Mayorun elçiliyi Bir rəsmin dedikləri
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır. Onunla məşhur rus rəssamı Pavel Andreyeviç Fedotovun "Mayorun elçiliyi" əsərindən danışmışıq.
XIX əsrin birinci yarısında yaşayıb-yaratmış rəssam Pavel Fedotov öz dövrünün mənzərəsini əsərlərində tam aydın şəkildə təsvir edib. Rəssamın çəkdiyi rəsmlər yalnız XIX əsrin birinci yarısının məişətini yox, eyni zamanda həyatını və problemlərini satira ilə nümayiş etdirir. Əsərlərindəki hərbçi obrazları, şux kolorit və incə yumor onun ilkin yaradıcılıq mərhələsinin əsas xüsusiyyətləri idi. Lakin sonrakı dövrlərdə rəssamın əsərlərində kədərli notlar müşahidə olunur ki, bu da onun maliyyə çətinlikləri, xəstəlik və psixoloji gərginliklərlə üzləşməsi ilə bağlıdır. Bu ruh halı "Ankor, yenə ankor" və "Dul qadın" kimi son dövr əsərlərində açıq şəkildə hiss olunur. Həyatının son illərində isə o, maddi sıxıntılar, psixi pozğunluqlar və yalnızlıqla mübarizə aparmaq məcburiyyətində qalır.
Rəssamın satira səciyyəsi daşıyan əsərləri çox vaxt qınaq obyektinə çevrilib, çünki bu təsvirlərdə gözə çarpan nöqsanlardan savayı, kiçik detallar da müəyyən qüsurları aydın şəkildə bəyan edirdi. Bu xüsusiyyətlər onun ən məşhur əsəri olan "Mayorun elçiliyi"ndə də aydın görünür.
- "Mayorun elçiliyi"nin Pavel Fedotov yaradıcılığındakı yeri. Söhbətimizə buradan başlayaq.
- Pavel Andreyeviç Fedotovun "Mayorun elçiliyi" əsəri XIX əsr rus realizminin ilk mühüm bədii ifadələrindən biri kimi qəbul olunur. Bu əsər onun rəssam kimi tam formalaşdığı dövrə təsadüf edir və təkcə sənət baxımından deyil, həm də ictimai məna daşıyan məzmunu ilə seçilir. 1848-ci ildə yaradılmış tablo öz zamanında çox böyük bir səs-küyə səbəb olmuşdu. İlk baxışdan adi məişət mövzulu bir əsər kimi görünsə də, diqqətlə müşahidə etdiyimiz zaman çoxlu sayda rəmzlər və mənalar aşkar edə bilərik. Pavel Fedotov bu əsərdə öz dövründə tez-tez rast gəlinən bu növdə, yəni ancaq xeyir güdən elçilik mövzusunu geniş kütləyə təsviri sənətlə göstərərək, bu nöqsanı açıq-aydın cəmiyyətə nümayiş etdirir.
Fedotov xüsusilə burjuaziya təbəqəsindən olan tacirlərin titul və nüfuz qazanmaq uğrunda aristokratların qarşısında yaltaqlanmasını tənqid edir. O, bu cür davranışların nə qədər absurd və gülünc olduğunu göstərir. Tacirlər zadəganları təqlid etməyə çalışsalar da, əsərlərdə açıq şəkildə görünür ki, bu cəhdlər uğursuz və komik alınır. Fedotov beləliklə göstərir ki, zadəganlar tacirləri heç vaxt öz sıralarına qəbul etməyəcək, həmişə onlara yuxarıdan aşağı baxacaqlar.
"Mayorun elçiliyi" 1848-ci ildə çəkildiyi zaman Çar I Nikolay 1825-ci ildə taxta çıxdığı gündən bəri Rusiyada 23 ildir hökmranlıq edirdi. Nikolay I, reaksionist hökmdar anlayışının təcəssümüdür. O, siyasi islahatların və sosial liberalizasiyanın əksəriyyətinə qarşı idi. Bəzi tarixçilər onu avtokratik hökmdarın və ya mütləq hakimiyyətin mükəmməl nümunəsi kimi təsvir edirlər.
Fedotov əsərin interyerini təsvir etmək üçün uzun zaman uyğun məkan axtarır. Nəhayət aşxanalardan birini taparaq onun interyerini tacir evinin daxili məkanı kimi işləyir. Mayor obrazı üçün keçmiş əsgər yoldaşını natura kimi istifadə edir. Digər personajları üçün naturaları tacirlər arasında uzun müddət axtarır.
- Əsərin rəng həlli necədir?
- Əsər yağlı boya ilə çəkilib. Parlaq rənglər kompozisiyanın rəssamın erkən yaradıcılıq dövrünə aid olduğunu göstərir. Qızın bəyaz libası onu vizual olaraq ön plana çıxarır. Anası da açıq rəngli geyimdə təsvir olunub. Ailə başçısı olan ata isə qara geyimdə və səhnənin küncündə verilib, bu da onun roldan kənarlaşdırıldığını göstərir. Hətta rəssam onu "əridərək" görünməz hala gətirib. Mayor qara geyimdə olmasına baxmayaraq, arxa fonda işıqlandırılmış şəkildə verilməsi onun diqqətçəkici mövqeyini vurğulayır. Məxmər, krujeva və ağac teksturaları aydın şəkildə hiss olunur. Rəssam, ustalıqla libasların, mebellərin və materialların təsvirini dəqiq verib.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsər çoxfiqurlu kompozisiyaya malikdir və burada hadisə bir teatr səhnəsi kimi qurulub. Hadisənin mərkəzində isə gələcək gəlin dayanır. Kompozisiya mayorun qapıda dayanmış fiqurundan başlayaraq, qulluqçulara qədər inkişaf edir. Evdə təlaş və tələsik hazırlıq hökm sürür - hər kəs bir tərəfə qaçır, hazırlıqlar görülür, narahatlıq və gərginlik havadan hiss olunur. Gəlinin atası hələ də geyinməkdədir, anası isə yeni libasda olsa da, başında kəndli qadınlarına məxsus çəpçik var. Bu isə onun sadə mülkədar həyatından yeni ayrıldığını və mayorun gəlişi xəbərini eşidən kimi tez-tələsik paltarını dəyişdiyini göstərir. Qulluqçuların narazı üz ifadələri, onların tələsik hərəkətləri də bu təlaş və narahatlığı əks etdirir. Onlara sahibləri tərəfindən tez bir zamanda masa hazırlamaq əmri verilib, biz bu anı kompozisiyanın sağ tərəfində aydın görürük.
Hadisənin əsas məğzi evə mayorun elçiliyə gəlməsidir. O dövrün rus cəmiyyətində mayor yüksək mövqe tutan, aristokrat bir fiqur kimi qəbul olunurdu. Bu səbəbdən ailə üçün bu elçilik həm fəxarət, həm də sosial yüksəliş fürsəti kimi qiymətləndirilir. Əgər bu nikah baş tutarsa, ailə zadəganlar təbəqəsinə daxil ola bilər.
Mayor qapıda bığlarını buraraq məğrurcasına dayanıb. Onun duruşu, özündən razı baxışları, bu elçiliyə özü gəldiyini və bu ailəyə qarşı üstdən baxışını açıq şəkildə göstərir. Nə çiçək, nə hədiyyə - bu, onun bu ailəyə verdiyi dəyərin azlığını simvolizə edir. Onun fikrincə, özü və mövqeyi artıq yetərlidir. Bu da tacir ailələrinə qarşı təkəbbürlü münasibətini göstərir. Mayorun qarşısında yerləşdirilmiş oturacaq isə diqqətçəkicidir. Oturacağın əyri ayaqları sanki onun əyilmiş ayaqlarının davamıdır. Bu incə detal vasitəsilə rəssam Fedotov mayorun həm fiziki, həm də mənəvi eybəcərliyini simvolik formada çatdırır.
- Gəlin narazı görünür.
- Gələcək gəlinin kədərli və çarəsiz üz ifadəsi onun bu nikaha razı olmadığını göstərir. Onun sifətindəki acı və susqunluq, boyun və əl quruluşunun zərifliyi ilə birgə bizə saf və incə bir qəlbə sahib olduğunu çatdırır. Qızın üzərindəki libas o dövr üçün qeyri-etik sayılırdı. Elçilik zamanı gənc qızların bağlı və təvazökar geyimlər geyinməsi adət idi. Lakin burada qız açıq-saçıq, gecə ballarına uyğun bir paltardadır. Əynindəki zinət əşyaları - üzük və sırğalar artıq ərdə olan qadınlara məxsus aksesuarlar hesab olunurdu. Bu, həm etik qaydalara ziddir, həm də ailənin süni aristokrat görünməyə çalışan halını nümayiş etdirir. O dövrdə tacir ailələrinin qızları tez-tez zadəgan qadınları təqlid etməyə çalışır, lakin bu cəhdlər çox zaman uğursuz alınır və ictimai qınağa səbəb olurdu.
Qızın qaçma səbəbi ilə bağlı iki fikir mövcuddur. Birincisi, mayorun qoca və çirkin olmasıdır. Digəri isə, qızın ürəyinin başqa birinə bağlı olmasıdır. Onun baxışlarındakı həsrət və iztirab sevgi acısına işarə edir. Maraqlıdır ki, mayor da üzünü başqa tərəfə çevirmişdir - bu da onun üçün kiminlə evlənməyin heç bir fərq etmədiyini göstərir. Qız və mayorun bir-birinə üz tutmaması onların arasında soyuqluğun artıq əvvəldən mövcud olduğunu bildirir. Qızın ağ, mayorun isə qara libas geyməsi də bu iki fiqurun ziddiyyətini, uyğunsuzluğunu vizual olaraq vurğulayır.
Əsərdəki mühüm detallardan biri də aradüzəldən qadındır. O, qapıda dayanıb və qırmızı məxmər kaftan geyinib. Bu kaftan elçilik müvəffəqiyyətlə başa çatdıqda oğlan tərəfinin svaxaya - "vasitəçisi"yə hədiyyəsi kimi verilərdi. Rəssam bu detalla bizə elçiliyin uğurlu olduğunu və nikahın baş tutacağını çatdırır.
Nəticə etibarilə Fedotov bu əsərində təkcə bir ailənin təlaş və hazırlığını deyil, dövrün sosial ziddiyyətlərini, sinfi fərqləri, elitar görsənmək istəyən burjuaziya ailələrinin süni həyat tərzini və şəxsiyyətlər arasındakı emosional uçurumu incə satira və dərin simvolika ilə ustalıqla təsvir edib.
- Çox güman, rəssamın məhz bu mövzuya müraciət etməsinin xüsusi səbəbi var.
- Pavel Fedotov "Mayorun elçiliyi" əsərini bir növ "səhnənin quruluşu" prinsipi əsasında işləyib. Rəssam hadisələri sanki teatr səhnəsindəki bir an kimi təqdim edir. Kompozisiyada hər bir fiqur güclü jest və mimikalarla ifadələndirilib ki, bu da rəsmə dramatik təsir və hekayə dərinliyi qatır. Əsər, bir filmin ən emosional kadrının donmuş anını xatırladır - elə bil bu kadr bütün hekayəni özündə ehtiva edir. Rəsm 19-cu əsr Rusiyasında geniş yayılmış bir adəti - uyğun bəy və xanımın tanış olub ailə qurmaq məqsədilə görüşməsini əks etdirir. Kompozisiyanın sağ tərəfində, qapının ağzında mayor dayanıb. Onun bədəni arxadan gələn sarımtıl işıqla işıqlandırılmış, demək olar ki, siluet şəklindədir. Buna baxmayaraq, üzündəki mimikalar - xüsusilə də sıxılmış ifadəsi - aydın görünür. O, cəsur və romantik bir ərdən çox, ağıllı və real düşüncəli bir həyat yoldaşı obrazını təqdim edir. Onun duruşunda sevgi yox, etibar və məntiqlilik hiss olunur.
Səhnədə ata daha arxa plandadır - tünd, uyğun olmayan bir paltarda təsvir olunub. O, demək olar ki, fonla qarışıb gedir. Yalnız ağsaçlı başı və qızarmış sifəti onu fərqləndirir. Ailə başçısı olsa da, vizual olaraq əsas diqqət arvadı və qızına yönəlib. Ata uğurlu bir tacirdir və bu uğur otağın zəngin tərtibatında əks olunur: mozaik döşəmə, rəngli tavan panelləri, qızıl çərçivəli mebellər və incə işlənmiş stəkanlar evin rifahını göstərir.
- Bu tablonun rəssamın digər əsərləri ilə ortaq və fərqli cəhətləri hansılardır?
- Fedotovun son dövr əsərlərindəki gəmgin və pessimist notlar, onun həyatında baş verən çətinliklərin sənətinə təsir etdiyini göstərir. Bu çatlar onun bütün işlərində hiss olunur. Lakin "Mayorun elçiliyi" adlı əsəri bu baxımdan fərqlənir və özünün şən və nikbin əhval-ruhiyyəsi ilə seçilir. Bu əsərdəki dinamik kompozisiya, zəngin detallar və rəngarənglik Fedotovun sonrakı dövr yaradıcılığında artıq müşahidə olunmur.
Məsələn, "Ankor, yenə ankor" və "Oyunçular" əsərlərində fon və ümumi mühit daha bulanıq və qeyri-müəyyən təsvir olunub. Obrazların işlənməsində də əvvəlki diqqət və incəlik yoxdur. Lakin "Mayorun elçiliyi" əsərində təkcə əsas fiqurlara deyil, parça fakturasına, ətraf mühitə və kompozisiyanın hər bir detalına xüsusi önəm verilib.
Rəng palitrasına gəldikdə isə, bu əsər Fedotovun son dövr yaradıcılığındakı tünd və boğuq tonlardan fərqli olaraq daha canlı və müxtəlif rənglərlə zəngindir. Bu da ona xüsusi bir vizual parlaqlıq və cazibə bəxş edir. Eyni zamanda, erkən dövr əsərlərinə xas olan teatral işıqlandırma burada da özünü göstərir və bu, sonrakı əsərlərdəki şam işığı effektindən onu aydın şəkildə fərqləndirir.
- Əsər harada saxlanılır?
- Tablo Moskvada Dövlət Tretyakov qalereyasında saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- XIX əsrdə rus cəmiyyətinin ən aktual müzakirə mövzularından biri nikah anlayışı idi. Pavel Fedotov bu problemi öz yaradıcılığında tənqidi və satirik baxımdan əks etdirərək həm cəmiyyətdəki eybəcərlikləri üzə çıxarır, həm də tamaşaçını düşünməyə vadar edir. Rəssamın əsərlərində təkcə nikah mövzusu deyil, həmçinin təbəqələrarası sosial ədalətsizlik, burjuaziya və aristokratiya arasındakı münasibətlər də aydın şəkildə təsvir olunur.
Eyni zamanda rəssam təkcə burjuaziyanı deyil, aristokratiyanın da eybəcər xüsusiyyətlərini ifşa edir. Fedotov onların qapalı və özündən razı dünyagörüşünü, başqa təbəqələrə qarşı göstərdikləri laqeydliyi və təkəbbürlüyü tənqid edir. Aristokratlar, cəmiyyət içində hörmət sahibi olsalar da, bu mövqeləri onların mənəviyyatında və davranışlarında görünmür. Onlar öz statuslarından yalnız şəxsi mənafelərini təmin etmək üçün istifadə edir, dünyəvi maraqları və var-dövlət ehtirasları əsas həyat məqsədinə çevrilir.
Fedotovun bu kimi əsərlərində ən diqqətçəkən məqamlardan biri də odur ki, aristokratların tacir ailələri ilə qurduğu nikahlar əsasən maliyə maraqlarına əsaslanır. Rəssam göstərir ki, zadəganlar üçün tacir ailələri ilə yaxınlıq qurmaq, onların sərvətlərindən faydalanmaq üçün bir vasitədir. Bu da bir daha sübut edir ki, cəmiyyətin hər iki əsas təbəqəsi - həm burjuaziya, həm də aristokratiya - öz mənfəətləri naminə ikili standartlar sərgiləyir.
Pavel Fedotov bütün bu sosial ziddiyyətləri incə yumor və kəskin tənqid yolu ilə təqdim edir. Onun əsərləri sadəcə vizual sənət nümunəsi deyil, həm də güclü ictimai mesaj daşıyan sənədli bir baxışdır.
Bu əsər sadəcə tamaşaçını güldürmək məqsədi daşımır. Əksinə, Fedotov gülüş vasitəsilə cəmiyyətdəki saxtakarlıq, mənəvi dəyərlərin pozulması və riyakarlıq kimi problemləri gündəmə gətirir. Bu da onun sənətə yanaşmasında sadə məişət mövzularına belə fəlsəfi və sosial məna yükləmək bacarığını göstərir. Zamanında dostları və ailəsi onu bir zamanlar ümid verən, parlaq bir gələcəyi olan, lakin öz sənətinə dərin ehtirası səbəbindən çətinliklərə düçar olmuş bir insan kimi xatırlayırdılar. Fedotovun həyatı, bəzən sənətin içində yaşanan tənhalıq, uğursuzluq və çətinliklərin gətirdiyi ağır bir nəticəni simvollaşdırır. Bununla belə, Fedotov, həyatının son illərində çəkdiyi əsərlərlə yadda qaldı. Xüsusən, 1848-ci ildə yaratdığı "Mayorun elçiliyi" əsəri, onun sənətinin zirvəsinə çatdığı anlardan birini təmsil edir. Bu əsər yalnız sosial həyatı, ailə münasibətlərini və cəmiyyətdəki təbəqə fərqlərini təsvir etmir, həm də sevgi, pul və prestij arasındakı mürəkkəb əlaqələri araşdırır. Bu mövzular günümüzdə də aktuallığını qoruyur və sənətsevərlərə hər dövrün insanın içindəki ən dərin təbəqələrə və ziddiyyətlərə dair əhəmiyyətli suallar verir.
Aytac SAHƏD


