Mavi səma sağlam həyatın və yaşıl gələcəyin rəmzi
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
7 sentyabr – Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü
Səhər pəncərədən baxarkən gördüyümüz mavi səma bəzən bizə o qədər adi görünür ki, onun əslində həyatımızın ən böyük nemətlərindən birinin rəmzi olduğunu düşünmürük. Halbuki insanın ilk nəfəsindən son nəfəsinə qədər onu müşayiət edən hava həyatın ayrılmaz hissəsidir. Biz havanı görmürük, amma hər an onunla yaşayırıq. Onun keyfiyyəti isə sağlamlığımıza, həyatımıza, təbiətə və bütövlükdə cəmiyyətin gələcəyinə birbaşa təsir göstərir. Mavi səmanın aydınlığı, əslində, təmiz atmosferin, sağlam mühitin və təbiətlə insan arasında qorunmalı olan tarazlığın ifadəsidir.
Məhz bu həqiqətdən çıxış edərək hər il sentyabrın 7-si dünyada Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2019-cu ildə qəbul etdiyi müvafiq qətnamə ilə 7 sentyabrı bu beynəlxalq gün elan edib. Qətnamədə havanın keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyi və bu istiqamətdə bütün səviyyələrdə ictimai məlumatlılığın artırılmasının zəruriliyi vurğulanıb. Gün ilk dəfə bu gün 2020-ci ildə qeyd olunub. BMT Baş Assambleyası həmin qətnamə ilə bu günün keçirilməsini Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına UNEP-ə həvalə edib.
BMT-nin Ətraf Mühit Proqramı UNEP qlobal ekoloji məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatının aparıcı qurumu kimi bu istiqamətdə mühüm fəaliyyət həyata keçirir. Təşkilatın əsas məqsədlərindən biri hökumətləri, beynəlxalq qurumları, özəl sektoru və cəmiyyəti daha təmiz, sağlam və dayanıqlı gələcək naminə birgə fəaliyyətə səfərbər etməkdir. UNEP-in təşəbbüsü ilə və tərəfdaşların iştirakı ilə keçirilən Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü də məhz bu qlobal həmrəyliyin mühüm platformalarından birinə çevrilib.
Bu beynəlxalq günün yaranması təsadüfi deyil. Dünyada hava çirklənməsi insan sağlamlığı və ətraf mühit üçün ən ciddi problemlərdən biri olaraq qalır. Üstəlik, hava çirkliliyi dövlət sərhədləri tanımır. Bir ərazidə yaranan çirkləndiricilər atmosfer axınları vasitəsilə minlərlə kilometr məsafə qət edə bilər. Buna görə də təmiz hava uğrunda mübarizə yalnız bir ölkənin, bir şəhərin və ya bir qurumun vəzifəsi deyil. Bu, bütün bəşəriyyətin ortaq məsuliyyətidir.
UNEP-in yanaşması da məhz bu həqiqət üzərində qurulub: təmiz hava məsələsi insan sağlamlığından tutmuş iqlim dəyişmələrinə, ekosistemlərin qorunmasından iqtisadi inkişafa qədər bir-biri ilə sıx bağlı olan çoxsaylı problemlərin kəsişmə nöqtəsində dayanır. Hava çirklənməsinin mənbələrinin bir qismi eyni zamanda istixana qazlarının emissiyasına səbəb olur. Buna görə havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar həm insanların sağlamlığının qorunmasına, həm də iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına xidmət edə bilər.
2026-cı ildə UNEP-in Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Gününə yanaşması da bu qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirir. Bu ilki qlobal gündəlik təmiz hava və iqlim fəaliyyətlərinin birlikdə həyata keçirilməsinin üstünlüklərini ön plana çıxarır. UNEP və onun tərəfdaşlarının hazırladığı yeni qiymətləndirmələr göstərir ki, hava çirkliliyinin azaldılması və iqlim tədbirlərinin əlaqələndirilməsi yalnız sağlamlıq baxımından deyil, iqtisadi rifah baxımından da mühüm nəticələr verə bilər. Asiya-Sakit okean regionunda 7 sentyabr 2026-cı il tədbiri isə “Clean Air for Climate Action”, “İqlim fəaliyyəti naminə təmiz hava” mövzusu ətrafında keçirilir.
Bu yanaşma son dərəcə əhəmiyyətlidir. Çünki bu gün artıq təmiz hava probleminə yalnız ekologiya məsələsi kimi baxmaq mümkün deyil. Təmiz hava sağlamlıq, iqtisadiyyat, enerji, nəqliyyat, şəhərsalma və sosial rifahla birbaşa bağlıdır. Sağlam insan kapitalı üçün sağlam ətraf mühit, sağlam ətraf mühit üçün isə təmiz hava lazımdır.
Azərbaycan da bu qlobal çağırışın kənarında deyil. Əksinə, son illərdə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və “yaşıl inkişaf” modelinin təşviqi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın milli inkişaf prioritetlərində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” istiqamətinin müəyyənləşdirilməsi bu siyasətin strateji xarakter daşıdığını göstərir.
Ölkəmizin 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına COP29-a ev sahibliyi etməsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal iştirakının mühüm göstəricilərindən biri oldu. Bakı həmin günlərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, alimləri, ekspertləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək iqlim dəyişmələri və ətraf mühitlə bağlı məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq mərkəzə çevrildi.
COP29 çərçivəsində təmiz enerji, bərpaolunan enerji mənbələrinin inkişafı, emissiyaların azaldılması və dayanıqlı inkişaf məsələlərinin geniş müzakirə olunması da təsadüfi deyildi. Çünki gələcəyin enerji sistemi ilə havanın keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur. Günəş və külək enerjisindən daha geniş istifadə, enerji səmərəliliyinin artırılması, ekoloji cəhətdən daha təmiz nəqliyyat sistemlərinin inkişaf etdirilməsi atmosferə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verə bilər.
Azərbaycanın zəngin bərpaolunan enerji potensialı bu baxımdan ölkəmizə böyük imkanlar yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi gələcəyin daha təmiz və dayanıqlı enerji sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Təmiz havanın qorunması ilə bağlı digər mühüm istiqamət atmosferin vəziyyətinin daim izlənilməsi və elmi əsaslarla qiymətləndirilməsidir. Azərbaycanda atmosfer havasının keyfiyyətinin monitorinqi müasir müşahidə vasitələri və avtomatik stansiyalarla həyata keçirilir. Belə monitorinq havadakı müxtəlif çirkləndiricilərin səviyyəsini müəyyənləşdirməyə, dəyişiklikləri operativ izləməyə və zəruri tədbirlərin görülməsinə imkan verir. Bu isə ekoloji siyasətin yalnız ümumi çağırışlarla deyil, konkret məlumat və elmi göstəricilərlə əsaslandırılmasına şərait yaradır.
Lakin təmiz hava məsələsi yalnız dövlət proqramları və beynəlxalq layihələrlə həll edilə bilməz. Bu prosesdə cəmiyyətin hər bir üzvünün üzərinə məsuliyyət düşür. Enerjidən qənaətlə istifadə etmək, şəxsi avtomobildən mümkün qədər az yararlanmaq, ictimai nəqliyyata üstünlük vermək, yaşıllıqları qorumaq, ağac əkmək, tullantıların düzgün idarə olunmasına diqqət göstərmək və təbiətə qarşı məsuliyyətli davranmaq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir.
Əslində, ekoloji məsuliyyət böyük sözlərdən deyil, kiçik və ardıcıl davranışlardan başlayır. Bir insanın ağacı qoruması, digərinin enerjiyə qənaət etməsi, başqasının ictimai nəqliyyatdan istifadə etməsi ilk baxışda kiçik addımlar kimi görünə bilər. Lakin milyonlarla insanın eyni istiqamətdə atdığı addımlar böyük ekoloji nəticələr yaradır. Məhz buna görə UNEP təmiz hava məsələsində hökumətlərdən tutmuş biznesə, elmi ictimaiyyətdən və vətəndaş cəmiyyətindən tutmuş ayrı-ayrı insanlara qədər bütün tərəflərin birgə fəaliyyətini vacib hesab edir.
Təbiətə münasibət, əslində, gələcəyə münasibətdir. Bu gün qoruduğumuz hər ağac, azaltdığımız hər tullantı, qənaət etdiyimiz hər kilovat-saat enerji və seçdiyimiz hər ekoloji məsuliyyətli davranış sabahın dünyasına qoyulan sərmayədir. Gələcək nəsillər bizdən yalnız maddi sərvətlər deyil, yaşamaq üçün sağlam və təhlükəsiz mühit də gözləyir.
Azərbaycanın təbii sərvətləri Xəzər dənizindən dağlıq ərazilərə, meşələrdən çaylara, milli parklardan zəngin biomüxtəlifliyə qədər uzanan böyük təbii irsi qorunmalı milli sərvətimizdir. Bu sərvətlərin mühafizəsi yalnız təbiətin deyil, həm də insan sağlamlığının və ölkənin davamlı inkişafının təminatıdır.
Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü bizə bir daha xatırladır ki, mavi səma yalnız gözəl mənzərə deyil. O, sağlam həyatın, təmiz ətraf mühitin və gələcəyə inamın simvoludur. Səmanın maviliyini qorumaq üçün bu gün atdığımız hər addım gələcək nəsillərin nəfəsinə, sağlamlığına və həyat keyfiyyətinə təsir edəcək.
UNEP-in bu beynəlxalq gün vasitəsilə irəli sürdüyü əsas fikir də bundan ibarətdir: təmiz hava hamının haqqıdır və onun qorunması hamının məsuliyyətidir. Hava çirkliliyinin sərhəd tanımadığı bir dünyada həll yolları da yalnız ümumi səylərlə mümkündür. İqlim dəyişmələri ilə mübarizə, təmiz enerji keçidi, sağlam şəhərlər, ekoloji maarifləndirmə və məsuliyyətli istehlak bir-birindən ayrı proseslər deyil, eyni gələcəyə aparan yolların müxtəlif istiqamətləridir.
Mavi səma bizim ümumi səmamızdır. Təmiz hava bizim ümumi haqqımızdır. Onu qorumaq isə bizim ümumi borcumuzdur.
Mavi səmanı qorumaq – insan həyatını, təbiəti və gələcəyi qorumaqdır.
Nurəngiz Adilqızı
XQ
Baxış sayı:115
Bu xəbər 07 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















