Maliyyə savadlılığı ölkənin dayanıqlı inkişafı üçün strateji amildir Mərkəzi Bank
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı ölkədə maliyyə savadlılığının yüksəldilməsi və vətəndaşların maliyyə biliklərinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu çərçivədə təşkil edilən maarifləndirici kampaniyalar, seminarlar və onlayn resurslar vətəndaşlara maliyyə qərarlarını daha səmərəli verməyə imkan yaradır. Məqsəd ölkədə maliyyə şüurunun gücləndirilməsi və fərdi həmçinin ailə büdcələrinin sağlam idarə olunmasına töhfə verməkdir.
Metbuat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə görülən işlər barədə Kredit.az-ın suallarını cavablandırıb:

- Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" istiqamətində Mərkəzi Bankın uzun illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində maliyyə savadlılığının artırılması maliyyə bazarının dayanıqlığına hansı formada təsir göstərib?
Mərkəzi Bank uzun illərdir ki, maliyyə savadlılığının artırılması istiqamətində davamlı və məqsədyönlü fəaliyyət göstərir. Bu fəaliyyətin əsas məqsədi vətəndaşların maliyyə biliklərini və bacarıqlarını yüksəldərək onların iqtisadi rifahına və maliyyə qərarlarının keyfiyyətinə töhfə verməkdir.Mərkəzi Bank bu məqsədlə cəmiyyətə müxtəlif kommunikasiya kanalları vasitəsilə müraciət edir. Müxtəlif sosial media kanalları ilə yanaşı, Mərkəzi Bank 2015-ci ildən başlayaraq bütün vətəndaşların rahatlıqla istifadə edə biləcəyi Maliyyə Savadlılığı Portalını (bizimpullar.az) və 2017-ci ildən etibarən Virtual Təhsil Platformasını (edu.e-cbar.az) istifadəyə vermişdir. Bu resurslardan faydalanma statistikasına əsasən, son 10 ildə Maliyyə Savadlılığı Portalındakı resurslara 1 mln-dan çox baxış, istifadəyə verildiyi ildən bu vaxtadək Virtual Təhsil Platformasına isə 5.5 mln-dan çox baxış qeydə alınmışdır.Maliyyə savadlılığının artması vətəndaşların maliyyə qərarlarının daha məsuliyyətli və şüurlu şəkildə formalaşmasına şərait yaradır, borclanma və qənaət davranışlarında sağlam balansın yaranmasına səbəb olur. Maliyyə savadlılığı yüksək olan insanlar maliyyə bazarları və məhsulları haqqında daha dolğun məlumata malik olduqları üçün maliyyə sektoruna olan inamları artır. Bu, həm bank sisteminin, həm də bütövlükdə maliyyə bazarlarının dayanıqlığını gücləndirir.Eyni zamanda, maliyyə savadlılığının yüksəlməsi vətəndaşların borclanma vərdişlərinə də müsbət təsir göstərir — izafi borclanmanın qarşısı alınır, borc öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirilir. Bunun nəticəsində kredit riskləri azalır və maliyyə institutlarının sabit fəaliyyəti təmin olunur. Digər mühüm təsir istiqaməti isə yığım və qənaət mədəniyyətinin formalaşmasıdır. Maliyyə savadlılığı yüksək olan fərdlər uzunmüddətli maliyyə təhlükəsizliyini təmin etmək məqsədilə əmanətlərə üstünlük verir, həyatın yığım sığortası kimi məhsullara maraq göstərir və gələcək riskləri qabaqlayıcı şəkildə idarə etməyə çalışırlar. Nəticədə, yığım və qənaət mədəniyyətinin formalaşması maliyyə bazarının dayanıqlığına birbaşa müsbət təsir göstərir. Belə ki, əhalinin əmanətə qoyuluşunun artması bank sektorunun resurs bazasını genişləndirir, uzunmüddətli maliyyələşmə imkanlarını artırır və likvidlik risklərini azaldır. Eyni zamanda, həyatın yığım sığortası kimi məhsullara tələbin yüksəlməsi sığorta bazarında kapitalın uzunmüddətli toplanmasına və investisiya potensialının artmasına səbəb olur. Nəticə etibarilə, maliyyə savadlılığının yüksəlməsi təkcə fərdi rifahın artmasına deyil, həm də maliyyə bazarlarının dayanıqlığının və ümumi iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.
- 2024 – 2026-cı illərdə Maliyyə sektorunun inkişaf strategiyasında mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəmiyyətdə maliyyə biliklərinin və maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi kimi prioritet istiqamətlər müəyyən olunmuşdur. Bu istiqamətlər üzrə mövcud boşluqların aradan qaldırılması və məqsədyönlü nəticələrin əldə olunması baxımından Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərin effektivliyini necə qiymətləndirirsiniz?
2024–2026-cı illərdə Maliyyə sektorunun inkişaf strategiyasında vurğulanan həm mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, həm də maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün Mərkəzi Bank məqsədyönlü və sistemli fəaliyyət həyata keçirir. Hər iki istiqamətdə əsas məqsəd maliyyə sektorunda insan kapitalını gücləndirməklə dayanıqlı inkişafı təmin etmək və maliyyə xidmətlərinin daha geniş əhali qruplarına effektiv çatdırılmasına şərait yaratmaqdır.Maliyyə savadlılığının artırılması sahəsində fəaliyyətlərin effektivliyini gücləndirmək məqsədilə “Həyatın vacib maliyyə anları” yanaşması tətbiq olunur. Bu model çərçivəsində maarifləndirmə tədbirləri fərqli hədəf qruplarının real ehtiyaclarına uyğunlaşdırılmış şəkildə, yəni məqsədyönlü formada həyata keçirilir. Ümumilikdə, altı əsas və üç xüsusi hədəf qrupu müəyyən edilmişdir. Bu qruplara məktəblilər, tələbələr, məşğul əhali, böyük alış həyata keçirənlər, ailələr, təqaüdçülər, qadınlar, fiziki məhdudiyyətli şəxslər və region əhalisi daxildir.Bu təşəbbüslərin effektivliyinin təmin olunması üçün Mərkəzi Bank digər dövlət qurumları ilə birgə maarifləndirmə proqramları yaratmaq istiqamətində sıx əməkdaşlıq edir. Bununla yanaşı, maliyyə sektorunu təmsil edən assosiasiyalar və sektor iştirakçıları da cəmiyyətin maliyyə bilik və bacarıqlarının artırılmasına töhfə verməsi üçün təşəbbüslər və maarifləndirici fəaliyyətlər həyata keçirməsi təşviq olunur.
Bundan əlavə, artıq bu ildən etibarən Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Maliyyə Təhsili Şəbəkəsinin (INFE) üzvü olmuşdur. Bu üzvlük maliyyə savadlılığına daha sistemli yanaşma tətbiq etmək, beynəlxalq təcrübəni öyrənmək və onu yerli şəraitə uyğunlaşdırmaq üçün geniş imkanlar yaradır.
Digər prioritet istiqamət — maliyyə mütəxəssislərinin peşəkarlığının artırılması sahəsində Mərkəzi Bank tərəfindən sistemli və mərhələli fəaliyyət həyata keçirilir. Bu istiqamət çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında təlim və inkişaf proqramları təşkil olunur, maliyyə sektorunda fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi məqsədi güdülür. Eyni zamanda, sektor üzrə peşəkar inkişafın vahid yanaşma və prinsiplər əsasında tənzimlənməsi üçün Peşəkar İnkişaf Çərçivəsinin formalaşdırılması istiqamətində işlər aparılır. Bu tədbirlər bütövlükdə maliyyə institutlarında insan kapitalının gücləndirilməsinə və bazar iştirakçılarının səriştəliliyinin artırılmasına xidmət edir.
- Gənclər və region əhalisi arasında maliyyə savadlılığının artırılması istiqamətində görülən işlərin davamlılığı və təsirləri barədə Mərkəzi Bankın mövqeyi necədir?
Maliyyə savadlılığının artırılması təşəbbüsləri ölkənin bütün ərazisini və əhali qruplarını, o cümlədən gəncləri və region əhalisini əhatə etməlidir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əsas məqsədi hər bir vətəndaşa məsuliyyətli maliyyə qərarları qəbul etmək bacarığı qazandırmaqdır. Mərkəzi Bank maliyyə savadlılığının artırılmasını yalnız maarifləndirmə tədbiri kimi deyil, həm də ölkənin maliyyə sabitliyi və dayanıqlı inkişafı üçün strateji amil kimi qiymətləndirir. Bu baxımdan, həyata keçirilən proqramlar bütün ölkə üzrə hədəflənir və müxtəlif yaş, sosial və peşə qruplarının ehtiyaclarına uyğunlaşdırılmış şəkildə icra olunur. Fəaliyyətlərin davamlılığını və təsirini gücləndirmək məqsədilə Mərkəzi Bank aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatlarla birgə əməkdaşlıqlar quraraq, maliyyə savadlılığının artırılmasına yönəlmiş layihələri koordinasiyalı şəkildə həyata keçirir. Ümumilikdə, Mərkəzi Bank bu sahədəki fəaliyyətini davamlı və uzunmüddətli perspektivdə apararaq, maliyyə savadlılığının artırılmasını ölkənin iqtisadi sabitliyinə, vətəndaşların rifahına və maliyyə bazarlarının sağlam inkişafına yönəlmiş mühüm fəaliyyət kimi dəyərləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 18 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















