Milli Məclisin iclasında bir sıra qərar layihələri qəbul edilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aprelin 11-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 4-dən 7-dək Özbəkistan Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin, Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.
Spiker xatırladıb ki, bu gün Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir.
Milli Məclisin sədri qeyd edib ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Daşkənddə Heydər Əliyev Meydanında olublar. Orada nümayəndə heyəti Ulu Öndərin abidəsini ziyarət edib və onun əziz xatirəsini ehtiramla yad edib.
Spiker bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlarından 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə iştirak edib. Azərbaycanın sədrliyi ilə konfransda “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb. Həmin tədbirdəki giriş nitqində spiker Sahibə Qafarova Qoşulmama Hərəkatının təməlində dayanan Bandunq prinsiplərinin bu gün üçün əhəmiyyətindən danışıb.
O, qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.
Milli Məclisin sədri 2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladıb. O, vurğulayıb ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkatın üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib.
Həmin tədbirdə spiker cənab Prezidentin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri olduğunu bildirib. Konfransdakı çıxışında o, Parlament Şəbəkəsinə rəhbərlik etdiyi 3 il ərzində görülmüş işlər haqda danışıb.
Qeyd edib ki, ilk növbədə, ötən dövr ərzində Şəbəkənin institusional inkişafı üzrə mühüm addımlar atılıb. Belə ki, Büro və 4 daimi komitə yaradılıb, Şəbəkənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində nizamnaməyə müvafiq dəyişikliklər edilib.
Qeyd olunan dövrdə Parlament Şəbəkəsinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədilə 8 təşkilatla əməkdaşlıq memorandumları imzalanıb, 6 təşkilatda müşahidəçi statusu əldə edilib. Hazırda 7 təşkilat da Parlament Şəbəkəsində müşahidəçi statusuna malikdir.
Spiker bildirib ki, konfransda təşkilati məsələlərə də baxılıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Milli Məclisin sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi qərara alınıb.
Konfransın yekununda Daşkənd Bəyannaməsi də qəbul olunub. Bəyannamədə digər mühüm məsələlərlə yanaşı, Qoşulmama Hərəkatına üzv dövlətlərdə yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan İcmasının sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə ata-baba torpaqlarına qayıtmaq hüququna dəstək ifadə edilib. Spiker xatırladıb ki, Asiya Parlament Assambleyasından sonra bu ikinci dəfədir ki, Azərbaycanın sədrlik etdiyi beynəlxalq parlament təşkilatının bəyannaməsində – Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Qərbi Azərbaycan mövzusu öz əksini tapıb.
Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının isə “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edildiyini deyən Milli Məclisin sədri həmin Assambleyadakı çıxışında bu günün aktual məsələləri, o cümlədən dünyada baş verən münaqişələr və geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, ekoloji və digər çağırışlar, sosial inkişaf məsələləri və onların həlli yolları barədə fikirlərini bölüşdüyünü diqqətə çatdırıb.
O, tədbirdəki çıxışında xüsusən sosial inkişaf məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və nailiyyətləri haqqında geniş məlumat verib. Konstitusiyamızın müvafiq müddəalarına uyğun olaraq, parlament tərəfindən müxtəlif sahələrə aid əsas qanunların qəbul edildiyini və mövcud qanunların daim təkmilləşdirildiyini bildirib.
Spiker qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclası da olub. Spiker həmin iclasda Assambleyanın bu ilin fevral ayında Bakıda keçirilmiş 15-ci plenar iclasının yekunlarının əlverişli imkanlar yaratdığını bildirib. O, Azərbaycanın sədrliyi dövründə irəli sürülən prioritetlər barədə də danışıb.
Bu prioritetlər Asiya Parlament Assambleyasının institusional imkanlarının inkişafı, üzvlərin sıralarının genişləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması ilə bağlıdır. O, həmçinin qeyd edib ki, Asiya Parlament Assambleyası konstruktiv dialoq və əməkdaşlıq üçün mühüm çoxsahəli bir qurumdur.
Spiker işgüzar səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdən də danışıb. Qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, parlamentlərimizin geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib.
Bundan başqa, spiker qeyd edib ki, o, 9 ikitərəfli görüş də keçirib. Parlamentlərarası İttifaqın Baş katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin sədri(İCAPP), Rusiya, Pakistan, Bəhreyn, İsrail, Mərakeş parlamentlərinin sədrləri, Tolerantlıq və Sülh Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Konfransın ikinci günündə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı, eləcə də Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandumlar da imzalanıb.
Milli Məclisin sədri Özbəkistan Respublikasına işgüzar səfərin uğurlu olduğunu diqqətə çatdırıb və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Səyyad Salahlı, Elman Nəsirov, Rizvan Nəbiyev, Azay Quliyev, Sahib Alıyev, Müşfiq Məmmədli, Tural Gəncəliyev, Kamal Cəfərov, Ceyhun Məmmədov çıxış ediblər.
Çıxışlar zamanı aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısının söylədiyi strateji əhəmiyyətli fikirlərə münasibət bildirilib.
Qeyd olunub ki, Prezident öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələ barədə açıqlamasında sülh tərəfdarı olan ölkəmizin sülh müqaviləsinə dair 5 baza prinsipinin müəllifi olduğunu, Ermənistanın isə sülhdən danışaraq, eyni zamanda silahlandığını, sərhəddə mütəmadi olaraq atəşkəsi pozduğunu bildirib. Dövlət başçımızın öz açıqlamalarında toxunduğu digər məqamların, o cümlədən Türkiyə-İsrail münasibətlərinin normallaşmasında ölkəmizin rolu, bəlli səbəblərdən Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarları tanımadığı, USAİD-in fəaliyyətinin məqbul hesab edilmədiyi və bununla bağlı araşdırmaların aparıldığı barədə fikirlərin, habelə hazırda dünyada gedən proseslərlə bağlı verdiyi mesajların, ortaya qoyduğu mövqeyin Azərbaycanın milli maraqlarına uyğun olduğunu söyləyiblər.
Vətən müharibəsində Qələbəmizdən sonra Prezident İlham Əliyevin düşünülmüş siyasi, hərbi, diplomatik strategiyasına uyğun regionda yeni reallıqlar yarandığını deyən millət vəkilləri, bu nöqteyi-nəzərdən ölkəmizdə son vaxtlarda keçirilən beynəlxalq səviyyəli tədbirlərin dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, elm adamlarının aktual məsələlərə dair mövqeyinin öyrənilməsi baxımından əhəmiyyətindən bəhs ediblər. Bu gün Azərbaycanın yeni dünya düzəninin formalaşmasına təsir göstərdiyini, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində səmərəli fəaliyyət göstərdiyini xüsusilə qeyd ediblər.
Bununla yanaşı, deputatlar bugünlərdə spiker Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri zamanı müzakirəyə çıxarılan mövzuların önəmindən söhbət açıblar. Bunu, eyni zamanda parlament diplomatiyası sahəsində əldə edilən uğurların bariz nümunəsi kimi dəyərləndiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda olduğu müddətdə nümayəndə heyətimizin hər addımda hörmət və ehtiramla qarşılandığını bildirib. Bütün bunların möhtərəm cənab Prezidentə, Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyə olan yüksək münasibətin nəticəsi olduğunu vurğulayıb.
Spiker çıxışların əksəriyyətinin ADA Universitetində keçirilmiş beynəlxalq forumla bağlı olduğunu deyərək və burada səslənən fikirlərin önəmini nəzərə alaraq, sosial şəbəkələr, media vasitəsilə, o cümlədən Milli Məclisin YouTube kanalında “Dəyirmi masa” təşkil olunaraq, bu məsələlərin geniş ictimaiyyətə çatdırılmasını təklif edib.
Müzakirələrdə millət vəkilləri bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 22 məsələnin daxil edildiyini, ilk 6 məsələnin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, möhtərəm cənab Prezidentin təqdimatına əsasən, Xanlar Rüstəm oğlu Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılmalıdır.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Xanlar Vəliyevin Azərbaycanın hüquq-mühafizə sistemində tanınmış şəxs olduğunu, onun prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışdığını, o cümlədən Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyini, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğunu diqqətə çatdırıb. Ölkə Prezidentinin Xanlar Vəliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini, onun Azərbaycan Respublikasının Əməkdar hüquqşünası adına layiq görüldüyünü, “Vətənə xidmətə görə” I və II dərəcəli ordenlərlə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi xidmətlərə görə” medalla təltif edildiyini bildirib.
X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker nəzərə çatdırıb ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Milli Məclisin iclasında and içməlidir.
Konstitusiya Məhkəməsinin yeni təyin olunmuş hakimi Xanlar Vəliyev çıxış edərək onun bu vəzifəyə təyin olunması ilə bağlı Milli Məclisə müraciət etdiyinə görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib. O, eyni zamanda, Milli Məclisin sədrinə və millət vəkillərinə bu məsələyə səs verdikləri üçün təşəkkür edib. Sonra Xanlar Vəliyev iclasda and içib.
Parlamentin sədri Sahibə Qafarova növbəti 5 məsələnin cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı olduğunu deyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.
Bildirilib ki, təqdimatlara əsasən, namizədlərdən 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinin hakimləri, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, hakim vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin tutduqları vəzifədən azad olunması təqdimatlarda öz əksini tapıb.
Nizami Səfərov qeyd edib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında nəzərdə tutulan istiqamətlər üzrə Məhkəmə Hüquq Şurası tərəfindən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üçün ardıcıl və səmərəli fəaliyyət həyata keçirilir. Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hakim korpusunun böyük təcrübəyə malik, peşəkar hüquqşünaslarla komplektləşdirilməsi nəticəsində onun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılıb. O, qeyd edib ki, maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır. Millət vəkili hakimlərin qiymətləndirmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə elektron məhkəmə informasiya sisteminin tərkibində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün elektron platformanın yaradılmasının nəzərdə tutulduğunu söyləyib.
Təqdim edilən məsələlər ətrafında müzakirələrdə deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Arzuxan Əli-zadə çıxış edərək, məhkəmə-hüquq sistemində aparılan islahatların əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər.
Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov çıxış edərək ədalət mühakiməsinin səmərəliliyini, məhkəmə hakimiyyətinin nüfuzunu artırmaq, hakimlərin müstəqilliyini qorumaq məqsədi ilə ölkənin məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyib. O, dövlət tərəfindən məhkəmə hakimiyyətinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib. Eyni zamanda, Milli Məclisin sədrinə və deputatlara verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Parlamentin spikeri Sahibə Qafarova növbəti 7 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, əvvəlki iki oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, əlavə heç bir təklifin daxil olmadığını deyib, onun dəstəklənməsini xahiş edib.
Sənəd BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.
Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, məsələ barədə hər iki oxunuşda geniş məlumat verildiyini, layihənin mətnində hər hansı dəyişikliyin edilmədiyini söyləyib və onun səsə qoyulmasını xahiş edib.
Sənəddə təklif edilən dəyişikliklərə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq, eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən söz açıb. Komitə sədri sənədin mətnində dəyişikliyin edilmədiyini deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə qanunun Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə digər tədbirlərə dair 17-ci maddəsinə Azərbaycanda közərmə lampalarının istehsalı, idxalı və satışına tam qadağanın tətbiqi ilə əlaqədar əlavənin edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, əvvəlki iki oxunuşdakı müzakirələr zamanı deputatlar tərəfindən layihəyə dair hər hansı qeyd və təklifin irəli sürülmədiyini deyib, onun səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü və 25-ci tövsiyələrinə istinad edilib. Həmin tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi birinci və ikinci oxunuşda geniş müzakirə olunub, əlavə rəy və təklif daxil olmayıb, komitə tərəfindən üçüncü oxunuşa tövsiyə edilib.
Sənəd həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları dövlət orqanları tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri bu layihə ilə bağlı hər hansı qeyd və təklifin edilmədiyini deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi, lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması, yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və digər dəyişikliklər nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) mahiyyətini diqqətə çatdırıb. Əvvəlki oxunuşlar zamanı məsələ barədə geniş məlumat verildiyini deyən komitə sədri, layihənin aviasiya təhlükəsizliyi ilə bağlı vacib sənəd olduğunu bildirib.
Layihə Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və "Aviasiya haqqında" Qanunun icrası məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verib. O, layihəyə əsasən, üç qanunda, o cümlədən "Dövlət rüsumu haqqında", "Fitosanitar nəzarəti haqqında" və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsinin nəzərdə tutulduğunu bildirib.
Nəzərə çatdırılıb ki, "Lisenziyalar və icazələr haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən digər qanunlarda əks edilir. Qanuna 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 28-ci, 29-cu, 30-cu maddələri isə fitosanitar nəzarəti ilə bağlı icazə növlərini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq, təqdim olunan qanun layihəsində "Fitosanitar nəzarəti haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda istifadə olunan termin və ifadələrin (o cümlədən icazə sənədlərinin adlarının) "Lisenziyalar və icazələr haqqında" qanuna uyğunlaşdırılması həyata keçirilir, "Lisenziyalar və icazələr haqqında" qanunda "idxal karantin icazəsi" icazə növü nəzərdə tutulmadığından onunla bağlı müddəalar müvafiq qanunlardan çıxarılır, "daxili karantin sertifikatı" ilə bağlı müddəalar sahəvi qanuna daxil edilir və tənzimlənməsi həyata keçirilir, sənədin dövlət rüsumu tutulmadan verilməsi təsbit olunur, habelə uyğunlaşdırma xarakterli digər düzəlişlər nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yarandığını və sənəddə nəzərdə tutulan dəyişikliklərin reklam fəaliyyətindəki yeniliklərlə bağlı olduğunu söyləyib.
Bildirilib ki, layihədə “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilir. Bununla yanaşı, reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir. Sənəddə, həmçinin təklif olunur ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə müvafiq lisenziyanın və sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Qeyd olunub ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov təqdim edilən sənədin bu komitələr tərəfindən dəstəkləndiyini bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti məsələ - “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, layihədə qanunun 8 maddəsinə humanist xarakterli 11 dəyişiklik təklif olunub. Sənəd sosial xidmətə götürülən şəxslərin dairəsinin genişlənməsi, göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri qeyd edib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib və dəyişikliklərə dair deputatlar tərəfindən heç bir təklif bildirilməyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin 17-ci məsələsi olan “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri qeyd edib ki, təqdim edilən qanun layihəsi birinci oxunuş zamanı ətraflı müzakirə edilib. O, deputatların layihənin müzakirəsi zamanı qaldırdıqları məsələlərə aydınlıq gətirib, təkliflərinə münasibət bildirib.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Növbəti qanun layihəsini - “Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. O deyib ki, layihə ilə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verilib və dəyişikliklərə dair heç bir təklif bildirilməyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Buna əsasən də layihədə müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiqi nəzərdə tutulur.
Bundan başqa, layihədə kursantlar tərəfindən hərbi xidmətdə və təhsildə daha yüksək nəticələr əldə edilməsinə səy göstərilməsi, motivasiyanın artırılması məqsədilə "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanuna əlavə edilməsi nəzərdə tutulan 23-1-ci maddəyə əsasən, onlara Qanunun 22-ci maddəsi ilə (bəzi bəndləri istisna olmaqla) müəyyən edilən həvəsləndirmə tətbirlərinin tətbiq edilməsi təklif edilir. Həmçinin kursantların hərbi nizam-intizamının təmin edilməsi üçün Qanuna əlavə edilməsi təklif olunan 48-1-ci maddə ilə kursantlara münasibətdə tətbiq edilən intizam tənbeh tədbirlərinin növləri müəyyənləşdirilir.
Eyni zamanda, kursantların məsuliyyətinin, hərbi təhsilin və xidmətin effektivliyinin artırılması məqsədilə layihədə "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanuna “Kursantın vəzifələri” hissəsi əlavə edilir.
Bundan başqa, layihədə kursant hərbi rütbəsinin əsgər (matros) hərbi rütbəsinə bərabər tutulması, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətlərinin qanunvericiliklə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanması kimi normalar da nəzərdə tutulur. Bunlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də təklif olunur.
Sənədin müzakirəsində deputat Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Ədliyyə orqanlarında aparılan uğurlu islahatlardan, xüsusən məhkəmə qərarlarının icrası sahəsindəki müsbət dinamikadan söz açan Əli Hüseynli bildirib ki, görülmüş tədbirlər və xidmətin səmərəli həyata keçirilməsi sayəsində 2024-cü ildə rekord nəticə əldə olunub. Buna nail olmağın əsas səbəbi də elektron xidmətlərdən istifadənin artmasıdır.
Komitə sədri deyib ki, layihədə təklif olunan dəyişikliklər də öz növbəsində "Elektron məhkəmə", "Elektron notariat", "Elektron icra" sistemlərinin vahid elektron məkanda fəaliyyət göstərməsini təmin edən vacib dəyişikliklərdir.
Mülki Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan borclunun anlayışının konkretləşdirilməsi və bununla bağlı qəbul edilmiş məhkəmə qərardadının qüvvəyə minməsi və icrası ilə əlaqədar məsələlərin tənzimlənməsini nəzərdə tutur.
Bu anlayışın konkretləşdirilməsi ilə bağlı eyni məzmunlu dəyişikliklər "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa da təklif olunur. Bundan başqa qanun layihəsində fiziki və hüquqi şəxsin nümayəndəsinin anlayışı daha dolğun şəkildə verilmiş, icra hərəkətləri həyata keçirilərkən borclu tərəfindən icraya mane olan hərəkətlərin, tələbkarın tələbi üzrə əlavə məhkəmə qərarı olmadan aradan qaldırılması məzmununda əlavələr edilmişdir.
Sənədin müzakirəsində komitə sədri Zahid Orucun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir. Müzakirəyə təqdim olunan qanun layihəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif olunub. Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təsbit olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, ölkəmizdə mütəmadi olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Musa Quliyev təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda pensiyaçıların pensiya təminatının təkmilləşdirilməsi sahəsində dövlətin öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulub. Layihədə "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur və bu müddəanın 2025-ci il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Komitə sədri vurğulayıb ki, dəyişikliklər dayanıqlı pensiya təminatının formalaşmasına xidmət edir. Eləcə də qanunvericilik aktlarının unifikasiyası xarakteri daşıyır və pensiya təminatının maliyyələşdirilməsində Dövlət Büdcəsi və Sosial Sığorta Fondunun öhdəliklərinin sərhədlərini dəqiqləşdirir.
Deputatlar Əli Məsimli və Aydın Hüseynovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Süleyman

