Keçmişin və gələcəyin adamı
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tamella HƏMİDQIZI
Bilirəm, bu sərlövhəni görəndə təvazökarlıq edəcək. Ancaq mən də onun kimi oxuduqlarıma və gördüklərimə inanıb dürüst olmaq istəyirəm, indiyə qədər çəkdiyi zəhmətin bu tərifə layiqliyini bilə-bilə söz əsirgəmək yox, düşündüklərimi tamamilə yazıb Müsəllim Həsənovu tanıyan insanlarla bölüşdürmək niyyətindəyəm.
Keçən həftə onunla Milli Kitabxanamızın mətbuat zalında rastlaşdıq. "Kommunist" qəzetində 1945-1950-ci illərdə Həsən bəy Zərdabi haqqında yazılanları axtarırdı. Heç təəccüblənmədim, fikrim çox uzaqlara getdi. 1981-ci il sentyabr ayının birinci günü yaradıcılıq imtahanlarından bizə doğmalaşan müəllimlərimizlə birlikdə dekanımız Tofiq Rüstəmov yenicə jurnalistika fakültəsinə qəbul olunmuş tələbələri H.Zərdabinin ziyarətinə aparıb, onun ənənəsinə sadiq qalacağımıza inamını söyləmişdi. Bizdən bir il əvvəl gənc Müsəllim də Fəxri xiyabanda həmin günü yaşamışdı.
Tələbəlik illərimiz xoş xatirələrlə və sevimli müəllimlərin dərsləri ilə həmişəlik yadda qalıb.
Universitetə qəbul olunduğu il ingilis dili imtahanında təsadüfən içəri girib yaxşı cavab vermədiyi üçün Müsəllimə pis qiymət yazmaq istəyən müəllimə mane olan dekan - böyük şəxsiyyət T.Rüstəmovun sözlərini Müsəllim heç zaman unutmayacaqdı: "Mən sadəcə anlamışdım ki, jurnalistika fakültəsində oxumağa layiqsən, amma hər hansı xırda bir nüans səni kənarda qoya bilər. Ona görə mən sənə yaxşılıq etmək istədim... Universiteti bitirəndən sonra işsiz-gücsüz idim. Günlərin birində Abbas Zamanov məni çağırıb dedi ki, "Uçitelskaya qazeta"da iş var, səni tapşırmışam. O vaxt A.Zamanov mənə təmənnasız bir yaxşılıq etdi. Mən də sənə etdim, sən də kiməsə edərsən".
Abbas Zamanov gələcəyin professoru Tofiq müəllim kimi bir ziyalını, Tofiq Rüstəmov isə Müsəllimi kəşf etmişdi.
Tofiq Rüstəmov bu cavan oğlanın gələcəyini bəsirət gözü ilə görürmüş. O, ümid edib ki, Milli mətbuatımızın qocaman keşikçisi Qulam Məmmədlinin işini davam etdirəcək çox zəhmətkeş, işdən qorxmayan bir jurnalist yetişdirmək vaxtıdır. Əksəriyyət asanı seçir. Bəs çətinliklərin öhdəsindən kim gələcək, kim cəsarətlə klassik mətbuatın xəzinəsini açıb aləmə bizim milli ziyamızı paylayacaq və bu işdən ömrü boyu bezməyəcək?!
Jurnalistlər müxtəlifyönümlü, fərqli üslüblu olduqları halda, bəzən eyni mövzuda ixtisaslaşırlar. Gündəlik hadisələr, bədii publisistika, ictimai-siyası problemlər və s. onların peşəkarlıq sahəsi olur.
Mətbuatın keçmişi, tarixi ilə maraqlanan Müsəllim bilirdi ki, onun gününün çox hissəsi arxivlərdə keçəcək. Axtarışlar, tapıntılar yeni maraq doğuracaq və onu xalqa hazır çatdırmaq üçün xeyli zəhmət çəkəcək.

İlk yazısı məktəbdə oxuduğu zaman rayon qəzetində çap üzü görüb, bir pambıqçı haqqında idi. Univeristet illərində "Azərbaycan gəncləri" qəzetində əməkdaşlıq edib, özü demişkən "nədən və necə yazmağı" peşəkar qəzetçi Şakir Yaqubovdan öyrənib. Hətta, o zaman məşhur aktrisa Nəsibə Zeynalovadan müsahibə alıb, "Mən yaxşı qayınanayam" yazısı ilə tanınıb.
Gənc mütəxəssis kimi Azərbaycan Dövlət Nəşriyyatında təyinatla işə başlayıb, siyasi hadisələrinin tüğyan etdiyi (1985-1989) illərdə orada siyasi şöbədə çalışıb. 1988-ci ildə Bəxtiyar Vahabzadənin "Gəlin açıq danışaq" (publisistika) kitabının redaktoru olub. Xalq şairi Müsəllimin gələcəyinə böyük hörmətlə yanaşıb, ona geniş müsahibə də verib.
Qəzet işini daha çox sevdiyi üçün 1989-cu ildən 1997-ci ilə qədər müxtəlif qəzetlərdə redaktor müavini və şöbə müdiri olub.
Yaradıcılığının ən məhsuldar dövrü İctimai Televiziya ilə bağlıdır. "XX yüzillik, faktlar, hadisələr və insanlar" proqramının müəllifi və aparıcısı kimi xalqın böyük rəğbətini qazanıb. Məsuliyyəti, əməksevərliyi, işindəki davamlılığı onun uğurlarına gedən yolda yardımçısı olub, halal zəhmətindən aldığı güc sözünə və səsinə qüvvət verib. Amiranə səsiylə "bilirsinizmi?" marağıyla geniş auditoriyanın sevimli adamına çevrilib.
Müsəllimin "Fatehin divanı" verilişində dedikləri: "Əsrin bir ilini araşdırmaq üçün çox şey izləməlisən. Elə 1901-ci ilin hadisələrini yazmaqdan ötrü dövrün bütün materiallarını, məsələn, "Kaspi" qəzetinin tam nəşrini - 280 sayını oxumaq gərəkdir ki, sənə vacib olanları seçəsən".
Ziyalı ömrünü kitabxanalarda, arxivlərdə qəzet, jurnal, kitab qoxulu nostalgiya ilə yaşamaq, yorğunluğu sözlərin izlərinə baxıb unutmaq şərəflidir.
V. Şekspir "tarix hadisələrin romanıdır" deyib:
1. Adi və qeyri-adi Amerika (Bakı - 2006)
2. Qərib məzarlar (Fransa, Bakı - 2006)
3. Azərbaycanda gəmiçilik: sənədli tarix (Bakı -2018)
4. Nobellər neft, milyonçular və qoçular şəhərində (Bakı - 2018)
5. Hacı Zeynalabdin Tağıyev (2022, 2024-cü ildə təkrar nəşr edilib)
6. Neftimizin Avropaya uzun yolu (Bakı - 2025)
Bu kitablarda Azərbaycan xalqının 125 illik tarixi araşdırılıb. Keçmiş reallığı yazmaq, öyrətmək üçün "tarixi oxuyaraq onu sulamaq lazımdır" (Kazım Paşa, türk ordu komandiri).
Müsəllim hadisələri o qədər həvəslə danışır ki, auditoriyasının yaşı yoxdur, hamı - uşaq da, böyük də maraqla dinləyir. O, tarixin aşiqi və aşığıdır. Aristotel sanki onun üçün "həqiqət axtarışından kənarda keçirilən vaxta mən itirilmiş zaman kimi baxıram" demişdi.
Elmi dərəcəsi olmayan (yəqin buna vaxtı çatmayıb) 25 ildə 6 kitab, 20-yə yaxın film ssenarisi və s. yazan, hər həftə televiziyanın ən popular verilişini hazırlayan və bütün bu işlərin açarını arxivlərdə axtaran bir adamın nə qədər vaxtı olar ki. Bircə araşdırma ilə alimlik dərəcəsi alan, sonra onu da unudan adamlar tanıyırıq. Bəzən şöhrət üçün doktorant, dissertant olub quru adla öyünənlər görmüşük ki, ziyalı deyil.
Özünüdərketmə biliyi, davamlı mücadiləsi, milli təfəkkürün rüşeyminin araşdırılması və gələcək nəsillərə ötürülməsi bir ziyalının vətəndaş borcudur. Təkcə özü üçün yaşamayan, elmi ilə bəşər tarixinə bir xalqın zəngin keçmişini tanıdan alim kimi işləyib, mətbuat işçisi kimi tanınan Müsəllim adı müəllim sözü ilə kök qafiyədir.
Onun auditoriyasında eyni vaxtda milyonlarla dinləyici olur. "Bilirsinizmi!" kəlməsi ilə başladığı çıxışlarla müəllimləri Tofiq Rüstəmovun, Şirməmməd Hüseynlinin, Nəsir İmanquliyevin, Abbas Zamanovun, Qulu Xəlilovun, Əjdər Xanbabayevin, Kamil Vəli Nərimanoğlunun, Nəriman Zeynalovun və başqalarının ümidlərini yaşadıb.
M.Həsənovun Hacı Zeynalabdin Tağıyev haqqında yazdığı kitabı çapdan çıxanda "Azərnəşr"də işlədiyim günləri xatırladım. Nəşriyyatımızın qarşısındakı binanın zirzəmisində milyonçunun xəstə qızı Sara Sarayeva - Tağıyeva yaşayırdı. Biz gənclər ona hərdən baş çəkər, yemək aparardıq. Zəmanəni qınayar, ədalətsizliyə üsyan edərdik. Axı, "Hacı Zeynalabdin Tağıyev təkcə maddi baxımdan deyil, mənəvi baxımdan da milyoner idi" (M.Ə.Rəsulzadə).
Müəllifin bu kitabı çox bərəkətli olub, yəni 2024-cü ildə təkrar nəşr edilib.
"1961-ci ildə Sara Sarayeva - Tağıyev artıq yeddinci il idi ki, hökumət idarələrinin qapısını döyür, şikayət ərizələri verirdi ki, tarixçilərin Tağıyevin fəaliyyətinə kölgə salan yazılarına son qoyulsun.
Atasının maarifçilik işinə dair kitab üçün materiallar Sara xanımın daim özü ilə gəzdirdiyi çantasında idi. "Kaspi" qəzetində çap edilmiş, ayrı-ayrı yazıların, məktəb və təhsil üçün Tağıyevə inqilabdan əvvəl verilən arayışlar və məktubların makinada yazılmış mətni və Sara xanımın illər boyu qapı-qapı gəzib topladığı saralmış vərəqlər. Bu kağızlarda atasını tanıyanların danışdığı xatirlər çap edilmişdi".
Müsəllim Həsənov "necə var, elə də yazıram" deyərək, yalnız arxivdəki sənədlərə əsaslanır. Dünyada tanınmış, əfsanələşmiş əməlləri olan Hacı Zeynalabdin haqqında yalanların və şayiələrin üstündən xətt çəkir.
H.Z.Tağıyevin xeyriyyə işlərinin siyahısı 127 səhifədən ibarətdir.
Ancaq zalım dövran onun savadlı, kübar qızı Sara xanım Avropa generallarının və nazirlərinin ziyafətə toplaşdığı dəbdəbəli sarayda böyüsə də, ömrünün son günlərinədək heç kəsin bəyənmədiyi zirzəmidə yaşamışdı.
"Nobellər neft, milyonçular və qoçular şəhərində" kitabını ərsəyə çatdırmaq üçün gərgin əmək sərf edən müəllifin əsas məqsədi Nobelləri varlandıran Bakı neftinin dəyərini tarixə yazmaqdır. Qara qızıl bu ölkə vətəndaşlarının xoşbəxtliyi üçündür.
Lakin xalqın savadsızlığı ucbatından bu sərvət mühacirlərin əlinə keçmişdi. Nobel mükafatı insan əməyinə verilən qiymət kimi dəyərli bir missiyanı daşısa da, indiyədək heç bir azərbaycanlıya verilməyib.
Nobel qardaşları və onların təsis etdiyi mükafat və mükafatçılar haqqında çox şey yazılıb. Müsəllim Həsənov isə "Nobellər neft, milyonçular və qoçular şəhərində" kitabı ilə Bakı neftinin tarixini araşdırır: "Robert Nobel niyə məhz Nargin adasını almaq istədiyini belə izah edirdi: "Bakı buxtasının sahillərində fərqli torpaq sahələrinə sahiblik məsələsi hələ dəqiq müəyyənləşdirilməyib. Nargin adası isə mülkiyyət kimi heç bir mübahisə doğurmurdu". O, həm də bu adanı 24 illiyə icarəyə götürmək istəyirdi. Çünki bu şərt daxilində Qafqaz canişinindən icazəni daha tez ala biləcəyini və qısa vaxtda işə başlayacağını düşünürdü".
Bütün sənədləri - ərizə, etibarnamə, qərar, məktub və s. köhnə idarə və komitələrdən tapıb hazır şəkildə dövlətimizə - bütün azərbaycanlılara təqdim etmək Əməkdar mədəniyyət işçisinin xalqına bəxşişidir.
Publisist yenə qələmini ("Qızıl qələmi"i olmasa da) qara qızıla batırıb yazmaqda davam edir.
"Neftimizin Avropaya uzun yolu" (2025) yenicə çapdan çıxıb.
Məşhur televiziya aparıcısı salnaməçi peşəsinə sadiq qalıb 20-dən çox sənədli filmin ssenarisini yazıb, həm də səsləndirib.
"Səbrli adam M.Ə.Sabir" (2022) filmi ilk heykəlləşən müsəlman şairinə həsr olunub. Şeirləri işıq üzü görməsə də, yazmaqdan usanmayan, onlara "ziyan-zaval" dəyməsin deyə "Hophopnamə" yazıb saxlayan publisist-satirik şairə 2 dəfə (birincisi gipsdən olub, dağılıb) heykəl qoyan, açılış mərasimi təşkil edən sovet hökumətinin sənədlərini ələk-vələk edib, gizlinləri açıb töküb.
Müsəllim Həsənovun mövzuları ciddi, faktları sərt olsa da, yazı üslubu sadədir. Səsi özünəinamla doludur. Bu səs Şuşanın başı dumanlı dağlarında da əks-səda verib. "Şuşanın dağları başı dumanlı" mahnısının adını sənədli filminə verəndə onun zaman-zaman duman üstünə çökən tarixini aydınlaşdırmaq məqsədilə Qalaya əlidolu gedib.
Qarabağın keşməkeşli dövrlərini dönə-dönə vərəqləyib "270 səhifə"ni yazsa da, yenə qədim, gözəl Şuşanı arxivlərdən axtarıb tapmaqda davam edir, yazır, səsləndirir - nağıl kimi. Elə danışır ki, sanki İsa bulağının suyu səsinə məlhəm olub. Uşaqlara bu filmi göstərməklə, inanın ki, tarixi sevdirmək olar. Məktəblərdə ədəbiyyat, tarix, coğrafiya, musiqi dərslərində də müəllimlər bu sənədli sərvətdən istifadə edə bilərlər.
Şuşa fatehlərini tanıtmaq üçün Şuşanı görmək, tarixi unutmamaq üçün Şuşanı sevib qorumaq gənc nəslə tövsiyə ediləndə, əyani vəsait kimi bu filmlərdən bəhrələnmək yerinə düşər.
Müsəllim sənətinin vurğunu olduğu üçün heç yorulmur, yorulmasın da. Çünki onun bərk yapışdığı hər işin nəticəsi həmişə uğurludu. Bu uğurun zəhmətlə, təmannasız xeyirxahlıqla bağlılığı gizlin deyil, onun araşdırmaları kimi hər şey həqiqətdən, gerçək olana sadiqlikdən mayalanıb yaranır. Həmişə haqlı olan tarix belə yazılır. Yazılır ki, oxunsun, yaşasın və unudulmasın.


