Kiçik rolların böyük ifaçısı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fazil Salayev – 95
Azərbaycanın görkəmli teatr və kino aktyoru Fazil Salayev cəmi 47 il yaşasa da, sənət fədaisi kimi özünə ürəklərdə taxt-tac qura bilib. Erkən yaşlarından piano ifaçılığına, rəssamlığa həvəs göstərib, amma aktyorluq onu daha çox sehirləyib və “Bir cənub şəhəri”nin Fazili, “Şərikli çörəy”in qırçı Məhəmmədi, “Ulduz”un foto-müxbiri kimi yadda qalıb.
...Bakının Yasamal rayonundakı 199 nömrəli məktəbdə rəsm dərsi idi. Müəllim şagirdlərə təbiət lövhələri çəkməyi tapşırmışdı. Özü isə oturub xəyala dalmışdı, çox sevdiyi teatr sənəti barədə düşünürdü. Şagirdlər əllərində karandaş işləyirdilər, amma qızlardan biri gözünü pəncərədən bayıra zilləmişdi. Müəllim ona yaxınlaşaraq “Afaq Səfərova, sən niyə çəkmirsən?” – deyə soruşdu. Qız cavab verdi ki, mən rəssam yox, şərqşünas olmaq istəyirəm. Bunu bacarmıram. Müəllim “Hər halda, özünü sına. İncəsənət zövqün üçün lazım olar”, – deyib onun saçını tumarladı.
Həmin rəsm müəllimi sonralar hamının sevimli aktyoru Fazil Salayev, şagird isə Xalq artisti Afaq Bəşirqızı kimi tanınacaqdı. İkisi də İncəsənət institunu bitirib, ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrında çalışacaqdı. Fazil Salayev daha çox filmlərdəki, Afaq Bəşirqızı isə teatr tamaşalarındakı yumoristik rolları ilə məşhurlaşacaqdı.
Onlar eyni bir tamaşada və ya filmdə oynamayıblar, ancaq hər zaman müəllim-şagird kimi bir-birinə hörmət bəslədikləri şübhəsizdir.
Xalq artisti Afaq Bəşirqızının dedikləri:
– Mənim qismətimdə Fazil Salayevlə eyni əsərdə oynamaq yoxmuş, amma atam Bəşir Səfəroğlu ilə o, səhnəni çox paylaşıblar. Tamaşalarına o qədər baxmışam ki... Ağızdolusu deyə bilərəm ki, Fazil Salayev çox böyük sənətkar olub. Mən onu çəkinmədən dahi də adlandırardım. Epizodik rolları ilə belə yadda qalıb. Təəssüf ki, bir aktyor kimi istedadı vaxtında layiqincə qiymətləndirilməyib. Buna baxmayaraq, Fazil Salayev yaddaşlarda yaşayanlardandır.
Fazil Salayev 1931-ci il sentyabr ayının 1-də Bakıda dünyaya göz açıb. Ailəsi əslən Güney Azərbaycandan olub, sonradan Bakıya köçərək Fatmayı kəndində yaşayıblar. Fazil evin tək uşağı olub. Əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə İncəsənət İnstitutunu bitirib. Akademik Milli Dram Teatrında və Musiqili Komediya Teatrında çalışıb. “Mozalan” satirik kinojurnalının buraxılışlarında, televiziyanın “Komediyalar aləminə səyahət”, “Yumoristik novellalar” verilişlərində daimi iştirakı ilə seçilib. Yaratdığı tipajlar xaraktercə müxtəlif olsalar da, kolorit baxımından diqqət çəkib.
Onun sənət yolu nisbətən qısa olsa da, o, yaratdığı obrazlar, özəl mimikaları və ifadəli yumor hissi ilə Azərbaycan tamaşaçılarının yaddaşında silinməz iz buraxıb. Onun iştirak etdiyi filmlər zaman keçdikcə dəyərini qoruyub saxlayıb və bu gün də maraqla izlənilməkdədir.
Fazil Salayevi tanıyanların dediyinə görə, uşaqlıqdan onun kumiri məşhur italyan aktyoru Toto – Antonio de Kurtis olub. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynayıb. Elə “Azdrama”dan Musiqili Komediya Teatrına getməyinin bir səbəbi də bu olub. O da Toto kimi, oynadığı hər bir obraza həyat verməyi bacarıb. Dostları, həmkarları və sənətşünaslar hər zaman onun haqqında yüksək fikirlər söyləyiblər.
Mərhum Xalq artisti Yaşar Nuri: “Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. Fazil Salayevin adını bilənlər azdır, amma obrazlarını tanıyanlar çox. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çaydanı düzəldəndə onu tok vurub öldürür. Zal montyorun “ölməyinə” uzun-uzadı əl çalır... Fazil hərtərəfli istedad idi, ən adi hərəkətləri özünəməxsus şəkildə edə bilirdi. Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Yenə də gözə alınıb”.
Teatrşünas İsrafil İsrafilov: “Rejissor Tofiq Kazımov da onu çox sevirdi, çünki orijinal istedad sahibi idi. Azərbaycan teatrında belə təbiətdə və istedada malik ikinci aktyor yox idi. Fazil Akademik Teatrdan uzaqlaşan kimi “Muskomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi 3 il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm”.
Tədqiqatçı-jurnalist Seymur Elsevər: “Fazil Salayev özünü bir aktyor kimi kinoda daha “rahat” hiss edib. Qırçı Məhəmməd (“Şərikli çörək”), Qulaməli (“Dərviş Parisi partladır”), alverçi Mıqqı (“Bizim Cəbiş müəllim”), çilingər (“Ürək...Ürək”), zontik Mehdi (“Alma almaya bənzər”) rollarının heç birində aktyorun yerişi, duruşu, baxışı bir-birini təkrarlamır. Çünki o, qəlibçilikdən uzaq sənətkar olub, son dərəcə təbii oynamağı sevib”.
Fazil Salayevin bir neçə dəqiqəlik epizodlarda belə yadda qalmağı bacaran aktyor idi. Onun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat sakin, toylara dəvət olunmaqdan əldən düşən musiqiçi və sair bu kimi rolları vaxt baxımından ötəri olsa da, yaddaşlarda əbədiyyət qazanıb. Deyilənə görə, həyatda da çox şən, zarafatcıl, deyib-gülməyi sevən insan olub. Tez-tez bir araya gəldiyi dostlarının, necə deyərlər, kefini açmaq, hər kəsi güldürmək üçün duzlu-məzəli söhbətlər edib.
İstedadlı aktyor 1978-ci ildə, 47 yaşında vəfat edib. Qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qalıb.
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















