“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və əməliyyat mənfəəti 14% artıb
Marja.az saytına istinadən Icma.az xəbər verir.
“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin yanvar-sentyabr aylarına (cari ilin 9 ayı) dair maliyyə nəticələrini açıqlayıb. Marja.az xəbər verir ki, bankın gəlirləri artıb, amma mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması səbəbindən xalis mənfəət azalıb.
“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin 9 ayını 7 milyon 712 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 591 min manat və ya 7,1% azdır (2024-cü ilin eyni dövründə 8 milyon 303 min manat). Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan ehtiyatlara əməliyyat mənfəətindən ayrılan vəsaitin 2,8 dəfə artaraq 1 milyon 931 min manatdan 5 milyon 443 min manata yüksəlməsilə əlaqədardır. Mərkəzi Bankın yenilənmiş tələbləri bankları daha ehtiyatlı olmağa vadar edir. Ehtiyatların yaradılması bankın gələcəkdə daha dayanıqlı fəaliyyəti göstərməsi üçün vacibdir.

Əməliyyat gəlirləri 14,4% artıb
Hesabat dövründə bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 58 milyon 340 min manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 7 milyon 347 min manat və ya 14,4% çoxdur.
Xərclər də eyni templə artıb
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 43 milyon 870 min manat təşkil edib. Bu, illik müqayisədə 5 milyon 540 min manat və ya 14,5% artım deməkdir.
Əməliyyat mənfəəti 14% artıb
Nəticədə bankın əməliyyat mənfəəti 14 milyon 470 min manat olub. Bu göstərici ötən ilin 12 milyon 663 min manatına nisbətən 1 milyon 807 min manat və ya 14,3% çoxdur.
Aktivləri azalıb
30 sentyabr 2025-ci il tarixinə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 657 milyon 96 min manat təşkil edib. Bu, 31 dekabr 2024-cü ilə nisbətən 73 milyon 266 min manat və ya 10% azdır. Aktivlərin azalmasına bankın depozit və öhdəliklər portfelindəki azalma təsir göstərib.
Kredit portfeli 37% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, Bankın kredit portfeli 30 sentyabr 2025-ci il tarixində 434 milyon 127 min manata çatıb. Bu, 31 dekabr 2024-cü il tarixi ilə müqayisədə 116 milyon 538 min manat və ya 36,7% artım deməkdir. 30 sentyabr 2025-ci il tarixində Bankın kredit portfeli 434 milyon 127 min manat təşkil etmişdi.
Bankın cəmi kredit portfelinin 96,6 milyon manatı istehlak, 277,6 milyon manatı biznes, 59,9 milyon manatı isə ipoteka kreditləridir.
Struktur baxımından artım bütün istiqamətlərdə müşahidə olunur:
İstehlak kreditləri 81 milyon 885 min manatdan 96 milyon 576 min manata yüksəlib — 14 milyon 691 min manat və ya 17,9% artıb.
Biznes kreditləri 187 milyon 760 min manatdan 277 milyon 611 min manata qalxıb — 89 milyon 851 min manat və ya 47,8% artıb.
İpoteka kreditləri isə 47 milyon 943 min manatdan 59 milyon 940 min manata yüksəlib — 11 milyon 997 min manat və ya 25% artıb.
Bu dinamika göstərir ki, bank 2025-ci ildə kreditləşmə istiqamətində bazar payını əhəmiyyətli dərəcədə artırıb, xüsusilə biznes kreditləri seqmentində.
Depozit portfeli və öhdəliklər azalıb
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri ötən ilin sonundakı 620 milyon 417 min manatdan 536 milyon 95 min manata düşüb (84 milyon 322 min manat və ya 13,6% azalma).
Depozit portfeli isə 534 milyon 754 min manatdan 439 milyon 7 min manata enib (95 milyon 747 min manat və ya 17,9% azalma)
Bununla bağlı olaraq, depozitlərin strukturu da dəyişib:
Fiziki şəxslərin depozitləri 106 milyon 768 min manatdan 88 milyon 864 min manata enib — 17,0% azalma.
Hüquqi şəxslərin depozitləri 427 milyon 987 min manatdan 350 milyon 144 min manata geriləyib — 18,2% azalma.
Bununla belə, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 48 milyon 182 min manatdan 81 milyon 898 min manata yüksəlib — 33 milyon 716 min manat və ya 70% artıb. Bu, bankın likvidlik mənbələrini depozitlərdən daha çox maliyyə institutlarına yönəltməsi ilə izah edilə bilər.
Məcmu kapitalı artıb
“Yapı Kredi Bank Azərbaycan”ın məcmu kapitalı ötən ilin sonundakı 99 milyon 588 min manatdan 104 milyon 946 min manata yüksəlib. Artım 5 milyon 358 min manat və ya 5,4% təşkil edib. Bu, bankın maliyyə dayanıqlılığının qorunduğunu göstərir.
Ümumi qiymətləndirmə
2025-ci ilin ilk doqquz ayında “Yapı Kredi Bank Azərbaycan” əməliyyat gəlirlərində, kredit portfelində və kapitalında artım, lakin depozitlərdə və xalis mənfəətdə azalma ilə yadda qalıb. Bankın əməliyyat mənfəəti və kreditləşmə həcmlərinin artması fəaliyyətin aktivləşdiyini göstərir. Eyni zamanda, faiz xərclərinin, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin kəskin yüksəlməsi və depozitlərin azalması gələcək dövrlərdə mənfəətlilik baxımından təhlil tələb edən əsas istiqamətlər kimi qalır.


