Lerikdən başlanan həyat yolu
...Lənkəranda COP 29 Beynəlxalq sammitinə həsr olunmuş “Yaşıl dünya naminə” adlı ekoloji mövzuda qələmə alınmış kitabın təqdimetmə mərasimi keçirilirdi. Kitab ölkəmizdə bu mühüm tədbirə hərtərəfli hazırlıqla əlaqədar görülmüş işlərdən, həyata vəsiqə alan maarifləndirici tədbirlərdən, “Respublikamızı yaşıl diyara çevirək!”, “Hər kəs bir ağac əksə...” kimi vətənpərvərlik təşəbbüslərindən bəhs etdiyi üçün daha çox diqqət mərkəzində idi. Elə buna görə də təqdimetmə mərasiminə Cənub bölgəsindən Azərbaycan Milli Məclisinə seçilən millət vəkilləri də dəvət olunmuşdu.
Təbii ki, əksəriyyəti iştirak edirdi. Üzürlü səbəbə görə dəvəti qəbul edib iştirak edə bilməyənlər isə tədbirin təşkilatçıları ilə telefon əlaqəsi saxlayaraq təbriklərini və xoş arzularını çatdırdılar. Onların arasında 80 saylı Lerik-Astara seçki dairəsindən xalq elçisi seçilən tarix elmləri doktoru Vasif Vaqif oğlu Qafarov da vardı. O, ümumiyyətlə bölgədə keçirilən bütün mühüm tədbirlərə qatılır, öz fikir və düşüncələrini təkcə seçiciləri ilə deyil, digər rayonların sakinləri ilə də bölüşür. Bu da onun bütöv Vətən sevgisindən, el-oba təəssübkeşliyindən, bir sözlə Azərbaycançılıq məfkurəsindən irəli gəlir..
Cənub bölgəsinin dağ rayonu olan Lerikə gəldikdə isə deməliyik ki, bu torpaq Vasif müəllim üçün Vətənin bir parçasıdır. Başqa sözlə desək, dünyaya baxmaq üçün ona bir pəncərədir. Dolanbac, enişli-yoxuşlu dağ yolları Azərbaycan tarixşünaslığına töhfə verəcək gələcək alimi haralara aparmayıb. Lakin hər dəfə doğma rayona qayıdanda təmiz ab-havasından bol-bol ciyərlərinə çəkdiyi, bulaqlarının gözündən su içdiyi, halal zəhmətin bəhrəsi olan çörəyinin gücü ilə böyüdüyü Lerikə bir övlad kimi borclu qalmayıb, öz elmi, biliyi, zəkası ilə fəth etdiyi zirvələrlə əsrlərin şahidi Talış dağlarının vüqarına vüqar, əzəmətinə əzəmət qatıb. Sonda isə daha bir zirvəni fəth etdi. Bu, el-oba məhəbbətinin, sevgisinin zirvəsi idi. Təsadüfi deyil ki, məhz bunun məntiqi nəticəsi olaraq doğma el-oba öz alim övladına daha yüksək etimad göstərərək onu Azərbaycan Parlamentinə deputat seçdi. Bu seçimlə göstərdi ki, Milli Məclisdə doğma elinin ən layiqli təmsilçisi yalnız o ola bilər...İndi isə necə deyərlər, Vasif müəllimin bir ayağı doğma el-obasının yanındadır, bir ayağı isə Bakıda...
Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin ediləndən sonra Lerikin sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoydu. Öncə bu dağ rayonunun yollarının abadlığına xüsusi diqqət verildi. Kəndlərə gedən yollar yenidən bərpa olundu. Eyni zamanda sahibkarlığın inkişafı üçün münbit zəmin yaradıldı. Başlıcası, kənd təsərrüfatının inkişafı da diqqətdən yayınmadı. Belə ki, rayonda nümayiş etdirilən kənd təsərrüfatı sərgisində bu sahənin inkişafı ilə bağlı göstəriciləri öz əksini tapıb. İndi Lerikdə uzunömürlülərin festifalına hazırlıq görülür. Axı, Lerik həm də uzunömürlülər diyarıdır. Şirəli Müslümov 168, Mahmud Eyvazov 150, Məcid Ağayev 145, Qızıl Quliyeva 120, Məhbubə Fətullayeva 113 il ömür sürüblər.
Hələ Ulu öndərin hakimiyyəti dövründə respublikada məhsul bayramlarının keçirilməsi ənənə halını almışdı. Cənub bölgəsinin mərkəzi olan Lənkəranda hər il keçirilən bu bayramda yetişdirilən kənd təsərrüfatı məhsulları da nümayiş etdirilərdi. Hiss olunurdu ki, bu dağ rayonunda yetişdirilən məhsullara maraq daha çoxdur. Təəssüf ki, son vaxtlarda məhsul bayramları tamam unudulub. Ancaq Leriklilərin fikrincə bu ənənənin davam etdirilməsi ərzaq bolluğunun yaradılmasına, kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşmasına, bir sözlə ölkənin ərzaq proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə olardı...
İndi öz seçicilərini Milli Məclisdə ləyaqətlə təmsil edən Vasif Qafarov da məhz bu uzun ömürlülər diyarında boya-başa çatıb və Lerikin layiqli övladı kimi tanınıb. Əslinə baxanda millət vəkilinin tərcümeyi-halı heç də qeyri-adi təsir bağışlamır. Lakin onu başqalarından fərqləndirən cəhətlər var ki, bu da hələ orta məktəbdə oxuduğu illərdə özünü göstərib. Azərbaycan tarixinə göstərdiyi güclü marağı, hədsiz əməksevərliyi, dərslərə hazırlıqda fəallığı, mütaliə vərdişləri, nəhayət qarşıya qoyduğu məqsədə çatmaq üçün xarakterindəki qətiyyət... onun mənəvi inkişafında həlledici rol oynayıb.
... Qafarov Vasif Vaqif oğlu 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. Təbii ki, saf, təmiz ailə mühiti onun gələcək inkişafı yolunda ilk çıraq yandırıb.1989-1999-cu illərdə kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirən ili Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2003-cü ildə tarix fakültəsinin bakalavr, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.
Azərbaycan tarixşünaslığına yeni töhfə vermək, elmi araşdırmalar aparmaq arzusu ilə yaşayan Vasif müəllim 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani doktorantı olub. 2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix üsrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə dosent elmi adına layiq görülüb. 2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub. 2022-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb. 2007-2017-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent, 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə “İşçi Qrupu”nda tarixçi-ekspert, 2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda şöbə müdiri, 2017-2023-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. 2023-cü ildən indiyə kimi AMEA A.A.Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri vəzifəsində çalışır.
Elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX-XX əsrlər dövrü, o cümlədən Birinci Dünya Müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dan çox Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edərək ölkəmizi layiqincə təmsil edib və Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.
Vasif Qafarov görkəmli tarixçi-alim kimi nəinki ölkəmizdə, habelə beynəlxalq aləmdə də yaxşı tanınır. O, əsərlərinə xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdəndir. Hazırda öz səmərəli elmi tədqiqatlarını davam etdirir.
Tarixçi-alim kimi qazandığı uğurlar, çalışdığı məsul vəzifələrdə göstərilən etimadı layiqincə doğrultmağı, ən əsası xalq məhəbbəti, sevgisi, el-obada hörmət və nüfuzu Vasif Qafarovun Parlamentə gedən yoluna gur işıq saçdı. 80 saylı Lerik-Astara dairəsinin seçicilərə Milli məclisdə təmsil olunmalarını yalnız ona etibar etdilər. Millət vəkili ilk gündən göstərilən etimadı doğruldur. Seçki platformasında seçicilərin vəd etdiklərini yerinə yetirməyə çalışır. Belə ki, tez-tez onlarla görüşür, tədbirlərində, xeyir-şər məclislərində iştirak edir, arzu və təkliflərini dinləyir, problemlərinin həlli üçün səyini əsirgəmir. Təbii ki, şəhid ailələrinin problemlərinin həlli xalq elçisinin daimi diqqət mərkəzindədir...
İstər Lerikdən, istərsə də Astaradan olan seçicilər və ziyalılar söhbət zamanı yekdilliklə deputatlığa səs verdikləri Vasif Qafarov haqqında ürək dolusu danışdılar. Onlardan biri də sayılıb seçilən ziyalı, tanınmış xeyriyyəçi, “Təbəssüm” İstirahət Mərkəzinin rəhbəri Akif Əliyevdir. O, söhbət zamanı millət vəkili haqqında öz fikirlərini bizimlə bölüşüb dedi:
- Ulu Öndər xalqın ən ləyaqətli oğul və qızlarından ibarət Azərbaycan Milli Məclisinin tərkibinin formalaşmasına xüsusi əhəmiyyət verir və ona ölkənin döyünən ürəyi kimi baxırdı. Möhtərəm Prezident cənab İlham Əliyev Ümummilli liderin həyata keçməmiş bütün arzularını gerçəkləşdirdiyi kimi bu mühüm məsələni də həmişə diqqət mərkəzində saxlayır. İndi Parlamentin əsasən gənclərdən ibarət yeni tərkibi elmi potensialı, dövlətçiliyə sədaqəti, el-obada qazandığı, nüfuz və hörməti ilə seçilir. Bunu yaxından tanıdığım və Lerikin Cəngəmiran kəndində boya-başa çatan tarix elmləri doktoru Vasif Vaqif oğlu Qafarovun simasında da görürəm. 80 saylı Lerik-Astara seçki dairəsində Azərbaycan Milli Məclisinə üzv seçilən ziyalı ailəsində dünyaya göz açan Vasif Qafarovun bütün həyat yolu gözlərimin qabağından keçib. Onun orta və ali təhsil illərini yaxşı xatırlayıram.
Sonralar Vasif müəllim öz həyatını Bakı şəhəri ilə bağladı. Azərbaycan tarixşünaslığına samballı elmi tədqiqatların məhsulu olan yeni elmi töhfələr bəxş etdi. Bu sahədə namizədlik və doktorluq dissertasiyaları müdafiə etdi. Yadımdadır, özünü deputatlığa namizəd verəndə onun seçki platforması ilə maraqlananlar daha çox idi. Deyirdilər ki, halal zəhmətlə böyüyüb boya-başa çatan, yalnız öz səy və bacarığı ilə tarixçi-alim kimi elmi zirvə fəth edən ziyalı, el-oba təəssübkeşliyi ilə yaşayan bir insan bizi parlamentdə layiqincə təmsil edə bilər. Deputatlığa namizəd kimi görüşlərinin birində dediyi sözlər indi də qulağımda əks-səda verir: “Lerik-Astara seçki dairəsinin 127 seçki məntəqəsində təmsil olunan hər bir sakin mənim doğmamdır, əzizimdir. Lerik və Astara rayonları zəngin tarixi keçmişi, Vətənimiz üçün yetişdirdiyi layiqli oğulları, qəhrəmanları, alimləri və tarixi şəxsiyyətləri ilə həmişə seçilib. Mən də bu dağ rayonunda boya-başa çatan, daha sonra alimlik zirvəsinə ucalan, elmi konfranslarda tutduğum məsul vəzifələrdə ölkəmizi hər yerdə layiqincə təmsil edən sadə bir lerikliyəm. Ola bilər ki, bir-birimizi yaxından tanımayaq, ancaq yaşadığımız coğrafi məkanın eyni ab-havasını udur, suyunu içirik...
...Vasif Qafarovun seçki platformasından bəzi müddəaları bir daha diqqətə çatdırmaq fikrimizcə yerinə düşər:
• Sizin (seçicilərin) sözünüzü, təkliflərinizi və problemlərinizi həm Milli Məclisə, həm də yerli və mərkəzi icra orqanlarına çatdırmaq və həll etmək üçün əlimdən gələni əsirgəmərəm.
• Şəhid ailələrinin və qazilərin qayğıları həmişə diqqət mərkəzində olacaq.
• Lerik və Astara rayonlarında məşğulluğun və kiçik sahibkarlığın inkişafı üçün zəruri addımlar atmaqla işsizliyin aradan qaldırılması fəaliyyətimin əsas istiqamətlərindən biri olacaqdır.
• Lerik və Astara rayonlarında maldarlığın, əkinçiliyin, bağçılığın və arıçılığın müasir tələblər səviyyəsində inkişafı üçün dövlət proqramlarının qəbul edilməsinə, bu sahələrə güzəştli kreditin verilməsinə çalışacağam...
• Kəndlərdə yaşayan əhalinin içməli su problemlərinin həlli üçün kəndlərə su xəttlərinin çəkilməsi, artezian quyularının qazılması, həmçinin suvarılan torpaqların sahəsinin genişləndirilməsi məqsədi ilə su ambarlarının və nasos stansiyalarının yaradılması diqqətimdə olan əsas məsələlərdəndir...
Vasif Qafarov bir millət vəkili kimi artıq fəaliyyətə başlayıb. Xalqın etimadını doğrultmaq onun fəaliyyətində başlıca yer tutur. İnanırıq ki, seçki platformasından irəli gələn bütün problemlər öz layiqli həllini tapacaq.
Şair demişkən:
Böyük oğullardan güc alır həyat,
Bu, bir ənənədir əzəldən bəri.
Hər dəfə iclasa gedən deputat
Qəlbində aparır seçiciləri!
Xudaverdi Cavad,
Bəxtiyar Hüseynov,
Lerik rayonu.