Kollec diplom verir: İş yox
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Son vaxtlar təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri də ölkədəki kolleclərin fəaliyyəti ilə bağlıdır.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Azərbaycanda bəzi kolleclər ləğv olunacaq.
O, “Təhsil haqqında” Qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur:
“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır.
Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”.
Bu gün kollecləri bitirən kadrlara ehtiyac varmı? Bəlkə bu təhsil ocaqları bağlanmaqdansa, profili dəyişməlidir?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bu gün kollecləri bitirən kadrlara ehtiyac məsələsinə yalnız məzunların iş tapıb-tapmaması prizmasından yanaşmaq düzgün deyil:
“Burada əsas məsələ əmək bazarının hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyması, kolleclərdə verilən təhsilin keyfiyyəti və həmin təhsil müəssisələrinin müasir dövrün tələblərinə nə dərəcədə uyğunlaşmasıdır. Ümumiyyətlə, kolleclərə ehtiyac var. Ancaq onun fəaliyyət modeli müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Bu gün kolleclərin fəaliyyətini qiymətləndirirərkən sualımız bu olmalıdır ki, “biz əmək bazarına hansı kadrları hazırlayırıq və həmin kadrlar iqtisadiyyatın real ehtiyaclarına nə dərəcədə cavab verir?”.
Çünki peşə və orta ixtisas əmək bazarı ilə birbaşa əlaqəli olmalıdır. Məzunlara konkret peşə bacarıqlarını qazandırmalıdırlar. Müasir dövrdə texnologiyanın inkişafı, əmək bazarında baş verən dəyişikliklər və yeni peşələrin meydana çıxması bəzi ixtisaslara tələbatı azaldır, digərlərinə isə ehtiyacı artırır.
Belə bir şəraitdə kolleclərin fəaliyyətini əvvəlki qaydada davam etdirməsi, əmək bazarının dəyişən tələblərini nəzərə almadan eyni ixtisaslar üzrə kadr hazırlanması, səmərəli yanaşma deyil.
Əgər hər hansı ixtisas üzrə kadrların işlə təminatına ciddi çətinliklər yaranırsa, bunun səbəbləri araşdırılmalıdır. Həmin ixtisasın məzmunu və qəbul planı yenidən nəzərdən keçirilməlidir”.
Onun fikrincə, kolleclərin bağlanması ilk və yeganə çıxış yolu olmamalıdır:
“İlk növbədə onların profili dəyişdirilməlidir. Tədris proqramlarının yenilənməsi və əmək bazarına uyğunlaşdırılması imkanları araşdırılmalıdır. Məsələn, bir ərazidə ənənəvi ixtisaslara tələbat azalıbsa həmin kollecin maddi-texniki bazası, müəllim potensialı və regional iqtisadi ehtiyacları nəzərə alınaraq yeni ixtisaslar açmaq mümkündür. İKT, rəqəmsal texnologiyalar, mühasibat uçotu, logistika, turizm, sənaye texnologiyaları və digər istiqamətlər üzrə kadr hazırlığı imkanları təhlil edilə bilər.
Bununla belə yeni ixtisaslar sadəcə müasir səsləndiyinə görə deyil, məşğulluq perspektivlərinə görə seçilməlidir. Xüsusilə də regionlardakı kolleclərin fəaliyyətinə fərdi yanaşmaq lazımdır. Hər bölgənin iqtisadi və sosial vəziyyəti fərqlidir. Bir regionun aqrar, qida emalı üzrə kadrlara ehtiyacı olduğu halda, digər ərazidə xidmət, turizm və yaxud sənaye, texniki ixtisaslar daha aktual ola bilər.
Ona görə də bütün kolleclərin eyni meyarlarla qiymətləndirilməsi düzgün deyil. Hesab edirəm ki, kolleclərin uğuru yalnız qəbul olunan tələbələrin və verilən diplomların sayı ilə ölçülməməlidir. Əsas göstəricilərdən biri məzunların təhsili başa vurduqdan sonra öz ixtisasları üzrə iş tapması, əldə etdikləri bilik və bacarıqların praktiki tətbiq edə bilməsi olmalıdır.
Bunun üçün kolleclər və müəssisələr arasında əməkdaşlıq gücləndiirlməlidir. Tələbələrin istehsalat təcrübəsi formal xarakter daşımamalıdır.
İşəgötürənlər tədris proqramının hazırlanmasında iştirak etməlidirlər. Eyni zamanda məzunların məşulluğu mütəmadi olaraq izlənməlidir. Onların məzunlarla bağlı rəyləri nəzərə alınmalıdır”.
Ekspert deyir ki, digər vacib məsələ təhsilin keyfiyyəti ilə bağlıdır:
“Müasir avadanlıqlarla, praktiki məşğələlər üçün uyğun şəraiti və ixtisaslı müəllim heyəti olmayan kollecin əmək bazarına rəqabətqabiliyyətli mütəxəssis hazırlaması çətinləşir. Ona görə də kolleclərin yenilənməsi yalnız ixtisas adlarının yenilənməsi ilə məhdudlaşmamalıdır. Tədris mühiti və təlim metodu müasirləşməlidir.
Nəticə etibarilə kolleclərin gələcəyini onların sayının azalması ilə deyil, hazırladıqları kadrların keyfiyyəti və cəmiyyətə verdikləri fayda ilə müəyyənləşdirmək lazımdır. Əgər bir kollecin mövcud profili artıq aktual deyilsə, onun fəaliyyətini dayandırmazdan əvvəl alternativ qiymətləndirmə aparılmalıdır. Profilin dəyişdirilməsi, başqa təhsil müəssisəsi ilə birləşdirilməsi və yaxud resursların daha səmərəli istifadəsi mümkün variant kimi nəzərdən keçirilməlidir.
Ancaq hər hansı kollecin saxlanılması da özlüyündə məqsədə çevrilməməlidir. Müəssisənin fəaliyyəti uzunmüddətli təhlillər nəticəsində səmərəsiz hesab edilirsə, onu yenidən təşkil etmək üçün real imkanlar yoxdursa, bağlanma məsələsi əsaslandırlmış şəkildə yenidən müzakirə oluna bilər.
Bu zaman tələbələrin təhsil hüquqları, müəllimlərin əmək münasibətləri və regionun kadr ehtiyacı mütləq nəzərə alınmalıdır. Burada əsas məqsəd kollecləri sadəcə qoruyub saxlamaq, yaxud ləğv etmək deyil. Kollecləri əmək bazarına cavab verən, gənclərə real peşə qazandıran və ölkənin iqtisadi inkişafına töhfə verən təhsil müəssisələrinə çevirmək olmalıdır. Kolleclərin fəaliyyətinə yenidən baxılmalıdır.
Ancaq bu proses yalnız bağlanmaq üzərində qurulmamlıdır. Əvvəlcə əmək bazarının təhlili aparılmalıdır, perspektivsiz ixtisaslar yenilənməlidir, müasir kadr hazırlığına imkan verən kolleclər dəstəklənməlidir və qərarlar konkret nəticələr əsasında qəbul edilməlidir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: diplom Rizvan Fikrətoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:131
Bu xəbər 09 Oktyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















