“Məhəbbət oyunu”: 90 il əvvəl ekranlara çıxan Azərbaycan kinokomediyası
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC
“Qızmar cənub küləyi sahilyanı şəhərin sakinlərini qayğı, əyləncə və zəhmətə çağırırdı”. Rejissor Abbas Mirzə Şərifzadənin “Məhəbbət oyunu” səssiz filminin preambulasını məhz belə səsləndirmək olar.
İlk Azərbaycan kinorejissoru kimi, Abbas Mirzə Şərifzadənin kino karyerası cəmi üç filmlə məhdudlaşıb və onlardan biri bu il 90 illik yubileyini qeyd edir. AZƏRTAC artıq “Bismillah” ekran əsəri haqqında yazıb. Bu gün rejissorun 1935-ci ildə ekranlaşdırdığı sonuncu işi olan “Məhəbbət oyunu” filmindən bəhs edəcəyik. Təxminən üç il sonra istedadlı aktyor və rejissor repressiyaya uğrayıb və onun adı çəkdiyi filmlərin titrlərindən silinib. Yalnız iyirmi il sonra, 1955-ci ilin sentyabrında ona bəraət verilib. Həm də ölümündən sonra... Lakin bu günə qədər həmin filmlərdə rejissorun adı yoxdur. “Kommunist” qəzetinin 22 may 1935-ci il tarixli nömrəsində dərc edilən “Azdövlətkinosənaye” trestinin direktor müavini “Azərkino” yaradıcılıq yollarında" sərlövhəli məqalədə qeyd edilirdi: “Əməkdar artist Abbas Mirzə Şərifzadə və yoldaş Popovun rejissorluğu ilə ekranlaşdırılan “Məhəbbət oyunu” komediyası üzərində iş gedir. Yol tikintisi və nəqliyyatdan bəhs edən bu bədii filmdə Əfəndiyev (Kirovabad (orijinal) Teatrının aktyoru), Sara Şərifova və Şamxalov yoldaşlar rol alırlar”.
Filmin ssenari müəllifi Aleksandr Popov, rejissoru Vladimir Koçetov, operatoru “Azkino-Azərfilm” kinostudiyasının Kinoxronika şöbəsinin bədii rəhbəri Boris Pumpyanski, quruluşçu rəssamlar Viktor Aden və Hüseyn Əliyev idilər.
Şərifzadə bu filmi çəkməyə sovet hakimiyyətinin artıq bütün ölkədə möhkəmləndiyi və repressiya aparatının hərəkətə keçdiyi dövrdə başlayıb. O dövrün reallıqlarına uyğun olaraq, incəsənət Sovet İttifaqının dövlət ideologiyasının müəyyən etdiyi kursu tamamilə əks etdirməli idi.
Beləliklə, “Məhəbbət oyunu” hadisələrin hər hansı sənaye müəssisəsinin və ya kolxozun “dekorasiyası” olmadan ağlasığmaz olduğu bir dövrün klassik hekayəsinin formatına mükəmməl şəkildə uyğun gəlir.
Filmin süjeti komediya janrı kimi müəyyən edilirdi. Lakin sovet dövründə “Məhəbbət oyunu” bədii cəhətdən zəif alınıb. Ədalət naminə etiraf etmək lazımdır ki, bu ekran əsəri müəyyən dərəcədə həm ssenarinin, həm də süjetin rejissora yad olması hissini çatdırır...
Yəqin ki, bu əsərin bayağılığına və uşaqcasına, sadəlövh süjet xəttinə görə Şərifzadəni günahlandırmaq çətindir.
İki dost şəhər qarajında mexanik işləyən Leylaya (Sara Şərifzadə) aşiq olur. Kərim (Məcid Şamxalov) çalışqan bir gəncdir, lakin Leyla özünü işinə həsr etməyən tənbəl bir kişi olan Səttara (İsmayıl Əfəndiyev) diqqət və sevgi göstərməyə başlayır. Süjet xətti inkişaf etdikcə, Leylanın sevgisi Səttarın yaxşılığa doğru dəyişməsinə kömək edir. O, işə yanaşmasını yenidən nəzərdən keçirir və filmin sonunda avtomobil yarışında qalib gəlməyi bacarır.
Tənqidçilərə görə, “iş yerində xoşbəxtlik” ideyası sxematikdir və filmdə açıq şəkildə gülüş üçün bayağı hərəkətlərdən istifadə olunur. Filmin süjeti boyunca tədricən zəhmətkeş bir insana çevrilən qəhrəman, həmçinin bu dəyişikliyə rəğmən zarafatın əsas personajı kimi görünür. O, vaxtaşırı gülməli və gözlənilməz vəziyyətlərlə qarşılaşır. Lakin məhz bu vəziyyətlərdə tənqid özünü göstərir: onlarda əsl komik təsir elementləri yoxdur. Bundan əlavə, gözlənilməzlik hekayənin özündə deyil, əlavə olunanlar isə süni təsir bağışlayır.
Hətta qısqanclıqdan bəhs etmək belə “qısqanclıq komsomola yaraşmır” ideoloji xəttinə uyğun gəlir, lakin Kərim Leyla ilə Səttar arasında baş verənlərlə qarşılaşdıqdan sonra bu xətt qırılır.
İkinci dərəcəli personajlara - Doktor Onegin və onun baxdığı iti olan xanıma gəldikdə, baş qəhrəmanın təsadüfən qarşılaşdığı hadisələr olduqca ibtidai xarakter daşıyır. Yeri gəlmişkən, İsmayıl Əfəndiyevin (Səttar) həddindən artıq şişirdilmiş ifası tez-tez tənqid olunub.
Beləliklə, filmin süjeti müəyyən dərəcədə əmək və zəhmət olmadan sovet insanının həyatında xoşbəxtliyin mümkün olmadığı barədə qənaəti açıq və israrlı şəkildə təbliğ edir. Film, həmçinin kişi baş qəhrəmana daha çox şəfqət və təmkin aşılamaq kimi sovet klişesinə uyğun gəlir. Məhz bu keyfiyyətlər ona azğın qəhrəmanı uğurla tərbiyə etməyə imkan verir.
Filmin yaradıcıları hesab edirdilər ki, romantik bir dönüşü əks etdirən mənəvi hekayə tamaşaçılar tərəfindən müsbət qarşılanacaq. Amma belə olmadı. 1936-cı il iyunun 18-də “Ədəbiyyat” qəzeti belə bir qeyd dərc etdi: “Mayın 20-sindən etibarən Leninqrad kinoteatrlarında “Azərfilm”in istehsalı olan “Məhəbbət oyunu” filmi nümayiş olunmağa başlayıb”. Leninqrad mətbuatı ictimai rəyi ifadə edərək və haqlı olaraq, bu filmi qınadı və mənfi rəy verdi. “Krasnaya Qazeta” qəzeti film haqqında bunları yazırdı: “Məhəbbət oyunu” komediya adlanır. Lakin burada dəyərli bir şey yoxdur. Bu filmdə əyləncəli bir şey tapmaq da çətindir. Onun qəhrəmanlarının məqsədsiz gəzməsi tamaşaçıda cansıxıcılıq, qıcıqlanmadan başqa ayrı hiss oyada bilməz”. Leninqrad Vilayət Həmkarlar İttifaqları Şurasının film nümayişləri üzrə plenumu bu ekran əsərini müzakirə etdikdən sonra “Azərfilm”ə məktub göndərmək qərarına gəlib.
Tamaşaçılar və tənqidçilər tərəfindən bu qədər mənfi qarşılansa belə, filmin maraqlı bir imicə malik olduğunu qeyd etməmək mümkün deyil. Şərifzadənin özünə də müəyyən dərəcədə Sergey Eyzenşteynin filmindən bir səhnəyə, o vaxta qədər artıq tanınmış ustaya və onun innovativ "Potyomkin zirehlisi" filminə istinad etməyə icazə verilib. Kamera pilləkənlərdən aşağı yuvarlanan toplara fokuslandıqda, “Odessa pilləkənlərində yuvarlanan uşaq arabası”nın özünəməxsus təkrarı hiss olunurdu.
Ümumiyyətlə, filmin vizual keyfiyyəti süjet xəttindən daha çox diqqət cəlb edir. Məsələn, filmin əvvəlində baş qəhrəmanın otağına düşən günəş şüalarının qarşısını ipdən asılmış paltarlar alır, qəhrəmanın gözlərinə kölgə salır və onun oyanmasına mane olur. Bu bədii həll məzmunca sadə olsa da, sırf vizual baxımdan maraqlıdır və estetik cəhətdən xoşdur.
Operator Rafiq Quliyevin “Azərbaycan səssiz kinosunun vizual irsi” adlı kitabında filmin vizual hekayə tərzi və kinematoqrafiya baxımından təsvir formalarının əhəmiyyəti qeyd olunur: “Müəllifin ekran əsərinin ssenaridən irəli gələn təfsirindəki nəzərəçarpacaq çatışmazlıqlara baxmayaraq, sərbəst, cəsarətli, dinamik kompozisiyalar, bucaqlı və hərəkətli kadrlar, filmin montaj strukturundakı ardıcıl kadrların dəqiq miqyas ölçüləri, idarəolunan ritm, eləcə də optik vurğular və işıq boyama kimi komponentlərdən formalaşan mükəmməl vizual hekayə tərzi sayəsində “Məhəbbət oyunu” komediya filmi 1930-cu illərdə yaradılmış “Lətif”, “İyirmi altı komissar”, “İsmət”, “Almaz” kimi ekran əsərləri ilə eyni sırada dayanır və hətta vizual görüntülərin yüksək fotoqrafik keyfiyyəti baxımından daha ciddi təəssürat yaradır”.
“Məhəbbət oyunu” filmində görünən şəhər yerlərinin və insanların geyimlərinin nə qədər valehedici olduğunu qeyd etməmək mümkün deyil. Bəlkə də Azərbaycanın ilk rejissorunun bu filminə müasir dövrümüzdə həmin illərin gündəlik həyatının səhnələrini özündə əks etdirən “video arxiv” kimi də baxmaq lazımdır. Hətta doxsan il əvvəl insanlar dəniz kənarında və parklarda istirahət etməkdən zövq alırdılar...
Filmdə, həmçinin A. Lodzi (qaraj meneceri Şinkin), L. Vaitsix (Doktor Onegin), Mirzə Ağa Əliyev (Qeydiyyat şöbəsinin müdiri), Bakı Dövlət İncəsənət Universitetinin kino aktyorluğu kafedrasının rejissoru və müəllimi Vladimir Koçetov və Teza Qornik rol alıblar. Bədii filmdə rol alan ilk Azərbaycan qadını İzzət Orucova da bu ekran əsərində çəkilib. Qeyd etmək lazımdır ki, Kərim rolunu canlandıran aktyor Məcid Şamxalov məşhur “Qaynana” komediyasının müəllifidir.
Abbas Mirzə Şərifzadənin son filmi olan “Məhəbbət oyunu” müəyyən rejissorluq laqeydliyi əlaməti daşıya bilsə də, o, 2024-cü il Moskva Beynəlxalq Arxiv Film Festivalının nümayiş cədvəlinə daxil edilib və “İllüziya” kinoteatrında nümayiş etdirilib. Rusiya Dövlət Film Fondunun Analitik şöbəsinin aparıcı incəsənət tarixçisi və proqram kuratoru Kirill Vlaskin “Söz istəyirəm: səs dövründə sovet səssiz filmləri" mühazirəsi zamanı Azərbaycan rejissorunun işi haqqında belə şərh verib: “Hətta bu gün də kinosevərlər 1936-cı ildə ekranlara çıxan bir filmə — sevgi üçbucağına əsaslanan romantik komediya olan “Məhəbbət oyunu”na heyran ola bilərlər. O dövrdə bu film tənqidçilər tərəfindən bir çox hallarda nəzərdən qaçırılıb və dövrünün görkəmli filmləri arasında itib-batıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















