“Məncə, “Qarabağ”ın bir qədər də avrokuboklara başı qarışmışdı” Bəxtiyar Musayev “Sabah”ı çempion kimi görmür
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan futbolunda qış fasiləsi davam edir. Yığma ilə bağlı məsələ aydındı, qarşıda hansısa ciddi turnir yoxdu. Ölkə çempionatının müxtəlif liqalarında çıxış edən klublardan isə qış toplanışına başlayanlar da var, hələ dincələnlər də. Təbii ki, elita klubları bu prosesin önündə gedir.
Premyer-liqanın indiyəqədərki axarı və qışdan sonrakı gözləntilərlə bağlı AFFA-nın Texniki Departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayevlə söhbətləşdik.
- Bölgələrdə, elə Bakıda da belə şikayətlər eşidirik ki, istedadlı oyunçular var, amma “qabağa gedə bilmirlər”. Belə söhbətlər nə dərəcədə reallığı əks etdirir? Yəni ortalığa çıxmadan itib-batan futbolçular olur?
- Bəli. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bunu bölgələrə daşımalıyıq. Burda bölgə klublarının da üzərinə böyük iş düşür. Elə bölgələr var ki, orda yüksək liqaları təmsil edəm klub yoxdu. Amma bu rayonların icra hakimiyyəti orqanları, yerli Gənclər və İdman İdarəsi yardım etməlidilər ki, yaxşı şərait yaransın. İstedadlı uşaqların yetişməsi üçün şərait də vacib amildi. Xüsusən də qış aylarında. Nəinki topa, geyimə, uşaqların məşq etməsri üçün meydançalara, paltardəyişmə otağının isti olmasına da ehtiyac var. Bunlar köklü şəkildə işlənilməlidi. Yaxşı futbolçuların sayı belə arta bilər. İtib-batmağa qalanda... Yaxşı futbolçuları bəzi klublarımız cəlb edirlər. Amma yaxşı olardı ki, hər bölgədə şərait yaxşı olsun. Onlar da öz yerlərində inkişaf etsin. İstedadlı uşaqlar çox olanda inkişafa da təsir edir.
- Gənc nəsil futbolçulardan “gözünüz su içir”? Rüfət Abbasov, Nəriman Axundzadə, Edqar Adilxanov kimi futbolçular üç-beş il sonra Azərbaycan futbolunu çiyinlərində daşıyacaq potensiala malikdi?
- Bu futbolçulara artıq gənc demək olar. Elə yaş dövründədilər ki, komandalarında əsas heyətdə daim oynamalıdılar. Təkcə oynamaq yox, həm də əsas üzvlərdən birinə çevrilməlidilər. Hər birinə uğurlar arzulayıram. Azərbaycanın istedadlı futbolçularına yeni il düşərli olsun. Futbolçularımız müəyyən səviyyəyə çatandan sonra inkişaflarında dayanma olur. Ümid edirəm ki, öz üzərlərində işləməklə daha yüksək səviyyəyə gələrlər. Nəinki Azərbaycanda, Avropa klublarında da futbolçularımızın uğurlu olmasını istəyirəm. Təəssüf ki, Rüfət Abdullazadə Xorvatiyadan “Zirə”yə qayıtdı. Çox istərdim ki, futbolçularımız qarşılarına məqsəd qoysunlar, Avropada daha yaxşı klublarında oynamaq üçün əllərindən gələn qədər çalışsınlar.
- Yəqin ki, ölkə çempionatını müntəzəm izləyirsiz. Qışa qədər yaxşı və pis mənada sürpriz nəticələrlə hansı komanda diqqətinizi cəlb etdi?
- Bəli, izləyirəm. Yaxşı mənada debütant “İmişli” məni təəccübləndirdi. Heç kim bu komandanın bu qədər xal yığacağını gözləmirdi. Nə istədiklərini bilirlər. Məşqçi işi də hiss olunur. “Sabah”ın lider olması da məni müəyyən qədər təəccübləndirdi. Çünki neçə illər idi ki, “Qarabağ” ilk turlardan liderliyi ələ keçirirdi. Amma indi belə deyil. Rəqabət gedir. Pis mənada təəccübləndirməyə qalanda “Karvan-Yevlax”dan böyük uğur gözlənilmirdi, yeni komandadı, büdcəsi geniş deyil. Amma “Neftçi”dən gözləntilər böyük idi. Təəssüf ki, çempionluq mübarizəsinə qoşula bilmədilər.
- Premyer-liqada çıxış edən 12 komandadan yeddisinin baş məşqçisi əcnəbidi. Uğurlu olanlar da var, olmayanlar da. Sizcə, Azərbaycanda məşqçi qıtlığıdı? Yerli məşqçilər bu nəticələri göstərə bilməzmi?
- Bəli, yeddi baş məşqçi əcnəbidi. Düşünürəm ki, yetərincə çox yerli məşqçi var. Onlara güvənən klublarımız da var. İstərdim ki, onların sayı çox olsun. Tək say yox, nəticələri də yaxşı olsun. Yaxşı işləyən məşqçilərimiz var. Arzum odu ki, daha da inkişaf etsinlər. Mən 12 komandanın da baş məşqçisinin yerli olmasını istərdim. Potensial var. Amma üzərlərində işləmələri lazımdı.
- Bu mövsüm çempionatda sürət, dinamika artıb. Bu klub sayının artması ilə bağlıdı, yoxsa legioner limitinin ləğvi ilə?
- Fikrinizlə razı deyiləm. Bəli, bir neçə sürətli oyun olub, amma bu ifadə çoxuna aid deyil. Daha yüksək templə keçməsini istəyirəm. Belə olsa, klubların da potensialları artar. Futbolçular da təzyiq görərək inkişaf edər. Siz belə düşünürsüz. Müəyyən qədər rəqabət var, bəlkə də ona görə belə fikirlərsiz. Amma çempionatın o qədər də sürətli keçdiyini deyə bilmərəm.
- “Neftçi”ə mövsümə çempionluq iddiası ilə başladı. Lakin qış fasiləsinə 8-ci pillədə yollandılar. Baş məşqçi də dəyişdi. Yaxşı futbolçular da gətirilib. Məsələyə mütəxəssis kimi baxsaz, “ağ-qaralar”ın əsas problemi nədi? Rəhbərlik hər şey edir, keyfiyyətli futbolçular da var. Amma komandanın nəticələri heç cür yaxşılaşmır.
- Bəli, “Neftçi”də işlər heç də yaxşı deyil. Düzdü, mövsümün əvvəlində hər kəs fərqli düşüncədə idi. Rəhbərlik hər cür şərait yaratmışdı. Sabiq baş məşqçi Samir Abasovun istədiyi futbolçuları aldılar. Heyət də genişdi. Amma işlər yolunda getmədi. Çempionluq uğrunda mübarizə gözlənilsə də, komanda aşağı pillələrdə qərarlaşıb. “Neftçi” adına, özünə yaraşan yerdə deyil. Qışdan sonra yeni baş məşqçi ilə daha yaxşı nəticələrə imza atacaqlarına ümid edək. Rəhbərlik şərait yaratsa da, dərindən bilsinlər ki, məşqçi doğru yoldadı, ya yox. Rəhbərlikdə futbolu daha yaxşı bilən mütəxəssisə ehtiyac var. Onda daha rahat olar. “Neftçi”nin üst pillələrdə olması elə ən birinci futbolumuzun xeyrinə olar.
- Mövsümün bundan sonrakı hissəsindən gözləntiniz nədi? Artıq bu mövsüm yeni çempion görə bilərik? “Sabah” çox iddialı görünür...
- “Sabah” “qış çempionu” oldu. Neçə illər idi belə mənzərə görmürdük. “Qarabağ” qış fasiləsinə də çempion kimi yollanırdı. Məncə, “Qarabağ”ın bir qədər də avrokuboklara başı qarışmışdı. Çempionatda fərqli heyətlə çıxış edirdi. Qışdan sonra daha optimal heyətlə meydana çıxacaqlar. Güclənməyə ehtiyacları var. “Qarabağ”ın çempion olması çətin olmayacaq. “Sabah” müqavimət göstərir, amma son turlara qədər bu mübarizənin gedəcəyini düşünmürəm. “Qarabağ” yenidən çempionluğu təmin etmək üçün əlindən gələni edəcək.
- “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” arasında elitada qalmaq uğrunda ciddi mübarizə gedir, görünən qədəri ilə sona qədər də gedəcək. Bu üç komanda arasında zəif bənd hansıdı?
- “Karvan-Yevlax”ın vəziyyəti daha çətin görünür. “Qəbələ” də keyfiyyətli oyun göstərir, amma məğlubiyyətə uğrayır. “Kəpəz”də də qeyri-sabitlik var. Məncə, sonuncu pillə uğrunda mübarizə “Kəpəz”lə “Karvan-Yevlax” arasında olacaq. Birinci liqaya düşəcək komanda kimi “Karvan-Yevlax”ı görürəm.
- Bu ay “Qarabağ”ın Çempionlar Liqasında taleyi həll olunacaq. Çempion “Ayntraxt”, “Liverpul” kimi komandara qarşı oynayacaq. “Köhlən atlar” ilk “24-lüy”ə düşə bilər?
- İki oyun qalıb. Təəssüf ki, həm oyun, həm nəticə baxımından üstün olduqları “Ayaks”la matçda sonluq uğurlu gəlmədi. O oyunda qələbə olsaydı, “Qarabağ” böyük ölçüdə pley-offu təmin etmişdi. Ümid edək ki, yaxşı hazırlıq keçirlər. Bakıda “Ayntraxt” üzərində də qələbə qazanıb 90 faiz növbəti mərhələyə vəsiqəni təmin edərlər. “Liverpul”... Həm oyun rəqib meydanındadı, həm də belə komandadan xal və xallar almaq elə də real görünmür. İnanıram ki, Bakıdakı matçda qələbə qazanmaqla pley-off mərhələsinə adlayarlar. Bu da Azərbaycan futbol tarixinə yazılan ilk olar.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















