Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən, 48-1-ci maddəsi aşağıdakı redaksiyada verilib:
"Maddə 48-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
Mərkəzi Bank "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş maliyyə institutlarına və onların daxil olduğu maliyyə qruplarına münasibətdə həmin Qanunda və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir.
Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndirir, eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 (qırx) faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçirir.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələn nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə maliyyə institutlarından və ya maliyyə qruplarından sənəd və məlumatları tələb etmək hüququna malikdir.
Mərkəzi Bank tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:
maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;
ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;
maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.
Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçirilir.".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















