ABŞ Konqresində növbəti anti Azərbaycan təşəbbüsü
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənipərəstlər yenidən “fəallaşıblar”
Köhnə hamam, köhnə tas. Hər halda, bu atalar misalımızın olduğunu bilməyən tapılmaz. Əlbəttə, deyə bilmərik ki, ABŞ-da oxşar el deyimləri var, ya yoxdur. Əgər yoxdursa, təcili yaranmalıdır. Çünki piştaxtalarda üç-dörd gün qalaraq solmuş göyərtilərə bənzər mənasız konqresmen dəstəsinə əməllərinin məhz bu deyimi xatırlatdığı bildirilməlidir. Hərçənd, onlara hansısa məsxərənin təsir göstərəcəyi şübhəlidir. Axı belə saralmış “göy dəstələrinin” çirkin piştaxtalarda hazırlanmış sərsəm tezisləri var. O tezislər ki, vaxtaşırı təkrarlanır.
Bəli, ABŞ-ın bəzi konqresmenləri çirkin mahiyyət daşıyan anti-Azərbaycan fəaliyyət gerçəkləşdirməkdən yorulmurlar. Necə də yorulsunlar, axı onları yaramaz əməllərinə həvəsləndirənlər var. Söhbət Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının nümayəndələrindən gedir. O şəxslər ki, təmsil etdikləri qurumların Cənubi Qafqazda sülhün qərarlaşmasına maneçilik törətmək məqsədi daşıyan ambisiyalarını reallaşdırmaq istəklərindən daşınmırlar.
Deməli, ABŞ Konqresinin 100-dən çox üzvü, o cümlədən 26 senator və Nümayəndələr Palatasının 75 təmsilçisi ölkənin Dövlət katibi Marko Rubionu Azərbaycana hərbi yardımın göstərilməsini dayandırmağa çağırıb. Bu tör-töküntü yığınının gətirdiyi səbəb də var. Sən demə, Bakıda erməni əsirlər qanunsuz saxlanılırmış, onlara qarşı məhkəmə hömkləri də eyni mahiyyət daşıyırmış, erməni xristian irsi məhvə məruz qalırmış və Ermənistanın suveren ərazilərinin işğalı davam edirmiş.
Bir qədər əvvəl bu sayaq “çağırışların” Birləşmiş Ştatlardakı erməni lobbi və diasport təşkilatlarının yastığının altından çıxdığını vurğuladıq. Konkretləşdirək ki, konqresmenlərin M.Rubioya hazırkı müraciəti Amerikanın Erməni Milli Komitəsinin (ANCA) dəstəyi ilə hazırlanıb və bu işdə senatorlar Qari Pitersin, Adam Şiffin, eləcə də Nümayəndələr Palatasının üzvləri - Qas Bilirakisin və Frenk Pallonenin əli var. Onu da deyək ki, Senatın demokrat azlığının lideri Çak Şumer də adlarını çəkdiyimiz stajlı ermənipərəstlərin sərsəm təşəbbüslərinə qoşulub.
Yeri gəlmişkən, ANCA-nın icraçı direktoru Aram Hambaryan məsələ ilə əlaqədar açıqlamasında bildirib ki, ABŞ Konqresi öz mövqeyini ikipartiyalı əsasda ifadə edib. Onun sözlərinə görə, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində erməni girovların azadlığa çıxmalarını tələb edən qətnamənin 7 əleyhinə səsə qarşı 44 qanunvericinin dəstəyi ilə qəbulundan sonra 25-dən çox ştatdan, təxminən, 100 konqresmen Tramp administrasiyasını “Azadlığa Dəstək Aktı”nın (Freedom Support Act) 907-ci maddəsinin tətbiqinə, Azərbaycana silah tədarükünü və yardım göstərilməsini dayandırmağa çağırıb. Necə deyərlər, xoruzun quyruğu görünür.
Yayılmış məlumatlarda da konqresmenlərin hazırladıqları sənədin Ağ Ev administrasiyasının Azərbaycana ABŞ-ın yardımını məhdudlaşdıran “907”nin qüvvəsinin dayandırılmasını uzatmaq qərarı ilə bağlılığı vurğulanıb. Qeyd edək ki, D.Tramp ikinci dəfə prezident seçildikdən sonra - 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşü əsnasında sözügedən məhdudiyyətlərin qüvvəsini dayandırmışdı. 2026-cı ilin iyulunda isə o, Konqresi eyni addımı atmaq niyyəti barədə məlumatlandırıb. Heç şübhəsiz, hazırda koqresmenlər və onları ortaya atan erməni lobbisi Trampın mövqeyini dəyişdirməyə ümidlidir. Onların, ümumən, “907”yə dair mövzunun gündəmdən düşməsinə maneçilik yaratdıqları da aşkardır.
Əlqərəz, A.Hambaryan, eyni zamanda, deyib ki, Tramp administrasiyasının Bakıya qarşı məhdudiyyətləri aradan qaldırmaq qərarı sülh prosesinə xələl gətirir, Azərbaycan dövlətini erməni əsirlərin saxlanılmasını davam etməyə, xristian kilsələrini dağıtmağa, Ermənistan ərazilərində hərbi mövcudluğunu qoruyub saxlamağa və erməni qaçqınların Qarabağa təhlükəsiz qayıtmalarına maneçilik törətməyə həvəsləndirir.
Göründüyü kimi, mövzunun Qarabağ motivi, başqa sözlə desək, işğalçılığa hesablanmış avantüra mahiyyəti də var. Heç şübhəsiz, koqresmenlər üçün də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin pozulmasının yolverilməzliyi, mövcud xüsusda beynəlxalq hüquq prinsiplərinə riayət hansısa əhəmiyyət daşımır. Hambaryanlardan aldıqları ənam və bəxşişlər onların gözlərini kor, düşüncələrini iflic hala salıb.
Bu iflic və rəzil zombilər müraciətlərində onu da bildiriblər ki, “907”nin qüvvəsinin dayandırılması Azərbaycanı erməni hərbi əsirlərinin azadlığa çıxmaları istiqamətində addımlar atmağa sövq etməyib. Sən demə, ölkəmiz dayandırılma müqabilində Qarabağdakı keçmiş separatçı rejimin özlərini “prezident”, “nazir”, “dövlət naziri” və sair bu kimi qondarma vəzifələrdə təsəvvürə gətirib insanlığa qarşı çoxsaylı cinayətlər törədənləri sərbəst buraxacaqmış. Sanki rəsmi Bakı nə zamansa öhdəlik götürüb. Əlbəttə, belə bir öhdəlik mümkün deyil. Ən azından ona görə ki, Azərbaycan heç bir dövlətin, o cümlədən ABŞ-ın nə hərbi, nə də digər təyinatlı yardımına ehtiyac duyur. Həmçinin illər ərzində “907”nin qüvvədə qalması ölkəmizi hansısa formada geri salmaq iqtidarında olmayıb.
Əlbəttə, ölkəmiz üçün sözügedən düzəlişin tamamilə aradan qalxması önəmlidir. Önəmlidir, çünki məsələnin mənəvi anlamı var. Azərbaycan özünə qarşı ədalətsizlik təzahürlərinin sıradan çıxmasında, xüsusən, ABŞ-da 1992-ci ildə, yəni torpaqlarımızın işğal altında olduğu bir dövrdə qəbul edilmiş dövlət sənədinin təkcə qüvvəsinin dayandırılmasında yox, tamamilə ləğvində maraqlı və israrlıdır. Rəsmi Bakı məsələyə həm də özünün Vaşinqtonla münasibətləri kontekstində yanaşır və mövqeyimiz belədir ki, əlaqələrdə bərabərtərəfliliyin, inam və etimadın qorunması, strateji xəttin saxlanılması naminə “907” və ona bənzər haqsız yanaşmalar olmamalı, ABŞ-ın heç bir administrasiyası bu kimi sərsəm sənədlərə söykənib Azərbaycana təzyiq göstərməyi nəinki düşünməməli, heç ağlının ucundan da keçirməməlidir. Amma...
“Əmması” konqresmenlərin birgə müraciətinin növbəti tezislərindədir. Hiss olunur ki, ermənipərəstlər Tramp administrasiyasının Cənubi Qafqazla bağlı yanaşmasına fokuslanırlar. Onların “Azərbaycanın qeyri-ardıcıl davranışı regionda ədalətli və davamlı sülhün qərarlaşması perspektivlərini təhlükə altına qoymasından” keçirdikləri saxta narahatlıq hissi də buna hesablanıb. Belə qənaət hasil olur ki, konqresmenlər ölkəmizi Birləşmiş Ştatların regional barış təşəbbüslərinə əngəl törədən tərəf qismində göstərməkdə israrlıdırlar. Yeri gəlmişkən, bu “israrlılığın” bir müddət əvvəl qeydə alınmış daha bir təzahürü var.
Yada salaq ki, ötən ayın sonunda senator, Demokraylar Partiyasının Vermontdan olan nümayəndəsi Piter Uelç Şimali Karolinanı Respublikaçılar Partiyasında təmsil edən Tom Tillis və daha bir demokrat, virciniyalı Tim Keynlə birgə Dövlət katibi M.Rubioya müraciət ünvanlamış, sənəddə ABŞ-ın Cənubi Qafqaz regionunda sülhün qərarlaşmasına yardım məqsədilə “Azərbaycanda saxlanılan 300-dən çox siyasi məhbusun azadlığa çıxmasını təmin etməli” olduğunu bildirmişdi. Senatorlar ölkəmizdə, guya, davam edən özbaşına həbslər və lazımi hüquqi prosedurların təmin olunmaması praktikasından narahatlıqlarını vurğulamış və nəticəyə gəlmişdilər ki, sən demə, Vaşinqton ilə Bakı arasında ikitərəfli münasibətlərin uğuru Azərbaycanın siyasi məhbusların azad edilməsi də daxil olmaqla, qarşılıqlı və vicdanlı öhdəliklər götürüb-götürməyəcəyindən asılıdır. Onlar müraciətlərində, həmçinin, ABŞ-Azərbaycan tərəfdaşlığının uğurlu inkişafının demokratik institutların möhkəmləndirilməsinə, qanunun aliliyinə və fundamental hüquqların müdafiəsinə sadiqlik üzərində qurulmalı olduğu fikrini tirajlamışdılar. Əlbəttə, bu senator tör-töküntüləri də “907”yə köklənməyi yaddan çıxarmamış və Prezident Trampı sözügedən maddənin qüvvəsinin dayandırılması qərarından daşındırmağa səsləyən ritorikaya üstünlük vermişdilər. Eynilə hazırda anti-Azərbaycan mövqelərini satışa çıxarmış konqresmenlər kimi.
Sonda bir məqamı da vurğulayaq. Əvvəldə “köhnə hamam, köhnə tas” deyimini təsadüfən xatırlatmadıq. Eləcə də M.Rubioya ötən ayın sonunda ünvanlanmış müraciəti xatırlatmağımızda məqsəd var. Belə görünür, son aylarda ABŞ-dakı anti-Azərbaycan təmayüllər, bir növ, kampaniya ovqatına köklənib. Bu kökləniş, hər bir halda, zərərlidir. Ümid edirik ki, Birləşmiş Ştatlar administrasiyası bu sayaq səfeh köklənişlərə münasibətdə dirəniş göstərəcək, cəfəng mahiyyətli qanunvericilik təşəbbüslərinin reallaşmasına yol verməyəcək, mövcud istiqamətdə müvafiq tədbirlər görəcəkdir.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















