Küçə ticarəti ilə kimlər və necə məşğul ola bilərlər?
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bu gün paytaxtda yolların kənarlarında, metro çıxışlarında, meyvə-tərəvəz, ət və kolbasa satışının şahidi oluruq. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə görə, icra hakimiyyəti tərəfindən müəyyən edilməmiş yerlərdə malların satışına görə 80 manata qədər cərimə tətbiq olunur. Bundan başqa, fəaliyyətin vergi uçotuna alınmaması və nağd hesablaşmaların təsdiqlənməməsi hallarına görə maliyyə sanksiyaları mövcuddur. Rəsmi olaraq "küçə ticarəti istisna edilmir", lakin tənzimlənməsi və yerinin müəyyən edilməsi tələb olunur.
Mütəxəssislərin fikrincə, açıq havada, yol kənarında gigiyena qaydalarına uyğun olmayan şəraitdə satılan meyvə-tərəvəz və digər qida məhsullar insan sağlamlığı üçün zərərlidir. Xüsusən saatlarla mühit temperaturunda, açıq şəkildə piştaxtaların üstündə satılan ət və kolbasalar zəhərlənməyə səbəb ola bilər.
Küçədə açıq şəraitdə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, havaların isti keçməsi ilə əlaqədar küçədə, açıq şəraitdə satılan qidalar temperatur dəyişikliyinə, çirklənməyə məruz qalır. Bu zaman məhsulun, xüsusən də soyuducusuz şəraitdə satılan ət, toyuq və kolbasaların tərkibində müəyyən dəyişikliklər baş verir. Sözügedən məhsulların tərkibində insanların sağlamlığı üçün zərərli olan virus və bakteriyalar yaranır. Eyni zamanda da açıqda olduğu üçün satışı təşkil edən insanların sanitar gigiyena normalarına əməl etmədiyi təqdirdə qida fiziki çirklənməyə məruz qalır və qəbulu zamanı həzm orqanlarının zədələnməsinə gətirib çıxarır. Əsasən, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir ki, həmin qidaları qəbul edən insanlarda dərhal ağırlıq, qarın boşluğunda ağrı və şişkinlik müşahidə olunur. Bəzən isə qida həzm olunmadan bağırsaqlara keçir və ishal və ya günlərlə davam edən qəbizlik baş verir. Bir neçə gün açıq havada, günəş şüaları altında qalan bu məhsullar hətta zəhərlənməyə də səbəb olur:
Qızartma məhsulları dəfələrlə istifadə edilmiş, köhnə yağda qızardılır
"Bu gün yol kənarlarında satılan ət məhsulları insan sağlamlığı üçün təhlükə yaradır. Ət və ət satışı ilə məşğul olan satış nöqtələri mütləq şəkildə soyuducularla təchiz olunmalıdır. Əgər məntəqə meyvə və tərəvəz yeridirsə, vətəndaş orada ət, toyuq da satmaq istəyirsə, o zaman oraya mütləq soyuducu qoyulmalıdır. Əgər soyuducu yoxdursa, o zaman insanlar belə yerlərdən ət və ət məhsulları almamalıdırlar. Bu gün biz küçədə və yol kənarlarında peraşki və şirniyyat məhsullarının hazırlanması və satışı ilə də qarşılaşırıq. Peraşki və bu kimi qızartma məhsulları dəfələrlə istifadə edilmiş, köhnə yağda qızardılır. Bu kimi qidaların hazırlanmasında keyfiyyətsiz və ucuz xammaldan istifadə edilir. Üstəlik, bu məhsullar açıq şəkildə satılır ki, bu zaman fiziki çirklənməyə məruz qalır. Düzgün şəraitdə saxlanılmayan belə qidaları qəbul etdikdə insan orqanizmində maddələr mübadiləsinin, bağırsağın mikroflorasının pozulması kimi fəsadlar ortaya çıxır. Qızardılmış qidalar alınan zaman insanlar birinci növbədə onun saxlanma şəraitinə, hazırlanması zamanı sanitar-gigiyena qaydalarına əməl olunub-olunmadığına diqqət etməlidirlər. Bu, mütləqdir. Belə məhsulllar vitrində, qapalı formada alıcılara təqdim olunmalı və təmizliyə xüsusilə nəzarət edilməlidir. Vitrində olan məhsullar bir-birindən aralı yığılmalıdır. Satıcılar isə xüsusi geyimdə olmalı, mütləq şəkildə əlcəkdən istifadə etməlidirlər. Məhsulun təzəliyini göstərən etiketlər də vitrinə vurulmalıdır. Ancaq biz metro çıxışları və yol kənarlarında sözügedən məhsulların satışı ilə məşğul olan yerlərgə gigiyena qaydalarına riayət olunmamasının şahidi olurur. Bu zaman da təbii ki, insan sağlamlığı təhlükə qarşısında qalır".
Bu sousların tərkibi yararlıq müddəti bitmiş tomat pastalarıdır
Məhsəti Hüseynova bildirib ki, küçələrdə açıq şəraitdə peraşki satışı ilə məşğul olan yerlərdə alıcılara müxtəlif souslar da təqdim olunur. Bu sousların tərkibi yararlıq müddəti bitmiş tomat pastalarıdır. Bir neçə şəxsin eyni vaxtda bu sousdan istifadə etməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Hazırda azad bazar iqtisadiyyatı olduğu üçün bu, sahibkarlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Amma bu, daha az pulla xammal alıb keyfiyyətsiz məhsullardan qidalar hazırlayıb satmaq anlamına gəlmir: "Heç kimə o icazə verilmir ki, get açıq havada, heç bir gigiyena qaydalarına əməl olunmadan, keyfiyyətsiz məhsullardan hazırlanan qidaları insanlara sat. Açıq hava şəraitində peraşki, hotdoq, sendviçlər satılır. Onların hazırlanmasında tərəvəzlər, eyni zamanda zülal tərkibli ət və mayonezdən istifadə olunur ki, bu qidalar da bir neçə saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır".
Ayaqüstü yeyilən yeməklərdə dadlandırıcı kimyəvi maddələrdən istifadə olunur
Ekspert qeyd edib ki, bəzən qida məhsullarına asılılıq yaradan kimyəvi maddələr qatırlar ki, bu da sağlamlığa olduqca zərərlidir: "Ayaqüstü yeyilən yeməklərdə dadlandırıcı kimyəvi maddələrdən istifadə olunur. İlk növbədə, el arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın sintetik mənşəli adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni dad - ümumi dadını yaradır. Beləliklə, insanlar davamlı olaraq həmin qidaları istəyirlər və ənənəvi keyfiyyətli qidadan zövq ala bilmirlər və xüsusilə də həmin qidalardan sonra dərhal doyur, lakin tez bir zamanda acırlar, belə olan halda isə piylənmə yaranmağa başlayır".
Küçə ticarəti insan sağlamlığına zərər vurur, epidemoloji təhdid yaradır
Mütəxəssis vurğulayıb ki, mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən sözügedən qida məhsullarının hazırlandığı məkanlarda yoxlamalar aparılmalıdır. Küçədə heç bir gigiyena qaydalarına əməl olunmadan, insan sağlamlığı üçün zərərli məhsulların satışı ilə məşğul olan məntəqələrdə yoxlamalar aparılmalıdır. Küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid, vergidən yayınmaya şərait yaradır: "Adətən, biz görürük ki, hər hansı məkanda zəhərlənmə halı baş verdikdən sonra orada yoxlamalar aparılır. Bu zaman bir çox insanların sağlamlığına zərər dəydiyi aydın olur. Ona görə də zəhərlənmə hallarının baş verməməsi üçün öncədən yoxlamalar aparılması, müvafiq tədbirlərin görülməsi vacibdir".
Sahibkarlar hansısa qanuna istinad edib öz haqlarını müdafiə edə bilmirlər
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə küçə ticarəti sahəsində bir sıra boşluqlar var. Bu boşluqlar aradan qaldırılsa, mövcud problemlər öz həllini tapar: "Küçə ticarəti nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində mövcuddur. Müvafiq qaydalar və qanun çərçivəsində insanlar küçə ticarəti ilə məşğul olurlar. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizdə isə küçə ticarətinə gah verbal olaraq icazə verirlər, gah tamamilə yığışdırırlar. Qanunsuz küçə ticarəti ilə bağlı qanun var. Bəs ümumən küçə ticarəti ilə bağlı qanun, qaydalar varmı? Sahibkarlar hansısa qanuna istinad edib öz haqlarını müdafiə edə bilmirlər. Əlaqədar orqanlar qanunlardakı boşluqlardan istifadə edir. Əziyyətini də kiçik və orta sahibkarlar çəkir. Küçə ticarəti ilə necə məşğul olmaq olar? Bununla bağlı lisenziyanı kimlər və kimlərə verə bilərlər? Küçə ticarəti ilə məşğul olmaq üçün lisenziyalar kimlərə və hansı şərtlər altında verilməlidir? Bu məsələlərlə bağlı cavabsız suallar və boşluqlar həddindən artıq çoxdur. Bu da insanlar arasında çaşğınlıq yaradır".
Müvafiq qanun qəbul edilməlidir
Natiq Cəfərli hesab edir ki, bu gün küçə ticarəti qanunvericilikdə ən çox boşluq olan sahələrdən biridir. Bu boşluqların aradan qaldırılması üçün dövlət bu sahəni qanunlar və sanitar normalar çərçivəsində dəstəkləməlidir: "Yaxşı olardı ki, bununla bağlı müvafiq qanun qəbul edilsin. Əgər insanlar işləyib pul qazana bilirsə, buna mane olmaq yox, dəstək olmaq daha yaxşıdır. Qonşu ölkələrin təcrübəsindən yararlanmaq olar. Məsələn, bu gün Türkiyədə küçə ticarətinə bələdiyyələr nəzarət edir və onların daxili gəlirlərinin əsas hissəsini küçə ticarətindən gələn vergi və lisenziyaların pulları təşkil edir. Bizdə də bu praktikanı tətbiq etmək olar. Effekt verib-verməyəcəyini də zaman özü göstərəcək. Hər halda vəziyyət hazırkındən daha yaxşı olar".
Mövzu ilə bağlı sorğumuza Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması üçün Agentlik yerli icra orqanları ilə birgə Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisində küçə və yol kənarlarında, əhalinin sıx gediş-gəlişinin təşkil edildiyi digər yerlərdə qida məhsullarının qanunsuz satışı hallarına qarşı nəzarət tədbirləri həyata keçirir. Görülən tədbirlərə baxmayaraq, hələ də qida məhsullarının müxtəlif yerlərdə, küçə və yol kənarlarında heç bir normativ tələblərə əməl etmədən antisanitar şəraitdə satışa təqdim olunması hallarına rast gəlinir. Bildirilir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Qida təhlükəsizliyi tələblərinə cavab verməyən yerlərdən qida məhsullarının alınaraq istehlak edilməsi isə tövsiyə olunmur. Qanunsuz olaraq qida məhsullarının açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama şəraitinə riayət edilmədən satışa çıxarılması hallarına qarşı nəzarət tədbirləri Agentlik tərəfindən davam etdiriləcək və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















