Milli mətbuat 150: Heç olmaz ki, doğru söz yerdə qalsın I YAZI
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Zaman-zaman müxtəlif tarixi hadisələr ayrı-ayrı xalqların tarixinə yazılmaqla əsrlər, qərinələr sonra onun qürur mənbəyinə çevrilir. Filan tarixdə dünyanın bu ölkəsində kitab nəşr olunmuş, filan tarixdə bu ölkədə televiziya, radio yaranmış, filan tarixdə ilk təhsil ocağı fəaliyyətə başlamış, filan tarixdə kompüter bu ölkədə kəşf edilmiş və sair kimi hadisələr bu gündən dünənə açılan pəncərədə parlaq görünən, mənsub olduğu xalqın, millətin inkişafını göstərən nümunələrdir.
Hər bir xalqın tarixində onun ilk mətbu orqanının yaranmasının da böyük əhəmiyyəti olduğundan həmin gün zamanın bütün dönəmlərində böyük təntənə ilə qeyd edilir, anılır. Çünki qəzet kütlələr arasında ən sanballı təbliğat vasitəsi kimi təsdiqlənmiş, bütün zamanlarda öz sözünü deməyi bacaran, təbliğatı vasitəsilə mənsub olduğu xalqının maariflənməsində, insanlar arasında ziya nurunun yayılmasında, savadsızlığın, avamlığın aradan qaldırılmasında dəyərli vasitə olmuşdur.
Qəzet bütün dövrlərdə insanlara müasir dünya görüşü bəxş etmiş, dövrün ziyalılarının üz tutduğu ata ocağına çevrilmiş, onların millətin ayılması üçün yazdıqlarının ümumi kütləyə çatdırılmasında yeganə vasitə olmuşdur. Bu il 150 yaşı tamam olan, bünövrəsi qəzet üzərində qoyulan milli mətbuatımız kimi...
Milli mətbuatımız necə yarandı: üç illik mübarizə
Hər bir dövlətin dövri mətbuatının yaranması müxtəlif əsrlərə təsadüf edir. Əgər öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya XVIII əsrin ilk illərində yaratmışsa, Azərbaycan buna 1875-ci ildə nail olmuşdur. Qədim tarixə, milli dəyərlərə, yüksək mədəniyyətə malik olan xalqın öz mətbuatını yaratması nə üçün XIX əsrin sonlarına təsadüf etmişdir kimi sual meydana çıxır. Bunun bir neçə səbəbi var.
Tarixdən Azərbaycanda daim kimlərinsə gözünün, tamahının olduğunu bilir, bu ulu torpağı, milli sərvətlərimizi mənimsəyib ərazilərini genişləndirmək istəyində olanları tanıyırıq.
Həmin dövrlərdə hansı ki, Avropada, Rusiyada milli mətbuat yaranırdı, o dövrlərdə Azərbaycan tarixin müxtəlif acı dönəmlərini yaşamaqda, feodal mütləqiyyətinin əzablarına tabe olmaqda idi. Dövrün çətinlikləri azərbaycanlıları məngənəsində sıxır, onların əl-qolunu bağlamaqla, böyük ciddi-cəhdlə özünə tabe etdirirdi.
Həmin dövrdə bir çox xalqlar kimi, azərbaycanlılar da dünyada baş verən xəbərləri əsasən səyyahlardan, uzaq ellərdən gələn qasidlərdən, xarici səfirlərdən, tacirlərdən, şahların, hakimlərin fərmanlarından, şəhər və kəndlərdəki xüsusi carçılardan alırdılar.
Çarizm doğru söz danışanın dilini kəsdiyi, susdurduğu halda, təbii ki, milli mətbuat yaratmaq təşəbbüsündə olanlara imkan verməzdi. Çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdi. Avropada, Rusiyada-gözünün qarşısında milli mətbuatın yaranmasının xalqa, millətə müsbət nəticələrini görən çarizm müstəmləkə siyasətində bunun heç də yaxşı nəticə verməyəcəyini anlayırdı.
Əgər bu siyasəti 70 il əsarətində yaşadığımız Sovetlər Birliyinin müstəmləkəçilik siyasəti ilə müqayisə etsək, xalqın eyni bəlalara düçar olduğunu, nəyə nail olmaqda ləngidildiyinin yalnız bu siyasətlə bağlılığını aydın görərik.
Məgər 1917–18-ci illərdən 1990-cı illərə qədər xalqın yaşadıqları-müstəqilliyinin zorla əlindən alınması, 70 il Rusiya imperiyasının əsarətində yaşaması, torpaqlarının erməni əli ilə işğalı, repressiyalar, ləkələr, qırğınlar, qanlar, xalqın saysız-hesabsız dərəcədə şəhid verməsi tarixən davam etdirilən bu siyasətin bəhrələri deyildimi?
Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, söylənən sözün kütlələrin şüurunda inqilab yaradacağını gün kimi aydın bilən, bununla ictimai quruluşda dönüş yarana biləcəyinə əmin olan çarizmin ən ehtiyat etdiyi sahə mətbuat idi. Həmin dövrdən xeyli sonra qəzet çıxarmaq təşəbbüsündə olan Həsən bəy Zərdabi kəskin etirazlarla qarşılaşdı. Üç illik gərgin mübarizədən usanmayan, bezməyən H. Zərdabi qəzet işinin reallaşması üçün çox əziyyət çəkməli oldu. Onun “Rusiyada əvvəlinci Azərbaycan qəzeti” məqaləsində oxuyuruq: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürür kimi əriyib deşilir, habelə söz də... Ələlxüsus doğru söz... Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur... Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar.”
H. Zərdabinin bu fikirləri onun bir tərəfdən nə qədər geniş dünyagörüşə malik olduğunun, xalqının maariflənməsini ürəkdən istəməsinin, bunun üçün mübarizədən əl çəkmədiyinin, millətinə yalnız sözlə, doğru sözlə düzgün yol göstərə bildiyinin göstəricisi idisə, digər bir tərəfdən çar mütləqiyyətinə nifrətinin, onu devirməyin yalnız xalqın maariflənməsi ilə mümkün ola biləcəyi səbəbindən qəzet çıxarmaq istəyində olmasının göstəricisi idi. Və beləliklə, uzun və gərgin mübarizə dolu illər arxada qalır. H. Zərdabi qəzet çıxarmaq üçün hökumətdən nəhayət ki, icazə ala bilir. Çətin bir dövrdə çiyinlərini ağır bir yükün altına verir.
Hürüfat məsələsi və əslində “Əkinçi”...
Hökumət ona qəzet çıxarmaq üçün icazə verəndə düşünürdü ki, onsuz da Qafqazda ərəb hürufatı yox dərəcəsindədir, belə bir vəziyyətdə çətin ki, Zərdabinin arzuları həyata keçə. H. Zərdabi isə bütün bunları lap əvvəldən görür və bu çətinliyə sinə gərəcəyinə inanırdı. Hürufat üçün neçə-neçə şəhərlər gəzən, neçə-neçə qapılar döyən, neçə-neçə insanlara xahiş edən H. Zərdabi axır ki, buna nail oldu. Bu işdə ona həmin dövrdə Türkiyənin İstanbul şəhərində “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində işləyən azərbaycanlılar böyük köməklik göstərmişlər. H. Zərdabi xatirələrində onların əməyini yüksək dəyərləndirdiyini qeyd etmişdir.
Zərdabinin çox böyük əziyyətlərindən sonra, nəhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzeti ilə milli mətbuatımızın bünövrəsi qoyuldu. H. Zərdabi ilə bağlı tədqiqatlarda oxuyuruq ki, qəzetin adı ilə bağlı sonralar fikir ayrılıqları mövcud olmuşdur. Qəzetə nə üçün məhz “Əkinçi” adının qoyulması bir çox tədqiqatçıların ayrı-ayrı mülahizələr irəli sürməsinə səbəb olmuşdur. Onlardan bəzilərinin fikrincə “Əkinçi” elə lap əvvəldən kənd təsərrüfatı məsələlərini əks etdirən bir qəzet olmalı imiş. Lakin qəzətə verilən “Əkinçi” adı da təsadüfi deyildi. “Əkinçi” adı elə onun demokratikliyinin göstəricisi idi.
“Əkinçi”nin qarşısında hər şeydən əvvəl siyasi vəzifə dururdu və əkinçilik vəzifələri ona tabe idi. Dini mövhumata qarşı mübarizə, dini məktəblərin pislənməsi, yeni, dünyəvi elmlərin geniş təbliği, xalqı azadlığa çağırmaq, geniş maarif uğrunda mübarizə əkinçilik məsələləri dairəsindən çox-çox kənara çıxırdı. Qəzetin bölmələrinə ayrı-ayrı adlar qoyulmasına baxmayaraq onlar adları çəkilən bu məsələlərlə üzvi surətdə bağlı idi. Lakin Zərdabi o dövrdə qəzətə diqqəti çəkən ad verə bilməzdi. İllərlə çar müstəmləkəçilərinin süründürməçilik əzablarına tab gətirib qəzet çıxarmaq üçün izin alan Zərdabi yaxşı düşünürdü ki, qəzetin adı da, orada yazılanlar da zərrəbinlə analiz ediləcək. Buna görə də çarizmin diqqətini çəkməyən ad altında, sərlövhələr altında nəzərində tutduqlarının hamısını həyata keçirməyə başladı. Bütün bunları ona məsləhət də etmişdilər. Həsən bəy Zərdabi “Həyat” qəzetində dərc edilmiş “Rusiyada əvvəlimci türk qəzeti” adlı məqaləsində yazırdı: “Bizim qubernator... general Staroselski, doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə də Qafqazın yerli əhalisini artıq dost tuturdu... mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım”.
Əgər sadəcə “Əkinçi” idisə...
Qəzet əkinə həsr olunmuşdusa, əkinçilik qaydalarından danışırdısa, gəlin, qəzetin müxtəlif saylarında dərc olunmuş ayrı-ayrı yazılara diqqət yetirək.
“… Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini çap etdirməyi başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, yəqin ki, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir ediblər ki, xalq qəzeti oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn ilə çap olunmaqdan ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qırx adam onu gələn ilə almağa xahiş edib”.
“Əkinçi”,
1 yanvar, 1876-cı il
“...Mənim dostum... mənə yazır ki, haçan elmi-əbdan bəhsindən əl çəkəcəksiniz və o bəhsin qəzetdə nə işi var? Ondan əlavə yazır ki, ol qədər qəzetdə elmi təhsil xüsusunda yazırsınız ki, qorxuram bu ənqərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin... Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur ki, işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub onun əlacının dalıncan olsun...Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün ( doğru söz acı olur). Amma bizə hökm olub ki: “qilil-haqq və löv kanə mürrün ( deyin sözün doğrusunu acı da olsa)!”.
“Əkinçi”,
14 aprel, 1876-cı il
“… Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur: qart-qurt rus dili bilənlərimiz rus qəzeti gətirdillər ki, onu əvamünnas görüb onlara artıq hörmət eləsin. Şaltay-baltay rus yazısı bilənlərimiz rus qəzetlərinə məktublar göndərirlər ki, onlar çap olunanda ruslar ona hörmət etsin. Heyhat, biz kor olmuşuq ki, bircə qəzeti də saxlaya bilmirik və bununla belə qeyri millətlərə gülürük...”.
“Əkinçi”,
25 iyul, 1876-cı il
“... Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə söhbət edirlər:
Sual: “Əkinçi” qəzeti deyir ki, zamanımız dəyişilib. İndi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları gətirdib öz dilimizdə elm öyrənmək.
Cavab: O elmləri öyrənmək bizə lazım deyil. Niyə ata-babalarımız o elmsiz yolla getdilər, biz edə bilmədik? Bizim öz elmimiz bizə bəsdir və əgər hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillərdə öyrənsin. Dəxi elm kitablarını gətirdib öz dilimizə tərcümə etdirib çap etmək nə lazım? Və əgər çap etdirsək də o kitablardan nə olacaq? Ev buzovundan öküz olurmu?”.
“Əkinçi”,
9 avqust, 1876-cı il
Zərdabinin siyasəti
Zərdabi yeri gəldikcə, qəzetin əkindən, ziraətdən bəhs edən bir qəzet olduğunu qeyd edirdi. Lakin bunun özü də Zərdabinin siyasi addımlarından biri idi. Qəzetin ideya istiqaməti artıq çar məmurlarına məlum idi. Belə bir vaxtda Zərdabi üzərində senzura nəzarəti güclənmişdi. Oxucular isə, rus-türk müharibəsi getdiyindən qəzetdə bu barədə xəbərləri oxumaq istədiklərini bildirirdilər. Belə olduqda Zərdabi müharibə xəbərləri oxumaq istəyən abunəçilərə cavab olaraq yazmışdı:”...İndi bizim qəzetə oxuyanlar bizdən daha təzə xəbərlər istəyir. Amma... Bizim qəzetənin adı məlum edir ki, onun ümdə mətləbi əkin və ziraət və elm xəbərləri olsun. Ona binaən əgərçi bu halda işlər dəyişildiyinə tazə xəbərlər artıb və qəzet oxuyanlar artıcaq müştaqdırlar, lakin biz nəinki irəlikindən ziyadə xəbərlər yaza bilirik, hətta bəzi səbəblərə ol qədr də yazmağa vahimə edirik. Belədə müştərilərimizdən iltimas olunur bizdən rəncidə-xətir olmasınlar ki, onların könlü istədikcə tazə xəbərlər yazmaq olmur”.
H. Zərdabi kənd təsərrüfatına aid dərc etdiyi məqalələrdə belə köhnə cəmiyyətin qayda-qanunlarının, əkinin feodal-patriarxal üsullarla aparılmasının yaramazlığını göstərir, yeni təsərrüfat formalarına keçməyin üstünlüyünü təbliğ edirdi. Həmçinin Azərbaycanın iqtisadiyyatının inkişafı da qəzetdə açıqca göstərilirdi. Bütün bunlar xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmək idi. Dövrün sərt qanunları qarşısında bir qəzet yazıları ilə çıxış etmək, kütlələr arasında iş aparmaq doğrudan da böyük hünər tələb edirdi. Bu hünər isə Zərdabidə xalqına olan sevgisindən, millətinə bağlılıq hissindən formalaşmışdı. Onu gözləyəcək bütün təqibləri göz önünə alaraq davam etdirdiyi işləri əsrlər sonra da Zərdabinin Azərbaycan xalqının ictimai həyatında xidmətinin, rolunun nədən ibarət olduğundan danışacaq.
Baş məqalə təşvişi... Və Zərdabi yanaşması
H. Zərdabi qəzetin proqramını çar məmurlarına təqdim edəndə onlar proqramdakı baş məqalələr bölməsi haqqında çox böyük təşviş hissi keçirmişlər. Və ondan tələb etmişlər ki, qəzetin bu bölməsində nədən yazılacağı barədə məlumat versin. Demək ki, bu bölmə onları çox narahat etmiş və baş məqalənin xalq arasında hər hansı bir ictimai fikri formalaşdırmasından hələ əvvəldən qorxurlarmış. Ona görə də dəfələrlə Zərdabidən tələb edirmişlər ki, bu bölməni proqramdan çıxarsın: niyə baş məqalədə deyiləcək məsələlər barədə qəzetin digər bölmələrində danışmaq olmaz?
Zərdabi isə baş məqalələrdə nədən söhbət açılacağı barədə danışa bilməzdi. Çünki çar məmurlar bir bəhanə axtarırdılar ki, qəzetin işıq üzü görməsinə mane olalar. Lakin sonralar Zərdabinin bu barədə yazdıqlarını oxuyarkən, sözün həqiqi mənasında, adam kədərlənir, bir ziyalı ömrünün nə qədər dəyərli, qiymətli olması qarşısında heyrətlənir. O, yazırdı: “Siz məndən tələb edirsiniz ki, “Əkinçi” qəzetinin proqramını mükəmməlləşdirim, daha doğrusu, xüsusilə yerli ehtiyaclara və tələbata həsr edilmiş baş məqalələr adı altında nə demək istədiyimi aydınlaşdırım və soruşursunuz ki, bu məqalələri qəzetin digər şöbələrindən birində, xüsusilə elm şöbəsində vermək olmazmı? Doğrudur, mən baş məqalələrdə toxunmaq istədiyim ehtiyaclar haqqında digər şöbələrdəki məqalələrdə də danışmaq olar, lakin nəqli xarakter daşıyan həmin məqalələrdə bu həyatın qüsurlarını xalqa göstərmək, bilavasitə qüsurlardan bəhs etməklə oxucunun diqqətini özünə cəlb edə biləcək, baş məqalələrdəki qədər münasib deyildir. Buna görə də mən hesab edirəm ki “Əkinçi” qəzeti üçün baş məqalələr zəruridir və bu məqalələrsiz qəzet nəinki inkişaf etmiş, hətta yarıminkişaf etmiş adamlar tərəfindən həvəssiz oxunan məlumat yığını olcaqdır. Bizim məhz yerli ehtiyaclarımıza və tələblərimizə gəldikdə isə, mən bunlar haqqında baş məqalələrdə danışacağam. Bunun nə demək olduğuna cavab vermək, mahalın müsəlman əhalisinin ehtiyacının hamısını sərf etmək demək olardı. Hər kəs mənimlə razılaşar ki, qaba avamlığın, dilənçiliyin, aclığın və s. səbəbləri haqqında bu qısa izahatda danışmaq mümkün deyildir. Bu səbəblərin şərh edilməsi və onlara vasitə göstərilməsi “Əkinçi”nin baş məqalələrinin predmeti olacaqdır”.
Bu fikirlər Azərbaycan Respublikası Elmlər Akademiyası yanında Respublika Əlyazmaları Fondundan, Həsən bəy Zərdabinin əlyazmaları fondundan götürülmüşdür. Bu sətirləri oxuyarkən insanda belə bir təəssürat yaranır ki, Zərdabi “Əkinçi” qəzetinin təqiblərlə üzləşdiyi anlarda üzdə, yəni qəzetin bağlanmaması naminə nələri deməməyə məcbur idisə, əlyazmalarında əslində kim olduğunu, nə demək, nə etmək istədiyini açıq şəkildə yazır, sanki çar mütləqiyyətinin yaratdığı narahatlığı əlyazmaları ilə “bölüşürdü”.
Bu əlyazmalarla tanış olan hər kəs Zərdabinin nə kimi çətin maneələri dəf etdiyini, milli mətbuatın yaradılması yolunda hansı çətinliklərlə üzləşdiyini, həyatını hər an ölüm təhlükəsi ilə yaşadığını açıq şəkildə hiss edir. “Əkinçi” səhifələrində yazılanlarla tanış olduqda isə onun doğrudan da xalq qarşısında xidmətlərinin sonsuz olduğu görünür. O qədər təqib olunmasına baxmayaraq, yenə də sözünü demək cəsarətini göstərməsi, kütlələri zülmdən, işgəncədən azadlığa çağırmaq qabiliyyəti əsl qəhrəmanlıq nümunəsidir.
150 yaşlı milli mətbuatımız
Ölkə Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Sərəncamda qeyd olunan fikirlər 150 yaşlı mətbuatımıza verilən qiymət və dəyərdir: XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Bəli, “Əkinçi” qəzetinin nəşri Azərbaycan xalqının ictimai fikir tarixində ən parlaq hadisə və demokratik əhval-ruhiyyəli insanların həyatında, sözün əsl mənasında, bir bayram oldu. İlk mətbuat orqanı olan bu qəzet savadsızlığın hökm sürdüyü bir cəmiyyətdə yaranaraq xalqa mövcud quruluşun iç üzünü daha aydın şəkildə, sadə dildə çatdırmaq kimi vəzifələri qarşısında ali məqsəd olaraq qoymuşdu. Onun əsas məqsədi ictimai-siyasi məsələləri öz səhifələrində işıqlandırmaq idi.
Zərdabi bu qəzet vasitəsilə Azərbaycan xalqının özünüdərkini formalaşdırmaq, onu cəhalət və avamlıq bəlasından xilas etmək, labüd cəmiyyətin çirkinliyini cəmiyyətə göstərmək, xalqı öz hüquqları və azadlıqları uğrunda mübarizəyə səsləmək istəyirdi. Və buna nail oldu da.
150 illik tarixi yolda gördüklərimiz, yaşadıqlarımız, əldə etdiklərimiz və salnaməyə çevirdiklərimizin hər biri isə sələfimizə layiq xələf olduğumuzun göstəriciləridir.
Mətanət Məmmədova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.


