Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı Bəhruz Niftəliyev

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı Bəhruz Niftəliyev

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə Bəhruz Niftəliyevin illərlə izlədiyim şeirlərindəki yüksək şeiriyyət, səmimiyyət, könül çırpıntısı, ifadə mükəmməlliyi məni öz təsir selinə salırdı. Bu çiçək ətirli şeirlərin dəstələnib gül buketinə çevriləcəyini, toplu halda kitabdan oxuyacağım günü o qədər arzulayırdım ki... Nəhayət... Redaktoru olaraq oxuduqca sehrinə düşdüyüm, qəlbinin ziyası, iç dünyasının poetik ətri olan ilk şeirlər kitabı "Tanrıya məkublar"ın təqdimat günü (28 noyabr 2025) - gözlədiyim gün gəlib çatdı. Bu möhtəşəm gün münasibətlə gənc şairimizi təbrik edirəm. 

Anası Söz sənətkarı Flora Xəlilzadə ilə universitetin jurnalistika fakültəsinə qəbul olunub bir qrupda oxuduğumuz gündən yaranan dostluğumuz zamanla sıx ailə dostluğuna çevrildiyindən Bəhruzun hələ kiçik yaşlarından bədahətən şeir söyləmək bacarığı, bu bağlılığın getdikcə artması zamanla diqqətimizi cəlb edirdi. Şairlik istedadı Bəhruza mənsub olduğu ailədən anası Əməkdar jurnalist, yazıçı, şair Flora Xəlilzadə və onun “şəcərəmin şah sütunu, xan çinarı" adlandırdığı bibisi oğlu böyük Məmməd Araz nəslinin qan yaddaşıyla gəlir. Söz Günəşinin nurundan irsən Bəhruza da pay çatıb... 

Şairlik Allahın seçdiklərinə bəxş etdiyi vergidir

Bəhruz şeirlərini qarşıya məqsəd qoyaraq yazmır. Misralar günlərlə fikrini zəbt edən müşahidələrdən sonra yaradıcı təxəyyülündən damla-damla süzülür. Dolmuş qəlbindən dodaqlarına məcrasından qəfil qaynayan çeşmətək bədahətən sellənib gəlir. Bədii təfəkkürünün məhsulu olan bu inciləri sapa düzmək - misraları yazmaq olub onun işi. Bəzən yazmağa şərait olmayanda telefonun diktafonuna pıçıldayıb ürəyinin səsini. Özü yazdığı kimi: "Diktafonu işə saldım və misralar qopdu dilimdən, səsim qələmim olmuşdu klaviaturanın yerinə". İmkansızlıqdan itirdiyi inciləri də az olmayıb... 

Bəhruzun şeirləri qanadlandığı qəlbin hisslərinin, saf mənəvi dünyasının, aydın amalının parlaq ifadəsidir. İnsanın həyatındakı müxtəlif məqamlar elə hərtərəfli, içdən qələmə alınıb ki, oxuduqca şeirlərin yaratdığı təsir selinə düşürsən. Müəllifin eşidilən ürək çırpınıları sənin duyğunda, düşüncəndə əks-səda verir; qəmiylə qəmlənir, sevinciylə sevinirsən. Misraların pıçıltılı bulaq axarında məna, məzmun gözəlliyi ilə mükəmməl deyim tərzinin vəhdəti oxucunun qəlbinə nüfuz edir. Fikrini incə təhlillərlə səmimi poetik dillə çatdırır. 
Şeirləri mövzuca aktual olmaqla əhatə dairəsi də genişdir. Bəşəri ideyalar, vətənpərvərlik, insanpərvərlik, torpaq bütövlüyü şeirlərinin əsas qayəsini təşkil edir. Məna dolğunluğu, dərin təfəkkür, həyata bağlılıq poeziyasının səciyyəvi xüsusiyyətidir. Şeirlərinə yurd məhəbbəti, milli qürur hissi, güclü zəfər ruhu hakimdir. Bəhruz özü də yaxın və uzaq keçmişdə Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilmiş, çox sayda şəhid vermiş Vətəndə Vətənsiz yaşayan böyük bir nəslin nümayəndəsidir. "Mən dünyaya gözlərimi qoynunda açmasam da özümü həmişə sənə aid hiss etmişəm" deyən Bəhruzun yurd həsrətli bayatıları ürək sızladır: 

Söz tutan dilim vardı,
Saz tutan əlim vardı.
Dərdə düşməzdən qabaq 
Bir ordu elim vardı! 

Hanı o çağlar, hanı?
Yanan ocaqlar hanı?
Yaxın çoxdan yad olub,
Hanı uzaqlar, hanı?

Düşmən təxribatı nəticəsində bir gecədə həlak olmuş igidlərə həsr etdiyi "Əlli şəhid bayatı"da və şəhidlik zirvəsinin fatehlərinə yazdığı şeirdə şairin kədərində milli qürur, fəxarət duyulur... 


"Bu yas deyil, mənim üçün bayramdır" iftixar hissiylə 
“Mübarək şəhidim" "dil açır": 

Nə oğullar, nər oğullar getdi bax,
Vətən, qanım torpağına yetdi bax,
Anam, bacım bir ürəkdən dedi bax:
Şəhid adın mübarəkdir, mübarək!

Azadlıqdı torpağımın gərəyi,
Sipər etdim köksümdəki ürəyi,
Türkün axı yerə gəlməz kürəyi,
Şəhid adım mübarəkdir, mübarək!

Bir çox bayatılarında Bütöv Vətən sevdalı Zəfər arzuları gül açır: 

Zəfərin zəngi vura,
Ürəyim sipər dura.
Vaxt gəlsin, vədə gəlsin,
Qovuşaq Zəngəzura.

Komandanım "vur" dedi,
"Sinən qalxan, dur" dedi.
Araz üstə bir körpü, 
"Qardaşınla qur" dedi.

Köhnə mövzulara yeni yanaşma

Bəhruzun şeirlərində insanın mənəvi dünyasının, qüdrətinin, işıqlı ideallarının dolğun təcəssümünü görürük. Onun lirik qəhrəmanı təmiz əqidəli, humanist, etibarlı, şəxsiyyətdir. O bəzən köhnə mövzulara yeni tərzdə yanaşmaqla şeirə yeni məna çaları, yeni nəfəs gətirir. "Anam Flora Xəlilzadəyə" şeirində tərənnüm etdiyi "ürəyi Vətən, əli Tanrı şəfalı" ANAya övlad məhəbbətinin böyüklüyünü bundan da möhtəşəm ifadə etmək olarmı: 

Elə bil uzanan Tanrı əlisən,
Şəfasan, şəfqətsən, duamsan mənim.
Bütün möcüzələr sənlə başlayır,
Heyrətsən, həyatsan, dühamsan mənim.
Saçının ağını, ürək ağrını gizlədən anam, 
Dərdimi duyansan, dünyamsan mənim! 

Qocalmaq coxunun qismətinə pay,
Ucalmaqsa sənin adına təndir.
Ana, ürəyin də mənə yurd yeri,
Ana, ürəyin də mənə Vətəndir! 

Şair Vətən və Ananı ən əziz simvoltək qoşalaşdırır. Bu ölçüyəgəlməz dəyərli məfhumları ayırmadan Tanrı sevgisi səviyyəsinə ucaldaraq oxucusuna o müqəddəslikdə təqdim edir. "Tənhalıq görülməmək deyil, Anlaşılmamaqdır, / Hər gün bir az uçulmaq, Hər gün aşınmaqdır" - deməklə tənhalığın görülməyən tərəflərini görür və bəyan edir. Bəhruzun poeziyasında həyatı dərindən duymağa, qədrini bilməyə səsləyən nikbin baxış güclüdür. "Əgər sevmək bir bu qədər günahdırsa, / Bu qəlbdəki bu təb niyə, söylə görüm?!" - deyərək qəlbinin qəbul etmədikləri ilə barışmır. "Tanrı, yazdığın yaz qismət olmadı, / Yeni fəsilləri yazacam özüm", "Ömürdü pərən-pərən, Gözlərimdə közərən, / Yaşamağı gözləyən / Qəmə doğru gəlirəm" misralarıyla qətiyyətiylə qəmə səslənir, kədəri həyatından qovur: 

Çıx get həyatımdan, kədər,
Daha yerini, yerişini istəmirəm.
Məni yaxan, məni yıxan gülüşünü istəmirəm, 
Çıx get! 
İstəyirəm azam xoşbəxtlikdə
Heç tapılmayam!
O qədər bəxtəvər olam ki, simam dəyişsin.
Heç tanınmayam, 
Çıx get! 

Bəhruz son ana qədər özünü itirməyib ruh yüksəkliyi ilə ölümün üzərinə gedən şəhid stüardessamız Hökumə xanımın dillərə dastan qəhrəmanlığını da təsirli dillə qələmə alıb: 

Gülləri sənə sərdim,
Ürəyim sərasərdi,
Son cümlən bir əsərdi,
"Hər şey yaxşı olacaq!"

Bu dünyanın dizinə
Əyrisi nə, düzü nə
Düz ölümün gözünə...
"Hər şey yaxşı olacaq!" 

Bəhruz şeirlərini optimist ruhda yazsa da bəzən misralarında qəmli notlar səslənir. "Ruhum acdı, öz içimdən qəm yeyir", "Ruhun gəmisi bədənim, / Üzürəm dünya qəmində”, “İnsan qəlbi qəm körpüsü, keçildinmi heç!", "Doğmalar dağ oldu, ağ oldu, neynim, / Bir ovuc təskinlik, a yadlar mənə" kimi həyatdan şikayət motivli misralar oxucunu düşündürür. Müəllif kədərin yaratdığı duyğuları dəyərləndirib ona yeni ad verir: 

Naxələf xəyanətə, bir nadana tuş gələn
Vaxtından tez böyüyən, ölən duyğular vardır.
Şəhid duyğular vardır! Şəhid duyğular vardır! 

Bizə adi gələn "ağrı" məfhumuna görün necə fərqli fəlsəfi baxışla yanaşıb ustalıqla təhlil edir: 

Ağrı nədir bilirsən?
Zərbənin açdığı yara yox,
o yaranın sancdığı an da deyil,
Vuran doğma yağıdır,
Bax, bu əsl ağrıdır

Əzizinin əzməsi...
və soyuq rüzgarların əsməsi!

Ən təsirlisi, kədərlisi “ağrı” haqqında müəllifin gəldiyi son qənaətdir: 

...Bilirsən ağrı nədir?
"Ağrı nədir" bilməməkdir. 
Hiss etməməkdir özünü,
Öyrəşməkdir, öyrəşmək! 

Şeirdə sadə suallara verilən sadə cavabların canlandırdığı mürəkkəb mənzərə oxucunu dərin düşüncələrin məna axarına salaraq məntiqi nəticə çıxarmağa sövq edir.    

Bəhruz Niftəliyevin “Tanrıya məktublar”ı

Bəhruzun lirik qəhrəmanı nə qədər azad düşüncəli, müasir olsa da, o qədər də "Tanrısı vicdan olan", ulu yaradana inanan imanı kamil şəxsdir. O, həyatı gözəl, insanı xoşbəxt görmək istəyir. Dünyadakı ədalətsizliklərdən, qanlı müharibələrdən, dağıntılardan sarsıldıqca, həyatın çətin sınaqlarına düşdükcə Tanrıya etiraz səsini yüksəldir: 

Susmağım asan gəlməsin sənə
Ümidim üzüləndə
Üzü sənə gələndə,
Susuram!
Dava etməkdən, 
Dua etməkdən
Yorulanda susuram. 
Əda deyil,
Adi deyil, 
Nidadır susmağım. 
Ən çox danışmağa ehtiyac olanda
...necə də acıdı susmağım! 

Bəhruz Yaradanla yaradılan arasındakı məsafəni götürüb onları dost qədər yaxınlaşdırır. Lirik qəhrəman Tanrı ilə ərkyanə söhbət etmək istəyir: 

Həsrət nədi, həsəd nə?
Yolum üçün kəsə nə?
Daşmı yığdın kisəmə?
Tanrı, daşıyanmıram!
Dəyib dəyişənmirəm, 
Qəmi bölüşənmirəm. 
Təslim oluram, Tanrı...
Sənlə döyüşənmirəm! 

"Yaratmısan, yaşat" prinsipi ilə Tanrıya gah ritorik suallar ünvanlayır, gah da "Yaradan deyiləm ki, / Sənə qarışanmıram" deməklə mənəvi rahatlıq tapır. Bu məzmunlu şeirlər dənizi xatırladır; gah tufanda şahanə dalğalarla coşub-daşan, gah da günəşli havada sakitcə ləpələnən dənizi... 
El arasındakı inama və dini inanca görə Allah xeyir vermək istədiyi bəndəsini əvvəl çətinliklərlə üzləşdirib imtahan edir. Dözərək ədalətlə, səbrlə mübarizə aparanlar mükafatlandırılır. Beləliklə, insanda Allahı və özünü dərketmə başlayır. Sonda sanki yenidən doğulan insan dəyişib yeni cəsarətlə həyata bağlanır. Lirik qəhrəman insanın həyatda ağır kədər, müsibətli hadisələrlə qarşılaşmasını istəmir. "Ey sevgili Tanrı, bəndən səndən də təkdir həyat adlı əsarətdə" - ümid dolu müraciətilə Tanrıdan yaratdığına qayğı, xoş həyat diləyir: 

Mən yarı adam, sən yaradan...
Köçüb gedəcəm yarımadan.
Məni yormadan, yorulmadan 
Bir az sevsən, nə olar?
Bir az sezsən, nə olar?

"Son nəfəsdə Allah dedim, dayandım" kimi misralar onun etirazlarının kökündə Yaradana olan sonsuz sevginin, sarsılmaz imanın, inamın etirafıdır. Allaha üz tutur, şükranlıq hissiylə ona sığınır: 

Məni unutma, Tanrı,
Günahlarımı,
Ahlarımı,
Sabahlarımı unut
Amma sənə inamımı, əsla! 
Məni unutma, Tanrı,
Özümü səmtsiz 
və sənsiz hiss etmək istəmirəm. 

Məhəbbət poeziyasında həyatın bütün gözəlliklərinə vurğun olub ona dəyər verməyi bacaran yüksək zövqlü şairin qəlb döyüntüləri duyulur. "Eşq duyğudur, / Ən böyük doğrudur, / Eşq onun, / Eşq sonun olmaqdır", "Getsən, bölük-bölük olaram, / Hisslərimdə olduğu kimi, / Hissələrimdə tapılarsan" - deyən şairin şeirlərində eşqin gücü, ucalığı, ülviliyi, nələrə qadir olması bütün incəlikləri ilə canlandırılır. Şeirlərin canına hopmuş həsrət, qəm notları misralardan boylanır. "Yaram qanar, söz ötər, / Ruhum sənlə közərər" , "Bir döyüntü qədər qəlbindəyəmsə, / Dolan gözlərinin yaşı olaram", "Səsimə hay verib sevgimə bələn", "Günəş kimi doğulmusan qəlbimdə", "Bacarırsan at məni, özün ağlından çıxar", "Sənə təşnə bir ruhum, / Qəlbim var, istəmirsən?" kimi eşq etirafları qəlb yanğılarının incə hisslərlə, dərin duyğularla ifadəsidir. Bütün şeirlərində olduğu kimi məhəbbət şeirlərində də dili aydın, təbii, səlisdir. Bədii təsvir vasitələrindən ustalıqla istifadə etməsi, fikrinin obrazlı dillə təsviri misraların emosionallığını daha da artırır. Təsvir etdiyi gözəli bəndin hər misrasında sadə, həyati təşbehlərlə canlandırır: 

Gəzərəm, sezərəm gözəl çölləri,
Bağlama "gülüşü gözəl çöhrən”i.
Dodağın müşkmüdür, bədənin ənbər?
Ətrimi hopubdu Azan güllərin? 

Saf eşqin tərənnümü əsasən lirik şeirlərində olmaqla, sərbəst vəznli şeirlərində də eyni təsirli, incə poetik dillə qələmə alınıb: 

Yar dedim, yor dedim, öldür demədim,
Yaşamaq gözəldir, nəfəsim sənsən.
Sus dedim, su dedim, söndür demədim,
Ən təmiz, ən ülvi həvəsim sənsən.

Mən getsəm nə olar, xəbərin varmı?
Qar altda qaralmış ota dönərsən.
Gəl yanaq, yanmağa təhərin varmı?
Toxunsam telinə, oda dönərsən!

Mən sənsiz mənasız roman kimiyəm,
Simləri qırılmış kaman kimiyəm.
Qarışar notlarım nəğmələrimdə,
Bülbülün ahına səs demərəm mən.

Şair "Biz olmayanda" sərbəst vəznli şeirində eşqin mahiyyətinə varmağa çalışır. Fəlsəfi yanaşma, mükəmməl izah şeirdə poetik məharətlə qələmə alınıb: 

"Biz" olmayanda... ya "Sən" olur, ya "mən" olur -
Parçalanırıq...
"Biz" olmayanda zaman udur,
Haçalanırıq
"Biz" olmayanda azca qalırıq,
Toza bənzər
Ruhum sənsiz buza bənzər... buza bənzər,
Ruhum sənsiz buza bənzər... buza bənzər,
Tut əlimdən, əlimdən tut,
"Biz" olmayanda bilirsən ki, parçalanırıq!

Novator şair

Bəhruz əksər şeirlərini heca və sərbəst vəzndə yazsa da sərbəst şeirlərində hecalı, heca vəznli şeirlərində isə sərbəst misralar, bəndlər işlədərək yeni poetik nümunələr yaradır. Bəhruz sözü və bir hərf fərqi ilə oxşar sözləri çoxmənalı şəkildə misralarda elə ideal ustalıqla yerli-yerində işlədir ki, tələffüzdəki səs və söz səsləşməsinin ritmik ahəngi şeirin oxunuşunda həm bir axıcılıq, təravət yaradır, həm də oxucu bu "söz oyunu'nda müəllifin çatdırmaq istədiyi örtülü məqamları dərk edə bilir: 
Gözlərimdə elə keçmisən,
İşıqlar da yalan olub...
Yanımdasan, yadımdasan
Uzaqlar da yalan olub
Yadım da SƏN! 
Bilməsən də
Qalxan olub, qalan olub bu ürəyim.
Yarıda sən
yaram da sən!
İndən belə yarıdasan
Faydası yox!
Yoruldusa ruhum dinməz
Cənnətimi yaradasan.
Faydası yox! 

Bəhruz müasir poeziyamızın, xalq və klassik şeirimizin demək olar ki bütün janrlarında, növlərində, formalarında şeirlər yazıb. Qəzəl janrına da müraciət edib və müvəffəq olub: 

Sis var yollarımda israr edirəm gəl! 
Yar, sənə möhtacam izhar* edirəm, gəl! 

Həyadır gözlərin, ədadır baxışın,
Bu canı, cəlalı nizhar* edirəm gəl!

Huşuma gəlməyən xoşuma gəlmisən,
Hər gecə ruhuma simsar* edirəm gəl!

Mən sənin rəsmini vəsf, ruhunu məst,
Şanına şəst sərşar* edirəm gəl!

Ovlaram, oğurlaram bir gecədə,
Bəhruzu yolunda əfşar* edərəm gəl!

(İzhar-bəyan, nizhar-qurban etmək, bağışlamaq, simsar-yaxın, daha yaxın sərşar-dopdolu, (ürəkdən), əfşar-çevik, ovçuluğu sevən) 
Bəhruzun poetik nəfəsinin ətri esselərində də hiss olunur. Anasına, övladlarına ünvanladığı esselər həm fədakar anaya qədirbilən oğul məhəbbətinin, həm də həssas, kövrək ata sevgisinin duyğusal təcəssümüdür. Anasına ad günü təbriki bu müraciətlə başlayır: "Həyatımın ən mübarək möcüzəsi... Yanında olanda belə darıxdığım... Ətrinə sığınıb saflaşdığım... Əzizim, əvəzsizim, qəlbi dolu dostum, ilk və ən böyük sevgim... Nəfəsin nələrə qadirdir bir bilsən... Bir baxışın bəs edir, bir "can" sözün kəsir bütün ağrılarımı... Məndən bezməyənim, məndən yorulmayanım, sadəcə təmənnasız sevənim..." 

Qızlarını "Tanrıdan aldığım ən gözəl cavab, / Ən sirli, sehirli sualı sənsən" - deyə əzizləyən "ana ürəkli ata"nın övlad məhəbbəti həm həyatını, həm də yazdıqlarını nurlandırır: "Hər gün ruhumda, ürəyimdə böyüyən Floram, əziz qızım... Səndən başqasına hazır deyildim sanki... Amma elə bir DUYĞU gəldi ki həyatıma, sən qədər oldu, ətrin kimi xoş, təbəssümün qədər gözəl, sevgin qədər təmənnasız... İndi ikinizi də bir-birinizdən çox istəyirəm. Nəfəsimsiz, gücümsüz, səbrimsiz... Yaşamağa səbəbimsiz!" 

Televiziya adamı

Yaradıcı şəxsiyyəttək yetişməsində, iş fəaliyyətindəki bütün uğurlarında fitri istedadı ilə yanaşı, həm də amal, məqsəd yolunda mübarizliyi, "yorulmaqdan yorulmadım" prinsipi ilə yaşamasının rolu olub. Qələminin gücü, yaradıcılıq enerjisi həm qəlbinin nuru poeziyaya, həm də öz təbiri ilə desək "işi, gücü, sevgisi" tək bağlı olduğu televiziyada işlərinin öhdəsindən uğurla gəlməsinə çatır. Mədəniyyət telekanalında direktor müavini vəzifəsini məsuliyyətlə yerinə yetirən Bəhruz televiziyanı tək peşəsi deyil, həm də həyat tərzi sayır. O, çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə mediamıza bu gün hava, su qədər vacib bir məram yolunda irəliləyir; tamaşaçılara, oxuculara öz sözləriylə desək “İncəsənətimizi, mədəniyyətimizi, tariximizi, ulu keçmişimizi, müasir dünyamızı, elmimizi, dinimizi, dilimizi təqdim edir." Bu İşıqlı insan milli-mənəvi dəyərlərimizin gənc nəslə öyrədilməsi, onların maariflənməsi, mənəvi tərbiyəsinin formalaşması kimi yüksək qayə ilə yaşayır və zəhmətsevərliyi ilə bu missiyanın öhdəsindən layiqincə gəlir. 

İntellektual səviyyəli, dərin məzmunlu maraqlı verilişlər hazırlaması və yüksək sənətkarlıqla aparmasıyla getdikcə daha geniş tamaşaçı auditoriyasının rəğbətini qazanır. Bədii yaradıcılığında olduğu kimi publisistikasında da, televiziya fəaliyyətində də poetik ruhun yüksək, dilinin canlı, səmimi, təsirli olmasının rolu böyükdür. Müəllifi olduğu verilişlər, sənədli filmlər, apardığı söhbətlər buna bariz nümunədir. Bəhruz Əməkdar jurnalist Flora Xəlilzadənin on ildən artıq müddətdə ekranları bəzəyən həftəlik "Yadigarlar" verilişini aparan zamandan dərin məzmunlu şirin, rəvan söhbətləriylə yaddaşlara həkk olunub. İşlərini bacarıqla davam etdirərək layihə rəhbəri olduğu həftəlik "O Bəhruz Niftəliyevin təqdimatında" adlı sosial-psixoloji proqramında da həyat yolu nümunə olan ziyalılarla söhbət aparıb onların dəyərli iş və iç dünyasını tamaşaçılara təqdim edib. Dəfələrlə sürgünlərə və deportasiyalara məruz qalsa da Vətənə geri dönmək əzmini itirməyən Qərbi azərbaycanlıların acı xatirələri və arxiv materialları əsasında hazırladığı "Ailəm iki od arasında" və "Mənim ailəm" sənədli-bədii filmlər silsiləsinin hər növbəti sayında yeni bir səcərənin yaşamış olduğu müsibətləri canlandırır.

Bəhruz davamlı olaraq AZTV, İTV və başqa telekanallarda ictimai həyatımızın müxtəlif sahələrini əhatə edən əhəmiyyətli mövzularda təşkil olunmuş söhbətlərdə, görüşlərdə iştirak edir və önə çıxan, düzəldilməsi vacib olan qüsurları özünəməxsus məharətlə tənqid atəşinə tutur. Mövzular rəngarəng olsa da, müzakirələrdə məqsəd eynidir: - Nöqsanların həllini "Sabaha saxlamayaq!" 

Gənc qələm sahibi Bəhruz Niftəliyev, böyük bir xalq kütləsinin, əsasən də onun qaymaqları olan "meyarına və əyarına görə çox fərqli, tələbkar, savadlı tamaşaçıların, oxucuların" - zər qədri bilən zərgərlərin sevgisini qazanan şair! Bu sevgi ən ali mükafatındır! Yaratdığın Söz dünyasının özünəməxsusluğu, bənzərsizliyi poetik məharətinin ideal təcəssümüdür. Poeziya aləminə “göz açan" ilk şeirlər kitabın "Tanrıya məktublar"ınla sən Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı, nəslinin poetik ruhunu yaşadan layiqli xələf olmağının möhürünü vurdun! Flora Xəlilzadə kimi söz sərrafının - ANAnın çətin və şərəfli yolunu davam etdirən sənət varisi, etimadını doğruldan qürurverici övlad kimi yetişdin. Parlaq ideallarınla xalqının istedadlı şairi, alimi, sevimli telejurnalisti kimi tanındın. Müasir mətbuatımızın, ədəbiyyatımızın inkişafındakı xidmətlərin Prezident mükafatçısı yüksək adı ilə dəyərləndirildi.

“TÜRKSOY” tərəfindən Beynəlxalq Nəsimi Medalı ilə təltif olundun. Onlarla yerli və beynəlxalq mükafatların sahibisən. Azərbaycanı gənc alim kimi müxtəlif beynəlxalq konfrans və simpoziumlarda təmsil edirsən. Bütün bunlarla yanaşı bu gün yazdığın şeirlər - misralar çiçək ətriylə könüllərə daim təsir edir. Ürək yanğısıyla yazılanlar ürəklərə yol tapır. Söz bulağının gözü və uğur yolların daim açıq olsun! 

Sədaqət (PAŞAYEVA) ŞAHBAZOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri