Mərkəzi Asiya geosiyasi yenilənmə yolunda
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan bu prosesə qardaşlıq töhfəsi verir
Bu gün Ağ Evdə keçiriləcək “C5+1” sammiti beynəlxalq güc balansının dəyişdiyi bir dövrdə yeni Avrasiya strategiyasının başlanğıcı ola bilər. ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiyanın 5 ölkəsinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan liderlərini Vaşinqtona dəvət etməsi ABŞ-ın uzun müddətdən sonra regiona sistemli şəkildə qayıtmaq niyyətinin rəsmi təsdiqidir.
“C5+1” formatı 2015-ci ildə Dövlət katibi Con Kerri tərəfindən Mərkəzi Asiya ilə ABŞ arasında əməkdaşlığın institusional çərçivəsi kimi yaradılmışdı. Amma illər ərzində bu platforma daha çox deklarativ xarakter daşıyırdı – real iqtisadi və siyasi təsir mexanizmləri formalaşmamışdı. İndi isə vəziyyət dəyişib. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Çinin “Bir kəmər, bir yol” layihəsi ilə Avrasiya məkanında artan nüfuzu, həmçinin Avropa İttifaqının regionda artan iqtisadi fəallığı ABŞ-ı hərəkətə gətirib. Tramp administrasiyası başa düşür ki, Mərkəzi Asiyada boşluq qalarsa, onu ya Moskva, ya da Pekin dolduracaq.
Sammitin diqqətəlayiq cəhəti ondan ibarətdir ki, Vaşinqton artıq Mərkəzi Asiyanı geosiyasi körpü kimi görür. Region həm Rusiya ilə Çin arasında yerləşən “tampon zona”, həm də Avropa ilə Asiya arasındakı logistika və resurs təchizatı zəncirinin həlqəsidir. ABŞ üçün əsas məqsəd burada Avrasiya nəqliyyat arteriyalarının istiqamətinə təsir imkanlarını gücləndirməkdir.
Siyasi-analitik sual yaranır: ABŞ-ın bu yeni diqqəti keçici taktiki addımdır, yoxsa strateji dönüş nöqtəsi? Tramp administrasiyasının davranış fəlsəfəsi əsasən “iqtisadi milli maraq” prinsipi üzərində qurulub. Bu o deməkdir ki, Vaşinqton regiona demokratiya və dəyərlər ixrac etmək niyyətində deyil – onun əsas məqsədi strateji resurslara çıxış, nəqliyyat marşrutlarının nəzarəti və Rusiya–Çin tandeminə balans yaratmaqdır.
Mövcud mənzərədə Mərkəzi Asiya yeni geosiyasi oyun meydanına çevrilir. Qərbin regionda fəallaşması ilə Moskva və Pekin öz təsir sahələrini qorumağa çalışır, Avropa İttifaqı isə “yumşaq güc” vasitəsilə yeni əməkdaşlıq kanalları qurur. Belə bir mürəkkəb balansda ABŞ-ın “C5+1” formatını bərpa etməsi həm strateji çeviklik, həm də riskli təşəbbüsdür.
Amma ən maraqlı məqam hələ irəlidədir. Bu sammitdə Azərbaycanın adı çəkilmir. Formal olaraq bu, Mərkəzi Asiya ölkələrinin formatıdır. Amma reallıqda sual açıq qalır: Mərkəzi Asiyada real əməkdaşlıq Azərbaycansız nə qədər effektiv ola bilər? Azərbaycan nə coğrafi, nə siyasi, nə də iqtisadi mənada bu prosesdən kənarda deyil. Əksinə, Bakı Xəzər hövzəsinin qərb sahilində yerləşən və Mərkəzi Asiyanı Avropaya birləşdirən əsas tranzit qovşaqdır. Bu fakt Vaşinqtonun və regional paytaxtların diqqətindən yayınmır.
Elə buna görə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son bəyanatı – “Azərbaycanın bu vacib forumda iştirakı arzuolunandır” – reallığın siyasi etirafıdır. Tokayev anlayır ki, Mərkəzi Asiyanın enerji, nəqliyyat və təhlükəsizlik sistemləri Azərbaycanın iştirakı olmadan tam funksional ola bilməz.
* * *
Mərkəzi Asiya və Qafqaz arasında sərhədlər xəritə üzərində kəskin görünə bilər, amma reallıqda iqtisadi və geosiyasi məkan baxımından bu iki region bir-birinə sıx bağlıdır. Azərbaycan bu bağlılığın canlı simvoludur. Bakı əsrlər boyu Şərq ilə Qərb arasında strateji körpü rolunu oynayıb, lakin XXI əsrin geosiyasi mənzərəsində bu körpü metaforası artıq konkret infrastruktur və enerji arteriyaları şəklində reallığa çevrilib. Bu gün Azərbaycan Orta Dəhlizin mərkəzi halqasıdır. Çin və Mərkəzi Asiya ölkələrinin istehsal və resurs potensialını Qara dəniz və Aralıq dənizi limanlarına, oradan isə Avropaya birləşdirən bu dəhliz Avrasiya məkanında yeni geosiyasi arxitekturanın əsas sütunlarından biridir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və gələcəkdə tam funksional olacaq Zəngəzur dəhlizi (TRIPP) bu sistemin fiziki dayaq nöqtələridir.
Mərkəzi Asiyanın istənilən ölkəsi Avropaya çıxış üçün Azərbaycan infrastrukturundan keçməyə məcburdur. Bəs nə üçün belə reallıq fonunda ABŞ və bəzi Mərkəzi Asiya ölkələri Azərbaycanı hələ də “kənar müşahidəçi” mövqeyində saxlayır? Bu paradoksun cavabı bir neçə səviyyədədir.
Birincisi, tarixi-institusional çərçivə. “C5+1” formatı 2015-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən sırf Mərkəzi Asiyanın 5 postsovet ölkəsini əhatə edən mexanizm kimi qurulub. Lakin həmin dövrdə Vaşinqton bu bölgələr arasında sərt fərq qoymaqla özünü rahat hiss edirdi, çünki Rusiya ilə münasibətləri nisbətən sabit idi. Çin hələ tam iqtisadi dominantlığa çatmamış və enerji təhlükəsizliyi gündəmin birinci sırasına qalxmamışdı.
İkincisi, coğrafi təsnifatın siyasi nəticələri. Azərbaycan formal olaraq Cənubi Qafqaz regionunda yerləşdiyi üçün bəzi qərb institutları onu Mərkəzi Asiya formatlarına daxil etməyi “qeyri-adi” sayır. Amma bu, artıq köhnəlmiş yanaşmadır. Çünki XXI əsrin iqtisadi coğrafiyası artıq siyasi sərhədlərlə deyil, marşrutlarla, dəhlizlərlə və enerji arteriyaları ilə ölçülür.
Tokayevin çağırışının arxasında həm iqtisadi məntiq, həm də strateji uzaqgörənlik dayanır. Qazaxıstan üçün Bakı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Qərbə çıxışı üçün alternativ və təhlükəsiz marşrutdur. Rusiya üzərindən keçən yollar sanksiya və siyasi gərginliklər səbəbindən risklidir. İran üzərindən transit etibarlı sayılmır. Belə bir vəziyyətdə Azərbaycan sabit, beynəlxalq etimad qazanan, həm Qərblə, həm də regionla balanslı siyasət quran ölkə kimi Qazaxıstanın strateji seçimidir.
* * *
Bəs ABŞ üçün Azərbaycan nəyə görə vacibdir? Vaşinqton uzun müddət regiondakı geosiyasi dinamikanı daha çox Rusiya və Avropa İttifaqı vasitəsilə izləyirdi. Lakin Ukrayna müharibəsi, Rusiya üzərində sanksiyalar, həmçinin Çinlə rəqabətin qlobal miqyasda kəskinləşməsi fonunda Qafqaz artıq ABŞ üçün geostrateji “körpü məkanı”na çevrilib. Azərbaycan Vaşinqton üçün üç əsas istiqamətdə vacibdir:
Birincisi, enerji təhlükəsizliyi baxımından. Avropa enerji bazarında Rusiya asılılığının azaldılması ABŞ-ın prioritetlərindən biridir. Azərbaycanın enerji infrastrukturu və ixrac potensialı – xüsusilə Cənub Qaz Dəhlizi, TAP və TANAP kəmərləri – Qərbin enerji təhlükəsizliyinin mühüm dayağına çevrilib. Bakı həm Avropanın enerji balansında sabitlik yaradır, həm də ABŞ-ın müttəfiqləri üçün strateji alternativ rolunu oynayır.
İkincisi, geosiyasi tranzit və logistik baxımdan. ABŞ artıq anlayır ki, Orta Dəhliz (Transxəzər marşrutu) Çindən Avropaya gedən yüklər üçün Rusiya və İran marşrutlarına real alternativdir. Vaşinqton üçün Bakı Çin və Rusiya təsirindən kənar, sabit və Qərblə əməkdaşlığa açıq tranzit koridorunun təminatçısıdır.
Üçüncüsü, diplomatik balans və regional sabitlik baxımından. Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşdır, eyni zamanda, Qərb və Rusiya arasında nisbi balans siyasəti yürüdür. ABŞ üçün belə bir tərəfdaş həm Cənubi Qafqazda sabitliyi qorumaq, həm də İranla bağlı riskləri minimuma endirmək baxımından dəyərlidir.
Bu çərçivədə ABŞ ekspert dairələrində “C3+1” formatı – yəni Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arasında əməkdaşlıq platforması – gündəmə gətirilib. Bu təşəbbüs hələ rəsmi səviyyədə elan olunmasa da, onun konturları artıq Vaşinqtonun Qafqaz siyasətində yeni yanaşma kimi formalaşır. Maraqlıdır ki, “C5+1” və “C3+1” formatları bir-birini tamamlayacaq, yoxsa Vaşinqton iki paralel marşrutla fərqli geosiyasi məqsədlər güdür?” Görünən budur ki, ABŞ bu iki platformanı birləşən, lakin fərqli vektorlar üzrə işləyən mexanizmlər kimi nəzərdə tutur. “C5+1” formatı – Mərkəzi Asiya ölkələri ilə enerji, təhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlığa yönəlib. “C3+1” isə – Cənubi Qafqazda diplomatik dialoq, nəqliyyat əlaqələri və Qərb inteqrasiyasının təşviqinə xidmət edir. Nəticə etibarilə, Azərbaycan Vaşinqtonun yeni Avrasiya strategiyasının “geosiyasi qovşağı” rolunu oynayır.
Hazırkı şəraitdə Azərbaycanın “C5+1” formatına daxil olması artıq regional reallığın diktə etdiyi zərurət kimi görünür. Məhz bu səbəbdən Tokayevin irəli sürdüyü “C6+1” modeli tədricən siyasi ideyadan real diplomatik gündəliyə çevrilmək potensialına malikdir.
Hazırda Mərkəzi Asiya uğrunda geosiyasi rəqabət dörd güc mərkəzi — Rusiya, Çin, ABŞ və Avropa İttifaqı – arasında getdikcə dərinləşir. Lakin bu yarışda diqqətdən kənarda qalan əsas məqam odur ki, Azərbaycan artıq bu rəqabətin subyektinə çevrilib. Bakı həm Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən logistik körpü, həm enerji resurslarının Qərbə çıxış qapısı, həm də Türk dünyasının Qərbə inteqrasiya dayağı rolunu oynayır. Azərbaycanın iştirakı olmadan nə Orta Dəhliz, nə də Avrasiya enerji marşrutu tam reallaşa bilər.
Azərbaycanın bu strukturda iştirakı regionun həm iqtisadi inteqrasiyasını, həm də təhlükəsizlik sabitliyini möhkəmləndirəcək. Burada əsas sual budur: ABŞ bu dəfə regionda müttəfiqlərini seçərkən reallığı, yəni Azərbaycanın əvəzolunmaz rolunu nəzərə alacaqmı? Cavabı zaman göstərəcək. Amma artıq bir həqiqət aydındır: Mərkəzi Asiyada əməkdaşlıq Azərbaycanın iştirakı olmadan tam və davamlı ola bilməz. Yeni Avrasiya nizamının təməl bəndlərindən biri məhz Bakıdır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















