Mədəniyyət Nazirliyi QHT lər üçün elan olunmuş müsabiqələrin layihə təkliflərinin ilkin seçimini və qiymətləndirməsini başa çatdırıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən iyulun 21-dən avqustun 11-dək qeyri-hökumət təşkilatları üçün elan olunmuş “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində təqdim edilmiş layihə təkliflərinin ilkin seçimi və qiymətləndirilməsi başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ekspertiza nəticəsində müsabiqə şərtlərinə cavab verən layihələrin siyahısı müəyyənləşdirilib.
Növbəti mərhələdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq təqdimat sessiyaları keçiriləcək. Təqdimat sessiyalarının oktyabrın 17-21-də keçirilməsi nəzərdə tutulub. Sessiyalarda iştirakla bağlı bildirişlər adı ilkin seçim siyahısına daxil edilmiş təşkilatların elektron poçt ünvanlarına göndəriləcək. Sessiyalarda təşkilat nümayəndələri layihə təqdimatları ilə çıxış edəcəklər. Açıq təqdimatlar zamanı müvafiq sosial şəbəkələr vasitəsilə canlı yayım təşkil olunacaq.
Təqdimatlar layihələrin məqsədləri, gözlənilən nəticələri, icra mexanizmləri və s. kimi ətraflı məlumatları əhatə etməlidir. Hər təqdimata 5-15 dəqiqə vaxt ayrılacaq. Qalib layihələr açıq təqdimat sessiyalarının nəticələrinə əsasən Müsabiqə Komissiyası tərəfindən müəyyən ediləcək.


