Kimlər vəsiyyət edə bilər? Ölən şəxsin vəsiyyəti icra olunmursa, cinayət məsuliyyət məsələsi yaranır...
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Vəkillər Kollegiyasının üzvü, Nota Bene Consulting MMC-nin direktoru Roman Qaraşov qanuni qaydada vəsiyyət yazılması qaydaları, şəxs vəfat etdikdən sonra vəsiyyətinə əməl edilmədikdə yaranan hüquqi məsuliyyət barədə verilən suallara aydınlıq gətirib.
R.Qaraşov Pravda.az-a açıqlamasında deyib ki, vəsiyyət hüququ insan həyatının sonunda deyil, əslində onun bütün ömrü boyu formalaşdırdığı maddi və mənəvi dəyərlərin yekun ifadəsidir.
O bildirib ki, vəsiyyət hüququ ölüm anından sonra hüquqi nəticə doğursa da, mahiyyət etibarilə insanın hüquq subyektliyi müddətində qazandığı əmlakın, əlaqələrin, məsuliyyətlərin və iradənin gələcəyə ötürülməsini təmin edən normativ vasitədir:
“Vəsiyyət şəxsin ölümündən sonra öz əmlakı üzərində necə sərəncam verilməsi istədiyini ifadə etdiyi, tamamilə şəxsi, lakin hüquqi nəticələr doğuran birtərəfli iradə bəyanıdır. Onu yazmaq hüququ yalnız tam fəaliyyət qabiliyyətli şəxslərə aiddir. Çünki bu akt yalnız mülki hüquq subyekti olaraq öz iradəsini azad şəkildə ifadə edə bilən bir şəxsin həyata keçirə biləcəyi hüquqi əməl sayılır. İnsan bu hüquqla öz varlığını ölümündən sonra da davam etdirir: malı, mülkü, niyyəti, arzusu və ən önəmlisi etibar etdiklərini ötürür. Əmlakın kimə çatacağına qərar vermək hüququn şəxsə verdiyi ən mühüm sərbəstliklərdən biridir. Vəsiyyətçi istədiyi fiziki və ya hüquqi şəxsə, hətta dövlətə və ya bələdiyyəyə də əmlakını vəsiyyət edə bilər. Burada əsas prinsip “iradə azadlığı”dır. Lakin bu azadlıq da hüquqi və mənəvi məsuliyyətlə tarazlaşdırılır. Belə ki, qanun “məcburi pay” prinsipini nəzərdə tutur. Yəni vəsiyyətə daxil edilməsə belə, bəzi şəxslər, məsələn, uşaqlar, valideynlər və ya həyat yoldaşı mirasdan öz qanuni paylarını almaq hüququna malikdirlər. Bu norma qanunun insani tərəfini təmin edir”.
R.Qaraşov deyib ki, vəsiyyətin hüquqi cəhətdən qüvvəli olması üçün müəyyən formalara əməl olunmalıdır: “Ən etibarlı və geniş tətbiq olunan üsul notarial qaydada təsdiqlənmiş yazılı vəsiyyətdir. Azərbaycanda prosedur aydındır: vəsiyyət yazılır, notariusa təqdim olunur, şəxsiyyət təsdiqlənir, sənəd oxunur, izah edilir və rəsmi təsdiqlə möhürlənir. Vəsiyyət edənin özünə və ya etibar etdiyi şəxsə bağlanmış zərfdə təqdim olunması da onun sirrinin qorunmasına xidmət edir. İngiltərədə “Wills Act 1837” qanununa əsasən, vəsiyyət yazılı şəkildə tərtib olunmalı və iki müstəqil şahidin iştirakı ilə imzalanmalıdır. ABŞ-də isə hər ştatın öz qaydası olsa da, əsas prinsip dəyişmir: şəxsin son iradəsi hüquqla qorunmalıdır”.
Onun sözlərinə görə, vəsiyyət sonradan dəyişdirilə bilər: “Əvvəlki sənəd yeni bir vəsiyyətlə ləğv edilir və hüquqi baxımdan yalnız ən son tarixli vəsiyyət qüvvədə sayılır. Bu dəyişmə hüququ, şəxsin həyatına və hislərinə hüququn hörmətidir. Vəsiyyət edən iradəsinin gerçəkləşməsi üçün xüsusi bir icraçı təyin edə bilər. Əgər vəsiyyət icra olunmursa, əmlak gizlədilirsə, satılırsa və ya bölünməsi bilərəkdən gecikdirilirsə, bu zaman artıq məsuliyyət məsələsi yaranır. Burada həm mülki, həm də cinayət hüququ üzrə nəticələr mümkündür. Azərbaycan Cinayət Məcəlləsinə görə, sənəd saxtalaşdırmaq, əmlakı qanunsuz ələ keçirmək və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etmək cinayət məsuliyyəti yaradır. İngiltərədə “Probate Court” vasitəsilə vəsiyyətin icrası nəzarət altındadır və icradan yayınanlar məsuliyyət daşıyırlar. Azərbaycan qanunvericiliyi vəsiyyət hüququnu tanıyır, müdafiə edir və onun icrasına təminat verir. Lakin bu hüququn tam reallaşması üçün vəsiyyət düzgün formada, aydın iradə ilə və qanunauyğun şəkildə yazılmalıdır. Əks halda, ailə daxilində gərginliklər, məhkəmə çəkişmələri və hətta cinayət məsuliyyəti gündəmə gələ bilər”.
Aytəkin Qardaşova

