Icma.az
close
up
RU
Mənim gücüm çatmır, qoru, İlahi

Mənim gücüm çatmır, qoru, İlahi

Icma.az, 525.az saytına istinadən bildirir.

17 avqust müasir ədəbiyyatımızda seçkin simalardan olan şair, nasir və dramaturq Əjdər Olun doğum günüdür. 68 yaşının tamamına sayılı günlər qalmış dəyərli ədibimiz, çox təəssüf ki, bu doğum gününü də doğmalarından, qələm dostlarından uzaqda, həbsxana divarları arasında qeyd etməli olacaq.

Ürəkdən arzulayırıq ki, bu çətin vaxtlar tezliklə keçib getsin, ona hörmət və rəğbət bəsləyən, yaradıcılığına dəyər verən hər kəs Əjdər Olu onun üçün xoş, əlamətdar günlərdə yaxından, əyani təbrik edə bilsin.

Doğum günü münasibətilə Əjdər Ola səmimi təbriklərimizi, ən xoş diləklərimizi ünvanlayır, şeirlərindən nümunələri təqdim edirik.

Dua

Mənim gücüm çatmır, qoru, İlahi,

qoru, qoru mənim sevdiklərimi.

Yarıt, uşaqları barı, ilahi,

Qoru evlərini, evciklərini.

Sən mənim xətrimə çiçəkdən göz ol,

çiçəyin xətrinə qoru düzləri.

Axı gözləyən var, nə olar, tez ol,

Görürsən bu duru, qara gözləri...

Mən ki, bir zərrənəm, yaşa sevgimi,

Desən dur, dururam, qaçım, qaçıram,

Torpağa, dənizə, daşa sevgimi,

sirr kimi saxlayıb sənə açıram.

Elə sevdiyimi sən də sevərsən,

Sənə ev tikmişdik, ona çəpərəm.

Məni qəlbim boyda quşa çevirsən,

bulud ətəyindən gəlib öpərəm.

Çiçəyə verəntək təravətini,

Yerdən aldığını Yerinə göndər.

Qənim olduğunun səadətini,

min-min bədbəxtin var,

birinə göndər.

Axı, tanıyırsan hamını üzdən,

görürsən əlimə baxanları da.

Sən ki, xəbərdarsan ürəyimizdən,

unutma yadımdan çıxanları da.

İnsan adına

Yüzüncü babamın itmiş adı tək

adları ya torpaq, ya göy udacaq.

Köhnə divardakı qədim bir yazı,

suvaqlar altında itib-batacaq.

Bunu kim uçurub, onu kim tikib,

düşərli dənizin, dağın yadına?!

Axırda adları unudacaqlar,

hər şey çıxılacaq İnsan adına.

Xoşbəxt

Xoşbəxt günlərim olub,

anlarım olub,

Xoşbəxtliyi üzümdən

oxuyanlarım olub.

Xoşbəxtlik qəfildən gəlir,

qəfildən gedir.

Hər nədirsə, tez əldən gedir.

Yoxsa, necə olar,

deyəsən:

Bütün işlərimi

sahmana salıb,

xoşbəxt günlərimi yaşayım.

Belə olanda

Mən söhbətə hardan başlayım?

Xatırlayanda da xoşbəxtəm,

arzulayanda da.

Bəzən xoşbəxt-xoşbəxt işləmişəm.

sevgimi xoşbəxtlik bilmişəm.

Bəzən xoşbəxtlikdən

ürəyim ağrıyıb həzin-həzin.

Bəzən ondan qaçmışam,

Bəzən ona sarı sürünmüşəm

dizin-dizin.

Nə pis günümdə özümü itirmişəm,

nə yaxşı günümdə.

Odur ki, elə həmişə

bəxt quşu olub çiynimdə.

Ən dərdli adamı da

ən azı bir an

xoşbəxt edərəm indi.

Bu saat tam,

Könlümdən arxayınam!

Səhər

Gördüm nimdaş buludların

bir ucdan süzülməyini.

Quşların ordudan qabaq

nizama düzülməyini.

Bulud bir çiçəkdən gördü,

Kəpənək küləkdən gördü,

Tanrı bir mələkdən gördü,

canımın üzülməyini.

Tapdalandı yollar, izlər,

İşə düşdü bütün sözlər,

Axmaqlar oturub gözlər

dünyanın düzəlməyini.

Çıxaram dərin quyudan

Qardaşlar ipi qırmasa.

Düşmənimlə bacararam,

harayçı məni vurmasa.

Sussa da, gülməz ağılar,

Üzdə barışar yağılar.

Evlər, saraylar dağılar,

Uşaqlar evcik qurmasa.

Əjdər, nə kef, nə ah qalır,

Ləzzət gedir, günah qalır,

Sol gedib, sağ cinah qalır,

Haqq solaxayda durmasa...

Gözlədim

Daha nə gizlədim?

Məni gözləyənlər bağışlasınlar,

Onları gözlədib, səni gözlədim.

Əlimi üzmədim,

Kimi gözlədimsə harada, nə vaxt,

Həm onu, həm də ki səni gözlədim.

Yoruldum, bezmədim,

Uzaq bir şəhərdə bilmirəm niyə,

Dayanıb küçədə səni gözlədim.

Ölümlərin ucuz vaxtı

Ölüb getdi atam-anam

ölümlərin ucuz vaxtı.

Yerin-göyün bizə yağı,

Yağıların quduz vaxtı.

Yas kimi yas saxlamadıq,

Çox hündürdən ağlamadıq,

Tabutu qucaqlamadıq,

Üzümüzün o boz vaxtı.

Onlar adi insan idi,

Nə şəhid, nə qurban idi,

Ağ kəfənlər al qan idi.

Yaşımızın otuz vaxtı.

Deyəsən...

Yox, balam, bir belə möcüzə olmaz,

Məni də ölümdən qəza gizləyir.

Yaradan bu qədər qeydimə qalmaz,

deyəsən, məndən də nəsə gözləyir.

Qalmayıb huşumda, körpə yaşımda

Dağ-dərə canına çəkəndə qarı,

Dayanıb mən yatan beşik başında,

üzümü tutublar qibləyə sarı.

Ayılıb, on il də ömür sürmüşəm,

On ildə çoxları dünyadan köçüb.

Uşaqlıq bitəndə, bir də görmüşəm

yaxam Əzrayılın əlinə keçib.

Özümü vermişdim bağın küncünə,

yatmışdım, sən demə, baxtım oyaqdı.

Eh, nə inanırdım həyat gücünə,

nə də ki, adamlar ağırayaqdı.

Mənə qıymayıbmı çəmənin üstə,

yaşıl budaqlarmı başını qatıb.

Onda ayıldım ki, sinəmin üstə,

qapqara bir ilan qıvrılıb yatıb.

Budur yaddaşımda ilişib qalan:

Gözlərim qaraldı, dilim tutuldu.

Sürünüb gedəndə o yazıq ilan

hələ arxasınca daş da atıldı.

Sonradan başıma az işmi gəldi,

oxundu alnımda təzə yazılar.

Yarımçıq ömrümü yüz yerə böldü,

şər, böhtan deyilən qara qəzalar.

Bir yol yıxılmışam evin damından,

İki yol başıma çevrilib maşın.

Bax, indi durmuşam sənin yanında,

Bax, bu da sağ canım, salamat başım.

Hər kəsin bir belə naxışı olmaz,

Ay da keşikçi tək məni izləyir,

Yaradan bu qədər qeydimə qalmaz,

deyəsən, məndən də nəsə gözləyir.

Gələcəkdə yaşayıram!

İndi gələcəkdə yaşayıram mən,

Adəmin, Həvvanın gələcəyində.

Körpələr doğulur, qönçələr açır

atamın, babamın gələcəyində.

Ağaclar yaşını soruşur məndən,

Xəzəllər yağacaq qurumuş arxa.

İndi gəlib keçir başımın üstdən,

üç yüz il havada dolanan qarğa.

Bu uzun gecəni yarı elədim,

oyağam yuxuda gəzən adam tək.

Bir parça qızıldır,

köhnəlmir Ay da,

yüz nəsil ötürən təzə adım tək.

Yatanlar yuxuya inanır indi,

bircə mən bilirəm yalandır yuxu.

Uşaqlıq şəklim də baxır divardan,

neçə il sonrakı özünə baxır.

Keçmiş dörd tərəfdən üstümə gəlir,

baxıram pozulmuş xəritələrə.

Günümün yarısı özümə düşür,

yarısı keçmişə - xatirələrə.

Yiyəsiz səslərmiş göy gurultusu,

Küləkdə keçmişin nimdaş səsləri.

Qarşımda gücsüzdür Yuli Sezarın,

Çingizin, Teymurun min-min əsgəri.

Köhnə sənədləri atdım ocağa,

heç nəyə dəyməzdi ölü pul kimi.

Nə qədər yürüşlər bitib muzeydə,

gedib məzarlıqda bitən yol kimi.

...Oyadır küçəni ayaq səsləri,

Günəş də oyanıb səsə çıxacaq,

Dünən qaranlığa qarışan kölgəm,

bu səhər təzədən üzə çıxacaq.

Gəzinti

Yorulub oturdum, gözümü yumdum,

Tanrıdan bir dəniz, bir qayıq umdum.

Gördüm dənizdəyəm, qağıyım üzür,

mənim yatmışım yox, ayığım üzür.

Baxıram sahildə boz qayalara,

hərdən yem səpirəm qağayılara.

Başımın üstündən ağappaq bulud

deyir ki, bir hovur hər şeyi unut.

Bilsə göy sulara vurğunluğunu,

dəniz çıxardacaq yorğunluğunu.

Səs gəlir: Sənindir dəniz, dənizlik,

bu mavi düzənlik, mavi təmizlik.

Sular pıçıldayır: Üz uzaqlara,

Ləpə yox, dalğa yox, düz uzaqlara...

Açdım gözlərimi nə dəniz, nə su?

yaxşı dincəlmişdim amma, doğrusu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see145

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see143

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see143

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see142

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see140

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see139

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see139

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see138

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see138

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see137

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see137

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

“Metallurgiya sənayesi yüksək əlavə dəyər yaratmaq imkanına malikdir“ MİLLƏT VƏKİLİ

29 Sentyabr 2026 11:19see131

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see130

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see127

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri