Mənfəəti azalan “Yapı Kredi Bank Azərbaycan”ın yüksək kredit faizləri
2024-cü ilin ilk üç rübü ərzində “Yapı Kredi Bank Azərbaycan”da vaxtı keçmiş aktivlərin məbləği 31 milyon 264 min manat olub. Bu da kredit portfelinin 9,6 faizi deməkdir. Hesabat dövründə bank müştərilərə 325 milyon 61 min manat kredit verib.
Teleqraf.com bankın rüblük hesabatlarına istinadla xəbər verir ki, kreditlərin 201 milyon 688 min manatı biznes sektorunun, 76 milyon 472 min manatı istehlak kreditlərinin payına düşüb. Ümumi kredit portfelində təminatsız kreditlərin məbləği 243 milyon 45 min manat olub. Biznes kreditləri 12 milyon 786 min manat, istehlak kreditləri isə 8 milyon 459 min manat artıb. Müqayisələr göstərir ki, istehlak kreditlərində təminatsız kreditlər daha yüksəkdir. Bankın müştərilərə verdiyi 76 milyon 472 min manat istehlak kreditinin 74 milyon 709 min manatı təminatsızdır. Əslində bu, bankın reklamlarından da açıq-aşkar görünür. Bank əksər hallarda zaminsiz, girovsuz sadəcə şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla 300 manatdan 50 min manata qədər borc verir.
Yığılan kredit borcları
Bu ilin üçüncü rübünün yekunlarına görə, “Yapı Kredi Bank Azərbaycan” daha çox özəl təsərrüfat müəssisələrinə borc verib -191 milyon 93 min manat. Bu borc üzrə vaxtı keçmiş aktivlərin məbləği 14 milyon 485 min manat olub. Kreditləşmə əsasən Bakı və Sumqayıt şəhərlərində aparılıb. Paytaxt üzrə verilən 299 milyon 996 min manat kreditin 25 milyon 458 min manatını vaxtı keçmiş aktivlər təşkil edib. Sumqayıt üzrə bu rəqəm 25 milyon 64 min manata qarşı 5 milyon 805 manat olub.
Maraqlıdır ki, təminatsız kredit portfeli şişən bankın kreditlər üzrə ehtiyatları da illik müqayisədə azalıb. 2023-cü ilin oktyabrın 1-nə olan 42 milyon 570 min manatdan bu ilin müvafiq dövründə 35 milyon 463 min manata düşüb.
Müştərilərin “Yapı Kredi Bank Azərbaycan”a olan iri kredit borclarına gəlincə, bu ilin oktyabr ayının 1-nə bankın iri kreditlərinin həcmi illik müqayisədə 38 milyon 774 min manat artaraq 76 milyon 399 min manat olub. Bu halda kreditlərin bankın məcmu kapitalına nisbəti isə 0,4%-dən 0,8%-ə yüksəlib. Banka aidiyyatı olan və onların adından hərəkət edən şəxslərə verilən iri həcmli kreditlərin məcmu kapitala nisbəti də diqqət çəkir - 13,5%.
Bankın mənfəəti azalıb
Dövr üzrə “Yapı Kredi Bank Azərbaycan”nın xalis mənfəəti 17,7% azalaraq 8 milyon 303 min manat olub. 2023-cü ilin üçüncü rübündə bank 10 milyon 93 min manat xalis mənfəət açıqlamışdı.
2024-cü ilin oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri 18 milyon 927 min manat olub. Diqqəti çəkən isə qeyri-faiz gəlirlərinin tərkibində alınan haqq və komissiya gəlirlərinin məbləğidir -13 milyon 522 min manat. Bankın xarici valyutadan gəlirləri isə 5 milyon 129 min manat təşkil edib. Belə qənaətə gəlmək olar ki, “Yapı Kredi Bank Azərbaycan” məhz haqq və komissiya, eləcə də xarici valyutadan gəlirləri hesabına qeyri-faiz gəlirlərini ötən ilin eyni dövrünə nisbətən 16,1% artırıb.
Qiymətli kağızlar bazarına yatırımlar isə banka ümumi gəlirlərinin 8% -ni - 4 milyon 225 min manatını təmin edib.
Bankın mənfəət və zərər hesabatından belə aydın olur ki, maliyyə qurumunun gəlirlərinin 62%-i faiz, 38%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Bununla belə, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib 22,5% üstələyib. Belə ki, hesabat dövründə bankın qeyri-faiz xərcləri 33 milyon 685 milyon manat olub. 2023-cü ilin üçüncü rübü ilə müqayisədə bankın qeyri-faiz xərcləri 6 milyon 156 min manat artıb. Qeyri-faiz xərclərinin artımı isə risklər yaradır. Konkret olaraq mənfəət marjasının azalmasını şərtləndirir. "Yapı Kredi" bu ilin üçüncü rübündə əməliyyatından 12,67 milyon manat mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 11,8% və ya 1,7 milyon manat azdır. Ötən ilin eyni dövründə bank 14,37 milyon manat əməliyyat mənfəəti əldə etmişdi.
Bankın maliyyə vəziyyətinin heç də ürəkaçan olmadığını göstərən məqamlardan biri də qeyri-maddi aktivlərinin, əmlak və avadanlıqlarının, mümkün zərərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatlarının azalmasıdır.
Yüksək faizlə komissiya - bankın əsas qazanc mənbəyi
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 50 milyon 993 min manat təşkil edib. Bu məbləğin böyük hissəsi – 21 milyon 950 min manatı və ya 42%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
Yuxarıda qeyd etdiyimiz kimi bank komissiya haqqlarından da az qazanmayıb - 13 milyon 552 min manat. Və ya gəlirlərinin 27%-i qədər.
Bu ba bankın yüksək komissiya haqqı siyasətinin hesabına baş verib. Bankın əməliyyatlarına nəzər yetirsək, hesabdan nağd pulun çıxarılması 0,6%, əmək haqqı ödənişləri üçün nağd pulun çıxarılması haqqı 1%, ölkədaxili pul köçürmələr 0,15%, ölkə xaricinə köçürmələrdə dollar üzrə 0,25%, manat üzrə üzrə köçürmələr isə 0,2 faiz komissiya tutulmaqla icra edilir.
Bankın kredit ayırmaları zamanı tətbiq etdiyi komissiya haqqı isə kreditin məbləğindən asılı olaraq dəyişir. Yeri gəlmişkən, vətəndaş həmin məbləğlə kredit götürərkən tanış olur.
Bahalı kreditlər və kartlar
Kredit faizlərinə gəlincə, “Yapı Kredi Bank Azərbaycan”ın borc faizləri heç də aşağı deyil. Banka müraciət edən yeni müştərilərə təklif olunan istehlak kreditinin faizləri 03-12 aya qədər 11,5 %, 25-59 aya qədər isə 16% təşkil edir. Faktiki illik faiz dərəcəsi 28,4%-dir. Bunun nəticəsidir ki, bank ilin üçüncü rübündə 32 milyon 66 min manat faiz gəliri əldə edib. Onun da 21 milyon 950 min manatı müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləridir.
Bankın məşhur "Worldcard"nın faizlərinə gəlincə, burda da rəqəmlər yüksəkdir. Xüsusilə bazarın bu seqmentində rəqabətin kəskin olduğu şəraitdə. Məsələn, "Worldcard" dan vəsaitin nağdlaşdırılması zamanı minimum 2 manat komissiya tutulur. Bu "güzəşt" “Yapı Kredi Bank Azərbaycan”ın bankomatlarına aiddir. Kartdan hissəli nağd çəkimdə illik faiz dərəcəsi 20-22%-dir. Kartdan alış-veriş faizi 2,08, illik faiz isə 25%-dir. Gecikmə faizi 2,50%, illik 30% təşkil edir. Digər bankların kredit kartlarında bu faizlər daha aşağıdır.
Onu da qeyd edək ki, bu ilin noyabrda Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Yapı Kredi Bank Azərbaycan” QSC olub. Maliyyə qurumu hazırda siyahıya liderlik edir.