Icma.az
close
up
RU
Laçınada uşaqlığımla bağlı heç nə tapmadım Qarabağa köçən jurnalistlə MÜSAHİBƏ

Laçınada uşaqlığımla bağlı heç nə tapmadım Qarabağa köçən jurnalistlə MÜSAHİBƏ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yeganə Quliyeva əvvəllər mətbuatda jurnalist kimi fəaliyyət göstərib. 2024-cü ilin aprelində Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində Hüquqi təminat, vətəndaşlarla və ictimaiyyətlə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. 

Artıq 1 ilə yaxındır ki, doğma Laçın rayonunda çalışan Yeganə Quliyeva Modern.az saytına müsahibə verib.


- Yeganə xanım, yəqin ki, rəsmi qurumda fəaliyyət göstərməklə jurnalist olmaq arasında çox fərq var. Hansı daha rahatdır?


- Hər ikisi də fərqli dinamikaya malik məsuliyyətli sahədir. Amma rəsmi qurumda fəaliyyət göstərmək jurnalistikadan tamamilə uzaqlaşmaq demək deyil. Hazırda çalışdığım qurumda da işim elə jurnalistika ilə sıx bağlıdır. Bu müqayisəyə əlavə olaraq qeyd edim ki, hər iki sahə cəmiyyətə xidmət baxımından vacibdir. Əsas missiyamız Şərqi Zəngəzurda, xüsusilə Laçında aparılan bərpa və quruculuq işlərini geniş ictimaiyyətə çatdırmaq, doğma yurd yerlərimizin yenidən necə canlandığını göstərməkdir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu prosesləri olduğu kimi görməsini təmin etməyə çalışırıq.


- Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə təyinatınız necə baş verdi?


- Laçın doğulduğum, ilk nəfəs aldığım Vətən torpağıdır. İllərlə uzaq olsam da, qəlbim həmişə burayla döyünüb. Qarabağın işğaldan azad olunmasını və orada yaşamağı hər bir azərbaycanlı kimi mən də arzulamışam. Laçında işləmək fürsəti yarananda tərəddüd etmədən qəbul etdim. Çünki bu, sadəcə peşə seçimi yox, doğulduğum torpağın çağırışı və doğma yurdumda xidmət etmək şansı idi.
Bu gün Laçının bərpasına şahidlik etmək, azad torpağımızın yenidən nəfəs aldığını görmək və bu prosesin bir parçasına çevrilmək mənim üçün sözlə ifadə olunmayacaq qədər dəyərlidir. Uzun illər xəyal kimi görünən gerçəkliyin içində olmaq böyük məsuliyyət və ömürlük qürur hissidir.


- İşğaldan azad olunmuş Laçına ilk səfəriniz necə baş vermişdi?


- Uşaqkən məcburi tərk etdiyim Laçına ilk dəfə 31 il sonra 2023-cü ilin noyabr ayında çalışdığım qurum tərəfindən qayıda bildim.
Bu günə şükürlər olsun. Biz bu torpaqlara Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların fədakarlığı sayəsində biz yenidən azad Vətəndəyik.


- Məcburi köçkünlük dövründə nənə-babalarımız daim işğalda olan ərazilər haqqında danışırdılar. İndi Qarabağ tamamilə işğaldan azad edilib, siz də ora gedən ilk sakinlərdənsiniz. Uşaqlıqdan eşitdiyiniz Laçınla gördüyünüz Laçın arasında hansı fərqlər var?


- Şuşa yolundan keçərək qovuşduğum bu yurdda heç nə yaddaşımda qaldığı kimi deyildi. İllərlə xəyalını qurduğumuz bu torpaqlarda gördüklərimi, hiss etdiklərimi sözə çevirmək o qədər çətindir ki... İndiki Laçın işğaldan əvvəlki kimi olmasa da, öz ruhunu qoruyib. Burada təkcə torpaq deyil, uşaqlıqda yaşadığım xatirələr, itirilən anlar da vari. 
Biz Laçını həsrət çəkərək xatirələrdə böyütdük. Böyüklərdən eşitdiklərimiz sayəsində ruhumuza süzülən Vətən niskili illər boyu içimizdə kök salan bir həsrətə çevrilmişdi və nəhayət, azadlıq sevinci ilə yoğrulub ümidə dönərək gerçəyə qovuşdu. İllərlə xəyalımızda yaşatdığımız yurdun gerçək üzü ilə qarşılaşdıq.


Sanki hər addımda itirilən bir şeyin izlərini tapmağa çalışırdım. İlk evimizi axtardım… Amma o doğma divarların, həyətin yerində bomboş bir xarabalıq vardı.


Daha sonra dörd il oxuduğum, uşaqlığımın ən şən xatirələrinin yaşandığı 1 nömrəli Laçın şəhər tam orta məktəbinə getdim. O binadan da əsər-əlamət qalmayıb. Sanki xatirələrimizlə bərabər, bir vaxtlar həyat dolu olan şəhərin ruhunu da silib aparıblar.


Hər həftəsonu böyük sevinc və səbirsizliklə getdiyimiz nənə-babamın kəndinə getmək istədim. O kənd ki, uşaq qəlbimdə ən isti, ən doğma yuva idi. Amma indi nə o kənd var, nə də məni orada gözləyəcək bir kimsə...
Amma ümidlərimiz bu sarsıntılardan daha böyükdür. Laçın yenidən qurulur, canlanır. Biz bu torpağın ilk qayıdan sakinləri olaraq ağrı dolu keçmişi, qırılmış xatirələri yenidən dirçəldəcəyik. İllərlə qəlbimizdə qoruyub saxladığımız o doğmalığı yenidən canlandıracağıq. Biz buna inanırıq.


- Qarabağ işğaldan azad ediləndə bəziləri deyirdilər ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtmayacaq, onlar illərdir yaşadıqları digər ərazilərdə özlərinə yaxşı şərait qurublar...


- Düşünürəm ki, doğma yurda qayıtmaq seçim məsələsi olmamalıdır. Bu mövzuda ən önəmlisi anlayışlı və ədalətli yanaşmadır. İnsanların seçimləri, qorxuları və gözləntiləri fərqli olsa da, məqsəd eynidir: bu torpaqların yenidən dirçəlməsi və yaşanacaq halına gəlməsi...
İşğal dövründə yaşanan travmalar, itkilər, keçmişin ağrıları və dediyiniz kimi, özlərinə yaxşı şərait qurmaları bəzi insanları geri dönməkdən çəkindirə bilər. Qayıtmaq üçün hər kəsin öz vaxtı var. Bəziləri dərhal dönmək istəyir, digərləri üçün isə buna uyğun şərait və daxili hazırlıq lazımdır. Bu, zamanla dəyişən bir prosesdir.
Vətənə xidmət təkcə orada yaşamaqla ölçülmür. Qayıtmayan insanlar da öz bilikləri, iqtisadi dəstəyi, mədəni fəaliyyəti və ya başqa yollarla doğma torpaqlara töhfə verə bilərlər. Əsas olan bağlılıq və dəstəkdir.
Qayıdanları və qayıtmayanları bir-birinə qarşı qoymaq düzgün deyil. Hər kəs öz bildiyi və bacardığı şəkildə Vətən üçün faydalı ola bilər.


- Qarabağın demək olar ki, hər şəhəri, hər kəndi özünəməxsusluğu ilə seçilir. Bu baxımdan Laçın həmişə ön planda olub. Əhalinin məşğuliyyəti, həyat tərzi digər bölgələrdən fərqlənib. İndi şəhərlər yenidən qurulur. Bəs bu fərqlər, özünəməxsusluq yaşayış binaları və digər tikinti işlərində nəzərə alınırmı?


- Laçının yenidən qurulması zamanı şəhərin tarixi-mədəni irsi və əhalinin ənənəvi həyat tərzi nəzərə alınır. Yeni infrastruktur layihələri, bərpa, tikinti və abadlıq işləri müasir tələblərə uyğun aparılsa da, bölgənin təbii landşaftı, memarlıq üslubu və yerli xüsusiyyətləri qorunur.
Hər kəsin öz ata-baba yurdu bərpa olunaraq sakinlərinə qaytarılır. Şəhər və kəndlərin bərpası fərdi yaşayış evlərini, məhəllələri və ictimai obyektləri əhatə edir. Laçın sakinləri doğma torpaqlarına qayıdaraq, həm mənəvi, həm də sosial-iqtisadi baxımdan yeni və dayanıqlı bir həyat qurmaq imkanı əldə edirlər.


- Artıq bir ilə yaxındır ki, ailənizlə birlikdə Qarabağa köçmüsünüz, Laçında yaşayırsınız. Qarabağa köçüb yaşamaq necə bir hissdir?


- Bir ildən çoxdur ki, Laçındayam. Burada yaşamaq uzun müddət uzaqda qalan övladın evinə geri dönməsi kimidir. Bu torpaq mənim üçün yad deyil, illərdir ruhumda yaşatdığım, xatirəsi ilə böyüdüyüm doğma yurdumdur. Sadəcə, illər sonra qayıtmışam. Burada yaşamaq haqqımızdır və biz bu haqqı qoruyub saxlayacağıq.


- Laçının ab-havası haqqında nələr deyə bilərsiniz?


- Laçın təkcə iqlimi ilə deyil, eyni zamanda insanın ruhuna təsir edən mühitilə də seçilir. Burada insanı sarıb sarmalayan bir doğmalıq var. İnsan özünü köklərinə daha yaxın hiss edir. Bəzən şəhərin səs-küyündən, qayğılarından uzaqlaşıb ruhunu dinləmək istəyirsənsə, Laçın bu sakitliyi insana bəxş edən yerlərdəndir. Laçına ayaq basan hər kəs bu fərqliliyi hiss edir.


- Qohumlardan uzaq düşmüsünüz, amma belə deyim var ki, yaxın qonşu uzaq qohumdan da yaxşıdır. Laçında yaşayan insanlar sizə yaxşı qonşuluq edirmi?


- Qohumlarımdan bura köçənlər də var. Ümumən Laçında yaşayan insanlar qonaqpərvərlikləri və səmimiyyətləri ilə seçilir. İşğal insanları ayrı salsa da, doğma torpağın ab-havası insanları yenidən bir araya gətirməyi bacarıb. Köhnə tanışlar indi yenidən bir-birini tapmaq, qırılmış əlaqələri bərpa etmək istəyirlər. Yaddaşlarda solğun xatirəyə çevrilmiş adları yenidən eşitmək, tanıdığını xatırlamaq – laçınlılar üçün hələ də isti bir xatirədir. Doğmalıq heç vaxt itməz.


- Qarabağda quruculuq işləri nə yerdədir, rəsmi qurumun əməkdaşı olaraq bizə eksklüziv xəbər verə bilərsiniz?


- Laçında genişmiqyaslı quruculuq və bərpa işləri davam edir. Şəhərin bir hissəsi, o cümlədən Qarıkaha, Zabux və Sus kəndləri yenidən qurularaq sakinlərin ixtiyarına verilib. İndiyədək 3000-dən çox sakinin daimi məskunlaşması təmin edilib.
Turizm potensialının inkişafı çərçivəsində Prezidentin İşlər İdarəsi tərəfindən Zerti kəndində böyük bir otel kompleksi inşa olunur. Bundan əlavə, Qorçu qəsəbəsində “Laçın” Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi planlaşdırılır. Dini və mədəni irsin bərpası çərçivəsində Laçın Məscidində tikinti işləri son mərhələdədir.
Yaşayış məntəqələrinin inkişafı istiqamətində Laçın rayonunda Ərikli və Kürdhacı kəndlərinin 1-ci mərhələ layihəsi hazırlanır. Eyni zamanda, Bəylik kəndində quruculuq işləri davam edir. Laçın şəhərinin yeni siması formalaşır.


- Bakı üçün darıxırsınız?


- Laçının tezliklə tam bərpası üçün darıxıram. Bakı isə həm xatirələrimin, həm də doğmalarımın əbədi məskən saldığı şəhərdir. Keçmişimin izlərini daşıyan hər iki şəhərə özəl bir bağlılığım var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri