Icma.az
close
up
RU
Metyu Brayza: Orta Dəhliz ənənəvi tranzit marşrutlarına real alternativ olmaq şansına malikdir MÜSAHİBƏ

Metyu Brayza: Orta Dəhliz ənənəvi tranzit marşrutlarına real alternativ olmaq şansına malikdir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və beynəlxalq ekspert Metyu Brayza ilə müsahibəni təqdim edir.

- Cənab Brayza, Orta Dəhliz (Middle Corridor) termini hələ geniş yayılmamışdan əvvəl Xəzərdən Aralıq dənizinədək uzanan region ABŞ üçün hansı strateji əhəmiyyətə malik idi?

- Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında, oradan isə Qara dəniz və Aralıq dənizinədək olan əlaqə uzun illərdir ABŞ üçün strateji önəm daşıyır. Bu, xüsusən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qafqaz Boru Kəmərinin (CQBK) yaradılması zamanı aydın görünürdü. Həmin layihələr ABŞ-ın güclü siyasi dəstəyi və ölkələr ilə şirkətlər arasında müvafiq sazişlərin bağlanmasına, investisiyaların reallaşmasına göstərdiyi fəal kömək olmadan həyata keçə bilməzdi. Zaman keçdikcə bu dəhliz genişlənərək Bakı-Tbilisi-Qars dəmir yolunu, həmçinin Çin, Qazaxıstan, eləcə də Azərbaycanın qarşılıqlı əməkdaşlığını da əhatə etdi. Bu, yüklərin əvvəlcə dəmir yolu ilə daşınıb sonra gəmilərə yüklənməsinə imkan verərək, faktiki olaraq bu gün Orta Dəhliz adlandırdığımız marşrutun əsasını qoydu.

- Sizin fikrinizcə, ABŞ-ın hazırda Orta Dəhlizin inkişafında iştirak səviyyəsi necə xarakterizə oluna bilər?

- Orta Dəhlizin formalaşmasının ilkin mərhələlərində ABŞ bu prosesdə yüksək maraq göstərmiş və fəal iştirak etmişdir. Lakin Tramp administrasiyası dövründə bu istiqamətə diqqət azaldı və aydın strateji baxış müşahidə olunmadı. Bu sahədə lazımi səviyyədə koordinasiya olmadığı üçün ABŞ-ın fəal şəkildə iştirakı məhdudlaşdı. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı ikinci müdaxiləsindən sonra Orta Dəhliz Avropa üçün daha da önəm qazandı. Münaqişə bir çox geosiyasi və logistika hesablamalarını dəyişdirdi və Avropanı enerji və yük daşımaları üçün alternativ marşrutlar axtarmağa sövq etdi.

- İsrail ilə İran arasındakı münaqişə Orta Dəhlizə təsir göstərə bilərmi?

- Hazırda İran-İsrail münaqişəsi Orta Dəhlizə birbaşa təsir göstərmir və bu, şübhəsiz ki, müsbət haldır. Lakin əgər Hörmüz boğazı vasitəsilə neft ixracatında fasilə yaranarsa və ya İran Körfəz ölkələrinin neft infrastrukturuna hücum edərsə, bu, qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb ola bilər. Mən Orta Dəhlizin hücum hədəfinə çevrilməsini gözləmirəm.

- Azərbaycan Orta Dəhliz çərçivəsində hansı rolu oynayır?

- Azərbaycan Orta Dəhlizin mərkəzində yerləşir. Marşrut sözün əsl mənasında ölkənin ərazisindən keçir. Ələt Limanının imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır və bu, nikbinlik yaradır.

- Orta Dəhlizin potensialını tam reallaşdırmaq üçün hansı investisiyalar tələb olunur?

- Azərbaycan artıq Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt Limanının genişləndirilməsinə investisiyalar yatırır. İnvestisiyalar təkcə infrastrukturun inkişafına deyil, həm də limanların işinin səmərəliliyinin artırılmasına və işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə yönəldilməlidir. Dünyada logistikanın rəqəmsallaşdırılması üzrə qlobal meyillər güclənir — yüklərin rəqəmsal sənədləşdirilməsi, süni intellekt və “ağıllı” sistemlər kimi alətlər dəhlizin funksionallığını əhəmiyyətli dərəcədə artıra bilər. Rusiya üzərinə sanksiyalar qüvvədə qaldığı müddətcə, xüsusilə də Rusiya ərazisindən keçən daşımalarla bağlı risklər nəzərə alındıqda Orta Dəhlizin ənənəvi tranzit marşrutlarına real alternativə çevrilmək üçün ciddi imkanı var.

- Dəhlizin inkişafında regional tərəfdaşlığın rolu nədən ibarətdir?

- Azərbaycan, Qazaxıstan və Özbəkistanın yalnız logistika və nəqliyyat sahəsində deyil, həm də daha geniş iqtisadi kontekstdə əməkdaşlığı dərinləşdirmək istəyi çox müsbət siqnaldır. Bu, təkcə bu ölkələrin özləri üçün deyil, o cümlədən Türkiyə kimi tərəfdaşları üçün də faydalıdır.

- Sizcə, yükdaşıma və enerji sahələrindən başqa dəhlizin inkişafında yeni istiqamətlər yaranırmı?

- Bəli. Orta Dəhliz artıq yalnız fiziki məhsullarla məhdudlaşmır. Məlumat ötürülməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanı Qazaxıstan və Türkmənistanla birləşdirəcək sualtı fiber-optik kabellərin Xəzər dənizi vasitəsilə çəkilməsi istiqamətində fəal işlər aparılır. Artıq beynəlxalq razılaşmalar imzalanıb və “AzerTelecom” kimi şirkətlər bu marşrut boyunca internetin sürətini əhəmiyyətli dərəcədə artıracaq və məlumat ötürülməsində gecikməni azaldacaq infrastruktur layihələrinə sərmayə yatırmağı planlaşdırırlar. Bu rəqəmsal qat təkcə Orta Dəhlizi deyil, həm də potensial olaraq cənub istiqamətində Körfəzədək uzanacaq.

- Bərpaolunan enerji sahəsindəki layihələr Azərbaycanın Orta Dəhlizdə əsas oyunçu kimi əhəmiyyətini necə artırır?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün coğrafi mövqeyinin ölkəni nəqliyyat-logistika mərkəzinə çevirmək üçün böyük imkanlar yaratdığını çox erkən dərk edən ölkələrdən biri olub. Bu, təkcə neft və qaz sahəsində deyil, həm də rəqəmsal infrastruktur və bərpaolunan enerji istiqamətlərində də keçərlidir. Hazırda günəş və külək enerjisinin, o cümlədən Xəzər dənizində quraşdırılacaq külək elektrik stansiyalarının inkişafı ilə bağlı layihələr hazırlanır. Burada külək şəraiti dünyanın ən sabitləri sırasındadır. Eyni zamanda, Azərbaycanın Gürcüstan, Rumıniya və daha sonra Qara dəniz vasitəsilə Avropa ilə, eləcə də şərq istiqamətində Xəzər dənizi üzrə Qazaxıstanla birləşdirilməsi üçün enerji kabellərinin çəkilməsi layihələri də irəli sürülüb.

- Bu layihələrin reallaşması üçün nə tələb olunur?

- Bu layihələrin kommersiya və investisiya baxımından səmərəliliyini qiymətləndirmək üçün əlavə araşdırmalar və texniki-iqtisadi əsaslandırmalar olduqca vacibdir. Avropa İttifaqı (Aİ) Azərbaycandan bərpaolunan enerjinin idxalına artan maraq göstərir, lakin bu cür layihələr maliyyə baxımından dayanıqlı olmalıdır.

Bundan əlavə, Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Strateji Enerji Tərəfdaşlığı çərçivəsində qarşıya qoyulmuş ortaq hədəfə yəni, Azərbaycan qazının Aİ-yə ixracının ikiqat artırılmasına nail olmaq üçün Avropa Komissiyası təbii qazdan istifadəni qarşıdakı onilliklər ərzində davam etdirmək niyyətində olduğunu aydın şəkildə bəyan etməlidir. Əks halda, Azərbaycanda qaz hasilatının artırılması və Avropaya ixracı üçün zəruri olan investisiyaları cəlb etmək mümkün olmayacaq və nəticədə Aİ daha çox kömür — ən çirkli yanacaq növü — yandırmağa məcbur qalacaq. Bu planların reallaşmasına töhfə vermək üçün Azərbaycanın edə biləcəyi ən yaxşı şey — Avropa tərəfdaşları ilə, istər özəl investorlarla, istərsə də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) kimi institutlarla daha sıx əlaqələr qurmaqdır. Bu institutlar tələb olunan vəsaitin bir hissəsini təmin edə bilər və bu da öz növbəsində özəl sektorun daha böyük həcmdə sərmayə yatırmasına şərait yarada bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri