Məşhurlarımız özlərinə hansı biznesi qurublar? SİYAHI
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda tanınmış müğənnilər, aktyorlar və aparıcılar yalnız sənət fəaliyyətindən əldə etdikləri gəlirlə kifayətlənmirlər.
“Cebheinfo.az”-ın araşdırmasına görə, onların bir qismi restoran, kafe, gözəllik salonu, geyim mağazası, şokolad istehsalı və digər kommersiya sahələrinə üz tutur.
Bəziləri öz adları ilə brend yaradır, digərləri isə ailə üzvləri ilə birlikdə biznes qururlar.
Məşhurların bu sahəyə marağı təsadüfi deyil. Səhnə fəaliyyəti, konsertlər və toy məclisləri gəlir gətirsə də, bu qazancın davamlılığı hər zaman təmin olunmur.
Buna görə də sənətçilər qazandıqları vəsaiti fərqli sahələrə yatıraraq əlavə gəlir mənbəyi yaratmağa çalışırlar. Lakin onların qurduğu bizneslərin heç də hamısı uzunömürlü olmur. Bəzi obyektlər fəaliyyətini davam etdirir, digərləri isə müəyyən müddətdən sonra bağlanır.
Bu istiqamətdə diqqət çəkən şəxslərdən biri - bəstəkar, müğənni, Azərbaycan Respublikasının Xalq artisti Tünzalə Ağayevadı. O, sənətdən kənar biznes istiqaməti seçən tanınmış simalardandır.
Onun “Sevmeli by Tunzale” adlı şokolad brendi var. Beləliklə, müğənni öz adını qida məhsulunun istehsalı və satışına yönəldilən kommersiya layihəsində istifadə edir.
Geyim sahəsinə maraq göstərən sənətçilərdən biri isə Günay İbrahimlidir. Müğənni müsahibələrində geyim biznesi qurduğunu, “atelye” (fransızca "atelier" — geyim və aksesuarların fərdi sifariş əsasında hazırlandığı, həmçinin mövcud geyimlərin təmir və bərpa olunduğu ixtisaslaşmış müəssisədir) və fərdi sifarişlər üzrə fəaliyyət göstərdiyini açıqlayıb.
Bu nümunə məşhurların öz tanınmışlığını şəxsi brend yaratmaq üçün istifadə etməsinə misaldır.
Restoran və gözəllik salonu biznesinə maraq
Şou-biznes nümayəndələrinin daha çox üz tutduğu sahələrdən biri restoran və ictimai iaşə sektorudur. Bu istiqamətdə müğənni Rəqsanə İsmayılovanın adı da uzun müddətdir hallanır.
Sənətçi 2015-ci ildə bacısı ilə birlikdə “YAR” adlı gözəllik salonu açdığını açıqlamışdı. Həmin vaxt salonun Bakı şəhərində, Bülbül prospekti 79 ünvanında yerləşdiyi və qadınlarla yanaşı kişilərə də xidmət göstərdiyi bildirilirdi. Rəqsanə İsmayılova eyni dövrdə restoran açmaq planından da danışmışdı.
2017-ci ildə isə müğənni Moskvada “Farrof Palace” adlı şadlıq sarayının açılışına hazırlaşdığını açıqlamışdı.
Onun sözlərinə görə, obyekt 650 nəfərlik nəzərdə tutulmuşdu, daha böyük ikinci restoranın yaradılması da planlaşdırılırdı. Müğənni həmin kompleksdə gözəllik salonunun da fəaliyyət göstərəcəyini bildirmişdi.
Restoran biznesinə maraq göstərən digər sənətçilərdən biri meyxanaçı Aqşin Fatehdir. O, 2026-cı il iyulun 3-də Qubada “By Fateh” adlı restoranının açılışını edib.
Sənətçinin Bakıda da eyni adlı restoranı olub, lakin həmin obyekt sonradan bağlanıb.
Müğənni Niyam Salami də restoran biznesində özünü sınayan sənətçilərdəndir. Onun “By Niyam” adlı restoranı fəaliyyət göstərib, lakin sonradan bağlanıb. Daha sonra sənətçinin “Aysberq Resort” kompleksinin idarəçiliyində olduğu barədə məlumatlar yayılıb.
Aparıcı Çinarə Əliyeva İçərişəhərdə yerləşən “Brilliantovaya Ruka” kafesi ilə gündəmə gəlib. Onun dekorasiya şirkəti ilə də məşğul olduğu barədə məlumatlar dərc olunub.
Gözəllik və tədbir sektorunda fəaliyyət göstərənlər arasında rəqqasə Fatimə Fətəliyeva da var. Onun geyim kirayəsi mağazası və xına mərasimlərinin təşkili ilə məşğul olduğu bildirilir.
Müğənni Yaşar Cəlilov isə “Ulduzum by Yaşar Cəlilov” adlı gözəllik salonu ilə tanınır.
Bununla yanaşı, bəzi məşhurların biznes fəaliyyəti uğurlu nəticələnməyib.
Məsələn, müğənnilər Sevil və Sevinc Səfərova bacılarının “Mozarella Baku” adlı restoranı müəyyən müddət fəaliyyət göstərdikdən sonra bağlanıb.
Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da “Bu şəhərdə” adlı restoran biznesi ilə məşğul olublar, lakin həmin obyektin də fəaliyyəti dayandırılıb.
Müğənni Namiq Qaraçuxurlu da vaxtilə biznes fəaliyyəti ilə məşğul olub.
O, ayaqqabı mağazası açsa da, sonradan iqtisadi səbəblərdən həmin biznesi bağladığını açıqlayıb.
Müğənni Ədalət Şükürov isə əvvəllər turizm şirkəti və mağazasının olduğunu, sonradan bu fəaliyyətləri dayandırdığını bildirib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:35
Bu xəbər 24 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















