gələcəyə çatdıracaq.

Sandığı qorumaq yalnız keçmişə borcumuz deyil. Bu, gələcəyə qarşı məsuliyyətimizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see623

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see511

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see375

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see257

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see255

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see253

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see252

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see244

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see236

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see230

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see227

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see227

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see226

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see222

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see211

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see199

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see194

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see192

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see187

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri