Icma.az
close
up
RU
Konte “Napoli” ilə ikinci titulunu qazandı

Konte “Napoli” ilə ikinci titulunu qazandı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 22-də Səudiyyə Ərəbistanında İtaliya Superkubokunun qalibi müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, 38-ci dəfə təşkil edilən matçda “Napoli” ilə “Bolonya” qarşılaşdı. Ər-Riyadda baş tutan finalın qalibi favorit sayılan komanda oldu.
final
Napoli - Bolonya 2:0 (1:0)

Napoli: Milinkoviç-Saviç, Di Lorentso, Rrahmani, Juan Jezus (Buoncorno, 84), Spinatsola (Qutyerres, 68), Lobotka, Elmas (Lanq, 68), Maktominey, Politano, Neres (Matsokki, 78), Höylunn.
Bolonya: Ravalya, Holm, Heggem, Lukumi, Miranda, Pobeqa, L.Ferqyuson (Dallinqa, 69), Odqor (Moro, 46), Orsolini (Dominges, 80), Kambyaqi (Rou, 69), Kastro (İmmobile, 80).
Qollar: Neres, 39 (1:0). Neres, 57 (2:0).
Vərəqələr: Heggem, 44. Kambyaqi, 50. Holm, 78. Politano, 79 - sarı.
Hakim: Andrea Kolombo.
22 dekabr. Ər-Riyad. 15000 tamaşaçı.
Bir daha xatırladaq ki, 2023-cü ildən Superkubokun formatında dəyişiklik edilib. İtaliya çempionu ilə ölkə kubokunun son qalibi arasında keçirilən bir oyundan ibarət mübarizənin əvəzinə 4 komandanın iştirakı ilə mini-turnirin təşkilinə qərar verilib. Yenə Səudiyyə Ərəbistanının evsahibliyi etdiyi turnirin reqlamentinə əsasən, yarımfinalın ilk oyununda A seriyasının son çempionu “Napoli” ölkə kubokunun finalçısı “Milan”la qarşılaşmış və 2:0 hesabıyla qalib gələrək finalın ilk iştirakçısı olmuşdu. İtaliya kubokunun sahibi “Bolonya” isə vitse-çempion “İnter”ə əsas vaxtı 1:1 hesabıyla sona çatan digər yarımfinalda penalti seriyasında üstün gəlmişdi - 3:2.
Onu da xatırladaq ki, “Napoli” bu mövsüm A seriyasında noyabrın 9-da səfərdə “Bolonya”ya iki cavabsız top buraxaraq uduzmuşdu. Buna baxmayaraq, finalın favoriti İtaliyanın son çempionu sayılırdı. Bukmeker kontorları neapollulara üstünlük verərkən, çox güman, son oyunlarda əla çıxışı ilə yadda qalan Bernardeskinin zədələnməsini də nəzərə almışdılar.
Proqnoz doğruldu. Görünür, Antonio Konte həmin məğlubiyyətə səbəb olan amilləri yaxşıca dəyərləndirmiş, bolonyalılara qalib gəlməyin yollarını axtarıb tapa bilmişdi. “Əl-Əvval Park” stadionunda baş tutan həlledici matç ümumilikdə “Napoli”nin diqtəsi ilə keçdi. Neapollular rəqibindən oyun planında üstün idilər. Onlar hesabı erkən aça bilərdilər. Lakin topu Maktomineydən alan Elmasın zərbəsi qapının yaxın küncünə yönəlmədi. Az sonra Neresin qapıya istiqamətləndirdiyi Spinatsolanın hesabı açmasına müdafiəçi mane oldu. Nəhayət, gözlənilən qol fasilə ərəfəsində reallaşdı: məsuliyyəti üzərinə götürən Neres topu güclü zərbə ilə qapının uzaq küncünə yönəltdi.
İlk hissənin sonunda hesabı açan Kontenin komandası bundan sonra da oyuna diqtə edən tərəf oldu. “İnter”lə oyunun qəhrəmanı olan Ravalya Höylunn ilə Rrahmaninin zərbələrini dəf etməklə oyundaşlarını az da olsa, ilhamlandırdı. Lakin hücuma meyl etməyə başlayan bolonyalılar rəqibin güclü pressinqi qarşısında səhv edərək topu ikinci dəfə qapısında gördülər: Lukumini aldadaraq arxada qoyan Neres topu qapıçının başı üzərindən tora qovuşdurdu. Qalan vaxtda hesab darmadağın həddinə çata bilərdi. Höylunnun matçın qəhrəmanı olan Neresə ötürməsi dəqiq alınmadı, Maktomineyin sevinməsinə rəqib oyunçu mane oldu. Ən yaddaqalan epizodda isə Politano bir neçə metrdən boş qapıya yol tapa bilmədi.
Beləliklə, İtaliya Superkubokunun finalında ilk dəfə oynayan “Bolonya”nın daha bir uğura gücü çatmadı. 2:0 hesabıyla qalib gələn “Napoli” isə bu il azarkeşlərinə əla Milad hədiyyəsi etdi!
Yeri gəlmişkən...
İtaliya Superkuboku gələn ildən əvvəlki formatla keçiriləcək. Bunu A Seriyasının prezidenti Etsio Simonelli bəyan edib. O, Italia 1 telekanalına açıqlamasında turnirin növbəti mövsümdən yalnız finaldan ibarət olacağını, həlledici matçda İtaliya çempionu ilə ölkə kubokunun sahibinin qarşılaşacağını bildirib.
Faktlar
* “Napoli” 3-cü dəfə İtaliya Superkubokunun qalibi oldu. Cənublular bu turnirdə daha əvvəl 1990 və 2014-cü illərdə qalib gəliblər.
* Superkuboku ən çox qazanan komanda “Yuventus”du - 9 dəfə. “Milan”la “İnter”in hesabında hərəyə 8 superkubok var, “Latsio” isə 5 dəfə turnirin qalibi olub.
* Konte “Napoli” ilə ikinci titulunu qazandı. O, komandanı ötən mövsüm A seriyasında qələbəyə daşıyıb.
* Konte məşqçi karyerasında 10-cu titulunu qazandı. İtaliyalı mütəxəssis bundan əvvəl “Yuventus”u üç, “Çelsi”, “İnter” və “Napoli”ni bir dəfə ölkə çempionatında, “Yuventus”u iki dəfə İtaliya superkubokunda, “Çelsi”ni isə bir dəfə İngiltərə kubokunda qələbəyə daşıyıb.
Oyundan sonra
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Oyunçularımızı turnirdəki qələbə münasibətilə təbrik edirəm. Bu kuboku azarkeşlərimizə hədiyyə etmək, onları Milad bayramı ərəfəsində sevindirmək istəyirdik. Həqiqətən də bayramı titulla qeyd etmək çox sevindiricidi. Son mövsümdə skudettonu, indi isə superkuboku qazandıq. Bu titullara çox sayda güclü komandaları qabaqlayaraq sahib çıxmışıq. Unutmayaq ki, “Napoli” iki il əvvəl Superkubokun finalında “İnter”ə uduzmuşdu. Yaxşı bilirik ki, futbolda qalib olmaq böyük əhəmiyyət daşıyır. Heç kim sənin finalda meydana çıxıb-çıxmadığına diqqət yetirmir və bunu finallarda bir neçə dəfə məğlubiyyətin acısını dadmış sabiq futbolçu deyir. Mən dünya çempionatının və Avropa çempionatının gümüş mükafatçısıyam, bunlardan başqa, bir çox digər turnirlərin finalında da uduzmuşam. Belə aqibət adamın ürəyini ağrıdır. Axı turnirdə uzun yol qət etməyinə baxmayaraq, tortun üzərinə albalını qoya bilmirsən. Bu turnirdə “Bolonya”nın, xüsusilə də həmkarım İtalyanonun gördüyü işi qeyd etmək istəyirəm. Biz ötən mövsüm heç də çox güclü sayılmayan heyətlə çempion ola bilmişdik. Bu mövsüm heyətimizə bir sıra yeni oyunçular qoşulub. Buna baxmayaraq, hələ də çempionatda liderlik etməyə tam hazır deyilik. Çempionlar Liqasının növbəti mövsümündə də oynamağa can atırıq və bu vəzifəni yerinə yetirməyin çox çətin olacağını bilirik. Onu da yaxşı bilirik ki, böyük əmək sərf etməklə çox şeyə nail olmaq mümkündü. Finalda yaratdığımız təhlükəli vəziyyətlərə baxsaq, daha effektiv ola bilərdik. Hər halda, bir çox planlarda əla oyun keçirdik. Neresin vurduğu ilk qol çempion kimi şücaət göstərmək oldu. “Bolonya”ya necə problemlər yaşada biləcəyimizi əməlli-başlı saf-çürük etmişdik. Fikrimcə, bizim işimiz oyunçularımızın biliklərini genişləndirməkdi. Mən bu planda fəal işləyirəm və inanıram ki, birgə işlədiyim hər bir futbolçu texniki və zehni cəhətdən inkişaf edib”.

Vinçentso İtalyano, “Bolonya”nın baş məşqçisi:

“Gözlədiyimizdən daha yaxşı olan bir komandaya qarşı əlimizdən gələni etdik, Neres isə fantastik oyun göstərdi. Ferqyusonun qol vurmaq şansı vardı, amma hesab 2:0 olandan sonra bizim üçün hər şey bitdi. “Napoli” parlaq oyun sərgilədi, bütün gücümüzü meydanda qoyduq, lakin rəqibin səviyyəsinə heç cür çata bilmədik. Bu, təəssüf doğurur, ancaq məhz belə oyunlar komandanın inkişafına kömək edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Yanvar 2026 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri