Kürdəmirdə dəhşətli qətl: Biznesmen küçədə öldürüldü, oğlu isə... TƏFƏRRÜAT
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdəmir rayonunda 1968-ci il təvəllüdlü Cümşüd İslamovun həmyerlisi Müşfiq Məmmədovu qətlə yetirməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, qətl hadisəsi 2023-cü ilin iyulun baş verib. Cümşüdlə Müşviq iyulun 9-da günün müxtəlif vaxtlarında telefonla danışıblar. Müşviq onu nalayiq ifadələrlə söyüb. Bundan əsəbləşən Cümşüd onu qətlə yetirmək qərarına gəlib.
İyunun 10-da saat 22 radələrində Cümşüd yüngül sərxoş vəziyyətdə Kürdəmir şəhərindəki 69-cu məhəllədə, yaşadığı evin qarşısında Müşfiq Məmmədovla görüşüb. Ondan bir gün əvvəl söydüyü söyüşlərə görə üzr istəməsini tələb edib. Rədd cavabı aldıqda tapançadan atəş açıb.
Müşfiq Məmmədov aldığı iki güllə yarasından ölüb.
Cümşüd iyunun 11-də gecə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib, təqsirini boynuna alıb, tapançanı polisə təqdim edib.
İstintaq zamanı müəyyən edilib ki, Cümşüd əvvəllər bir neçə dəfə Müşfiqdən pul istəyib. Müşviq də Cümşüdün kriminal statusuna görə bir neçə dəfə ona əvəzsiz olaraq pul verib. Qətl hadisəsinin baş verməsinə səbəb Cümşüdün yenidən hədə-qorxu ilə pul istəməsi, Müşviqin isə artıq buna dözməyərək etiraz eləməsi olub.
Bundan başqa, o, hadisə yerinə gələn Müşviqin oğlu Fəridi də öldürməklə hədələyib. Ona silah tuşlayıb, havaya atəş açıb.
İstintaq orqanı tərəfindən Cümşüdün barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Cümşüd Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci maddələri ilə özünü təqsirli bilib. O, elan olunmuş digər ittihamlarla özünü təqsirli bilməyib.
"Qurşaqdan aşağı atəş açdım, öldürmək istəmirdim"
Cümşüd ifadəsində deyib ki, tanışı Müşfiq Məmmədov 2023-cü il iyunun 9-da ona zəng edib: "Mən gələn zəngi eşitməmişəm. Sonradan özüm ona zəng vurdum. İçkiliydi, telefon danışığı zamanı məni təhqir etdi, söyüşlə danışdı və məzələndi.
İyunun 10-da saat 22 radələrində yaşadığım evin qarşısındakı küçədə Müşfiqlə görüşdüm. Həmin sözləri üzümə deməsini tələb elədim. O, sözləri dedikdən sonra mənə əl-qol atdı. Onun əlindən güclə çıxdım. Özümü müdafiə məqsədilə tapançadan üç dəfə atəş açdım və açılan güllələr Müşfiqə dəydi.
Müşfiqi öldürmək məqsədi ilə vurmamışam. Onu qurşaqdan aşağı vurmuşam. Sonra polis şöbəsinə gedərək təslim olmuşam.
Müşfiqin oğlu Fəridi tanımamışam. Hadisə zamanı bir nəfərin gəldiyini gördüm. Onun kim olduğunu bilmədim. Mən ara yola girmək istəyəndə mənə çatdı və əlbəyaxa olduq. Onu itələdim, yıxıldı. Mən də oradan getdim".
"Mənə borca və hədiyyə kimi xərcləməyə pul verməyib"
Təqsirləndirilən şəxs bildirib ki, Müşfiqi hadisədən 5-6 ay əvvəl tanıyıb, necə tanış olduqlarını xatırlamır: "Arada bir həmyerli kimi görüşürdük, çay içirdik. Son vaxtlar onun hansı işlə məşğul olduğunu bilmirdim. Lakin əvvəllər bizneslə məşğul olmasından xəbərim vardı.
Müşfiq mənə heç vaxt borca və hədiyyə kimi xərclik pul verməyib. Onun məni hansı səbəbdən söydüyünü də bilməmişəm.
Mənə zəng vurdu, içkili olduğundan məzələnməyə başladı, söyüş söyərək məni təhqir etdi. Əvvəllər belə söhbətimiz olmamışdı. İki ay öncə bir toy məclisində rastlaşmışdıq, bundan sonra onu görməmişdim".
"Kürdəmirdə mənimlə söhbət edəcəyini bildirmişdi"
Cümşüdün sözlərinə görə, hadisəyə səbəb Müşfiqin ona zəng edib, ağzına gələni danışması olub:
"Müşfiq zəng edəndə yanımda heç kim yoxuydu. O məni söyəndən sonra səhəri günü görüşmüşük. Özü zəng edib Kürdəmir rayonuna gəldiyini dedi. Əvvəldən rayona gələcəyini, mənimlə görüşüb söhbət edəcəyini bildirmişdi.
Zəng edəndə harada olduğumu soruşdu. Mən də evdəyəm dedim. Yaşadığım evin qarşısındakı küçəyə gəldi. Evdən çıxaraq Müşfiqlə görüşdüm və söhbət etdik.
Müşfiq yaşadığım evi tanımırdı, evin yerini özüm ona başa saldım. Avtomobillə gəldi, maşından düşərək mənə tərəf yönəldi. Görüşəndən sonra ara yola girdik".
"Məni hədələdi, daşla vurdu"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Müşfiqlə görüşəndə üzərində "Makarov" markalı yarımavtomatik tapança olub:
"Silahı 3-4 il əvvəl tapmışdım, yaşadığım evin həyətində gizlətmişdim. Üzərimdə silah saxlamağıma hər hansı bir səbəb yoxuydu. Evdən çıxanda silahın darağında neçə güllə olub-olmadığına baxmadım. Təxminən bilirdim ki, 3-5 gülləsi var.
Telefon danışığı zamanı Müşfiq məni hədələdi, söhbət etmək üçün üzərimə adam gətirəcəyini dedi. Hüquq-mühafizə orqanlarına hansı səbəbdən məlumat vermədiyimi bilmirəm. Evdən çıxanda silah üstümdəydi.
Müşfiq məndən üzr istəsəydi, yəqin bu hadisə olmayacaqdı. Özümlə silahdan başqa kəsici-deşici alət götürməmişdim. Atəş açmamışdan qabaq əlbəyaxa olduq. Müşfiq mənim barmağımı sındırdı, mənə nalayiq söyüşlər söydü. Sonra da məni daşla vurdu".
"Oğluna silah tuşlamamışam"
Cümşüd qeyd edib ki, hadisə zamanı havaya xəbərdarlıq atəş açmayıb: "Silahı çıxardım, amma Müşfiqə göstərərək xəbərdarlıq etmədim. Birbaşa 3 dəfə ona atəş açdım. Silahı Müşfiqin ayaq hissəsinə tuşladım. Ancaq güllənin onun ayağına dəyib-dəymədiyini bilmədim.
Birinci atəşi açandan sonra Müşfiq üstümə gəldi. Bundan sonra iki dəfə də atəş açdım. Onun yıxılb-yıxılmamasına baxmadım, oradan getdim.
Fərid gələndə mənə yumruq atdı. İtələyib onu yıxdım. Silahı Fərid görmədi, çünki şalvarıma qoymuşdum. Fəridə silah tuşlamamışam".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı spirtli içkinin təsiri altında olub, ancaq heç vaxt narkotik vasitələrdən istifadə etməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Cümşüd İslamovun əməlində cinayət tərkibi olmadığından Məcəllənin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə bəraət verilib.
Hökmə əsasən, CM-nin 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib. Ona 18 il cəza təyin olunub. Cəzanın 3 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsə bəraət verilmiş maddələrlə bağlı hökmün ləğv edilməsini və yeni ittiham hökmünün çıxarılmasını xahiş edib.
Həmçinin zərərçəkmiş Müşviq Məmmədovun hüquqi varisi olan həyat yoldaşı və zərərçəkmiş Fərid Məmmədov da apellyasiya şikayəti veriblər. Onlar Cümşüd İslamovun ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.
Təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. O, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.1 və 228.1-ci maddələrinə tövsif edilməsi istəyib.
Şirvan Apellyasiya Məhkəməsində şikayətlər araşdırlıb və qərar verilib. Təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən verilən şikayət təmin olunmayıb.
Dövlət ittihamçısının protesti tam, zərərçəkmiş şəxslərin şikayəti isə qismən təmin olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün bəraət verilmiş hissəsi ləğv edilib.
Yeni hökmə əsasən Cümşüd İslamov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib. Onun cəzası 19 ilə qədər artırlıb.
Bundan sonra təqsirləndirilən şəxsin müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib, şikayət təmin olunmayıb


