Kreditə görə işə düşən vətəndaşlar nəyi gözdən qaçırır? İqtisadçı ifşa etdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
“Heç kim kredit götürəndə müqavilə şərtlərini oxumur. Heç bank işçisi də buna şərait yaratmır. Banklar bu məsələdə hüquqi baxımdan haqlı görünsələr də, əslində ədalətsizdirlər”.
Ölkə.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev banklrla sadə vətəndaşlar arasında imzalanan müqavilələrdən danışarkən deyib. O, Müqavilələrin hüquqşünasların başa düşəcəyi dildə hazırlandığını bildirib:
“Kredit götürdüyümüz və ya depozit yerləşdirdiyimiz hər hansı bankın şərtləri ilə razılaşmadıqda bank təmsilçisi bizimlə imzalanmış müqaviləyə istinad edir və orda mövcud şərtlərin əks olunduğunu qeyd edir. Hüquqi baxımdan kredit təşkilatı haqlı görünə bilər. Xüsusən də nəzərə alaq ki, xırda istisnalarla heç kim imzalanma prosesində müqavilə şərtlərini oxumur. Heç bank işçisi də buna şərait yaratmır. Bizdə müqavilə imzalanması prosesi daha çox formal texniki proseduru xatırladır - bank sizə kredit ayırır və siz də formallıq xətrinə kağızları imzalayırsınız.
Xatırlayıram ki, hər dəfə hansısa bankda müqavilə imzalayanda onun hər səhifəsini imzalatdırırlar. Bilmirəm, müşahidə etmisiz ya yox, az qala imzanı sona çatdırmağa da imkan vermirlər. Kağızı əlinin altından çəkib növbəti səhifəni çevirirlər. Yəni kredit məhsulunun əsas sənədi olan müqavilənin imzalanması prosesi ən yaxşı halda 1-2 dəqiqə çəkir. Və sabah da narazılıq yaşananda heç birimizin oxumadığı və evə gəlib sonra tapmaqda çətinlik çəkdiyimiz yerə atacağımız müqaviləyə istinad edilir. Banklar bu məsələdə hüquqi baxımdan haqlı görünsələr də əslində ədalətsizdirlər.
Ona görə ədalətsizdirlər ki, müqaviləni öz istəklərinə uyğun tərtib edirlər. Əvvəla, bu müqavilələrin şriftləri çox kiçik olur və oxumaq çətinliyi yaradır. İkincisi, müqavilə dili daha çox hüquqşünaslar üçün nəzərdə tutulur, sadə vətəndaş bunu anlamır. Üçüncüsü, müqavilə vətəndaşı yox, bankı qorumaq üçün nəzərdə tutulur. Yəni bir qayda olaraq müqavilələrin məzmunu bankların hüquqları, müştərilərin öhdəlikləri barədə olur. Ona görə də belə bir hüquqi sənəd heç bir halda müştəriyə şans vermir, bankları isə həmişə haqlı çıxarır”.
İqtisadçının sözlərinə görə, bu gün maliyyə xidmətindən istifadə edən müştərilərin hüquqları demək olar ki, qorunmur:
“Çünki bunun üçün zəruri qanunvericlik bazası olsa da, təkmil deyil. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun ölü sənəd olması bir yana daha çox geniş mənada istehlakçı hüququna fokuslanıb. Mülki Məcəllədə müqavilə öhədəliklərinə diqqət yetirilsə də, məsələyə yenə də ümumi konteksdə yanaşılır. Bəzi bank qanunvericiliyində müştərilərin hüquqlarına münasibətdə ayrı-ayrı elementlərə rast gəlmək olur. Ancaq hüququ pozulan müştəri bilmir ki, hansı qanuna müraciət etsin, hansı qanun əsasında bankla çəkişsin. Etiraf edək ki, bu gün maliyyə xidmətləri istifadəçilərinin hüquqlarının qorunması nə arzuolunan səviyyədədir, nə də münasib qanunvericilik aktı mövcuddur.
Maliyyə sektoru bütün dünyada, o cümlədən Azərbaycanda getdikcə böyüyür. Getdikcə daha çox insan maliyyə xidmətlərinin müştərisinə çevrilir. İstehlakçıların tərkibində 20 il əvvəl azlıqda olan maliyyə xidmətləri istifadəçiləri bu gün çoxluğa çevriliblər. Hazırda tələb adını qazanmış gənclərdən tutmuş işləməyən pensiyaçılara qədər hamısı müxtəlif səviyyəli maliyyə xidmətlərindən istifadə edir. Ancaq maliyyə xidməti istifadə edən müştərilərin hüquqları lazımi səviyyədə deyil”.
Xarici ölkələrin təcrübələrini nümunə göstərən S.Əliyev ölkəmizdə bu sahədə yeni qanunun qəbulunu zəruri hesab edir:
“Müxtəlif ölkələrdə maliyyə xidmətlərinin istifadəçilərinin hüquqları ayrıca qanunvericilik aktı ilə tənzimlənir. Avropa Birliyində “Consumer Credit Directive 2023/2225”, “Payment Services Directive” (PSD2) – “consumer protection and security”, “Markets in Financial Instruments Directive” (MiFID II) (2014/65/EU) kimi sənədləri göstərmək olar. Britaniyada “Consumer Credit Act 1974”, Financial Services and Markets Act 2000”, “Payment Services Regulations 2017”, ABŞ-də “Fair Credit Billing Act”, “Fair Credit Reporting Act”, “Dodd-Frank Wall Street Reform and Consumer Protection Act” kimi sənədləri göstərmək olar.
Keçmiş SSRİ ölkələrinə gəlincə, Rusiya və Ukraynada “İstehlak kreditləri haqqında”, Moldovada isə “İstehlakçılarla kredit müqavilələri barədə” Qanunlar mövcuddur. Qazaxıstan 2025-ci ildə maliyyə bazarlarının inkişafı, maliyyə xidməti istelakçılarının hüquqlarının müdafiəsi ilə bağlı bir sıra qanunverilik aktlarına, o cümlədən “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanuna dəyişikliklər edib.
Maliyyə xidməti depozit və kreditlə məhdudlaşmır. Bura sığorta xidmətləri, investisiya, ödəniş sistemləri və s. daxildir. Adı çəkilən xidmətlərin çeşidi və bazarı getdikcə daha da genişlənəcək. Deməli, istifadəçilərin sayı da analoji olaraq artacaq. Bu qədər istifadəçini “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanun və Mülki Məcəllə ilə qorumaq mümkün olmayacaq. Yeni qanunvericilik aktı - “Maliyyə xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının qorunması barədə” Qanunun qəbulu çıxış yollarından biri ola bilər”.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















