“Mən döyüş sənətlərinin ən yaxşılarını birləşdirdim və milli sistem yaratdım” Vidadi Hacıyevin ə GENİŞ MÜSAHİBƏSİ FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vidadi Hacıyev hapkido(Koreya döyüş sənəti – red) üzrə üçqat dünya çempionu və müxtəlif döyüş növləri üzrə beynəlxalq turnirlərin dəfələrlə qalibidir O, özünü “sistemləşdirici” adlandırır. Belə ki, Vidadi çoxsaylı döyüş növləri ilə tanış olub, onları praktiki şəkildə sınaqdan keçirərək öz tədris metodikalarını yaradıb.
Onun ailəsi sovet dönəmində repressiyaya məruz qalmış, Özbəkistana sürgün olunmuş azərbaycanlılardır. 1995-ci ildə Vidadi Hacıyev Azərbaycana köçüb və burada ölkənin ən güclü idmançıları ilə məşq edib. Zədə səbəbindən peşəkar idmanı tərk etsə də, öz fəaliyyətini özünümüdafiə üzrə məşqçi kimi davam etdirib. Hacıyev sonradan Azərbaycan brendi ola biləcək öz metodikasını hazırlayıb. O, İdman.Biz-ə müsahibəsində idman yolu və yaratdığı brend barədə danışıb.
- İdmanla necə məşğul olmağa başladınız?
- Atam polis orqanlarında çalışırdı: sadə postdan başlayıb kriminal axtarışın rəisi vəzifəsinə qədər yüksəlmişdi. O, ömrü boyu idmanla məşğul olub: sambo, cüdo, güləş. Biz uşaqlıqdan ona baxıb böyüyürdük, onun tərbiyəsini, gücün, intizamın və vətənə borc hissinin vacibliyini özümüzə aşılayırdıq.
Əvvəlcə sambo və güləşlə məşğul olurdum. Daha sonra Şərq döyüşləri dəbə mindi və mən də karate, kunq-fu və taekvondo ilə maraqlanmağa başladım. O dövrdə Brus Linin filmləri ortaya çıxdı və bizə böyük təsir etdi. Mən taekvondo ilə ciddi məşğul olmağa başladım - bu, Koreya döyüş sənətidir. Özbəkistanda böyük koreyalı icması var, biz ənənənin daşıyıcıları olan ustalardan dərs alırdıq. Bu isə bizə unikal baza verirdi.
1995-ci ildə ailəmiz Azərbaycana köçdü. Burada uzun müddət yaxşı müəllim tapa bilmirdim: müxtəlif zallara gedir, müşahidə edir, seçim etməyə çalışırdım. Uşaqlıqda tez-tez gün ərzində iki-üç məşqə gedirdim: səhər güləş, axşam taekvondo. Məktəbin yanında karate dərsləri keçirilirdi, bəzən ora da baş çəkirdim (gülür). Boks və kikboksinqdə də özümü sınamışam. Beləliklə, uşaq yaşlarımdan müxtəlif üslubların və yanaşmaların bazası formalaşdı. Mən özümü axtarırdım…
- Sizi ən çox uyğun istiqaməti seçməyə nə vadar etdi?
- Azərbaycanda ölkəmizin döyüş sənətləri əfsanələri - Süleyman Məmmədli (Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti, bu idmanın inkişafında böyük rolu olan şəxs, 2021-ci ildə vəfat edib – red.) və Mirəli Seyidovla (Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti, əməkdar məşqçi – red.) tanış oldum. Onların təkcə şagirdi deyil, yaş fərqinə baxmayaraq dostu olduğum üçün özümü xoşbəxt sayıram.
Süleyman Məmmədli mənə hapkido, Mirəli Seyidov isə ciu-citsu öyrədirdi. Amma mən Koreya istiqamətində - hapkido üzrə davam etməyə qərar verdim. Süleyman müəllimlə çox yaxınlaşdıq, birlikdə yüksək nəticələrə imza atdıq. 2004-cü ildə dünya çempionatında hər ikimiz öz kateqoriyamızda qalib olduq. Daha sonra qarışıq döyüş növlərində də qalibiyyətlər qazandım, sanda və full-kontakt üzrə dünya çempionu oldum.
Vidadi Hacıyev Mirəli Seyidov
Karyeram uğurla davam edirdi. Mənə Almaniyada müqavilə təklif edildi. Sənədləri imzalamadan əvvəl tibbi müayinədən keçməli idim - həmin vaxt heç ağlıma belə gəlməyən hematoma aşkar olundu. Buna görə peşəkar idmanı tərk etməli oldum və məşqçilik fəaliyyətinə yönəldim.
Almaniyada yaşayarkən yeni istiqamətlərlə tanış oldum: Krav-maqa - İsrail özünümüdafiə sistemi, eləcə də Brus Linin yaratdığı jitkundo döyüş üslubu. Bundan başqa, filippin döyüş sənətləri – kali, eskrima, panantukanla məşğul oldum. Azərbaycana kali (bıçaqla iş sistemi), krav-maqa və jitkundo məhz mənim vasitəmlə gəlib. Üstəlik, Vətən müharibəsi zamanı hətta xarici KİV-lər belə yazırdı ki, azərbaycanlılar əlbəyaxa döyüşlərdə bıçaqlardan istifadə ediblər. O döyüşçülərin bir qismi mənim yetirmələrimdir.
Vidadi Hacıyev Süleyman Məmmədli ilə
- Bütün bunlarla yanaşı, bir də hüquq ixtisası üzrə təhsil almısınız…
- Bəli, peşəkar idmanla yanaşı, mən həmişə yaxşı oxumuşam - əlaçı olmuşam. Bu, atamın mənə aşıladığı intizamın nəticəsidir. Hüquq diplomu aldıqdan sonra dörd il ixtisasım üzrə çalışdım, sonra isə döyüş sənətləri naminə həmin sahəni tərk etdim.
- Bir neçə döyüş sənətini öyrənmisiniz. Bütün bunlar necə yadda qalır?
- Özbəkistanda mənə çox möhkəm baza verildi: boksda güclü zərbə bacarığı, taekvondoda ayaqlar, samboda və güləşdə yaxşı məktəb. Mənim qarışıq hazırlığım həmin vaxtdan formalaşırdı. Əlavə olaraq biomexanika və biodinamika ilə maraqlanırdım - insanın hərəkət sisteminin və ümumiyyətlə, orqanizmin necə işlədiyini öyrənirdim. Döyüş sənətlərini birləşdirən ümumi prinsipləri axtarır, bu bilikləri sintez edib vahid təlim sistemi yaratmaq barədə düşünürdüm.
Zamanla öz metodikamı formalaşdırdım. Bu, müxtəlif döyüş növlərində yarışlarda iştirak etməyə və şagirdləri effektiv şəkildə hazırlamağa imkan verirdi. Mənim çoxlu yetirməm müxtəlif istiqamətlər üzrə dünya çempionu olub. Fiziki mədəniyyətin nəzəriyyəsini anlayanda, hər bir döyüş növlərinin xüsusiyyətlərini, həmçinin onları birləşdirən fundamental prinsipləri görürsünüz. Analogiya gətirim: hüquqda müxtəlif sahələr var - cinayət, mülki, inzibati, ailə hüququ. Amma dövlət və hüquq nəzəriyyəsi var ki, istənilən hüquq sisteminin strukturunu anlamağa imkan verir.
- Bu qədər bilik və təcrübə ilə müəllif texnikaları yaratmağı düşünürdünüzmü?
- Bilirsiniz, bir vaxtdan sonra ən gözlənilməz şeylərdə texniki element görməyə başladım, məsələn, rəqslərdə. Necə ki rəssam təbiətdən ilham alır, mən də ətrafımdan alırdım. Bunu izah etmək çətindir, bəzən ona görə məni başa düşmürdülər, tənqid edirdilər. Amma praktik olaraq göstərdiyim zaman bütün şübhələr yox olurdu.
Amma vacib bir məqam var: çox vaxt yenilik hesab etdiyim şeyin artıq mövcud olduğunu kəşf edirdim. Məsələn, uşaqlıqda bir pişik balasına baxırdım və görürdüm ki, it hücum edəndə pişik yana sıçrayıb pəncəsi ilə zərbə vurur. Döyüş sənətlərində hərəkətlər ənənəvi olaraq addımlar üzərində qurulur, amma burada - sərt yan tullanma və hücum var idi. Sonradan məlum oldu ki, oxşar elementlər bəzi üslublarda mövcuddur. Təbii ki, kimsə bunu məndən əvvəl kəşf edibmiş deyə bilmək xoş olmur (gülür). Amma məncə ən dəyərlisi eksperiment, analiz və axtarış yoludur. Bu yolla insan gec-tez öz kəşfinə gəlir. Mənim halda bu, müəllif əlbəyaxa döyüş metodikası oldu.
- Sizi buna nə sövq etdi?
- Mən Azərbaycanın Aviasiya Təhlükəsizliyi Xidmətini məşq etdirirdim. Onlara aqressiv və ya sərxoş sərnişinləri ciddi xəsarət yetirmədən təyyarədən çıxarmağa imkan verən sistem lazım idi. Mən texnikanı həmin tələblərə uyğunlaşdırdım. Daha sonra daxili qoşunları və antiterror bölmələrini məşq etdirdim - orada artıq daha sərt metodlara ehtiyac vardı. Dövlət strukturlarında işləmək çox məhduddur: beynəlxalq seminarlara, yarışlara sərbəst getmək olmur. Ona görə qərara aldım ki, sadəcə “ştatdan kənar” kömək edəcəyəm. Bu gün də demək olar bütün güc strukturları ilə ictimai əsaslarla əməkdaşlıq edirəm, proqramı onların tələblərinə uyğunlaşdırıram. Həmçinin təlimçi qrupu üzərində işləyirəm - elə məşqçilər hazırlayıram ki, bu işi mənimlə və məndən sonra davam etdirsinlər.
Biz Azərbaycan özünümüdafiə brendini hazırlamışıq, lakin hələ təqdim etməmişik. Bu, idman sistemi deyil, praktiki proqramdır və müxtəlif qruplara uyğunlaşdırılıb: qadınlar, uşaqlar, yaşlılar, eləcə də müxtəlif dövlət strukturları üçün.
- Bu qədər özünümüdafiə və döyüş sənəti olduğu halda, niyə Azərbaycan brendinə ehtiyac yarandı?
- Mənim məşğul olduğum hər döyüş növü yalnız öz sahəsində güclüdür. Hapkido – möhtəşəm ayaq zərbələri və ayaqüstü boğmalar. Jitkundo – güclü əl texnikası. Ciu-citsu - güclü parter və atışlar. Filippin döyüş sənətləri - silahla mükəmməl işləmə bacarığı.
Ümumilikdə Şərq və Qərb döyüş məktəblərini müqayisə etsək Şərq məktəbləri fəlsəfə, estetika, xoreoqrafiya və hərəkətlərin gözəlliyini ön plana çəkir. Qərb məktəbləri isə praqmatizm, effektivlik və sərtlik üzərində qurulub: tez vur və rəqibi sıradan çıxar. Mən hər iki yanaşmanı birləşdirdim, müxtəlif döyüş sənətlərindən ən yaxşılarını götürdüm və bunları bizim reallığımıza və qanunvericiliyə uyğunlaşdırdım.
- Bu brendi patentləşdirəcəksinizmi?
- Mənim sistemim hazırda rəsmi şəkildə qeydiyyatdan keçməyib. Döyüş sisteminin tanınmasının iki yolu var. Birinci - ustadlar şurası: ən azı üç yüksək rütbəli, nüfuzlu ustad yeni metodikanın müstəqil döyüş sənəti statusuna layiq olduğunu təsdiqləməlidir. Onlar sertifikat verirlər, müəllifliyi təsdiqləyirlər və rəsmi tanınma təqdim edirlər. İkinci yol - hüquqi yoldur. Bu, brendin qeydiyyatı: patent, ticarət nişanı, müəllif metodikasının rəsmiləşdirilməsi və ya qeyri-kommersiya təşkilatının yaradılması.
Məndə bir neçə böyük beynəlxalq təşkilatdan və bəzi ustadlardan qeyri-rəsmi tanınma var. Heç vaxt kağızların arxasınca qaçmamışam, amma artıq realizasiya mərhələsinə keçmək zamanı gələndə bütün lazım olan sertifikatları alacağam. Proqram artıq yaradılıb, hazırda kitab üzərində işləyirəm, bir neçə məqalə yazıram, sayt hazırlayıram. Rəsmi təqdimatı gələn ilə planlaşdırıram.
- Sistemi harada populyarlaşdırmağı planlaşdırırsınız?
- Son iki ildə ciddi şəkildə marketinq öyrənirəm və anlayıram ki, brend həm lokal, həm də qlobal olmalıdır. Biz hər iki istiqamətdə irəliləyəcəyik, metodikanı müxtəlif auditoriyalara uyğunlaşdıracağıq. Mənim arzum - özünümüdafiə brendini Azərbaycandan beynəlxalq arenaya çıxarmaqdır. Amma cəmiyyət özü müəyyən etməlidir ki, belə bir sistemə ehtiyac varmı. Mən kütləvi uğur və ya yüksək titulları hədəfləmirəm.
- Həyatınızda təhlükəli situasiyalar olubmu ki, orada bacarıqlarınız köməyə gəlib?
- Bəli, həm də bir dəfə yox. Tarixi şərait belə gətirdi ki, mənim uşaqlığım və gəncliyim məşhur 90-cı illərə - SSRİ-nin dağılmasına, anarxiyaya, xaosa təsadüf etdi. Mən Daşkənddə, Xəzmə rayonunda böyümüşəm - o dövrdə bu ərazi kriminal hesab olunurdu. Təhlükəli qruplaşmalar yaranırdı, idmançıları aktiv şəkildə cəlb etməyə çalışırdılar. Yadımda qalıb, yeniyetmə vaxtı fanatiklərdən qaçır, özümü müdafiə edirdim.
Sonra Azərbaycana köçdük. Mən rusdilli uşaq idim, özbəkcəni azərbaycancadan daha yaxşı bilirdim. Bu isə bullinqə səbəb olurdu. Hətta bıçaqla yaralandığım vəziyyətlər də olub. Dünya çempionu olandan sonra başa düşdüm ki, hər sözə, hər baxışa görə dava etmək mənasızdır. Bir çox münaqişələri psixologiya baxımından həll etməyə başladım.
- Əgər özünümüdafiə üçün yalnız bir istiqamətdən istifadə etmək mümkün olsaydı, hansını seçərdiniz?
- Öz müəllif metodikamı nəzərə almasaq, mən İsrail sistemi olan krav-maqanı seçərdim. O, məhz özünümüdafiə üçün yaradılıb və İsrail dövləti tərəfindən rəsmi şəkildə tanınıb: hərbi akademiyalarda və güc strukturlarında tədris olunur. Bu sistem orduda yaranıb və çoxsaylı praktiki sınaqlardan keçib. Heç bir əfsanə, “ustad belə deyib” yanaşması yoxdur - yalnız faktlar və nəticələr.
Krav-maqa dünyada öyrənilir, lakin Azərbaycanda onu çox az adam tanıyır, çünki bu, yarış disiplini deyil. Krav-maqada üç reaksiya mərhələsi var - döyüşdən əvvəl, döyüş zamanı və döyüşdən sonra. Psixologiyaya da böyük önəm verilir: cinayətkarla necə danışmaq, vəziyyəti analiz etmək, bədən dili, profaylinq.
- Bədən dilinə baxaraq insan haqqında nə demək olar?
-Profaylinq - çətin bir disiplinadır. Məndə artıq bu, peşəkar vərdişə çevrilib. Bəzən 5-10 dəqiqə müşahidə kifayət edir - insanın necə hərəkət etməsi, başını necə çevirməsi barədə - çox şeyi demək olur.
Məsələn, özünə inamlı insanı dərhal onun dik qaməti, addımı və birbaşa baxışları ələ verir. Onurğanın vəziyyəti sinir sistemi ilə, deməli, insanın daxili dayanıqlığı ilə birbaşa əlaqəlidir. Özünə inamlı insanlar çox vaxt qurban olmurlar. Çünki cinayətkarlar həmişə zəif hədəfi seçir – arıq, çiyinləri düşmüş, başı aşağı. Güclü insana hücum etmək lazım olanda isə cinayətkar adətən soyuq və ya odlu silahdan istifadə edir. Bununla yanaşı, peşəkar hər zaman həqiqi özünəinamla blefi ayırd edə bilir.
- Son illərdə sizi idman sahəsində təəccübləndirən bir şey olubmu?
- Döyüş sənətləri sahəsində - yox, artıq hər şey araşdırılıb və göz önündədir. Axı insanın iki əli, iki ayağı var və hərəkət imkanları biomexanikayla məhdudlaşır. Məni doğrudan təəccübləndirən yeni təlim metodlarıdır. Məsələn, virtual məşqlər, virtual reallıqda texnikaların işlənməsi.
Sahəmdə süni intellekti də sınaqdan keçirmişəm. O, ümumi məlumat verə bilər, amma yaxşı mütəxəssisi hələ əvəz edə bilmir.
- Hazırda siz özünümüdafiə tədris edirsiniz. Kimlər və nəyə görə sizə daha çox müraciət edir?
- Birinci kateqoriya - gənclərdir (17–30 yaş), çox vaxt özünəinamı aşağı olanlar, o cümlədən bullinq yaşamış şəxslər. Adətən bunlar intellektual gənclər olur. İkinci kateqoriya - 30 yaşdan yuxarı ofis işçiləri. Onlar avtomobillə hərəkət edir, tez-tez yollarda aqressiya ilə qarşılaşır və özlərini qoruya bilmədiklərini hiss edirlər. Üçüncü kateqoriya - uşaqlarını məşqlərə gətirən valideynlər. Sonuncu kateqoriya - güc strukturlarının əməkdaşlarıdır.
Tez-tez insanlar özləri də anlamır ki, onları özünümüdafiə öyrənməyə nə vadar edib. Mən psixoloji testlərdən istifadə edirəm ki, həqiqi motivləri müəyyən edim. Adətən bu, özünəinamsızlığı aradan qaldırmaq və güvən qazanmaq istəyinə dayanır. İdmanla və özünümüdafiə ilə məşğul olduqda insan irəli getməyə, özgə fikrindən asılı olmamağa və səhvlərdən çəkinməməyə başlayır.
Bir çox məşqçilərdən fərqli olaraq, mən şagirdlərin səhvlərinə görə onları danlamıram, təhqir etmirəm və qorxutmuram. İndi çoxlu kouç və psixoloq var ki, təlqin vasitəsilə inam vəd edir. Amma bu işləmir - çünki şüuru aldatmaq olar, amma şüuraltını yox. Özünə inam bacarıqlar üzərində formalaşır.
Mən şagirdlərimdə üç komponent inkişaf etdirirəm: bədən, düşüncə və həyat strategiyası - necə qərar qəbul edirik, hansı istiqamətdə hərəkət edirik. Döyüş sənətləri ilkin olaraq məhz bütöv hazırlıq sistemi kimi yaradılıb. İn-yan simvolu da bunu ifadə edir: fiziki və mental inkişaf paralel getməlidir.
Həqiqi döyüş sənəti - kiməsə qarşı yox, öz eqonla mübarizədir. Eqo pis deyil, amma onu cilovlamağı öyrənmək lazımdır. Döyüş sənətləri insanı eqoistdən başqalarını da düşünən insana çevirir.

- Sizə heç pis niyyətli insanlar müraciət edibmi?
- Olub. Məsələn, bir gənc döyüş sənətlərini öyrənmək istəyirdi ki, kimdənsə qisas alsın. Xüsusilə də bıçaqla döyüşə maraq göstərirdi və dərslər üçün böyük məbləğ təklif edirdi. Başa düşürdüm ki, mən rədd etsəm, başqa birini tapacaq və özünü pis bir hadisənin içində görə bilər. Onunla çalışmaq qərarına gəldim, qorxularını, motivlərini, həyat şəraitini araşdırdım. Dərslərdə diqqətli davranırdım ki, heç bir tetikleyicisinə toxunmayım. Nəticədə o, tədricən qisas fikrindən uzaqlaşdı, normal bir insana çevrildi, döyüş sənətləri ilə zövqlə məşğul olur və məni “onu həbsdən xilas etdiyimə görə” təşəkkür edir. Bəzən belə insanlara görə məsuliyyəti üzərimə götürürəm ki, səhv addım atmasınlar.
- İki qızınız var. Onlara özünümüdafiəni öyrətmək istəyirsiniz?
- Bəli, iki qızım var: böyüyün 13 yaşı var, kiçiyin isə bu il iki yaşı olacaq. Heç vaxt böyük qızıma döyüş sənətlərini zorla qəbul etdirməmişəm. Əgər həqiqi istəyi varsa - məşğul olsun. Yoxdursa - öz həyatını yaşasın, onu həqiqətən xoşbəxt edən nədirsə, onunla məşğul olsun.
Ümumiyyətlə, hesab edirəm ki, qızlar məktəb dövründən döyüş sənətləri ilə məşğul olmalıdır. Qadın orqanizmi fizioloji olaraq kişidən daha zəifdir, endokrin sistemi və emosional xüsusiyyətləri də fərqlidir. Qadınlar əsrlər boyu daha çox həssas və zəif mövqedə olublar və tez-tez “zəifdirlər” stereotipini qəbul ediblər. Döyüş sənətləri bu stereotipi qırmağa kömək edir.
Mən radikal feminizmin əleyhinəyəm. Düşünürəm ki, kişi və qadın özünəməxsus varlıqlardır, bir-biri ilə rəqabət aparmalı deyillər. Əsas olan əməkdaşlıq və qarşılıqlı hörmətdir. Hər iki tərəf həm fiziki, həm də mənəvi baxımdan güclü olmalıdır ki, harmoniyada qarşılıqlı şəkildə fəaliyyət göstərə bilsinlər.


Leyla Eminova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















