Icma.az
close
up
RU
Üçlük Bir rəsmin dedikləri

Üçlük Bir rəsmin dedikləri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır. Onunla məşhur rus rəssamı Vasili Perovun "Üçlük" əsərindən danışmışıq.

On doqquzuncu əsrdə yaranan Səyyar Rəssamlar Cəmiyyəti rus incəsənətində realizm istiqamətini gücləndirərək xalqın gündəlik həyatını, sosial problemlərini təsvir etməyi qarşıya məqsəd qoydu. Bu hərəkatın tanınmış nümayəndələri arasında İlya Repin, Vasili Perov, İvan Kramskoy, Vasili Surikov və Aleksey Savrasov kimi rəssamlar yer alırdılar. Səyyar rəssamlarından biri olan Vasili Perov 1834-cü ildə anadan olub. O, dövrün maarifçi və azadlıqsevər ziyalılarından, vaxtilə dekabristləri evində qəbul edən baron (titul) Georgi Kridenerin qeyri-rəsmi oğlu idi. Valideynləri Vasilinin doğulmasından sonra nikah bağlasalar da, uşaq hələ də "bastard" sayılır, atasının titul və soyadını daşımasına icazə verilmir. Rəsmi sənədlərdə gələcək rəssam xaç atasının soyadını ("Vasilyev") daşıyır. "Perov" təxəllüsü isə yazı dərslərində gözəl xəttinə görə ona verilmiş və sonralar yaradıcı psevdonim (uydurma ad) kimi istifadə etmişdi. Vasilinin rəssamlığa marağının necə yaranması naməlumdur. Deyilənə görə, atasının evə dəvət etdiyi bir rəssamın işini seyr edən gənc Perov bu sənətə aşiq olmuş və rəssam olmağa qərar vermişdi. O, əvvəlcə Arzamas Uçilişisində təhsil alır, çəkilişi müstəqil şəkildə öyrənir. Daha sonra Aleksandr Stupinin rəssamlıq məktəbinə daxil olur, burada böyük səy və həvəs göstərir, sinif yoldaşlarından əvvəl yağlı boya ilə işləməyə başlayır. Təhsilini Moskva Rəsm, Heykəltaraşlıq və Memarlıq Məktəbində davam etdirərək yaradıcı mühitə qədəm qoyur. Tələbəlik illərində çətinliklərlə üzləşməsinə baxmayaraq, müəllimi Favorski onu dəstəkləmiş və öz evində qalmasına şərait yaratmışdı.

Perov və onunla yaxın olan rəssamların yaradıcılığında ictimai problemlər, yuxarı təbəqənin və din xadimlərinin nöqsanları, həmçinin sadə insanların ağır həyatı əks olunur. Kilsəni tənqid etdiyinə görə rəssam tez-tez din xadimlərinin hücumuna məruz qalırdı. Onun şagirdlərindən biri Perovu "qəm-qüssənin həqiqi ifaçısı" adlandırmışdı.
 

- Bu əsərin olduqca ağrılı hekayəsi var...

- Tablonun adı simvolikdir. Orijinal variantda "Troyka" - qoşquya qoşulmuş üç at deməkdir. Rəssam uşaqları atlarla müqayisə edərək onların amansızcasına işlədilməsini göstərir. Çünki at baha başa gəldiyi halda, uşaq əməyindən daha asan və ucuz istifadə olunurdu. Əsərin digər adı "Ustanın şagirdləri su daşıyır"dır. Əsərin yaranması real hadisələrə əsaslanır. Bir gün şəhərdə gəzərkən Perov uşaqların xizək üstündə su ilə dolu çəni daşıdıqlarını görür. Lakin yük o qədər ağır olur ki, balaca uşaqlar onu saxlaya bilməyir, çən arxaya çevrilərək yıxılır. Uşaqlar çəni yenidən qaldırıb yerinə qoyur və su doldurmaq üçün çaya qayıdırlar. Bu hadisə rəssamı dərindən təsirləndirir və o, tənqidi məzmunlu bir əsər yaratmaq qərarına gəlir. Əsərdəki kənar fiqurlar üçün rəssam tez bir zamanda naturadan obrazlar tapır. Lakin mərkəzi, əsas obraz üçün uyğun prototip tapa bilmir. Küçələrdə, meydanlarda saysız-hesabsız uşaqları müşahidə etsə də, arzuladığı sima və mimikanı görmür. Buna görə də əsərin üzərində iş bir müddət dayanır. Bir neçə müddət sonra Perov təsadüfən kilsəyə gedən yolda bir qrup insana rast gəlir. Onların arasında bir qoca qadın və balaca uşaq diqqətini çəkir. Həmin uşağın üzündə axtardığı ifadəni görən rəssam dərhal onların yanına yaxınlaşır. Uşağın anası Mariya sadə kəndli qadını idi. O, rəssamın istəyini əvvəlcə anlamır, ona etibar etmir, hətta müqavimət göstərir. Perov izah etsə də ki, uşağın siması əsər üçün lazımdır, Mariya tərəddüd edir. Çünki həm çox dindar idi, həm də xalq arasında rəsm haqqında dolaşan inanca inanırdı: guya insanın şəkli çəkildikdə ömrü qısalır, hətta ruhu əsir alınaraq ölümə səbəb ola bilər. Rəssam ona hökmdarların, dini obrazların da əsrlər boyu təsvir olunduğunu, buna baxmayaraq, uzun ömür yaşadıqlarını xatırladır. Həm də çəkəcəyi əsərin ali, insani məqsədə xidmət etdiyini izah edir. Bu sözlərdən sonra Mariya razılaşır. Perov cəmi iki saat ərzində balaca Vasilinin obrazını çəkir, ailəyə pul verir və onları yola salır. Əsər daha sonra Pavel Tretyakov tərəfindən alınır və böyük uğur qazanır. Üç ildən sonra Perovun yanına yaşlı bir qadın gəlir. Əvvəlcə rəssam onu tanımır, lakin qadın özünün çəkdiyi balaca Vasilinin anası Mariya olduğunu deyir. O, oğlunun rəsmdən az sonra xəstəlikdən vəfat etdiyini bildirir. Qadın həm də söyləyir ki, rəsmi əldə etmək üçün hər şeyini satmağa hazır olub. Perov isə əsərin artıq satıldığını və Tretyakov Qalereyasında saxlanıldığını bildirir. Daha sonra o, Marianı qalereyaya aparır. Qadın əsərin qarşısında diz çökərək göz yaşı tökür və həyəcanla pıçıldayır: "Vasilinin tam özüdür!" Təbii ki, Perov əsəri qadına verə bilmir. Lakin təsəlli olaraq ona Vasilinin ayrıca portretini çəkməyi təklif edir. Mariya razılaşır və rəssam yaddaşında canlandırdığı Vasilinin simasını yenidən təsvir edərək ayrıca portretini yaradır.

- Əsərin rəng həlli necədir?

- Tablonun faciəvi ab-havasını gücləndirən əsas məfhumlardan biri onun rəng həllidir. Tabloya hakim olan boz və qəhvəyi tonlar öz xarakterinə görə ağır və sıxıcıdır. Bu rənglər həm əsərin ümumi ruhunu ifadə edir, həm də sərt rus qışına və axşamın yaxınlaşdığına işarədir. Uşaqların bütün qışı ağır zəhmətlə - çəni su ilə doldurmaqla keçirməsi bu rəng simvolikası ilə daha da vurğulanır. Ətraf mühitin - səma və küçənin - tutqun boyalarla verilməsi obrazların yorğunluğunu, ümidsizliyini və taqətdən düşməsini simvolizə edir. Rəssam ustalıqla küləkli, qarlı havanı təsvir edərək tamaşaçıya sərt iqlim şəraitini bütün reallığı ilə çatdırır.

- Monastır divarının palitrası isə xüsusi maraq doğurur.

- Rəsmin yuxarı küncündə, monastır divarında qarşısında çıraq yanan ikona təsvir olunub. Əsərdə demək olar ki, yeganə işıq mənbəyi budur. Burada rəssam daha isti palitradan - sarı, narıncı və qırmızı tonlardan istifadə edir.

Əsərin əsas qəhrəmanları uşaqlardır. Perov onların obrazlarını ümumi mühitdən seçmək üçün üzlərinə və əllərinə xüsusi işıq salır. Bu yanaşma İntibah dövründən gələn ənənəyə söykənir: işıq vasitəsilə obrazın daxili aləmi və mənəvi gücü ön plana çıxarılır. Uşaqlara yönələn bu işığın mənbəyi ikona və çıraqdır. Rəssam göstərir ki, uşaqlar bütün əziyyətlərinə baxmayaraq, Tanrının mərhəməti və xeyir-duası ilə müşayiət olunurlar. Xüsusilə, işığın mərkəzi fiqurun üzərinə yönəlməsi də bu məna yükünü artırır. Ətraf mühitdən fərqli olaraq uşaqların geyimlərində müəyyən polixromluq müşahidə olunur. Hər üç uşaq fərqli rəngli libas geyinib. Qız obrazı xüsusilə diqqət çəkir: onun tünd çəhrayı yaylıq və donu fiquru daha incə və emosional göstərir. Uşaqların fon qarşısında rəngarəng təsviri böyüklərin tünd, sxematik təqdimatı ilə kontrast təşkil edir. Ən sadə məqam belə - hətta uşaqlarla birlikdə verilmiş itin detallı təsviri də - Perov üçün uşaqların və onların səmimi dostunun böyüklərdən daha əhəmiyyətli olduğunu göstərir. Böyüklər isə mənəvi sərtlikləri və laqeydlikləri ilə yalnız fonun bir hissəsinə çevrilib.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Perovun ən emosional əsərlərindən biri sayılan "Üçlük" böyük ölçülərə malikdir. Rəssam janr əsərlərinə xas kiçik kətandan imtina edərək monumental tablo yaradıb. Böyük ölçü məişət səhnəsinə tarixi janr ab-havası bəxş edir və əsərə plakat xarakteri qazandırır. Üç obrazın tamaşaçıya doğru yönəlməsi də bu plakatvari təsiri gücləndirir. Perovun bütün yaradıcılığına xas sadə, aydın və ciddi quruluş bu əsərdə də özünü göstərir. Kompozisiyanın mərkəzində üç uşaq fiquru dayanır. Sol tərəfdəki oğlan son dərəcə yorğun təsvir olunub: əzələlərinin gərilməsi, sallanmış əli, əyilmiş bədəni və huşunu itirəcək kimi yuxarı qaldırılmış gözləri onun taqətsizliyini ifadə edir. Çox güman ki, o, bu üçlük içində ən kiçikdir. Ortadakı qız fiquru da təsirlidir. XIX əsrdə hətta qız uşaqlarının belə ağır zəhmətə məcbur edilməsi rəssamın diqqətindən yayınmayıb. Qızın aşağı zillənmiş baxışları öz taleyini qəbul etməyin simvoludur. Onun incə əlləri böyük çəni daşımaq məcburiyyətindədir. Qızın böyük, köhnə ayaqqabıları onun zərif fiqurunu daha da qabardır.

- Mərkəzdəki oğlan...

- Əsərin əsas qəhrəmanı isə mərkəzdəki oğlandır. O, bütün gücü ilə irəliyə yönəlib və yükün əsas ağırlığı onun üzərindədir. Yorğun olmasına baxmayaraq, irəli addımlayır və bu möhkəm iradəsi yoldaşlarına da güc verir. Bədəninin monumental quruluşu və üzünə yönəlmiş işıq onu aparıcı fiqur kimi fərqləndirir.

Uşaqların arıq bədənləri və köhnəlmiş, nazik geyimləri ağır həyat şəraitini əks etdirir. Donmaq dərəcəsində şaxtalı havanı rəssam su çənindəki suyun donması ilə göstərib. Saçların küləkdə dalğalanması isə sərt soyuğu daha da vurğulayır.

Fonda dumanlı şəhər mənzərəsi və iki kişi fiquru görürük. Onlardan biri uşaqlara kömək edir, lakin böyük və güclü bir insanın belə çəni zorla hərəkət etdirməsi tamaşaçıya uşaqların çəkdiyi əzabın miqyasını göstərir. Ağır monastır divarları isə sanki fiqurların üzərinə çökür, kompozisiyanı sıxır və əsərə çarəsizlik, tənhalıq ovqatı qatır.

- Tablo hazırda harada saxlanılır?

- Əsər Moskvadakı Dövlət Tretyakov Qalereyasında qorunur.

- "Üçlük" rəssamın digər əsərləri ilə hansı ortaq və fərqli cəhətlərə sahibdir?

- Vasili Perovun yaradıcılığı bir neçə mərhələdən keçir. Yaradıcılığının ilkin dövründə əsərlərdə ironiya və satira aparıcı rol oynayır. Personajlar karikaturaya yaxın üslubda təsvir edilir, daxili qüsurları qabarıq göstərilir. Rəng palitrasında parlaq tonlar üstünlük təşkil edir. 1860-cı illərdə satira yerini dramatizmə verir. Əsərlərdə xalqın ağır həyatı, ümidsizlik və sosial problemlər ön plana çıxır. Rəng həllində boz-qəhvəyi tonlar üstünlük təşkil edir. "Üçlük" və "Mərhumun yola salınması" bu mərhələyə aiddir. 10 il sonra isə kəskin sosial mövzulardan uzaqlaşıb daha çox kəndlilərin gündəlik həyatına müraciət edir. "Ovçular istirahətdə" əsəri bu dövrün nümunəsidir. Rəng palitrası əvvəlki kimi qaranlıq qalsa da, mövzu daha yüngül və gündəlikdir. Bütün yaradıcılıq dövrlərində Perovu birləşdirən əsas cəhət - reallığın dəqiq təsviri və ciddi kompozisiya quruluşudur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- XIX əsr Rusiyasında uşaqların ağır zəhmətə cəlb olunması geniş yayılmışdı. Valideynlərini itirən və ya kasıb ailələrin uşaqları çox vaxt ustaların yanına göndərilir, gün boyu ağır işlərlə məşğul olur, lakin əvəzində az qida alırdılar. Buna görə də Perovun əsərlərində uşaqların arıq və zəif təsvir olunması təsadüfi deyil.

Bu reallıq hamıya məlum olsa da, ictimaiyyət susurdu. İlk dəfə Perov bu problemi açıq şəkildə sənət vasitəsilə qaldırdı və uşaqların əməyinin istismarını qınaq obyektinə çevirdi. "Üçlük"dəki uşaqlar dövrün əzabkeş uşaqlarının ümumiləşdirilmiş obrazıdır. Bu əsər uşaqlığın oğurlanmasının, insan haqlarının tapdanmasının faciəvi rəmzidir.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri