Icma.az
close
up
RU
MƏSULİYYƏTİNİ DAŞIDIĞIMIZ MİLLƏT VƏDİ Rafael Hüseynov yazır

MƏSULİYYƏTİNİ DAŞIDIĞIMIZ MİLLƏT VƏDİ Rafael Hüseynov yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

Bu gün bu insanların adı neçə nəfərin yadındadır? Bu gün bu insanların adı neçə dəfə çəkilir? Təəssüf ki, mən bu ağır sualların cavabını bilirəm. Bu suallar ona görə ağır deyil ki, onlara cavab tapmaq çətindir. Bu suallar ona görə ağırdır ki, onların asan tapılan cavabı ürək ağrıdandır. Bu cavablarda insan və bir az da geniş götürəndə xalq vəfasızlığı var.

Anlayıram, bunda yeyin zamanın da, biganə zəmanənin də suçu var. Ancaq biz vaxtın sürətinə, əyyamın soyuqqanlı laqeydliyinə əsir olsaq, bu minvalla asta-asta özlüyümüzü itirərik axı! İmperiyaların əsrlərcə ardıcıl siyasət yürüdüb-yeridərək nail ola bilmədiklərinə özümüzün öz əlimizlə rəvac verməyə haqqımız yoxdur axı!

Doğrudanmı hərəsi bir şərəfli nəslin övladı olan, yaşadıqları günlərdə və mühitdə ətrafdakıların əksərindən ağılları, qabiliyyətləri, istedadları ilə seçilən bu kişilər çox sadəlövh olduqlarındanmı belə edirmişlər?

Yığışıblarmış bir yerə və insafa, mürvətə and içirmişlər ki, gərək bu işi görək.

İndiyə baxmayın, vaxtilə belə andların mənası olub. Xüsusi istintaq, təhqiqat aparmadan həqiqəti üzə çıxarmaq olurmuş. Adama söyləyirlərmiş ki, "Quran"a and iç ki, filan sözü düz deyirsən. Allah xofu, iman saflığı o həddəymiş ki, bir kəsin yalandan and içməyə cəsarəti çatmırmış. Hətta hansısa tərəddüdləri varmışsa, and da içməkdən çəkinməyibmişsə, həyəcandan özü-özünü qeyri-ixtiyari cəzalandırırmış - "Quran"a əl basıb ağzı əyilmiş adamlar haqqında o qədər hekayətlər var ki!

1909-cu il martın 13-də Bakıda çıxan "İttifaq" qəzeti fevralın 22-də baş vermiş hadisə haqda məqalə dərc etmişdi.

Və Azərbaycan Teatr Cəmiyyətinə sədrlik etdiyi dövrdə (1976-1986) unudulmaz Şəmsi Bədəlbəyli o məqaləni bir fotoşəkil kimi çap etdirərək çərçivəyə salmışdı, iş masasının üstünə qoymuşdu, hərdən söz əsnasında müsahibinə bu tarixi yazıdan söz açardı və kim bilir, o haqda mənə də danışarkən hələ daha neçə nəfərə danışmışdı, mənə söylədiyindən sonra da neçəsinə bəhs edəcəkdi.

Həmin yazının Şəmsi Bədəlbəyliyə bilavasitə aidliyi o idi ki, burda onun doğmaca əmisi Mahmud bəyin də adı çəkilirdi.

Yazının Şəmsi müəllimə dolayısı ilə aidliyi bunda idi ki, o da teatra, mədəniyyətə həyatının ayrılmaz parçası kimi baxırdı, səhnəni müqəddəs sayırdı və bu yolda əməyi olmuş sələfləri daim ehtiramla yad edirdi.

"İttifaq" qəzetinin məqaləsində xəbər verilirdi ki, Cahangir Zeynalov, Mehdi bəy Hacızadə, Qulam Şərifov, Məmmədhəsən Həsənov, Hüseyn Ərəblinski, Əbülfət Vəliyev, Əlabbas Rzazadə, Hüseynqulu Sarabski, Rüstəm Kazımov, Mahmud bəy Bədəlbəyov, Rəsul bəy Tahirov, Mirzə Muxtar Məmmədov, Ağa Hüseyn Rzazadə, Mirmahmud Kazımov, Əbülfət Kazımov, İsmayıl Şəbanov və başqaları "bir yerə cəm olub öz aralarında and içdilər insafa və mürüvvətə ki, bundan sonra teatr işlərini qabağa aparmağa hər kəs nə qədər qüvvəsi var, kömək göstərib müzayiqə etməyəcək və qət etdilər ki, hər cümə günləri yaxşı ibrətli nəsihətlərdən və millətə mənfəət yetirən faciələrdən səhne-yi tamaşaya qoysunlar".

Və o yazıda xalqdan da bir rica vardı: "Cəmaətimizdən xahiş və təvəqqe edirik ki, diqqət-i tamam ilə baxıb və bu dram heyətini nəzərdə həqir tutmasınlar".

O fədakarlar andlarına sadiq çıxıblar, o çağın tamaşaçıları onlardan iltimas olunana əməl ediblər.

Bəhrəsi də bu oldu ki, fitrətdən peşəkar olan həmin həvəskarların yaratdığı möhkəm və pat özül üzərində möhtəşəm teatr mülkümüz ucaldı, bir neçə onil sonra bir xalqın bir neçə yüzilini bəzəyəcək qüdrətə sahib misilsiz aktyorlar, rejissorlar yetişdi ki, hamısının adını millət əzbər bilirdi.

İndi necəyik, inkişaf edib hara çatmışıq, hələ o köhnələri qoyaq bir kənara, bu gün səhnəmizin neçə çox tanınmışı var və onların neçəsini hamı səsindən, şəklindən tanıyır?

Rəhmətlik Şəmsi Bədəlbəyli o məqalə-şəkli göstərərək sadədil səmimiyyətlə hər dəfə heyrətini dilə gətirərdi ki, gör bunlar nə ali insanlar olublar, bircə insafa and içmək bəs edirmiş ki, teatr naminə hər məhrumiyyətə hazır olsunlar. Sonra da əlavə edərdi ki, insaf indi bizimçün adiləşib, amma onlar anlayırmış insaf necə yüksək dəyərdir. Atalar boş yerə deməyib ki, insaf dinin yarısıdır.

Səhnəni sevgisi kimi qəbul etmişlərin, teatra təmənnasız xidmət yolunu seçmişlərin birincilərindən olduğundan Cahangir Zeynalov bu ailəyə qatılmışların arasında günlərin birində kiminsə məsələyə azacıq da olsa zidd gələn bir hərəkətinə şahid kəsiləndə özünü saxlaya bilmirdi. Kəskin sözünü yalnız dost-tanış arasında deyil, mətbuatdan çatdırırdı ki, başqalarına da dərs olsun.

"İqbal" qəzetinin 1914-cü il aprelin 8-də çıxmış sayında dərc edilən "Açıq sütunlar" başlıqlı məqaləsində Kərbəlayı Cahangir bir müddət əvvəl "Nəşr-i maarif" Cəmiyyətinin təşkil etdiyi beşinci müsamirədə "Səfa" Cəmiyyəti teatr heyətinin göstərdiyi tamaşalardan bəhs edir, heç də xoş olmayan bir təfərrüata diqqət yönəldirdi.

Cahangir Zeynalovu bu məqaləni yazmağa 1 gün əvvəl "İqbal"da, ondan da qabaq martın 28-də "Molla Nəsrəddin"də çıxan yazılar sövq etmişdi. "Molla Nəsrəddin"dəki "Vladiqafqazdan məktub" sərlövhəli məqalənin altında "Cəfəng" imzası dururdu ki, bu da ibarət olsun Məmmədəli Sidqi Səfərovdan (1888-1956).

Həmin Cəfəng, yəni Məmmədəli Sidqi Molla əmiyə müraciət edirdi ki, bir rəfiqim məndən iki sözün dürüst mənasını xəbər alıb, mən də demişəm buyur soruş, bilsəm deyəcəm. Sualı da bu imiş ki, "artist" ilə "aferist"in təfavütü nədir. Sidqinin cavabı belə olur ki, "aferist, yəni Vladiqafqaza gəlib afişalarda özünə persidski dramatiçeski arsız ad qoyub, müsəlman mədrəsəsinin mənfəətinə teatro oynuyub aid olan pulları səhvən cibinə töküb, padvallarda yavan çaxıra verib, axırda labüd qalıb əkilib və öz yoldaşlarını xaricilər yanında xəcalət edib, müsəlmanları teatrodan nifrətləndirib bu şəhərdən o biri şəhərə qaçana deyərlər".

Rəfiqi də qayıdır ki, bir halda sən mənə "aferist" sözünün mənasını başa saldın, qoy mən sənə "artist"i anladım: "Artist, yəni cənab Müseyib Nağızadə Şəmsəddinski".

Sidqi dübarə soruşur ki, bir məni başa sal görüm bu iki şəxsin fərqi nədədir. O rəfiq də acıqlı baxıb söyləyir ki, sən get bunu "Molla Nəsrəddin"dən öyrən.

Və "Molla Nəsrəddin" də bu məktuba və o suala münasibətini məqalənin sonuna "İdarə" qeydi ilə artırdığı bir cümlə ilə bildirib: "Biz xahiş edirik bu iki sözün mənasını qəzet vasitəsilə Cəlil Bağdadbəyovdan və Ruhulla Sidqidən soruşun".

Bunun üstündən Cəlil Bağdadbəyov (1887-1951) aprelin 7-də "İqbal"da incik məktub dərc etdiribmiş ki, "bu sual məndən edilməməli idi. Çünki bu vaxtadək məndən aferistliyi mövcud olacaq bir iş zühur etməmişdir".

Prinsipial Cahangir Zeynalova İNSAFı icazə verməmişdi ki, bu sual-cavabın yanından səssizcə keçsin, qələm götürmüşdü, qərəzsiz, amma sərt münsif mövqeyini izhar etmişdi. Yazırdı ki, "Nəşr-i maarif"in həmin müsamirəsində bizim "Səfa" Cəmiyyətinin teatr heyəti "Fərhad və Şirin" operasından bir pərdə oynayacaqdı.

O dövrdə artistlərin aşağı-yuxarı ifa məzənnələri məlummuş və bunlar da adətən dram, ya opera tamaşasında əvvəldən-axıra bir rolu 20-25 manata ifa edən bir artisti dəvət edərək bu dəfə müxtəsər rol oynayacağı səbəbindən 10-15 manat ödəməyə razılaşıblarmış. Ancaq tamaşa günü, hətta tamaşa günü də deyil, tamaşa artıq başlananda həmin artist başlayır ayrı hava çalmağa.

"Bu artist əfəndi qiymət xüsusunda ibtidada bir söz demədiyindən, təbii idi ki, ya 10-15 manat alacaqdı, yaxud öz qiyməti olan 20-25 manatdan artıq almayacaq idi. "Nəşr-i maarif" idarəsi əvvəlcə ediləcək məxaricin siyahısını "Səfa" teatr heyətindən istədikdə bu rol üçün 10 manat qeyd edilmişdi. Nəhayət, teatr günü pərdə açıldıqda artist əfəndi 50 manatdan əskik oynamayacağını qəti surətdə bildirdi. Və almadığı surətdə ayaq səhnəyə qoymayacağını da əlavə etdi. Başqa çarə yox idi. 100 manat da istəsəydi, o vaxt alacaqdı. Budur ki, aldı. Mənim təsəvvürümcə, "aferist" də elə belə artistdir".

Bütün bu ayrıntılardan Cahangir bəy ona görə belə yerli-yataqlı agahdı ki, "Səfa" Cəmiyyəti teatr heyətinin sədri olmaqla yanaşı, həm də o gecənin rejissoru olubmuş. Odur ki, lap dəqiqləşdirirdi: "Bunu yazmaqda mənim məqsədim budur ki, "Molla Nəsrəddin" əmi "aferist"i Bağdadbəyovdan sual etməkdə səhv etməmişdir. Çünki Füzuli deyir ki: "Bu pünhan nöqtəni bir vaqif-i əsrar olandan sor".

Söz yox, bu cür qəlbə toxunan, sabah "salam-əleykim"ə də təsir edəcək söhbətləri camaat arasına çıxarmaq ağır oturub, batman gələn adam olan Kərbəlayı Cahangir üçün heç də asan deyilmiş. Ancaq susmamalı yerdə nəyinsə xatirinə səsini çıxarmamaq tərəddüdlülüyü də ona yadmış. Söz ürəyini deşəndə lap ölüm təhlükəsi olsa belə, dilini dinc saxlamazmış.

Löyün-löyün təhlükələrsə onsuz da Cahangir Zeynalovu həyatı boyu qarabaqara izlədi.

Hətta ən şöhrətli çağlarında və zahirən heç bir qorxu-hürkü vəd etməyən ən şad ərəfədə - 25 illik səhnə yolu keçəndən sonra ona bəxş edilən həmin bayramlı axşamdan əvvəlki gündə də səksəkə lap yaxınındaymış.

Qardaşı Tağının qızı Hökumə Zeynalova-Məmmədovanın xatirəsi 1910-cu il noyabrın 30-da Kəblə Cahangirin Tağıyev teatrında keçiriləcək yubiley gecəsindən 1 gün öncə mənzilində və evinin ətrafında baş vermişlərin mənzərəsini canlandırır: "Cahangir əminin evində Azərbaycan truppasının məşqləri tez-tez keçirilərdi. Əmimin yubileyinə hazırlıq işləri bizim evdə də aparılırdı, qızğın məşqlər gedirdi, musiqiçilər çalıb-oxuyurdular. Jandarmlar daim əmimin evini güdürdülər və orda məşqlər keçirməyə icazə vermirdilər. Yadımdadır ki, yubileydən bir gün qabaq bizim evdə "Hacı Qara"nın məşqi gedirdi, axşamsa musiqiçilər hazırlaşırdılar. Cahangir əmi də orda idi. Əmioğlusu - mənim atam və dostları Əlibala və Kərbəlayı Abbasqulu küçədə növbə çəkirdilər. Jandarmlar musiqini eşidib evə girmək istəyəndə atam qarşılarını kəsdiyindən onu döymüşdülər. Musiqiçilər də təhlükəni hiss edərək dal qapıdan çıxaraq aralandılar. Odur ki, jandarmlar bizim evə girəndə içəridə mənimlə nənəmdən başqa heç kim yox idi".

"Nicat" qəzetinin artıq təntənə bitəndən sonra, dekabrın 4-də dərc etdiyi məqaləsində "tarix-i milliyyəmizdə qızıl hürufat ilə qeyd olunmağa şayistə bir gün" adlandırdığı yubiley mərasimindən əvvəl Mehdi bəy Hacınskinin biri rus, biri türkcə olmaqla iki məqaləsi dərc edilmişdi.

Noyabrın 30-da "Kaspi"də gedən məqaləsində Mehdi bəy yubileyin keçirilməsinin ümdə səbəbini göstərirdi - 1880-ci ildə Bakıda Tağıyev teatrı inşa edilir, 1885-ci ildə Cahangir Zeynalov ilk dəfə bu səhnədə çıxışlara başlayır, 1895-ci ildə isə, ilk müsəlman truppasının təşkilindən düz 10 il sonra Bakıda əsasən cavanlardan ibarət "Müsəlman Dram Artistlərinin İttifaqı" yaradılır, onlar çalışır, durmadan öz üzərlərində çalışıb inkişaf edir, teatr həyatının canlanmasına töhfələrini verir və "Nicat" da mədəniyyətin tərəqqisinə daha artıq xidmət üçün bunları tam tərkibdə Cəmiyyətin üzvlüyünə qəbul edərək öz truppasını qurur, Tağıyev teatrında mütəmadi tamaşalarını verməyə başlayır.

Başqa sözlə, Cahangir Zeynalovun belə bir yubiley mərasiminə layiqliyi teatrımızın təşkilatlanmağa başladığı ilk vaxtlardan daim öndə gedən bir aktyor kimi keçilmiş yolun ən parlaq rəmzlərindən biri olması ilə əlaqələndirilir, əslində bu ildönümü həm də milli teatrın ilk mütəşəkkil truppadan 1910-cu ildəki peşəkar səviyyəyə gəlib yetişməsinin yuvarlaq tarixi kimi mənalandırılırdı.

"Nicat"ın 27 noyabr sayında isə Mehdi bəy Hacınski yazısını "yubiley" kəlməsinin izahından başlayır, bu yəhudi sözünün qulların azadlığa çıxaraq bayram etdikləri günə işarəylə "ali bir gün" anlamına gəldiyini açıqlayırdı. Təəssüflənirdi ki, mübarək günü nişan verən "yom-i ali"dən - təntənəli yubileylərdən bizlər bixəbər qalsaq da, mədəni Avropa və qeyri bir çox millətlər "bu kəlməyə artıq dərəcədə aşina olduqlarından" "görürsən ki, bir ədib-i şəhrin, ya məşhur bir artistin mübarək günü münasibətilə onun şərəfinə böyük ziyafətlər tərtib edirlər, cəşnlər (bayramlar - R.H.) düzəldirlər".

Cahangir Zeynalovun "müsəlman səhnəsinə xidmətinin 25 ili", dolayısı ilə tədbirin təşkilatçısı "Nicat" Maarif Cəmiyyətinin görmək istədiyi əsas iş elə yubilyarın şəxsiyyətinə və fəaliyyətlərinə yaraşan bir istək idi: "Yadigar olaraq Qafqazda nadir birinci məşhur Mirzə Fətəli kimi bir məzhəkənəvisin cəm`i əsərlərini təzədən "Nicat" adı ilə onun heyət-i mühərrirlərinin nəzərindən keçirib, Cahangirin şərəfinə çap etdirib intişar olmaq üçün ucuz bir qiymətə cəmaətin arasında satılsın".

Mehdi bəy Cahangir Zeynalovun bu günə gəlib çatanacan keçdiyi yoldan bəhs edir, 54 yaşlı bu insanın Bakı əyanlarından Hacı Zeynalın nəvəsi Məşədi Rzanın oğlu olduğunu bildirəndən sonra camaatın dedi-qodularına etinasızlıq göstərərək səhnəyə çıxmaqdan çəkinməməsini onun həm ehtiyacsız, varlı, həm də qorxmaz adam olması ilə əlaqələndirirdi.

Məqalə müəllifi indiyədək Cahangir Zeynalovun layiq görülmüş olduğu iki vacib mükafatı da xatırladır: "Cahangir səhnəyə çıxıb öz vəzifəsini icra eləyir və mərhum Həsən bəy Məlikov Zərdabi kimi bir ədibdən və Nəcəf bəy Vəzirzadə kimi bir məzhəkənəvisdən təhsinlər alır, Cahangir yavaş-yavaş səhnəyə aşiq olur".

Ancaq Mehdi bəy Hacınski Cahangir Zeynalovun seçdiyi bu şərəfli yolda tuş gəldiyi ağrı-acıların üstündə dayanmağı da unutmur: "Cahangir çox vaxt işini-gücünü atır, durur səhnə üçün bir ay qabaqdan libas cəm etməyə. Ünas (qadın - R.H.) paltarına gəldikdə, heç kəs razı olmur ki, arvad paltarı gətirsin. Bunu da biçarə Cahangir öz boynuna götürür. Küçədən keçəndə əvam ün-nas (bisavad kütlə - R.H.) "Adə, bu, anasının paltarını oyunbazlara geyindirən Cahangirdir" deyərmişlər. Cahangir bu şeyləri hərgiz nəzərə almayıb öz işindən geri durmur".

İndi də, o vaxt da bu sözləri yazmaq nə asan! O mərdanəliyi etmək çətin idi. O vaxt sənət naminə o iş çətin idi, bu gün eyni çətinlikli, amma qeyrət göstərərək yerinə yetirilməli başqa işlər var.

Hər zamanın öz Cahangirlərinə ehtiyacı var. Xoş o əyyamlara ki, ehtiyacın öhdəsindən gəlməyə Cahangirlər olmuş ola!

O fədakarlıqları ki o zaman Cahangir Zeynalov edirdi, Bakı balaca bir yerdi. Təqribən hamı bir-birini tanıyırdı, onda qalmış Kəblə Cahangir kimi əsilli-nəcabətli bir möhtərəm ola. Qara camaat sənə şəbədə bağlayanda öz hərəkətlərinin dürüstlüyünə əmin olduğundan bəlkə də o heyvərəliklərə bənd olmamaq mümkündü, amma Cahangir Zeynalov həm də ticarət adamı idi axı, çörəkpulusu səhnədən yox, dükan-bazardan, həmin onu söyən kütlədən çıxırdı. Sözü bir yerə qoyub onu küncə elə sıxışdırardılar ki, alış-verişi də getməzdi. Lakin Cahangir Zeynalov əqidəsində sabitqədəm kişi idi və nə sözündən, nə yolundan dönəndi.

Mehdi bəy Hacınski gileylənirdi ki, bizlər səhnə qədri bilmirik, səhnədə nə zəhmətlər çəkildiyindən də xəbərimiz yoxdur və gendən asan görünən bu döyüşün çox çətin olduğunu yada salaraq milləti qədirşünaslığa dəvət edirdi.

Bu yazının qəzetdə çıxıb oxunmasından 3 gün sonra - noyabrın 30-da ikiqat bayram yaşanır. Bir tərəfdən Qurbanın sevinci, obiri yandan Tağıyev teatrında Cahangirin təntənəsi.

O axşam bir neçə saat boyunca Cahangir Zeynalova ən atəşli, ən məhəbbətli sözlər söylənmişdi. Həm də təbrik edənlər yalnız özümüzünkülər deyildi. Kənardan da xeyli teleqramlar, məktublar gəlmişdi. Çünki Cahangir Zeynalov elə bir aktyor idi ki, şöhrəti artıq Azərbaycandan qıraqlara da yayılmışdı və arxada qalan mübarizəli yolunun bəhrəsi olan bu gecədə o, məsudların məsudu idi.

Və elə bu səbəbdən də həmin gün sonda səhnəyə çıxıb təşəkkür etmək, minnətdarlığını bildirmək istərkən yenə kövrəlmişdi, yenə gözləri dolmuşdu, yenə qəhər boğazını yandırmışdı.

Sonra tarixə düşəcək, dil-dil gəzəcək, əlbəttə ki, ürəyinin lap dərinlərindən gələn etirafını etmiş, əslində həm də and içmişdi: "Burda gördüyüm bu şeylər mənə röya kimi görünür. 25 il mütəmadiən (davamlı olaraq - R.H.) ənva-yi həqarət (növbənöv alçaltmalar - R.H.) və təcavüzə düçar oldum isə də, əlhəmdülillah, axırda millətimin mən kimi acizi bir bu qədər təqdir etdiyini də gördüm. Mənim üçün bundan böyük ənam olmaz! Kaş ki min canım olaydı da, hamısını millətimə qurban etmiş olaydım!"

Cahangir Zeynalov neyləsin?! O sözlər ki o gecə onun haqqında söylənmişdi və o cür hərarətlə, təmənnasız sevgi ilə dilə gətirilmişdi, onların müqabilində qəhərlənməmək, doluxsunmamaqçün gərək daşdan olaydın.

"Göstərdiyiniz xidmət elə böyük qulluqdur ki, tarixlər səhifəsinə yazılmağa layiqdir. Şübhə yoxdur ki, elə belə də olacaqdır. Səhnə bir mirat-i həqiqətdir (gerçək güzgüsü - R.H.) ki, orada hər bir şəxs öz surətini görər. Siz isə bu yolda 25 il xidmət edib bu müddətin ərzində səhnədə üz qaraltmışsınız. Nə etməli? Millətin üzünü ağ istəyirsənsə, öz üzün qara gərək".

"Nicat" Cəmiyyəti belə təbrik edirdi.

Bu isə Boyarskaya truppasının ürək sözləri idi: "Möhtəşəm İşin - səhnənin fədakar mübarizi olan sizin timsalınızda nisbətən gənc olan müsəlman teatrını salamlayır və inanırıq ki, sizin kimi parlaq və yenilməz xidmətçiləri sayəsində bu teatr Avropa mədəniyyətinin maarif təsisatları sırasında şərəfli yerini tutacaqdır".

...O hədiyyələr, o təbriknamələr ki 1910-cu ilin 30 noyabrında, səhnə fəaliyyətinin 25 illiyi bayram ediləndə Cahangir Zeynalova təqdim olunmuşdu, bircə-bircə hamısını həmin ilin 3 dekabrında çıxmış "Günəş" qəzeti qeydiyyata alıb. Elə bircə bu sadalanma həm Cahangir Zeynalovun Bakının ictimai-mədəni mühitində necə böyük ehtiram sahibi olduğunu göstərir, həm də onun şöhrəti və sayğısının Azərbaycandan kənarlara hansı hüdudlaradək yayıldığını təsdiqləyir.

Qəzet yazırdı ki, həmin "fəzilətli, şövkətli" axşamda "Nicat" Maarif Cəmiyyəti tərəfindən Səməd bəy Acalov qiymətli albom təqdim edərək uzun bir təbriknamə ilə məzkurun xidmətini təqdir etdi.

Müsəlman Teatr Dəstəsi tərəfindən vəkil edilmiş Qulamrza Şərifov gümüş bir lira təqdim edərək bir də ünvan oxudu.

"Günəş" qəzeti idarəsi tərəfindən vəkil edilmiş Məmməd Sadıq Axundov qızılla süslənmiş qiymətli bir qovluq içində qara xətlə yazılmış bir ünvanı oxuyub təqdim etdi.

Maloros teatr dəstəsi tərəfindən bir artist teatrın zəhmətləri və çətinlikləri xüsusunda uzun bir nitq irad edib artistlərin imzaladığı ünvanı da məxmər qovluq içində təqdim etdi.

"Nəşr-i Maarif" Cəmiyyəti tərəfindən İsgəndər bəy Məlikov albom təqdim edib ünvan oxudu. Boyarskaya teatr dəstəsi tərəfindən bir artist teatr və səhnəyə dair bir nitq oxuyub ünvanı təqdim etdi.

Tağıyev fabrikası cavanları tərəfindən orta məktəbin müəllimi Rza Zaki təbrik edib hədiyyəni təqdim etdi.

Bakı Yəhudilər Cəmiyyəti tərəfindən Abezqaus, Vitşal və Dimbo cənablarından təşkil olunmuş bir heyət uzun nitq ilə təbriknaməsini təqdim etdi.

"Gürcü Nəşr-i Maarif Cəmiyyəti" tərəfindən cənab Nasidze uzun, duyğulu nitqindən sonra təbriknaməsini təqdim etdi.

Qəzet əlavə edir: "Cənab-i Nasidzenin nitqi o qədər xoş təsir etdi ki, uzun bir müddət alqışlar və afərinlər ilə izhar-i təhsin etdilər".

Erməni "Kulturnıy soyuz" ("Mədəniyyət İttifaqı") idarəsi tərəfindən vəkil edilmiş Xatisov öz nitqində Qurban bayramı və həmin yubiley münasibətilə cəmi müsəlmanlara, xüsusən Cahangir Zeynalova "mübarək" deyib təbriknaməsini təqdim etdi.

Nitqlərdən sonra Yubiley komitəsi sədrinə gələn təbrik teleqramları oxunur. Hamı eşidir ki, Cahangir Zeynalovu təbrik üçün Tiflisdən "Molla Nəsrəddin" məcmuəsinin idarəsindən, Tiflis "Cəmiyyət-i Xeyriyyə"si sədri polkovnik İbrahim ağa Vəkilovdan, Bakıdakı "Ədəbiyyat Cəmiyyəti" tərəfindən və Baxçasaraydakı Krım tatarları adından "Tərcüman" qəzetinin müdiri və naşiri İsmayıl Qasprınskidən teleqramlar çəkilmişdir.

Bunlardan əlavə, xüsusi olaraq Əli bəy Hüseynzadə və Hüseyn Hacıyev öz tərəflərindən də hədiyyələr təqdim etdilər.

Qəzet o gün məclisin gecə 12-də tamamlandığını da dəqiqləşdirir.

Hədiyyələr və təbrik qovluqları elə çoxmuş ki, yəqin, həmin payız axşamında teatrdan Cahangir Zeynalovun evinə iki-üç fayton yollanıbmış...

Cahangir Zeynalovun yolunu çox gözlədiyi yeganəsi - sevimli qızı Nəsibə (1916-2004) o vaxt hələ dünyaya gəlməyibmiş. Nə atasının onu, nə onun atasını doyunca görməsi qismətmiş. Qanla keçən fitri istedadla atasının böyük yolunu layiqincə davam etdirərək adını Azərbaycan teatrı tarixinə məcazi deyil, elə həqiqi mənada qızıl hərflərlə həkk etmək mərtəbəsinə ucalan Nəsibə Zeynalova ixtiyar çağlarında ailəsinin qəmli hekayətini söyləyirdi ki, 1920-ci ildə bolşeviklər gələndə 4 yaşını bitirib 5 yaşa keçibmiş. Əlbəttə ki, o günlərin başvermişlərinin təfərrüatları öz yadında qalmamışdı, böyüklərdən eşitdikləri əsasında danışırdı: "Bolşeviklər evimizi əlimizdən aldılar. Olub-keçənlər yadıma yuxu kimi gəlir. Özüm də xəstə idim. Gəlib bizim evimizdə axtarışa başladılar. Nəyimiz vardısa, yığıb apardılar. Atamın 25 illik yubileyi keçiriləndə ona gümüş qablar, qəşəng fiqurlar bağışlamışdılar. Bunların da hamısı müsadirə edildi. Atamdan qalan bir çox yazılar, afişalar, proqramlar da sonrakı illərdə it-bata düşdü. Anam savadsız qadın olub, həm də fağır adam idi. Pişik balasını gəzdirən kimi, mən yetimi də illərcə burdan-ora, ordan-bura daşıyıb. Onun da ailə həyatı çox pis qurulmuşdu. Sonradan da iki uşaq onu lap çaşdırdı və atamdan qalan kağızlara bir o qədər də diqqəti olmadı. Hər köçəköçdə görürdünüz ki, çox şeylər itdi. Yaxşı şüşə şəkillər qalmışdı, onların neqativləri, hamısı yuxu kimi yadımdadı. Anamın danışıqlarını eşitsəydiniz, bilərdiniz ki, Cahangir Zeynalovun nə böyük xidməti olubdu. O, yetim uşaqları məktəbdə himayə edib. Hüseyn Ərəblinskinin özünü mənim atam gətirib məktəbə. Onu müalicəyə göndərib. Mənim atam onu oğulluğa götürübmüş. Mən də atam kimi həmişə öz xoşbəxtliyimi xalqın məhəbbətində görmüşəm, nə etmişəmsə, daim onun övladı olmağın məsuliyyətini yaddan çıxarmamışam".

Cahangir Zeynalov həyatdan getmişdisə də, ona səhnə həyatının müxtəlif illərində hədiyyə edilmiş saxlanclar evində qalırdı. Ailəsindən ötrü bunların hər biri misilsiz sərvət idi. Gün gələcəkdi, bu incilərin hər biri muzeylərimizdə yerini tutacaqdı, xalqın qiymətli irsi cərgəsinə qatılacaqdı. Bolşeviklər macal vermədi. Sovetlər ayaqları yer tutunca qırmızı qəsbkarlıqlarını başladılar, Cahangir Zeynalov da zəngin adam olub deyə xatirəsindən qisas aldılar, evini yağmaladılar, nəyi qalmışdısa silib-süpürdülər.

Vaxtilə qəzetlər yazmasaydı, heç bilməzdik ki, bütün bu yadigarlar olubmuş. Təqdim edilməsindən keçən illər boyunca isə, yəqin ki, o hədiyyələr, o təbriknamələr hər nəzər salanda Cahangir Zeynalovun köksünü qabardır, ürəyini sevinclə daşdırırmış...

Bu da bir məktubdur. Cahangir Zeynalova göndərilmiş şəxsi məktub. Ancaq o məktubu göndərən istəyib ki, bu şəxsi məktubu yalnız göndərdiyi adam deyil, hamı oxusun. Ona görə də məktubu qəzetə yollayıb. Özü də həmin məktubu yazan bu zərfi poçtla yola salanda Bakıdan aralıda, Həştərxanda sürgündəymiş. O məktub 1911-ci il dekabrın 10-da "Bürhan-i tərəqqi" qəzetində dərc edilmişdi.

Məktub Cahangir Zeynalova ünvanlanmışdı. Yazan Nəriman Nərimanov idi.

"Siz artist namını qəbul edən vaxt bakılılar artistə "oyunbaz" deyib həqir nəzərlərlə baxardılar. "Gəlmələr" milli teatrın tərəqqisinə çalışarkən Bakı cavanlarını özlərinə yoldaş etmək istəyirdilər. Lakin ataların teatra həqir nəzərləri cavanları belə bir gözəl işdən məhrum edirdi. Siz isə teatrın xalqa nəf`ini anlayıb camaatın nəzərində həqir olan bu işə şüru` etdiniz (başladınız - R.H.). Bu fikirlə ki, vaxt olar, camaat səhvini anlar. Bu gün mənə həqir nəzər ilə baxan camaat, mənə "oyunbaz", "kəndirbaz" söyləyənlər səhnənin üstə alqışlarlar, təşəkkürlər edərlər.

Həqiqət, çəkdiyiniz zəhməti millət unutmadı, sizi alqışladılar, sizi təbrik etdilər. Millət çəkdiyiniz zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərlərini dəyişdi. Xalq artistin oyunbaz deyil, bəlkə böyüklər üçün nəsihətçi olmağını düşündü.

Əzizim, milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan tarixlərdə sizin isminiz söylənəcək. Söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər: artistdən "oyunbaz" namını götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər çəkilib.

Teatr tərəqqisinə çalışmalı! Çünki dinini, millətini sevən şəxs milli teatrını da gərək sevsin. Afərinlər olsun sənə, əziz, möhtərəm yoldaş!"

...XX əsrin əvvəllərində Azərbaycan aktyorlarının həyatı elə idi ki, onlar qəpiyi saymağa məcbur idilər. Teatra məcnunca bağlı o sədaqətli Vətən yavruları yarıac-yarıtox yaşayırdılar, özlərini səhnəyə həsr etmişdilər, daha betər məhrumiyyətə tablaşmağa da hazırdılar. Elə Cahangir Zeynalov da onlardan biri idi. Eyni məhəbbət, eyni sədaqət onda da vardı. O da səhnədən ötrü hər sınağa hazırdı. Ancaq digər aktyorlardan fərqli olaraq, o, pulun sayını heç vaxt bilməzdi. "Pul əl çirkidir" deyilən ifadə Cahangir Zeynalovu düşünürkən yada ilkin gəlir. Çünki o, qazandıqlarını yığıb üstündə oturanlardan olmadı. Həmişə gəlirini el-obasıyla bölüşməyə çalışdı. Həyatdan köçərkən etdiyi son vəsiyyətlərindən biri dünyada qalanlara axırıncı tapşırıqlarından idi ki, "Səfa" məktəbində uşaqların oxumasına yardım üçün hər il ayırdığı 300 qızılı kəsməsinlər.

Kəblə Cahangir yaşa dolandan, həyatın istisini-soyuğunu dadandan sonra belə olmamışdı. Onun mayası bu cür yoğrulmuşdu, elə cavanlığından həmin xasiyyətdə idi. Yolunun əvvəlində, 1896-cı ildə Nəriman Nərimanovun "Dilin bəlası" tamaşası göstəriləndə satılmış biletlərdən 1200 rubl yığılmışdı. Hesabla bu vəsaitin iki yüzü məsrəfləri bağlamalı idi - səhnəni, libasları icarəyə götürmüşdülər, əlavə xırda-xuruş xərclər çıxmışdı. Təmiz gəlir olaraq 1000 rubl qalırdı ki, tamaşanı hazırlayanlar arasında bölünməli idi. Cahangir təklif edir ki, gəlin bu pulu Bakı şəhərinin qiraətxanalarına peşkəş edək. Ruhu, əxlaqı, mənəviyyatı ona tən gələn həmkarları tərəddüdsüz razılaşırlar.

Manatlar, rubllar, qızıllar nədir ki? Onlar həyatlarını mədəniyyətə, səhnəyə, teatra, xalqa fəda etmiş insanlardılar.

...Unudulmaz Şəmsi Bədəlbəylinin atası, əmiləri Cahangir Zeynalovla eyni yolun yolçuları olmuşdular, birgə çalışmışdılar, yaxın olmuşdular. Qismət elə gətirdi ki, bu dostluq və həmkarlığı davam etdirmək övladların - Şəmsiylə Nəsibənin payına düşdü.

Artıq çox uzaqlarda qalmış 1980-ci illərin sonlarında Azərbaycan Televiziyası üçün Lütfəli Abdullayev haqqında veriliş hazırlayırdım, yaz günləri idi, həmsöhbətlərimin hamısını evin sahibəsi Sevda xanımın icazəsi ilə hər qarışı sənətkarın xatirəsini yaşadan mənzilinə dəvət etmişdim. Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Şəmsi Bədəlbəyli, Nəsibə xanım, Səyavuş Aslan, digərləri toplaşmışdı, mehriban məclis idi. Uzaqdan-uzağa onsuz da bilirdim, amma indi yaxın məsafədən müşahidə edərək Şəmsi müəllimlə Nəsibə xanımın bir-birinə nə qədər məhrəm, nə qədər doğma olduqlarını duyurdum. Nəsibə xanımla (1916-2004) Şəmsi müəllimin (1911-1987) yaş fərqləri çox deyildi. Amma Nəsibə xanım Şəmsi müəllimə xüsusi bir nəvaziş və sayğıyla həm silahdaş, həm ustad, həm böyük qardaş, həm də böyüyü, ağsaqqalı kimi yanaşırdı.

Moskvada Malıy Teatrda görkəmli sənətkar Kote Marcanişvilinin yanında təcrübə keçərək 1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirən Şəmsi Bədəlbəyli Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan həkim-i nəbatat və Dərviş Məstəlişah cadukun-i məşhur" pyesini 1938-ci ildə tamaşaya hazırlamışdı və Hətəmxan ağanın qızı, 16 yaşlı Şərəfnisənin 40 yaşlı dayəsi rolunu  22 yaşlı Nəsibə Zeynalovaya tapşırmışdı. Şəmsi məşqlər əsnasında istədiyini Nəsibədən ala bilməyəndə gənc aktrisanı hönkürtü ilə ağlayacaq həddə çatdırmışdı və Nəsibə sinni qırxdan da xeyli çox olan bir kənd qarısı kimi mızıldanaraq "Bilirəm e, belə danışmağımı istəyirsiniz, amma bu cürə danışmaq mənə nəsə təbii görünmür" söyləyəndə rejissorun gözü gülmüşdü ki, ay qız, öldürdün məni, bunu bayaqdan elə də, əladır, elə bu cür danış, lap təbii də alınır.

Gənc Nəsibə yaşlı qadın cildinə o gündən necə girdisə, sonrakı onillərdə onun yaratdığı Tükəz də, Kəblə Fatma da, Cəhrə xala da, Cənnət... də təbii gözəlliyi və inandırıcılığı ilə görən hər kəsi sehrlədi. Ancaq bu səmtdə ona ilk qiyməti verən Üzeyir bəy olmuşdu.

Üzeyir bəylə qan qohumu - xalanəvəsi olmaqdan savayı, Şəmsini böyük bəstəkara bağlayan həm də ustadın bilavasitə tələbəsi olması, konservatoriyada ondan dərs alması idi. Həmin səbəbdən də nə qədər ki Üzeyir bəy həyatda idi, Şəmsi hər böyük işini ilkin olaraq ona göstərməyi həm borc, həm daxili ehtiyac hesab edirdi.

Artıq tamamlanmış "Müsyö Jordan"a baxan Üzeyir bəyin diqqətini Xanpəri surəti yaman çəkir. Şəmsidən soruşur ki, bu yaşlı aktrisanı hardan tapmısan, niyə indiyəcən ondan xəbərimiz olmayıb? Şəmsi cavab verir ki, yaşlı deyil, cavanca qızdır. Üzeyir bəy Şəmsiyə təəccüblə baxır. "Üzeyir bəy, Cahangirin qızıdır". "Hansı Cahangirin?" "Cahangir Zeynalovun".

Üzeyir bəy dalğınlaşır, kövrələrək: "Ot kökü üstündə bitər", - deyir.

Bu əhvalatı Şəmsi müəllim də danışardı, elə bu düzümdə Nəsibə xanım da oğlu Cahangirə söyləyibmiş, Cahangir də mənə nağıl etdi.

Cahangir Zeynalov zəngin adam olub, ancaq onun sərvətindən nə yeganə qızına, nə də nəvəsinə, onların özlərinin də dediyi kimi, bircə çöp də qalmayıb. Amma istedad ki qalıb, şərəfli ad ki qalıb, iftixar ki qalıb.

Nəsibə xanıma qəni-qəni rəhmət, balasına atasının adını vermişdi. Cahangir Novruzov da anası kimi, babası kimi həyatını teatra həsr etdi, Xalq artisti mərtəbəsinədək ucaldı, bu gün də nəslin şanlı sənət estafetini ləyaqətlə davam etdirməkdədir.

Bir dəfə Cahangirə təklif etdim, "gecdir" söylədi, amma zənnimcə, gec-zad deyil, bu istəyə əməl olunarsa, Nəsibə xanımın da, Kərbəlayı Cahangirin də ruhu şad olar. Umuram ki, artıq görkəmli rejissor və aktyorlarımız cərgəsində öz yeri olan Cahangir Novruzov ikili soyad daşısın, babası ilə sadəcə adaş yox, ikiqat adaş olsun - Cahangir Zeynal Novruzov!

...Gözəl "İsmailiyyə" yenə əvvəlki əzəməti ilə ucalır. Orda 1918-ci ildə "Azərbaycan Xeyriyyə Cəmiyyəti" qərar tutmuşdu və 1918-ci ilin 9 martında Cahangir Zeynalov orda qurulmuş səhnədə "Hacı Qara"da son dəfə rol oynamışdı. Yenə əsas surəti - Hacı Qaranı ifa etmişdi. Yenə ötən illərdə olduğu kimi ehtirasla, həvəslə oynamışdı.

Və təbii ki, tamaşa edənlər hamısı keçmiş illərdə olduğu kimi, yenə məftun idi, yenə coşqu ilə alqışlayırdılar. Ancaq kimsəyə əyan deyildi ki, bu, vida tamaşasıdır. Bir neçə gün ötəcək, Bakıda ermənilər azərbaycanlılara qarşı quduz qırğınları başladacaq, 1918-ci ilin mart soyqırımı çox insanların həyatını əlindən alacaq.

Cahangir Zeynalov Bakıdakı qarışıqlıq ərəfəsində həyat yoldaşı və körpə Nəsibəsiylə şəhərdən çıxmışdı. Kərbəlayı Cahangirin zövcəsi Hüsniyyə xanımın atası ticarət işləri ilə əlaqədar İranda, Ənzəlidəymiş. Bunlar da ara sakitləşənəcən, ta oktyabr ayınacan orda qalmışdılar.

Onlar "Ərdəhan" adlı gəmi ilə Bakıya sarı istiqamət götürəndə artıq erməni zülmü də sona yetmişdi, Azərbaycanda da Cümhuriyyət qurulmuşdu. Ancaq Bakıya çatmağa az qalmış Xəzərin dəliliyi tutur. Günlərcə sakitləşmək istəməyən qasırğa başlanır. Dənizdəki təlatüm imkan vermir ki, gəmi sahilə yaxınlaşsın. Düz səkkiz gün mühasirədəymişlər kimi vahiməli dənizdə fırlana-fırlana, qorxu, təlaş caynağında qalırlar. Gəmidə ərzaq lap azalır, su da tükənir. Natəmizlikdən gəmidəkilərin arasına cürbəcür yoluxucu xəstəliklər düşür. Yer balaca, məkan qapalı, istər-istəməz xəstəlikləri də əlüstü bir-birlərinə ötürürlər. Cahangir Zeynalov da həmin "Ərdəhan" gəmisində yatalağa tutulur.

Nəhayət, gəmi lövbərini atır, Bakıya yetişirlər. Ancaq Cahangir Zeynalovun artıq ayaq üstə dayanmağa heyi yoxdu. Son nəfəsinə gəlib çatmışdı. Hələ nə yaşı vardı ki? Hələ Azərbaycan teatrında da, mədəniyyətdə də, ictimai həyatda da çox faydalar verə bilərdi. Ancaq 1918-ci ilin 22 oktyabrında gözlərini əbədi yumur.

Mart ayında ermənilər minlərlə azərbaycanlını qanına qəltan etdikləri qırğınları törətmişdilər. Cahangir Zeynalova erməni gülləsi açılmadı, erməni xəncəri sancılmadı. Ancaq o da ermənilərin törətdiyi həmin soyqırımının zərbə dalğasının qurbanı oldu.

Həyatla vida astanasında olduğu günlərdə, güman ki, Cahangir Zeynalovun gözlərinin önündən bütün həyatı keçmişdi. Həyatının bütün günlərini yaddaşında sıralayarkən, əlbəttə ki, o əziz günü - yaradıcılığının 25 illiyinə həsr olunmuş axşamı da xatırlamamış olmazdı. O əziz axşamda "Günəş" qəzetinin də təbriki oxunmuşdu: "Günəş"çilər "Sağ olunuz!" deyirdilər, "Siz öz müqəddəs məsləyinizdə davam edib də bundan sonra da səhnədən əl çəkməyiniz, çalışınız!" çağırışını edirdilər, "Səhnə aynadır, ayna nə qədər böyük və geniş olar isə, o qədər artıq nəfi (faydası - R.H.) olar" deyirdilər.

Və "Günəş" qəzeti, təbii ki, yalnız öz adından deyil, Cahangir Zeynalova borclu və minnətdar olan bütün tamaşaçıların dilindən vəd edirdi: "Millət sizi unutmaz!"

O millət vədi qüvvədədir. Möhtərəm sənətkar, böyük ustad, Sizi unutmuruq!

18 mart 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see172

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see109

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see109

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see109

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see107

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri