Icma.az
close
up
RU
Messi ağladı, mən ağladım...

Messi ağladı, mən ağladım...

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər şey haradasa üç il əvvəl başladı. Evdə elə bir qız uşağı böyüyürdü ki, öz soyadını soruşanda duruxub çaşır, amma dünyanın, az qala, bütün futbolçularının adını, soyadını, transfer dəyərini, hətta hansı ayaqla zərbə vurduğunu birnəfəsə deyirdi.

Evdəki bu “kiçik futbol ensiklopediyası”nın parıltısını görən kimi valideyn instinktimiz işə düşdü. Vaxt itirmədən əlindən tutub düz yaşıl meydanların ortasına apardıq. O gündən bəri mən futbol meydanlarının kənarında gah cani-könüldən azarkeşlik edən, gah həyəcandan təzyiqi qalxan, gah da stressdən az qala “azarlıq” tapan bir anaya çevrilmişəm. Etiraf edirəm, bu üç ildə heç bir Allah bəndəsi – nə hakim, nə məşqçi, nə də futbol bilicisi – mənə ofsaydın nə olduğunu elə izah edə bildi ki, nəhayət, anlayım.

Hər dəfə anlamağa cəhd etdikcə ofsayd xətti mənim üçün bir az da müəmmalı coğrafiyaya çevrildi. Amma, deyəsən, buna heç ehtiyacım da yox imiş. Çünki mənim bu yaşıl meydanlarda tək bir dəyişməz qaydam, tək bir taktiki gedişim var: gözümü qızımın qaçdığı istiqamətə zilləmək.

Onunla birlikdə sevinmək, onunla qürurlanmaq və meydanda aldığı hər nəfəsi tribunada öz ürəyimdə hiss etmək. Dünən gecə ekran qarşısında oturub 2026-cı il Dünya Kubokunun finalını izləyərkən bu duyğu məni yenidən bürüdü. İspaniyanın gənc və nizamlı komandası qələbəni bayram edərkən kameralar Lionel Messinin üzündəki məğlubiyyət kədərini göstərirdi.

O mənzərə mənə çox tanış, çox doğma bir günü xatırlatdı. Cəmi bir neçə ay əvvəl qızımın oynadığı “Sabah”ın U14 komandası respublika çempionatının final mərhələsinə qədər bir xal belə itirmədən, bizə məğlubiyyət ağrısı yaşatmadan gəlib çıxmışdı.

Bir-birindən gözəl, hərəsi bir ay parçası olan o yeniyetmə qızlar finalda uduzaraq respublika ikincisi oldular. Nə gün idi, İlahi... Meydanda onlar ağladılar, tribunada mən. Onlar çempionluğu əldən verdikləri üçün ağladılar, mən isə onlar ağladığı üçün ağladım. Dünya Kubokunun finalı boyu qızım İspaniyaya azarkeşlik edirdi. Mən isə, təbii ki, qızımın azarkeşi idim. Messiyə də bir az onun anası kimi tamaşa edib içdən-içə kövrəlirdim. Hamının anası ola bilmək kimi qəribə bir istedada malik biri olaraq bunu özümə çox görmədim. Bu üç ildə bir şeyi öyrənmişdim: topun yuvarlandığı hər yerdə duyğunun dili də, məğlubiyyətin acısı da eynidir. İstər milyonların izlədiyi Dünya Kubokunun finalı olsun, istərsə də tribunalarında bir ovuc valideynin nəfəsini içinə çəkib övladına baxdığı uşaq futbolu meydanı. Futbol tarixində ulduza çevrilmiş oyunçuların həyat hekayələrinə baxanda çox vaxt eyni romantik və dramatik süjetlə qarşılaşırıq: yoxsulluq, çətin uşaqlıq, tozlu məhəllələr və bütün bunların içindən sıyrılıb çıxan dühalar.

Peledən Ronaldoya qədər neçə-neçə böyük futbolçunun yolu belə başlayıb. Mən bu hekayələri oxuyanda nədənsə ürəyimdə bizim ucqar kəndlərə boylanıram. Görəsən, o dağ kəndlərində, tozun-torpağın içində, günün cırhacırında, növbə ilə heyvan otara-otara, al günün altında top qovan uşaqların arasında neçə Ronaldo gizlənib?

Bəlkə də yüzlərlə. Amma o parlaq istedadlar, o böyük potensiallar çox vaxt böyüklərin “Axşama qədər top dalınca qaçırsan, get bir işin qulpundan yapış” deyingənliyində, baxımsızlıqda, diqqətsizlikdə itib-batır.

Neçə-neçə uşağın xəyalının üstünə onlar böyüməmişdən toz qonur.

Ancaq bəzən elə hadisələr olur ki, insanın ümidini yenidən göyərdir. Məsələn, keçən il Cəlilabadda yaşayan 13 yaşlı, son dərəcə istedadlı Zeynəbi “Sabah” klubu kəşf edib paytaxta gətirmişdi. İlk gəlişində o qədər utancaq, o qədər çəkingən idi ki... Amma o cılız, balaca qız meydana çıxan kimi sanki tamam başqa bir insana çevrilirdi. İndi futbolda buna nə deyirlər, hansı terminlərlə şərh edirlər, mən bilmirəm.

Mənim gördüyüm tək bir həqiqət vardı: o balaca qız elə zərbələr vurur, elə qollar atırdı ki, adamın heyrətdən nəfəsi kəsilirdi. Cəlilabadın bir kəndindən çıxıb gələn o işıq bir şeyi hamımıza göstərdi: istedadın harada doğulacağını seçmək olmur. Amma onu vaxtında görmək, ona yol açmaq bizim əlimizdədir.

Dünən dünya İspaniyanın zəfərinə, Messinin məğlubiyyətinə baxırdı. Mən isə düşünürdüm ki, əgər biz uşaqlarımızın – istər finalda uduzub ağlayan balaca qızlarımızın, istər Cəlilabaddan gələn Zeynəblərin, istərsə də dağ kəndlərində top qovan adsız qəhrəmanların – əlindən vaxtında tutmağı bacarsaq, günün birində dünya bizim uşaqların da hekayəsini danışacaq. Yetər ki, biz onların qaçdığı istiqamətə baxmağı, onların azarkeşi olmağı və o tozlu yollardakı parıltını vaxtında görməyi bacaraq. Çünki böyük futbol hekayələri həmişə böyük stadionlarda başlamır.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyul 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri